Dəhşət
də, qiyamət də qürbətdə...
Teymur BÜNYADOV
Xalqşünas
Ağla
məni, ağla məni,
Qoy çaylar
da çağlasınlar.
Ağla
məni, ağla məni,
Yer də, göy də ağlasınlar...
Qürbətdə qalan qərib,
Od tutan, yanan qərib.
Ağlamaqdan kor oldu
Yedəkdə qalan qərib.
Ah çəkdirər, ağladar
qürbət. Dağ çəkər,
dağladar qürbət.
Qürbətdə vətəni ürəyinin
başında gəzdirər,
gözlərində nurlandırarsan.
Müdam
düşüncələrində, fikrində, xəyalında
canlandırarsan. Yuxularında zənciri qırmış
kimi vətəninə
qanad alarsan. Yurdu qucaqlarsan, sönən ocağı ocaqlarsan.
Sönən şamı
yandırarsan. Qohum-qardaşı, yar-yoldaşı bağrına
basarsan. Ana məzarına baş əyər, diz çökərsən. Qəfildən gözlərin açılanda
ah çəkərsən, ağlarsan, qəm sinəni dağlarsan.
Arxası üstə ölü kimi qalarsan...
Qürbətin üzü boz, qəlbi bum-buzdu. Açılmayan tilsimdi, sirdi-sehirdi. Boynuna dolanan heç vaxt qırılmayan, parçalanmayan zəncirdi.
Sağalmaz yaman yarasıdı.
Nə təbibi, nə məlhəmi. Ürək
yanğısı, sinə
dağı, göz yaşlarının selidi.
Bitməz, tükənməz, sonu görünməyən
zülmətdi, zillətdi,
dəhşətdi. Eh, daha nələr, nələrdi...
Qaydadı, vətənin qədri-qiymətı
odda yanan, külə dönən qürbətdə daha çox bilinər. Aşar, daşar,
sellənər vətənə
sarı, baş alar yurda doğru.
Bəli,
vətəndə dünyaya
göz açarsan, qürbətdə kor olar, yedəkdə qalarsan. Vətəndə
ad alarsan, od
alarsan, qürbətdə
adsız qalar, şamsız yanarsan. Vətəndə nər, qürbətdə
qəhər. Vətəndə hörmət, ehtiram, qürbətdə töhmət,
min bir möhnət.
Vətəndə qohumlu-qardaşlı, qürbətdə gözü
yaşlı. Vətəndə şahlıq, sultanlıq,
qürbətdə qorxaqlıq,
dustaqlıq. Vətən candı,
qürbət zindan.
Vətən laləzardı,
qürbət borandı,
qardı, bir ayrı dövrandı...
Dəhşət də qürbətdə, qiyamət də qürbətdə qopar. Qürbət insanı yarımcan eylər. Nə ölülüyü, nə diriliyi bilinər. Candan bezar, diriykən
məzar. Qürbət sıxar-sındırar, didər-parçalar
insanı. Qürbətdə qəribin qəlbi qəmli, gözü nəmli. Tez dolar, tez boşalar.
Ayırdı,
Ayrı saldı, ayırdı.
Araza nə dedim ki,
Canı candan ayırdı.
Anam gəlsin,
Yaralı canam, gəlsin.
Qəbrim
qürbətdə qalıb,
Yad gəlməz,
anam gəlsin.
A dağlar,
Qarlı
dağlar, a dağlar,
Gecə-gündüz ağlaram
Sənsiz, yarsız, a dağlar.
Ağlayar,
Yas saxlayar,
ağlayar.
Ümidim
bir dağlardı,
Dağlar məni ağlayar.
Acı həsrət,
Qəm dağı
- acı həsrət.
Hey əridər, çürüdər
İnsanı acı həsrət.
Ağlaram,
Ah çəkərəm, ağlaram.
Yardan aralı canım,
Qəm sinəmi
dağlaram.
Bəs neynim,
Bəs yanmayım,
bəs neynim?
Qürbətdə elsiz, yarsız
De ölməyim, bəs
neynim?
Buralar da,
Qürbətdi buralar da.
Ana deyib ağlaram,
Qalmam mən buralarda.
Bulanmışam,
Dəryayam, bulanmışam.
Hicran məni
öldürür.
Yarası sulanmışam.
Bəxti
qara,
Gün görməz
bəxti qara.
Yarsız-diyarsız qaldım,
Mən bədbəxt,
bəxti qara.
Buralarda,
Ah-aman buralarda...
Qəriblik qəm yuvası,
Qalamam buralarda.
Bağlıdı,
Təbriz yolu bağlıdı.
Həsrət öldürür məni,
Sinəm çarpaz dağlıdı.
Çatdırın,
Çatdar bağrım, çatdırın.
Yerlər
dərdimə dözmür,
O göylərə çatdırın.
Çağır gəlim,
Bir səslən,
çağır gəlim.
Sənsiz
burda başıma
Od-alov yağır,
gülüm.
Çeşmələr,
Axar çaylar,
çeşmələr.
Qürbətdə can üstəyəm,
Ağlayarmı çeşmələr?
Çən gəldi,
Dağ başına
çən gəldi.
Qovurdu yurd həsrəti,
Saçlarıma dən gəldi.
Dağlar
məni,
Gözləyər dağlar məni.
Bu həsrət, acı qürbət
Dağ çəkər,
dağlar məni.
Dağlar
məni,
Dağ çəkər,
dağlar məni.
Qürbətdə can verirəm,
Kim gələr ağlar
məni?
Dağlar
məni,
Bu həsrət dağlar
məni.
