Əzəli yurd yerlərimizin nisgili
PROFESSOR
EYNƏDDİN MƏMMƏDOVUN “İRƏVANDAN BAŞLANAN YOL”
KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və
jurnal məqalələri, habelə digər çap
materialları bu qaim-qədim yurd yerlərimizlə
bağlı qan yaddaşımızı daha da möhkəmləndirir,
qəlbimizdə düşmənə nifrət və qəzəb
hisslərini coşdurur, bizi torpaqlarımızın ərazi
bütövlüyü uğrunda mübarizəyə
ruhlandırır.
Azərbaycan
Dövlət Aqrar Universitetinin professoru Eynəddin Məmmədovun
təzəcə işıq üzü görmüş “İrəvandan başlanan
yol” (Bakı - 2018) adlı kitabı da bu baxımdan diqqəti
cəlb edir.
Azərbaycanın bu doğma və uludan ulu bölgəsində
yaşayan soydaşlarımızın həyat və məişətini,
tarixi faciələrini müəllif özünün mənsub
olduğu mötəbər və nüfuzlu bir nəslin, bir
şəcərənin timsalında qələmə
almışdır. Şəxsi xatirə, nostalji hiss və
duyğularla yanaşı, zəngin və qiymətli arxiv sənədləri,
real tarixi faktlar əsasında yazılması kitabın
ümumi dəyərini və ona oxucu marağını daha da
artırır.
E.Məmmədov mahir bir araşdırıcı kimi
İrəvanın uzaq tarixi keçmişinə və həmin
tarixin ən müxtəlif məqamlarına baş vuraraq bir
çox həqiqətləri üzə çıxarır
ki, bu da saxtakar və yalançı erməni tarixçilərinin
iftira və uydurmalarına tutarlı cavab kimi səslənir.
O, İrəvanın
əski türk torpaqları, Azərbaycanın ayrılmaz bir
parçası olduğunu, lakin tarixin sonrakı dönəmlərində
aparılan işğalçılıq siyasəti nəticəsində
yerli əhalinin sıxışdırılaraq öz dədə-baba
yurdlarından çıxarılmasını, qanlı
imperiyanın dəstəyi ilə ardıcıl şəkildə
həyata keçirilən genosid və deportasiya
planlarını əsl vətəndaş-alim
yanğısı ilə qələmə almışdır.
Kitaba
önsöz yazmış tanınmış jurnalist Əziz
Ələkbərli doğru olaraq qeyd edir:
“Qarşımızdakı kitab, ilk baxışda, bir şəxsin,
bir nəslin, bir tayfanın - Şeyx Məhəmmədbağır
(Qazızadə) İrəvani və onun törəmələrinin
tarixindən bəhs etsə də, əslində, onun səhifələrində
Azərbaycanın qədim dövlətçilik ənənələrinə
malik, təhsil, elm və mədəniyyət ocaqlarından
olan Qərbi Azərbaycanın 3 min illik tarixindən söz
açılır”. Bütün dövrlərdə özünün
xeyirxah əməlləri, yurdsevərliyi, ictimai-siyasi fəallığı
ilə İrəvanın tarixində şanlı iz qoymuş,
onun adını daim uca tutmuş ayrı-ayrı nəsillər
və şəxsiyyətlər olmuşdur ki, bu gün
onların da üzə çıxarılması, keçdikləri
şərəfli yolun araşdırılması olduqca
vacibdir. XVIII əsrdə yaşamış
Fazil İrəvani kimdir? Yəqin ki, oxucuların da bir
çoxu bu adla ilk dəfə tanış
olurlar. E.Məmmədov Fazil İrəvaninin həyatı,
şəxsiyyəti, islami bilik və ideyaların təbliği
sahəsindəki fəaliyyəti barədə ərtaflı məlumat
verir. Onun
qeydlərindən öyrənirik ki, bu nurlu insan
“islam maarifini yaymaq yolunda bütün ömrü boyu
çalışmış, qiymətli kitablar
yazmışdır”. F.İrəvani təkcə
yaşadığı İrəvan mahalında deyil, Şərqin
dini ictimaiyyəti arasında böyük hörmət və
nüfuz sahibi olmuşdur.
