Günay Mehdizadə: "Sənətdə millilik sevgisi mənə ailəmdən gəlir"

 

Müsahibimiz Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Voicepress Academy"nin Mədəniyyət departamentinin sədri, bir sıra beynəlxalq yaradıcılıq layihələrinin müəllifi Günay Mehdizadədir.

 

- Günay xanım, əvvəlcə ondan başlayaq ki, rəssamlıq ən çox istedad işidir, ya təhsil?

 

- İstedad, təbii ki, olmalıdır. Ancaq istedadlı adam təhsilsiz tam professional olmayacaq. Bu ikisi birləşdikdə çox gözəl nəticə verir. Müəyyən müddətə ən çox işlənən fiqurların, rəsmlərin texnikasını öyrənən istənilən adam rəsm çəkə bilər. Necə ki, bir uşaq pianino çalmağa başlayarkən notları öyrənir və notları qabağına qoyub çalır, bu da onun kimidir. Amma digər tərəfdən də istedad şərtdir. Çünki istedad sənin özünün düşündüklərin, fantaziyalarındır. Uşağa notu verirsən və o, üzünə baxaraq ifa edir. Biri də var ki, o, özündən yeni bir musiqi bəstələyir. Bu, artıq istedaddır. Bununla o, yeni tərz, üslub, öz dəsti-xəttini yarada bilər. Sənət sahəsinin inkişafı üçün də məhz belə insanlar lazımdır. Məsələn, Vaqif Mustafazadənin yaratdığı caz musiqisi bütün dünyada məşhurdur. Halbuki o, bunu muğamların üstündə yaradıb. Əgər o, musiqini, muğamları belə mükəmməl bilməsəydi və istedadı da olmasaydı, bunu yarada bilməzdi. Ancaq mən istedadına, aldığı təhsilə güvənib bununla kifayətlənməyi də qəbul etmirəm. Mütləq həmişə öyrənmək lazımdır. Xarici ölkələrdə olanda muzeylərə, qalereyalara səhər gedib, bir də ora bağlananda nəzarətçinin xəbərdarlığı ilə çıxıram. İçimdəki maraq və öyrənmək eşqiylə mən hər bir əsəri öyrənir, müəllifin oradakı üslubunu, etdiyi yenilikləri anlamağa çalışıram. Həmişə öyrənirəm, öyrəndiklərimi yaradıcılığımda tətbiq etmək istəyirəm. Amma təbii ki, milliliyimizi itirməmək şərtilə.

 

- Özünüzdə bu istedadı və marağı necə hiss etdiniz?

 

- Ta uşaq yaşlarımdan marağım vardı. Bu da ilk növbədə ailəmdən qaynaqlanıb. Nənəm xalçaçı idi. Həm də bildiyiniz kimi, əvvəllər gəlin paltarları tikilirdi. Nənəm bununla da məşğul idi. Heç bir təhsili olmadan kiçik xalçalar toxuyurdu. Bunları qızlar gəlin köçəndə cehiz aparardılar. Eləcə də babam, heç bir rəssamlıq təhsili olmasa da, çox gözəl portretlər çəkərdi, not bilmirdi, amma bütün musiqi alətlərində ifa etməyi bacarırdı. Təhsil, təbii ki, inkişaf üçün çox lazımlı və yaxşıdır. Amma istedad qandan, ailədən gəlir. Məndə də belə olmuşdu.

 

- Yaradıcılığınızın əsas mövzusu nədir?

 

- Bizim ailədə həmişə milli duyğulara köklənmiş mühit olub. Nənəm böyük sırğalar olan həkəri taxardı, boynunda çəçik deyilən silsilə boyunbağılar olardı. Mən bunları görərək böyümüşəm. Sənətdə millilik sevgisi mənə ailəmdən gəlir. Təbii ki, sevməyə bilmərəm. Bu bizim özümüzündür. Miniatür mənim ən sevdiyim üslubdur. Amma əlbəttə ki, öz ideyalarımla çıxış etməyi daha üstün tuturam. Məsələn, miniatür sənətində bir qayda olaraq kompozisiyalar ölçü baxımından kiçik fiqurlardan qurulur. Mən düşündüm ki, bunu mən başqa formatda edə bilərəm. Məsələn, mən kiçik ölçülərdə deyil, monumental üsullu böyük ölçüdə fiqurlardan kompozisiyalar hazırladım. Təbii ki, mahiyyəti, prinsipi saxlayaraq.

