"İnnovasiya və
yaradıcılıqda qadınlar: dəyişikliyin
aparıcı qüvvəsi"
BEYNƏLXALQ
ƏQLİ MÜLKİYYƏT GÜNÜ
MÜNASİBƏTİLƏ GENİŞ TƏDBİR
KEÇİRİLİB
Dünən
Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
(AQUPDK) birgə təşkilatçılığı ilə
"İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin
aparıcı qüvvəsi" mövzusunda "dəyirmi
masa" keçirilib.
Beynəlxalq
Əqli Mülkiyyət Günü münasibətilə
keçirilən tədbir Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr
edilib.
Tədbiri
giriş sözü ilə açan Müəllif
Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran
İmanov "dəyirmi masa"nın çox əhəmiyyətli
və aktual bir mövzuya həsr olunduğunu deyib. Bildirilib ki,
bu il 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü
"İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin
aparıcı qüvvəsi" devizi altında keçirilir.
Bununla bağlı Dünya Əqli Mülkiyyət Təşkilatının
açıqlamasında xüsusi qeyd olunur ki, qadınlarımızın
səyləri nəticəsində hər gün həyatımızı
zənginləşdirən və bilik sərhədlərimizi
genişləndirən yeni ideyalar, faydalı kəşflər
və ixtiralar əldə edilir. Yaradıcılıq sahələrində
isə (kino, musiqi, ədəbiyyat, incəsənət, moda,
dizayn və s.) qadınlar daim mədəniyyət
konsepsiyasının özünü yenidən dərk edərək,
bədii və yaradıcılıq ifadəsinin
hüdudlarının axtarışı ilə bizi yeni
dünyaların kəşf olunmasına və
qavranılmasına sövq edirlər.
Kamran
İmanov Müəllif Hüquqları Agentliyi tərəfindən
Beynəlxalq Əqli Mülkiyyət Gününün 2001-ci
ildən başlayaraq 18 ildir ki, qeyd edildiyini diqqətə
çatdırıb. Bildirilib ki, bu günlə bağlı
keçirilən tədbir, görüş, "dəyirmi
masa", konfrans və simpoziumların əsas məqsədi əqli
mülkiyyət, müəllif-hüquq mədəniyyətinin
formalaşdırılmasına dəstək vermək, biliklər
cəmiyyətində kreativlik və yenilikçilik amillərinin
stimullaşdırılmasında əqli mülkiyyətin əvəzedilməz
əhəmiyyətini qabarıq göstərməkdir: Müstəqil
dövlətimizin qazandığı uğurlarda
qadınların böyük rolu vardır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Azərbaycan
qadınının fəaliyyətinə hər zaman yüksək
qiymət vermişdir. Dövlətimizin
başçısı ailə dəyərlərinin
toxunulmazlığı keşiyində, gənc nəslin yurda
və milli ideallara bağlılıq ruhunda tərbiyəsində
Azərbaycan qadınlarının xüsusi yerini həmişə
vurğulamış, onların ictimai-mənəvi mühitin
davamlı zənginləşməsinə yeni-yeni töhfələr
verəcəklərinə ümidvar olduğunu ifadə
etmiş, qeyd etmişdir ki, "sivilizasiyaların
qovuşuğunda özünün misilsiz-mənəvi sərvətlər
xəzinəsini yaratmış xalqımızın bu çoxəsrlik
zəngin irsinin yaşadılmasında, milli düşüncəmizin
parlaq istifadəçisinə çevrilmiş dilimizin
saflığının qorunub saxlanmasında
analarımızın müstəsna xidmətləri
vardır".
AQUPDK-nın
sədri Hicran Hüseynova isə qadınların ailə və
cəmiyyətdəki aparıcı mövqeyindən,
onların dövlət quruculuğunda fəal
iştirakından danışıb: "Son illərdə
ölkə başçımız bu sahəyə, xüsusən
innovasiyaya xüsusi diqqət ayırır. Qadınların
müxtəlif sahələrdə aktiv iştirakının təmin
edilməsi bilavasitə Ümumilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Bu gün cənab Prezident
İlham Əliyev onun uğurlu və uzaqgörən siyasətini
yüksək səviyyədə davam etdirir. Baxmayaraq ki, bu sahədə
aktiv fəaliyyət mövcuddur, ancaq yenə də
qadınların cəmiyyətimizdə xüsusən,
innovasiya sahələrində aktivliyinin artırılması
yönündə işlər görülməlidir. Dünya
üzrə elm sahəsində 70 faiz kişi, 30 faiz qadınlar
çalışırlar və elmi işlərdə
qadınların əsərlərinə kişilərdən
daha az istinad olunur. Mütəxəssislər bunu
qadının fizikası, özünəinamsızlığı,
ailədəki statusu və öhdəliyi və s. kimi səbəblərlə
əlaqələndirirlər. Hazırda Azərbaycanda
qadınlar neftçıxarma, kibernetika, siyasət və s.