E.Məmmədov haqqında söhbət
açdığı bu böyük din xadimini, həm də
öz dövrünün geniş və hərtərəfli
savada malik bir ziyalısı kimi təqdim edir. Kitabda verilmiş məlumata
görə, İrəvan bölgəsində
özünün nəcib və xeyirxah əməlləri ilə
böyük nüfuz
və ad-san qazanmış insanlardan biri də
Şeyx Molla Məhəmmədbağır Qazızadə
olmuşdur.
E.Məmmədov M.Qazızadənin keçdiyi şərəfli
ömür yolunu diqqətlə izləyir, onun Vətən və
xalq qarşısındakı təmənnasız xidmətlərindən
dərin razılıq hissi ilə söhbət açır,
İrəvanın ictimai və mədəni tərəqqisi
sahəsindəki çoxşaxəli fəaliyyətini
geniş və hərtərəfli şəkildə
işıqlandırır. Kitabla
tanışlıqdan öyrənirik ki, M.Qazızadə
mükəmməl dini təhsil almış, eyni zamanda, öz
səyi və çalışqanlığı sayəsində
dövrün bir sıra elmlərinə dərindən yiyələnmişdir.
Onun azərbaycanlı uşaqlara dini təhsillə
yanaşı, dünyəvi elmlərin mənimsədilməsi,
bölgədə yeni üsullu məktəblərin açılması
istiqamətindəki səy və təşəbbüsləri
konkret fakt və sənədlər əsasında nəzərə
çarpdırılır, öz evində rus-tatar qızlar məktəbi
açması milli maarifçilik tariximizin mühüm bir
hadisəsi kimi dəyərləndirilir.
M.Qazızadənin yenilikçilik təşəbbüsləri
yerli mühafizəkar qüvvələr tərəfindən
ciddi təzyiqlərlə qarşılansa da, o, tutduğu
yoldan dönməmiş, öz fəaliyyətində müsəlman
dünyasının və Avropanın ən yaxşı ənənələrini
ustalıqla ehtiva etmişdir. O, bölgənin adlı-sanlı
ziyalıları ilə (Haşım bəy Nərimanbəyov,
İsmayıl bəy Şəfibəyov, Rəhim Xəlilov,
Mirzə Məmmədvəli Qəmərlinski və b.)
çiyin-çiyinə çalışmış,
xalqın içərisində maarifçilik
ideyalarını yaymaq üçün əlindən gələni
əsirgəməmişdir. Araşdırmalarda deyildiyi kimi, o dövrdə
nəşr olunan “Kavkazskiy kalendar” dərgisinin 1890-cı il
buraxılışının 163-169-cu səhifələrində
bu fədakar insan haqqında xoş sözlər söylənmişdir.
E.Məmmədovun
M.Qazızadə ilə bağlı aşağıdakı
qeydləri qəlbimizi qürur hissi ilə doldurur:
“Dövrünün qabaqcıl maarifçi, elm və din xadimi
idi. Şərq və Avropa mədəniyyətinə
dərindən bələd olan alimin adı bütün
Qafqazda hörmətlə çəkilirdi”. Bu fədakar ziyalı təhsil sahəsindəki səmərəli
fəaliyyətinə görə, 1898-ci ildə imperator tərəfindən
III dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif
olunmuşdur. Layiqli varislik Azərbaycan
xalqına xas olan ən yüksək mənəvi-əxlaqi
keyfiyyətlərdən biridir. Bu mənada
kitabda müəllifin həmin məsələyə geniş
yer ayırması təsadüfi deyil. Kitabı
vərəqlədikcə M.Qazızadə ocağının
sonrakı törəmələri, onların həyat və fəaliyyəti
barədə müfəssəl məlumat əldə edirik.
Bünövrəsi xeyirxah bir məqsədlə qoyulan bu nəsil
öz saflığını, müqəddəs və humanist
dəyərlərə bağlılığını daim qoruyub
saxlamış, zamanın bütün sınaqlarına mətanətlə
sinə gərmişdir. M.Qazızadə öz
övladlarını da doğma yurda, türkçülüyə,
islam dininə məhəbbət ruhunda tərbiyə
emişdir. E.Məmmədov ağır zəhmət,
gərgin axtarışlar hesabına M.Qazızadənin varislərini
də tapıb aşkara çıxarmağa nail olmuşdur.
