Türkiyədə Anarın yeni kitabı nəşr olundu

 

Ankaranın "Bengü" nəşriyyatı Xalq yazıçısı Anarın 80 illiyi münasibətilə "Anar: Türkiyə - ikinci vətənimdir" adlı kitabını buraxıb.

 

Bu il Anarın yubileyi ərəfəsində "Türk ədəbiyyatı vəqfi" "Yaxşı padşahın nağılı" (Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, qaqauz, rusfars dillərində), TÜRKSOY "Çağdaşlarım" kitabını, İLESAM "Uzağı yaxın qılan yazar Anar" adlı, yazıçı haqqında Türkiyə mətbuatında çıxmış məqalə və resenziyalardan ibarət kitabı nəşr edib.

 

"Anar: Türkiyə - ikinci vətənimdir" kitabında isə yazıçının Türkiyə mətbuatında dərc olunmuş müsahibələri toplanıb. Türk mətbuatında ilk dəfə 1975-ci ildə "Cümhuriyyət" qəzetində çap olunmuş müsahibəsindən başlayaraq, bizim günlərə qədər qardaş ölkənin müxtəlif qəzet və jurnallarında yazıçıyla onlarla söhbətlər dərc edilib. 1993-cü ildə Anar İstanbulun Memar Sinan Universitesində yeddi ay müddətində dərs dediyi zaman verdiyi müsahibələr kitabda önəmli yer tutur. Söhbətlərin başlıqlarından onların məzmunu aydın olur: "Ermənilərə qarşı silahlanmaqda gec qaldıq", "Ocaq (yanvar) müsibəti" "Sorumlular hesab verməli", "İstanbul türkcəsi bütün türk dünyasının ortak iletişim (rabitə, ünsiyyət) dili olmalıdır", "Qarabağ bizimdir, kimsə alamaz", "Yazar çağının vicdanı olmalı", "Aydınlarınız ədəbiyyatımızı tanımıyor", "Kimsə Türkiyəyə göz tikməsin", "Qarabağ türk torpağıdır", "Türk Cümhuriyyətlərinə Azərbaycan körpüsü", "Nazımı həsrətimizi giderdiyi (ovutduğu) üçün sevdik" və s.

 

Anarla müsahibə aparanlar sırasında Türkiyənin bir sıra tanınmış şair və yazıçıları, alimləri, qəzetçiləri vardır. Ədəbiyyatşünas və jurnalist Lütfü Şahsüvaroğlu kitaba yazdığı Ön sözdə deyir: "Anar, Çingiz Aytmatov, Muxtar Auezov, Çingiz Dağçı, Oljas Süleymenov kimi dünya türklüyünün çağdaş qələmlərini nə qədər tanırsaq, Əbdürrəhman Karakoç, Sezai Karakoç, Bahəddin Karakoçbu kimi çağdaş qələmlərimizi də onlar o qədər tanıyacaqlar".

 

Akademik Nizami Cəfərovun vaxtilə türk mətbuatında çap olunmuş "Klassiklərdən çağdaşlara - Anar" yazısı isə kitaba Son söz kimi verilib.

 

Kitabın tərtibçisi Pərvindir.

 

Nəşrin təqdimat mərasimi aprelin 20-də Ankaranıın Qazi Universitetində keçirilib. Həmin tədbirdə "Türk Ocaqları"nın rəhbəri professor Cəzmi Bayram Anara "Nihal Atsız adına Türk dünyasına xidmət" mükafatını təqdim edib.

 

Aprelin 18-də Kastamonuda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Anarı bu təşkilatın ən yüksək Şərəf nişanıyla təltif edib. Mart ayında "Türk ədəbiyyatı vəqfi"nin yeni təsis etdiyi "Yaşayan Dədə Qorqud" ödülünə də ilk olaraq Anar layiq görülüb.

 

525-ci qəzet  2018.- 24 aprel.- S.7.