Nə anam var, nə
bacım,
Ölsəm, kim ağlar məni?
Daşı var,
Qayası var, daşı var.
Bu həsrətdən yanğılı
Gözəlin göz yaşı var.
Doldum mən,
Bulud kimi doldum mən.
Yolum qürbətə düşdü,
Saraldım mən, soldum mən.
Dözülməz,
Dözüm olmaz, dözülməz.
Vətən dərdi çəkilməz,
Vətənsizlik dözülməz.
Elə dön,
Elin oğlu,
elə dön.
Yazıq
günə qalarsan,
Yığıl, yığış, elə
dön.
Gedirəm,
Gedərgiyəm, gedirəm.
Mənimki belə gəldi,
Qürbət sarı gedirəm.
Gələn yox,
Nə bir gedən, gələn yox.
Mən burda can verirəm,
Heç yazığı gələn
yox.
Gələnim yox,
Gedənim, gələnim yox.
Qürbətdə can üstəyəm,
Halıma yananım yox.
Gözün aydın,
Könül, gül, gözün aydın.
Yar ım qürbətdən gəlir,
Gözlərim, gözün aydın.
Haçandı,
Yanır canım haçandı.
Yeddi yol ayrıcında
Gözləyirəm haçandı?!
Hara gəldim,
Hardaydım, hara gəldim?
Vətəndən qürbət adlı
Yağışa, qara gəldim.
Həsrətində,
Qürbətdə, həsrətində
Can verirəm, ölürəm
Bir vətən
həsrətində.
Haram var?
Haram qalıb,
haram var?
Qürbətdə can üstəyəm,
Sağalmayan yaram var.
Hönkür-hönkür,
Can vətən, hönkür,
hönkür.
Qürbətdə can üstəyəm,
Ağlaram hönkür-hönkür.
Haylaram,
Haraylaram, haylaram.
Arazdan yurda baxıb,
Qohumları haylaram.
Xəbər ver,
Qurban sənə,
xəbər ver.
Mənim
qürbət naləmi
El-obaya xəbər
ver.
Xoş həyat,
Bir xoş dövran, xoş həyat.
Qürbət behişt olsa da,
Sür vətəndə
xoş həyat.
Kimlər
var,
Söylə görək, kimlər var?
Qürbətdə qalanlardan
Kimlər sağdı, kimlər var?
Keçə biləm,
Sərhədi keçə billəm.
Kürü arxada qoyub,
Arazı keçə biləm.
Kərküklər,
Can, qanımdı Kərküklər.
Bayatıya şam-çıraq,
Tutanlardı Kərküklər.
Qalarsan,
Yol alarsan, qalarsan.
Ay vətəni tərk edən,
Ağlar günə qalarsan.
Qaralı
qürbət,
Ağlı-qaralı qürbət,
Nə sağalmaz yarasan,
Qaldım yaralı, qürbət.
Qürbətdə,
Həsrət dağı qürbətdə.
Qaçaq Kərəm uyuyur
Üzü dönük qürbətdə.
Qor oldum,
Kösöy oldum, qor oldum.
Qürbət üzdü canımı,
Ağlamaqdan kor oldum.
Qürbət eldə,
Qərib
el, qürbət eldə
Gəl qoyma ölüm, qalım,
Vətənsiz qürbət eldə.
Qanad aldı,
Tanrıdan qanad aldı.
Qürbətdə can çürüdən
Vətənə qanad aldı.
Qəhər məni,
Kəsir dərd, qəhər məni.
Həsrət yaram sağalmır,
Boğur qəm, qəhər məni.
Olmaya,
Həsrət, qürbət olmaya.
Ölüm haqdı, qoy olsun,
Yarsız həyat olmaya.
Salmasın,
Tərsliyinə salmasın.
Ölüm-itim dünyadı,
Qürbət eldə qalmasın.
Salam de,
Salam apar, salam
de.
Qürbətdə qalanlara
Həsrət eldən salam de.
Sağalmaz,
Yox çarəsi,
sağalmaz.
Elə həsrət qalanın
Qürbət dərdi sağalmaz.
Sarı
tel,
Göy, ala göz,
sarı tel.
Yolum qürbətə sarı,
Ağla məni, Sarıtel.
Toxuyur,
Qızlar xalı toxuyur.
Mən qürbətdə can çəkir,
Quşlar nəğmə oxuyur.
Toy çaldır,
Nişan göndər, toy çaldır.
Səssizdi qürbət toyu,
Gəl vətəndə
toy çaldır.
Tacım
hanı,
Düşübdü, tacım hanı?
Yiyəsiz can verirəm,
Çağırın, bacım hanı?
Uzaqda,
Ağlar gözdü uzaq da.
Eşqim, yarım, dildarım
Qaldı məndən uzaqda.
Varaq gedək,
Ürəyim, varaq gedək.
Vətən gözləyir bizi,
Vətənə varaq gedək.
Varaq gedək,
Hazırlaş varaq gedək.
Bu ölkə qərib ölkə,
Vətənə varaq gedək.
Yurda dön,
Yurd yerinə,
yurda dön.
Şənləndir ata evin,
Ocağa dön, yurda dön.
Yaralı,
Qəlbim
sınıq, yaralı...
Bu mənəm - bəxti qara,
Düşdüm eldən aralı.
Yorma məni,
Yorğunam, yorma məni.
Gəl-get
dərdimdən soruş,
Özümdən sorma məni.
Yaramı
sarı,
Qalım yaramı sarı?
Qürbətdə xəstə düşdüm,
Vətən, yaramı sarı.
525-ci qəzet 2018.- 24 aprel.- S.7.