Şeyx Savad, Şeyx Mahmud, Şeyx Murtaza kimi
övladları atalarının yolunu ləyaqətlə davam
və inkişaf etdirmiş, öz nəsillərinə
çox böyük rəğbət və hörmət
qazandırmışlar.
Kitab müəllifi yeri gəldikcə XIX əsrdə
İrəvanda mədəniyyət və maarifçilik sahəsində
baş vermiş yeniləşmə prosesi ilə əlaqədar
maraqlı fakt və hadisələri diqqət mərkəzinə
çəkir.
E.Məmmədov M.Qazızadə ilə yanaşı, bu
dövrdə xalqın savadlanması, bəsirət
gözünün açılması, elmi yeniliklərlə tanış olması üçün öz səylərini
əsirgəməyən tərəqqipərvər azərbaycanlı
ziyalıların adlarını çəkir, onların
çətin və mürəkkəb bir tarixi şəraitdə
bölgənin inkişafı naminə həyata keçirdikləri
xeyirxahlıq missiyasını layiqincə dəyərləndirir.
İrəvan maarifçiliyi tarixində çox böyük
rol oynamış Əliqulu xan
İrəvanski, Mirzə Qədim İrəvani, Abbas ağa Fərəcov,
Mehdi Kazımov, Mirzə Həsən Rüşdiyyə Təbrizi,
Mirzə Məhəmməd Şeyxzadə və başqa bu
kimi yüksək əqidə və məslək sahiblərinin
adları və mütərəqqi əməlləri kitabda
xüsusi qeyd olunur, belə insanların ömür yolu gənclərə
əsl örnək kimi təqdim edilir.
M.Qazızadə davamçılarının bölgənin
ictimai-siyasi və mədəni həyatındakı fəallığı
XIX əsrin əvvəllərindən başlayaraq daha
geniş vüsət almışdır. Onlar XIX-XX yüzilliklərdə də İrəvanda təhsil
və mədəniyyət sahəsində böyük xidmətlər
göstərmiş, eyni zamanda, yüksək dini qurumlara rəhbərlik
etmiş, habelə ayrı-ayrı məscidlərin axundu
olmuşlar. Müəllif həmin insanların adlarını
sadalayır, hər cür çətinlik və məhrumiyyətlərə
baxmayaraq, öz inam və etiqadlarını necə
böyük ləyaqət və cəsarətlə yaşatdıqlarını
arxiv materialları və yazılı sənədlər əsasında
şərh edir. Kitabda yeri gəldikcə belə bir fikir
vuğulanır ki, XIX əsrdə irəvanlı
soydaşlarımız yeni üsullu məktəblərə
maraq göstərməklə yanaşı, islam
dininə rəğbət və sədaqətlərini qoruyub
saxlayır, onun yaşaması və daha geniş intişar
tapması üçün bir sıra mühüm təşkilati
məsələlərin həllini vacib hesab edirdilər.
İslamın humanist mahiyyəti xalqımızın ictimai
mövqeyi, həyat məramı və mübarizə
idealları ilə üzvi şəkildə qaynayıb
qovuşduğuna görə, azərbaycanlı ruhanilər bu dinə həmişə
böyük üstünlük vermişlər. Kitabda
bu haqda da müfəssəl söhbət açılır,
düşmənə qarşı mübarizədə dinin
vacib rol və əhəmiyyəti yüksək qiymətləndirilir.
XIX əsrin ikinci yarısından başlayaraq
sözügedən nəslin yeni davamçıları meydana
gəlir ki, onların da başında Əlinağı Mirzə
Məhəmmədbağıroğlu durur. Sonradan Məmmədovlar
soyadı daşıyan bu nəsil öz vətənpərvərliyi,
milli dəyərlərə sadiqliyi, istedad və
bacarığı ilə təkcə İrəvan bölgəsində
deyil, respublikamızın hər yerində çox
böyük ad-san qazanmışdır. Məmmədovlar
nəslinin taleyinə doğma torpaqlarımızın itkisindən
doğan acı faciəni yaşamaq nəsib olmuşdu. E.Məmmədov XIX əsrdə İrəvandakı
demoqrafik vəziyyət barədə də məlumat verir.
