Yafəs Türksəsin
poetik səsi
Nizami CƏFƏROV
Keçən ilin sonlarında
Yafəs Türksəs
"Kardioqram sətirlər",
"Baycanın Simfoniyası",
"Ögey Tale", "Dördüncü
Məkanın Simfoniyası",
"Ultra suallar" və
"Canlı yayım"dan
sonra yeddinci şeir kitabını -
"Əllərimin sualı"nı
oxuculara təqdim etdi.
O qədər də böyük həcmli olmayan, altmışdan bir az çox şeirin toplandığı bu kitabda elə bir misra tapmaq
çətindir ki, arxasında Həyat, onun çoxspektrli hissləri, duyğu-düşüncə
mənzərələri və
bu mənzərələrin
təbii relyefi dayanmasın...
Bir sevgi uydurmuşam
Uşaq evcik quran kimi.
Köçəcəyəm o evciyə
ürəyini alan kimi...
...Hazırdır sevgi məktubum da,
Təkcə nöqtəsi qoyulmayıb
...oxuyub doymaq olar
Nöqtəyə nə var
Göz yaşıyla
da qoymaq olar.
Və şair uydurduğu bu sevgi - evciyini
Tanrının bəxşi
sayır...
Qoy dünya gülməsin
Bu yaşdakı cocuğuna.
Nə bilim, bəlkə Tanrım verib
Mənə bu əzabı
günahkarı olduğum
bir sevginin acığına.
Məsələ burasındadır ki, kitabdakı şeirlər ideya-ovqatca bir-birilə o qədər səsləşir
ki, bütöv bir lirik poema
təsiri bağışlayır.
Və bu "poema"nın
nə başlanğıcı
var, nə də sonu... Daha doğrusu, "süjet"
olduqca mütəhərrikdir.
Hərçənd, kitabın
müxtəlif yerlərində
elə şeirlərə
rast gəlinir ki, başlanğıc kimi qəbul edilə bilər... Məsələn, "Hələ
bu dünyanın göyçək vaxtıdır"...
Hələ yol gəlirik bir-birimizə,
Hələ sevgimizin çiçək
vaxtıdır.
...Özgə ürəklərin
qapılarında
Hələ qonaq kimi üşüməmişəm.
Hələ yazmamışam o son məktubu,
içi üzr dolu, göz yaşı dolu...
...Hələ köçməmişəm
şeirlərimə,
Hələ sevgimizə şeir
deyirsən...
Ancaq bu da Yafəs
Türksəsin üslubudur
ki, sevginin, ümumən poetik ovqatın əvvəli ilə sonu daim
"dialoq"da, həsbi-
haldadır... Gümanı,
şübhəsi ilə...
Gəlişini görmək olmur,
Gülüşünü dərmək olmur.
Sevgidimi?!
Bilmək
olmur,
Yoxsa, qara basır məni?!
"Hörümçək" şeirini
Ramiz Rövşənin
məşhur "İlan
balası" ilə müqayisə etmək olar, ancaq o mənada
yox ki, "Hörümçək" bilavasitə
"İlan balası"nın
təsiri altında yaranmışdır... Əsas
fərq ondadır ki, "Hörümçək"də
fəlsəfilik və
ya metafizika arxa plandadır, öndə olan ideyanın sosioloji cəhətidir...
Tor qurmaq öyrətdin bütün dünyaya,
Bu dünya tor qurmaq
yoluna düşdü.
Fəqət səndən başqa
tor quranların
Hamısı qurduğu toruna düşdü.
Qismətinə düşən payını
aldın...
...tor qurmaq səninçün
Tanrı yoludur...
Amma səndən başqa tor quranların
Bax gör ki, hamısı
nəfsin quludur...
"Oxu, dağ çayı" şeirində Yafəs Türksəs bədii kəşfə yaxındır... İdeya - təəssürat bundan ibarətdir ki, dağ çayı dağlarda öz nəğməsini "həyəcan"la, "təlaş"la, yəni ürəyi istədiyi kimi oxuyur, dağdan enən kimi o şövq, o həvəs yox olur...
Bir çaya qoşulsan, adın silinər,
Bir başqa
havada çalarlar səni.
Bu daşlar sinəni yarsa da oxu...
Yafəsin poeziyasında tərcümeyi-hal
əsasdır, ancaq şeirə "köçürmək"
üçün yox, şeirlə dərk etmək, şeirin dilinə çevirmək üçün...
Qayğılar əlindən, dərdlər
əlindən
Baş açıb sevgiyə boylanan zaman
Baxdım, oğlum, qızım özüm boydadır.
Gördüm dünyam budur, belə dünyadır.
Bir payız sevgimin məktub şeirini
Oğlum
oğurlayıb bir qıza yazdı!..
"Duyğuların imperiyası",
"Nəmli kirpiklərin
biri bir nida", "Hər şeyin gözəlini seçirsən", "Atamdan
xatirələr", "Ögey
tale", "Ömür - gün yoldaşıma"
və s. şeirlər
də göstərir ki, Yafəs Türksəs poetik intonasiyanı hisslərinin,
duyğularının, ovqatının
poetexnologiyasından alır,
ancaq bir çox hallarda bu hisslər, duyğular, ovqat pərakəndə olduğu
kimi, poetik intonasiya da "dalğın" (hətta
yayğın) olur. Və bunu virtuozluq
da saymaq olar, üslubi hövsələsizlik də...
Hərdən elə təəssürat yaranır
ki, şair kifayət qədər ciddi mətləbi başlayır, ancaq o qədər şaxələndirir
ki, "istinad nöqtəsi" itir... Önə isə ayrı-ayrı mətləblərdən
qopan təsirli ifadə-obrazlar çıxır...
Yafəs
Türksəsin şeirlərində
elə misralar var ki, öz-özlüyündə
bitkin (və mükəmməl) əsər
təsiri bağışlayır;
məsələn:
Canavar taledən quzu gizlədim...
Sən yenə qəlbimin Xiyabanında Fəxri qonaq kimi gəzəsən
gərək...
Səni
çox şeirə gətirməyəydim, gərək
Hal olaydım halından sənin...
Mən ta heç, bağışla şeirlərimi...
Amma getmək-qalmaq bizsiz yazılıb
Bir az ön
tarixin vərəqlərinə...
Bir sən uydurmuşam haçandan bəri...
Baharı,
qışı görmədin,
De görüm bənövşəsənmi?..
İnsanın dilində yazılan
şeir
Ürəkdə şeytanla dilləşib
gəlir...
"Əllərimin sualı"
da göstərir ki, Yafəs Türksəs ürəkdən
gələn səsin poetik kardioqramını özünəməxsus həssaslıqla
çəkir. Və elə bir şeiri
yoxdur ki, bu səs eşidilməsin...
525-ci qəzet 2018.- 24 aprel.- S.8.