kimi çətin sayılan sahələrdə də
çalışırlar. Bu gün Azərbaycanın elm sahəsində
qadın tədqiqatçıların xüsusi yeri var. 9
akademik, 11 müxbir üzv, 288 elmlər doktoru və 2 mindən
çox elmlər namizədi xanımlarımız var. Bu
gün ölkəmizin alim qadınlarının adı
dünyanın seçilən alimləri sırasında
çəkilir. Azərbaycan qadını hər zaman
olduğu kimi bu gün də dövlətin dəstəyi,
qayğısı ilə aktiv fəaliyyət göstərərək
gender bərabərliyinə nail olmağa
çalışır. Hazırda Azərbaycanda qadın
sahibkarların sayı 143 mini ötüb. Halbuki yaxın
keçmişdə bu göstərici cəmi 4 faiz idi".
Tədbirdə
həmçinin innovasiya və yaradıcılıq sahəsində
fərqlənən bir qrup qadın Müəllif
Hüquqları Agentliyinin və Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
birgə fəxri fərmanları ilə təltif edilib.
Öz sahələrindəki
aktiv və uğurlu fəaliyyətlərinə görə Fəridə
Ələkbərova, Şəfəq Mehrəliyeva, Şəfəq
Mehrəliyeva, Könül Əliyeva, Ruqiyyə
İsmayılova, Jalə Qulamova, Sədaqət Əliyeva, Firuzə
Rəsulova, Şəhla Əhmədova, Şəlalə Həsənova,
Vəsilə Hacıyeva, Nigar İsgəndərova, Sevda Qəribova,
Aytən Bayramova, Flora Əsgərova, Gülnaz Abdullazadə, Səbinə
Hacıyeva, Gülxani Şükürova, Lətifəxanım
Əliyeva, Rəna Mirzəzadə, Aygün Mehdiyeva, Şəbnəm
Məmmədova, Aidə Qafarova, Elmira Mehdiyeva, Elmira Abbaslı,
Arzu Abbasova, İranə Əliyeva fəxri fərmanla təltif
olunublar.
Təltifçilər
arasında Rəna İbrahimbəyova, Zahidə
Haşımova, Həmidə Ömərova, Səbinə
Başarıyeva, Albina Cəfərova, Təhminə Əsgərova,
Xəyalə İbrahimova, Günel Hüseynova, Aygül
Qarayeva, Nərgiz Axundova, Nailə Axundova, Sevinc Abbasova, Aidə
Xəlilova, Yaqut Rzayeva, Xatirə Hüseynova, Fidan Əsgərova,
Sevil İmanova, Şəhla Balayeva, Nailə Sultanova, Günel
Ağabəyli, Tünzalə İmanova, Reyhan Camalova, Zəhra
Qasımzadə də yer alıb.
Xanımlara
diplomlarını Kamran İmanov, Hicran Hüseynova,
Gülçöhrə Məmmədova, Fərəh
Əliyeva, Rauf Əliyev, Günay Əfəndiyeva, Əsgər
Ələkbərov və Elçin Babayev təqdim ediblər.
Tədbirdə
gənc mütəxəssislər Reyhan Camalova və Zəhra
Qasımzadə təsisçisi olduqları "Rain
energy" layihəsi ilə bağlı prezentasiya ilə
çıxış ediblər.
Dəyirmi
masada Kamran İmanovun "Qadınlar innovasiya və
yaradıcılıqda: dəyişikliyin aparıcı
qüvvəsi" mövzusunda məruzəsi dinlənilib.
Natiq çıxışında əqli mülkiyyətlə
bağlı düşüncələrini də
bölüşüb: "Dəyirmi masada müzakirə ediləcək
başlıca məsələlərdən biri də əqli
mülkiyyət fenomeninin texnologiyaların
sıçrayışı ilə səciyyələnən
yeni dövrdə, biliklər cəmiyyəti dövründə
dərk olunması ilə bağlıdır.