 

- Bildiyim qədərilə, hər iki əlinizlə rəsm çəkə bilirsiniz...

 

- Bəli, əslində, sağ əlim daha işləkdir. Məsələn, yazı yazanda sağla yazıram. Amma sol əlimlə də həm yazıb, həm də rəsm çəkə bilirəm. İşimdə bu, mənə çox kömək olar. Çünki simmetriyanı düzgün müəyyən etmək üçün faydalıdır. Bunun necə olduğunu bilmirəm, iş prosesində avtomatik yaranır. Sırf sol əllə çəkdiyim rəsmim yoxdu, hər iki əlimlə çəkirəm.

 

- Günay xanım, bu günlərdə Rusiyada keçirilən "İP QOURUM-Beynəlxalq, İntellektual, Strateji Forum"da ölkəmizi təmsil etmisiniz. Forumun məramı nə idi, orada nələr müzakirə olundu?

 

- Məni bu foruma Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri, Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının baş direktoru İsmayıl Məmmədkərimov dəvət elədi. Ona da TÜRKSOY-dan demişdilər. Türk dünyasından dəvət olunan nümayəndələr TÜRKSOY tərəfindən seçilirdi. Onlar Qırğızıstandan, Qazaxıstandan, Azərbaycandan nümayəndələr istəmişdilər. Ancaq elə insanlar olmalı idi ki, onlar öz sahələrinə yenilik gətirmiş olsunlar. Təbii ki, TÜRKSOY-la öncəki layihələrdən tanışlığım var. Bir neçə dəfə TÜRKSOY-un keçirdiyi rəsm müsabiqələrində münsif kimi çıxış etmişdim.

 

Forumda əsas məsələ hər bir şeyin necə rəqəmsal formata keçirilə biləcəyinin müzakirəsi idi. Çünki artıq az qala hər şey elektronikadır, insanlar canlı sərgilərdən get-gedə uzaq düşürlər. Orada isə müzakirə olunurdu ki, əgər insanlar sərgilərə gəlmirlərsə, biz necə edək ki, sərgiləri onların telefonlarına, komputerlərinə aparaq. Oraya dünyadan 500 nəfərdən çox mütəxəssis dəvət olunmuşdu

 

Mən öz tərəfimdən deyə bilərəm ki, onlar çox maraqlı ixtiralar etmişdilər. Hətta Rusiyanın Xalq rəssamı Nikas Safronovla görüşdük. Bir günlük vaxtımızdan istifadə edib Minsk şəhərində onun sərgisinə getdik. Onun əsərlərini qalereya şəklində texnoloji elektronikaya keçiriblər. Belə ki, muzeyə gedirmiş kimi kartla onlayn ödəmə edilir və hətta 3D eynəkləri vasitəsilə istədiyiniz əsərin içərisinə girib gəzə bilirsiniz.

 

Həmin forum da məhz bu mövzuya həsr olunmuşdu. Bununla bağlı Rusiyanın mədəniyyət naziri, nazir müavini və başqa rəsmilər çıxış etdilər. Tədbirə bir çox ölkələrdən elə insanlar dəvət olunmuşdu ki, onların bu sahədə hansısa layihələri olub. Mənim də bir neçə layihəm var.

 

- Maraqlıdır, bu forum sizin gələcək yaradıcılığınız, fəaliyyətiniz üçün hansı ideyalar verdi?

