Ədəbiyyatımızda müxəmməs janrı haqqında dəyərli tədqiqat əsəri

 

Azərbaycan ədəbiyyatında müxəmməs janrı qədim və zəngin ənənəyə malikdir. Abbasilər dövründə ərəb şeirində yeniliklərə olan meylin artdığı bir zamanda yaranan müxəmməslər sonralar bir çox dəyişikliklərə məruz qalmış, eyni zamanda, mövzu və forma cəhətdən böyük bir inkişaf yolu keçmişdir.

 

Əvvəllər müxəmməslər əsasən məhəbbət mövzusunda yazılırdısa, sonrakı dövrlərdə, yəni XVIII-XIX əsrlərdə yeni məzmun kəsb etmişdir. Bu dövr Azərbaycan ədəbiyyatında yaranan müxəmməslər ictimai-siyasi məzmunu ilə seçilməyə başlamışdır.

 

Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayevanın "Elm və təhsil" nəşriyyatında çap olunmuş, akademik Rafael Hüseynovun elmi məsləhətçisi, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun elmi redaktoru olduğu "XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında müxəmməs janrı" kitabı dəyərli tədqiqat əsəridir. Kitab poeziyamızda bu janrda yazılmış nümunələr əsasında Azərbaycan ədəbiyyatının həmin dövrlərinin inkişaf xüsusiyyətlərinin təhlili baxımından maraq doğurur.

 

Müəllif ilk öncə Azərbaycan ədəbiyyatında müxəmməs janrının yaranması və inkişaf tarixinə nəzər salır və XV əsr Azərbaycan ədəbiyyatında müxəmməs janrının Kişvəri, Rövşəni, Xəlili, Hidayət, Süruri divanlarında özünəməxsus yer tutduğunu nəzərə çatdırır. Alimin fikrincə, XV əsrdə Azərbaycan müxəmməsçiliyinin və təxmisçiliyinin inkişafında əsas rol Kişvəriyə məxsusdur; Kişvəri özündən sonrakı şairlərin, o cümlədən, Füzulinin yaradıcılığına təsir etmiş qüdrətli sənətkardır.

 

XVI yüzildə Xülqi, Füzuli, Məsihi, Yusif bəy Ustaclu, Heydəri və Qəribi, XVII əsrdə Qövsi Təbrizi, Mürtəzaqulu xan Zəfər, Səfiqulu bəy Səfi, Məlik bəy Avcı, Kəsbi, Rövnəqi, Şükri kimi sənətkarların müxəmməslər yazdığını qeyd edən müəllif onlar haqqında müxtəsər məlumat verir.

 

Artıq XVIII əsrdə müxəmməsin tətbiq sahələri genişlənir. Bu dövrdə baş vermiş bir çox olayları əsərlərində təfərrüatı ilə canlandırmağa çalışan şairlər müxəmməs janrına müraciət edirlər. Şairin fərdi üslub keyfiyyətlərinin aşkara çıxmasında xüsusi özəllikləri olan müxəmməs XVIII yüzilin əsas janrı olur.

 

Məlumdur ki, bu dövrdə Nişat Şirvanı, Şakir Şirvanı, Məhcur Şirvani, Ağa Məsih Şirvani, Şəkili Nəbi, Hüseyn xan Müştaq, Molla Vəli Vidadi, Molla Pənah Vaqif kimi sənətkarlar müxəmməs yazmışlar. Bu nümunələri tədqiqata cəlb etməklə yanaşı, Nailə Mustafayeva AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan materiallar üzərində araşdırmalar aparmış və XVIII əsrin Zari Ərəşi, Safi, Aşıq Saleh, Mövlana Kazım, Asəf Şirvani, Mənsəbi Ağdaşi, Molla Gülü Zəlami kimi şairlərinin müxəmməs və təxmislərini aşkar etmişdir. Müəllif bu qənaətə gəlmişdir ki, dövrün sənətkarları janrın imkanlarından istifadə edərək cəmiyyətdə gördükləri haqsızlığı, ədalətsizliyi cəsarətlə tənqid etmişlər. Tarixi mövzuda yazılan müxəmməslərin müəllifləri isə ya həmin olayların bilavasitə iştirakçısı, ya da müşahidəçisi olmuşlar. Bu baxımdan sözügedən nümunələr həmin dövrdə cərəyan edən hadisələrin daha ətraflı öyrənilməsində tarixçi alimlərə gərəkli ola bilər.

 

XIX əsr Azərbaycan ədəbiyyatında yaranan müxəmməsləri tədqiqata cəlb edən Nailə Mustafayeva belə qənaətə gəlir ki, bu dövr poeziyamızda müxəmməs XVIII əsrdəkindən də daha geniş vüsətlə inkişaf etmişdir. Tədqiqatçı XIX əsr şairlərinin yaradıcılığında müxəmməslərin mühüm əhəmiyyət kəsb etdiyini bildirir.