Əqli
mülkiyyət fenomeni heç bir zaman öz-özünü
təmin edən hədəf, öz-özlüyündə
mücərrəd, abstrakt vasitə olmamışdır.
Əqli mülkiyyət xidmətçi sahə kimi
"mövcud biliklərdən yaranan və yeni biliklərlə
nəticələnən" fenomendir. Bunun üçün
biliklərin müəyyən səviyyəsi, infastrukturu və
daşıyıcılarının imkan və əzmi
olmalıdır. Bu şəraitdə "biliklər cəmiyyəti"ndə,
"biliklərə əsaslanan iqtisadiyyatda" ƏM-in
qorunması öz növbəsində kreativlik və
innovasiyaçılığın stimullaşdırılmasında,
investisiyaların yaradıcılığa və
yenilikçiyə cəlb edilməsində, innovasiyalı
mühitin formalaşmasında əsas vasitədir".
Xüsusi
qeyd edilməlidir ki, dövlətimizin siyasətində əqli
mülkiyyətin qorunmasında iki istiqamət nəzərə
çarpır: fərdi kreativliyi (müəlliflik, patent
hüququ) və qrup kreativliyini (folklor, ənənəvi biliklər)
stimullaşdırmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
Son 25 ildə
əqli mülkiyyət fenomeni nəzərə çarpan dərəcədə
inkişaf etmiş və bu gün dünyada onun fəaliyyət
konteksti yarandığı vaxtdan prinsipial olaraq fərqlənir.
Həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli
mülkiyyətin yeri dəyişdirilərək, onu biliklərə
əsaslanan iqttisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin
vacib alətinə və mədəni irsin təhlükəsizliyinin
təminatçısına çevirib.
Yaşadığımız
"biliklər cəmiyyəti dövrü"
texnologiyaların sıçrayış dövrüdür.
Əhəmiyyətli texnoloji dəyişikliklər
zamanıdır. Rəqəmli eranın nəticələri
bütün sahələrdə
yeni reallıq formalaşdırmış və rəqəmsal
innovasiyalar "rəqəmsal imperativ" adlanan, yəni
davranış qaydası yaradaraq, yeni tələblər irəli
sürür. Dövlət başçımız, cənab
Prezident İlham Əliyevin sözləri ilə desək,
"müasir dünya sivilizasiyasının tərəqqisində
insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici
əhəmiyyət daşıyır. Hər bir dövləti
rifah və yüksəlişə aparan yol elm və
innovasiyalara əsaslanan inkişafdan keçir".
Daha sonra
alim və mütəxəssislər mövzuya dair məruzələrlə
çıxış edib, müzakirələr aparıblar.
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva çıxışında fond haqqında geniş məlumat verib, qeyd edib ki, fond çox qısa zaman öncə fəaliyyətə başlasa da, gələcəkdə beynəlxalq aləmdə özünəməxsus yerlərdən birini tutacağına heç bir şübhə yoxdur. Mövzu ilə bağlı fikilərini bölüşən G.Əfəndiyeva türk qadınının cəmiyyətdəki rolundan da söz açıb: "Türk qadını hər zaman cəmiyyətdə çox önəmli yer tutub. Türk dünyasının milli-mənəvi abidələrindən "Kitabi-Dədə Qorqud" və "Manas" dastanlarından başlamış bütün milli və bədii ədəbiyyatımızda qadın qəhrəmanlarımızın öz dövrlərində tutduqları mühüm yeri görürük. Tomiris, Sara Xatun, Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan və digərləri tarixdə öz fəaliyyətlərilə iz qoymuş xanımlarımızdandırlar. Müasir zamanda bunun parlaq nümunəsi kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adını çəkmək olar. Onun çoxistiqamətli və düzgün fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqincə tanınır və seçilir. Mehriban xanım Əliyeva milli-mənəvi irsimizin dünyada tanıdılması istiqamətində çox mühüm işlər görür".