 

- İdeyalar, adətən, öncədən paylaşılmır (gülür). Ancaq deyə bilərəm ki, düşüncələrimdə, planlarımda çox böyük irəliləyiş hiss etdim. Biz yenidən keçmişə qayıda bilmərik, mütləq qabağa getməliyik. Əgər bu gün uşaqlar onlayn kitabı, elektron oyunları sevirlərsə, sərgilərə, qalereyaya gəlməkdənsə internetdə, telefonda vaxt keçirməyi üstün tuturlarsa, biz də onların istəyinə uyğunlaşmağı bacarmalı, işlərimizi yeni formatda təqdim etməliyik. Hətta konfransda iştirak edən alimlərdən biri belə bir fakt söylədi ki, elektron oxuyan uşaqlar kağız kitabdan oxuyanda yadında qalmır, eləcə də əksinə, kağız kitab oxuyan elektron kitabı yadda saxlaya bilmir.

 

- Necə düşünürsünüz, tabloların insana yaşatdığı duyğuları elektron qalereya yaşada bilərmi?

 

- Təbii ki, yaşada bilməz. Mənim üçün əllə yazılan hər şey daha önəmlidir. Onun yerini heç nə verə bilmir. Ancaq çox təəssüf ki, texnologiya həyatımızın bütün sahələrini zəbt edib. Xüsusən gənclərimizin həyatına çox sürətli şəkildə daxil olub. Hətta bir evin içərisində ailə üzvləri üz-üzə söhbət etmək yerinə, sosial şəbəkədən mesajlaşırlar. Bizim də bunu qəbul etməkdən, dəyişən dünyayla ayaqlaşmaqdan başqa çarəmiz yoxdur. Bu, təkcə rəssamlığa deyil, hər sahəyə aiddir. Biz çalışıb olanları gənc nəslə başqa cür təqdim etməliyik. Məsələn, rəsm sərgisidir və ora gəlmək istəmirlərsə, bunu başqa formatda təqdim etməliyik. Məcburiyyətlə heç nə olmur.

 

- Sizin Atatürk portretiniz həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin diqqətini cəlb etmişdi. Bu əsərlə bağlı ideya necə yarandı?

 

- Mən, ümumiyyətlə, bioqrafik ədəbiyyatı və filmləri sevirəm. Xüsusən tarixi şəxsiyyətlərin həyatı ilə çox maraqlanıram. Bizim evdə də Atatürklə bağlı bir neçə bioqrafik kitab vardı. Onları oxuyandan sonra düşündüm ki, Atatürkün portretini çəkə bilərəm. Ondan öncə də bir neçə tarixi şəxsiyyətin portretini çəkmişdim. Məsələn, Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, uşaqlıqdan əsərlərini sevərək oxuduğum Puşkinin, məşhur sərkərdə Sezar və başqalarının portretlərini. Atatürkün isə bir neçə portretini çəkmişəm. Bir neçə il öncə Türkiyənin Konya şəhərində keçirilən, 65 ölkənin qatıldığı Simpoziumda Azərbaycanı təmsil edirdim. O, canlı rəsm simpoziumu idi. Açılışa nazirlikdən nümayəndələr də qatılmışdılar. Söhbət əsnasında dedim ki, məndə Atatürkün portreti var, baxmaq istəyərsinizmi? Onlar üçün bu, maraqlı oldu və mən həmin portreti onlara göstərdim. Çox bəyəndilər və xahiş etdilər ki, rəsmi Ankaraya aparım. Apardım və mənim üçün də böyük sürpriz oldu. Həmin tablonu muzeyə qoydular. Sonradan həm özümün istəyimlə, həm də onların təklifi ilə Atatürkün başqa portretini də çəkdim. Onda artıq oradakı bütün muzeyləri gəzib Atatürkün orada olan rəsmləri ilə tanış olmuşdum. Düşündüm ki, fərqli bir kompozisiya etməliyəm. Növbəti tablomda isə Atatürkün həyatının fərqli dövrlərini əks etdirən bir necə səhnəni birləşdirərək bir kompozisiya yaratdım.

 

- Tələbələriniz varmı?