O göstərir ki, rus imperiyasının dəstəyi ilə
ayrı-ayrı ölkələrdən Azərbaycanın bu
bölgəsinə xeyli sayda erməni
köçürülmüşdü. 1851-ci
ildə artıq İrəvanda 6488 azərbaycanlı, 6115 nəfər
erməni yaşayırdı. Böyük din
qardaşlarından hər cür yardım alan xain və nankor
erməni millətçiləri tədricən bölgəyə
sahib çıxmaq iddiasını reallaşdırmağa
başladılar və bu yolda ən çirkin, ağılagəlməz vasitələrə əl
atdılar. Erməni vandalları bu ərazidən
qədim türklərin izini itirmək məqsədilə
tarixi yadigarları, o cümlədən, dini ibadətgahları
məhv etdilər. Qısa müddət ərzində
8 məscid yerlə yeksan olundu. Erməni
tarixçisi Tadevos Hakopyan özü də etiraf edir ki, azərbaycanlılara
məxsus bir çox qədim əlyazmaları, arxiv sənədləri
və s. Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna
təhvil verilmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycanın
mətin və mübariz insanları gündən-günə
geniş vüsət alan təzyiq və həmlələr
önündə mərdliklə dayanırdılar. Belə bir vaxtda mənfur erməni millətçilərinə
qarşı mübarizə aparan azərbaycanlılardan biri də
Şeyx Molla Məmmədbağır İrəvaninin varisləri
idilər.
E.Məmmədov
qeyd edir ki, Molla Məhəmmədbağırın Şəhribanu
bəyim Mir Cəfər ağa qızı ilə
izdivacından Əlinağı, Məhəmmədtağı,
Məhəmmədəli adlı oğlanları və Ruqiyyə
adlı qızları dünyaya gəlmişdi. Müəllif bizi Ə.M.Məmmədbağıroğlu
şəcərəsinin hər bir nümayəndəsi ilə
tanış edir, onların İrəvandan başlanan və
ölkəmizin ayrı-ayrı bölgələrində davam
edən həyat yoluna nəzər salır. O, öz əzəli
yurd yerlərindən ayrı salınan bu nəslin Azərbaycanın
ictimai-siyasi və mədəni həyatındakı fəal
rolundan, müxtəlif sahələrdə qazandıqları
uğurlardan bəhs edir. Bu nəslin davamçılarından
bir neçəsi Rusiyanın və Avropanın ən
nüfuzlu ali məktəblərində təhsil
almışlar. Onların arasında Stalin repressiyasının
qurbanı olanlar da var. Məmmədovlar sülaləsində
Abbas və Rəşad Məmmədovlar kimi dövlət xadimlərinin,
Adil Məmədov kimi yüksək çinli hərbçilərin,
Fuad Məmmədov kimi təcrübəli və səriştəli
milli təhlükəsizlik xidməti işçilərinin,
Paşa Qəlbinur kimi dünya şöhrətli alim və
şairlərin, Əkbər, Həbib, Hüseyn və Fəxrəddin
Məmmədovlar kimi müdrik, xeyirxah ağsaqqalların
olması sözün həqiqi mənasında
qürurvericidir. Kitabdan göründüyü
kimi, Məmmədovlar nəslinin kişiləri ilə
yanaşı, qadınları da öz
işgüzarlığı, bilik və savadı, geniş
dünyagörüşü, yüksək mədəni səviyyəsi
ilə seçilmişlər.
E.Məmmədov bizim nə vaxtsa doğma
torpaqlarımıza qayıdacağımıza daxili bir inam
yaradır. Kitabda verilmiş çoxlu sayda foto-şəkillər
bizi Məmmədovlar nəslinin nümayəndələrini
daha yaxından tanımağa kömək edir.
Memuar ədəbiyyatının gözəl bir nümunəsi
olan bu kitab həm də elmi-tədqiqat səciyyəli məqamları
ilə mühüm maraq doğurur.
Onu da qeyd etmək lazımdır ki, kitabda istifadə
olunan nadir əlyazmalar və sənədlər Sankt-Peterburq,
Tiflis və Təbriz arxivlərindən
götürülmüşüdür.
Professor
Eynəddin Məmmədovun bu kitabı əzəli yurd yerlərimizdən
biri olan İrəvan bölgəsinin, habelə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin tarixini öyrənmək
istəyənlər üçün dəyərli bir mənbədir.
Sahib İBRAHİMLİ
Filologiya elmləri namizədi, Əməkdar
mədəniyyət işçisi
525-ci qəzet 2018.- 24 aprel.- S.5.