G.Əfəndiyeva bu yaxınlarda çap olunan "Azərbaycan qadın şairləri poeziyası" şeir antologiyasını konfrans iştirakçılarına təqdim edib. Deyib ki, kitab Azərbaycan və ingilis dillərində işıq üzü görsə də, onun bütün dünyada təbliği üçün hazırda bir çox dillərə tərcüməsi həyata keçirilir. Çox yaxında İtaliyada italyan dilində təqdimatı olacaq. Qeyd edib ki, yaxın zamanlarda bu antologiyanı daha da genişləndirərək "Türk dünyası qadın şairləri poeziyası" antologiyası da çap olunacaq.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında gender bərabərliyindən, rəhbəri olduğu universitetin nümunəsində qadınların elm sahəsində, xüsusən texniki elmlərdəki fəaliyyətindən söz açıb: "Gender bərabərliyi məsələləri hər bir cəmiyyətin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Ölkələrin inkişaf səviyyəsi o ölkələrdə qadının statusu və gender bərabərliyi ilə ölçülür. Gender bərabərliyi bizim dövlətimizin konstitusiyasında öz əksini tapmışdır. Bu sahədə hökümətimiz tərəfindən bir sıra qanunların qəbulu artıq inkişafdan xəbər verir.
Gender bərabərliyinin tətbiqində maarifləndirmə və təhsilin rolu çox böyükdür. Son beş ildə elm sahəsində çalışan qadınların sayı əhəmiyyətli dərəcədə artıb. Bu gün universitetlərdə müasirliyə, inkişafa istiqamətlənən fəaliyyətlər get-gedə artmaqdadır. Universitetimizdə beynəlxalq konfranslarda iştirak edən qadın əməkdaşlarımızın və tələbə qızlarımızın sayı hazırda kişilərdən daha çoxdur. Əvvəllər kişilərə aid edilən bir çox sahələrlə indi qadınlarımız kifayət qədər məşğul olurlar. Bu, təbii ki, sevindirici haldır".
Xanımların mədəniyyətimizdəki fəaliyyətindən Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva bəhs edib: "Bu gün biz fəxrlə deyirik ki, 100 illiyini qeyd etdiyimiz Xalq Cümhuriyyətimizin qəbul etdiyi ən önəmli qanunlardan biri qadınlara seçki hüququnu verməsi idi. Bu, cəmiyyətimizdə qadınların fəaliyyətinə mühüm təkan oldu. Mədəniyyət və İncəsənət sahəsində qadınların fəaliyyətindən danışarkən "ötən əsr" terminini xüsusi vurğulamalıyam. XX əsrin əvvəllərinə qədər bilirik ki, musiqi, teatr, rəssamlıq sahəsində qadınlarımız çox az təmsil olunurdular, bəzi sahələrdə heç yox idilər. Mədəniyyət və İncəsənət Universitetində tədris aparan müəllimlərin 50%-i qadınlardır. Tələbələrdən isə yenə də qızlarımız oğlanlardan çox olsa da, bəzi sahələr var ki, orada qızların varlığı çox vacibdir, amma təəssüf ki, sayca azdırlar. Məsələn, teatr sahəsində. Beynəlxalq tədbirlərdə də qızlarımız, qadınlarımız çox aktiv şəkildə ölkəmizi təmsil edirlər. Mən inanıram ki, gələcəkdə cəmiyyətimizin müxtəlif sahələrində xanımlarımızın fəaliyyəti daha da artacaq və böyük uğurlar qazanacaqlar".
AMEA-nın akademik katibi Nərgiz Axundova isə çıxışında akademiyada fəaliyət göstərən xanımların statistik göstəricilərini nəzərə çatdırıb: "Dünya indi çox dinamik şəkildə inkişaf edir. Müasir qlobal çağırışlar tələb edir ki, müxtəlif sahələrdə elmi innovasiyaların inkişafı daha da artırılsın. AMEA respublikamızın əsas elmi tədqiqat mərkəzi olaraq bu gün xarici ölkələrlə çox fəal əlaqələr yaradır və insan kapitalının formalaşmasında böyük rol oynayır. Elmi inkişafa nail olmaq üçün bizə məhz aktiv elmi kadrlar lazımdır. AMEA-nın əməkdaşlarının 59%-i qadınlardan ibarətdir. Bizim qadın alimlərimiz bir sıra beynəlxalq qurumlarda iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər. AMEA-nın nəzdində yeni yaradılan bir sıra tədqiqat institutuları var ki, ora qadın alimlərimiz rəhbərlik edirlər. Cəmiyyət o zaman güclü olur ki, onun qadınları savadlı olur. Çünki qadın övlad tərbiyə edir. Beləliklə, sağlam gələcəyimiz məhz qadınların inkişafından asılıdır".
Daha sonra Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova, Bakı Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru, professor İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Sakit Yaqubov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Dəyirmi masa müzakirə və diskussiya ilə yekunlaşıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 24 aprel.- S.4.