 

- Birinci tələbəm öz qızımdır: Mehriban Mehdizadə. İncəsənət Gimnaziyasında oxuyur. Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimovun təşəbbüsü ilə sərgisini də açmışdıq. Həm də xorda oxuyur. Çox istedadlı qızdır. Bu da həm anası, həm də müəllimi kimi məni çox sevindirir. Ondan başqa da tələbələrim var. Onların içərisində ən sevdiyim və gələcəyinə çox inandığım Fatimədir. O, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ona rəssamlıq, heykəltəraşlıq, qrafika kimi sahələri öyrətmişəm. Cəmi ilyarıma çox böyük irəliləyiş oldu. Onları "Türkiyə-Azərbaycan rənglərin qardaşlığı" adlı rəssamlar toplantısına daxil etmişdim, ikisinin də iştirakı uğurlu oldu. İzmirdə olanda yaşlı, təcrübəli rəssamlar Mehriban üçün deyirdilər ki, biz professional rəssamlarıq, balaca qız uşağı bizim yanımızda nə çəkə bilər ki? Amma Mehriban orda elə gözəl bir mənzərə rəsmi çəkdi ki, onlar heyrət etdilər.

 

- Rəssamlığa gənclərin marağından razısınızmı?

 

- Əslində, marağı yaratmaq lazımdır. Rusiyadakı forumda bu mövzu müzakirə olundu. Orada da deyildi ki, əgər kimdəsə maraq yoxdursa, onu məcbur etməyin, qınamayın. Düşünün, siz təqdimatda hansı səhvi etmisiniz ki, ona maraqlı gəlməyib. Çalışın təqdimatınızı dəyişin, maraq yaradın. Mədəniyyət, incəsənət öyrədilən, tədris olunan keyfiyyətdir. Ta kiçik yaşlarından onları bu cür istiqamətləndirirək maraq yaratmaq olar. Təbii ki, valideyn uşaq yaşlarından müəyyən dərnəklərə, sahələrə yönləndirə bilər. Ancaq onların sonradan hansı sahə ilə məşğul olacağı öz seçimləridir.

 

- Tələbələriniz arasında ailəsinin tələbi ilə yanınıza gələn, özü isə həvəssiz olanı olubmu? Bu cür tələbələrlə necə işləyirsiniz?

 

- Bəli, çox olub. Elə uşaqlar olur, valideyni güclə gətirir ki, öyrənsin, özü isə heç istəmir. Mən bu cür tələbələrimdə də maraq yaratmışam. Mənim üçün iki tip uşaq var: biri çox qapalı, biri isə həddindən artıq dinamik, özünə hədsiz dərəcədə güvənən. Bu cür uşaqlarla davranış şəkli eyni cür ola bilməz. Hər uşağı öz xasiyyətinə görə dindirmək lazımdı. Məsələn, özünə qapalı, çəkingən uşaqla sərt davransaq, onda bu, əks təsir göstərəcək və o, daha da içinə qapanacaq. Ancaq biz onunla mülayim davransaq, ona güvəndiyimizi hiss etdirsək, onda da özünə qarşı inam yaranacaq.

 

Özündən çox razı, dinamik uşaqla isə daha başqa cür davranmaq lazımdı. Bu cür uşaqlara isə əksinə, onun hər şeyi bilmədiyini, öyrənməli çox şeyin olduğunu və sənətinə qarşı ciddi yanaşmağı öyrətməliyik. Yəni bütün hallarda balansı yaratmaq lazımdır.

 

Marağı olmayan birində maraq yaratmaq niyə mümkün olmasın ki? Rəssamlıq yaradıcılıq işidir. Təbii ki, hər kəs bununla məşğul olmaq istəyər. Kim istəməz ki, özü nəyisə yaratsın, öz əl işi olsun. Onlar da yaratdıqlarını gördükcə daha da maraq göstərir, sevinirlər.

 

- Sizcə, rəssamlığın inkişafı və cəmiyyətə daha geniş şəkildə təqdimatı üçün nə etmək lazımdır?

 

- Məncə, bu işdə ən böyük vəzifələrdən biri medianın üzərinə düşür. Onun səsi bizdən daha çox insana çatır. Düşünürəm ki, media nümayəndələri ilə rəssamlar, yaradıcı şəxslər hansısa ortaq layihələr hazırlaya bilərlər. Bu, hər iki tərəf üçün çox faydalı addım olar. Mənim bununla bağlı bir çox ideyam var, gələcəkdə onları həyata keçirməyə çalışacağam.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-25 aprel.-S.8.