 

Bu dövr poeziyasında müxəmməs janrında yazılan şeirlərin əksəriyyəti lirik-aşiqanə mövzudadır. Ümumiyyətlə, müxəmməslərin mövzu genişliyi, xüsusilə, Qasım bəy Zakir yaradıcılığında görünür. Müəllifin fikrincə, tarixi-vətənpərvərlik mövzulu mənzumələrdə müxəmməs fikrin genişliyini, ibrətamizliyini, xalqın məişətində baş verən dəyişiklikləri, müxtəlif konkret hadisə haqqında düşüncələri ifadə edir və XVIII əsrdə yaranmış, XIX əsrdə güclənmiş bu səciyyəvi cəhətlər XVII yüzil Azərbaycan ədəbiyyatında görünmür. Məhz XIX əsrdə müxəmməsin janrdaxili yeni növləri meydana çıxır, şifahi xalq ədəbiyyatının təsiri ilə cığalı müxəmməs, klassik poeziyanın təsiri ilə müxəmməs-bəhri-təvil yaranır. Tədqiqatda müxtəlif məişət məsələlərinə həsr edilən müxəmməslərin realizmə doğru inkişaf etməkdə olan poeziyamızda bu nəzm şəklinin həyatın müxtəlif tərəflərini canlandırmağa qadir bir janr olduğu göstərilir.

 

Müxəmməs janrının meydana çıxması və inkişafı haqqında ümumi məlumat verildikdən sonra XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında ayrı-ayrı şairlərin müxəmməsləri təhlil edilir. Tədqiqatçı ilk növbədə XVIII yüzildə müxəmməs janrının mövqeyini şərh edir, tarixi məzmunlu müxəmməslər və XVIII əsr oğuz türklərinin poeziyasında müxəmməs janrı haqqında məlumat verir.

 

XVIII əsr Azərbaycan ədəbiyyatının ən səciyyəvi cəhətlərinin Molla Vəli Vidadi və Molla Pənah Vaqif yaradıcılığında kamillik həddinə çatması səbəbindən Nailə Mustafayeva bu sənətkarların müxəmməslərini ayrı-ayrılıqda araşdırmış və bu qənaətə gəlmişdir ki, Vidadinin müxəmməs janrında yazdığı müsibətnamələrində, xüsusilə də Hüseyn xan Müştaqın ölümünə həsr etdiyi mənzuməsində həyat həqiqətinin inikası daha qüvvətlidir və şair burada müxəmməsin ifadə imkanlarını xeyli genişləndirmişdir.

 

Monoqrafiyada Molla Vənah Vaqifin müxəmməsləri haqqında daha geniş və əhatəli məlumat verilmişdir. Görkəmli ədəbiyyatşünas alimlərin - Mirzağa Quluzadə, Araz Dadaşzadə, Teymur Kərimli, Paşa Kərimov və başqa tədqiqatçıların araşdırmalarına söykənən müəllif Vaqif müxəmməslərinin mövzu baxımından daha rəngarəng olduğunu nəzərə çatdırır və şairin müxəmməslərini aşağıdakı kimi təsnifləndirir: 1) lirik-aşiqanə şeirlər; 2) saqqala həsr edilmiş yumorlu şeirlər; 3) müxtəlif əşya və geyimlərlə bağlı yazılmış şeirlər; 4) Tiflis şəhəri ilə bağlı şeirlər; 5) İbrahim xanın qızının Tehrana ərə getməsi münasibəti ilə yazılmış şeir; 6) ictimai məzmunlu şeir.

 

Kitab müəllifi müxəmməsləri mövzularına görə tədqiqata cəlb edərək onlardan nümunələr verir və bu qənaətə gəlir ki, Molla Pənah Vaqifin müxəmməsləri, xüsusilə, "Görmədim" rədifli şeiri dövrün, bütövlükdə ədəbiyyat tariximizin ən yüksək nailiyyətlərindən biridir.

 

"XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında müxəmməs janrı" kitabının əsas özəlliklərindən biri də XVIII əsrdə yazılmış qeyri-mətbu müxəmməslərin araşdırılmasıdır. Tədqiqatçı alim AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan cünglərdə XVIII əsr şairlərinin müxəmməslərini aşkara çıxarmış və bunlardan bir çoxlarının əsərlərini təhlil edərək dəyərli elmi nəticələrə gəlmişdir. Müəllif bu şairlərin ədəbiyyat tarixində Vaqif səviyyəsində novator sənətkar ola bilməsələr də, istedadları, ədəbi zövqləri, ədəbiyyata dərindən bələd olmalarına görə əsl sənət nümunələri yaratdıqlarını qeyd edir və bildirir ki, onların adı, əsərləri XVIII əsr Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutmalıdır.

 

Nailə Mustafayeva XIX əsr Azərbaycan ədəbiyyatında yaranan müxəmməslər haqqında geniş araşdırmalar aparmış və maraqlı elmi nəticələr əldə etmişdir. Bu dövrdə yaranan müxəmməslər mövzu baxımından, forma yenilikləri baxımından daha da inkişaf etmişdi. Məhz bu səbəbdən müəllif dövrün şairlərinin - Baba bəy Şakirin, Kazım ağa Salikin, Qasım bəy Zakirin, Mirzə Baxış Nadimin, Əndəlib Qaracadağinin, Mirzə İsmayıl Qasirin, Mir Möhsün Nəvvabın, Sədi Sani Qarabağinin, Seyid Əzim Şirvaninin müxəmməslərini ayrı-ayrılıqda tədqiqata cəlb etmişdir.

 

Araşdırmalar nəticəsində Nailə Mustafayevanın əldə etdiyi elmi nəticələr maraq doğurur. Tədqiqatçının fikrincə:

 

Baba bəy Şakirin müxəmməs janrında yazdığı həcvlər yaşadığı dövrün həyatı ilə bağlı olduğuna, ictimai bəlaları, xalqın yerli bəylər və çar çinovnikləri tərəfindən amansızcasına istismarını realist qələmlə təsvir etdiyinə görə satira səviyyəsinə qalxır.

 

Kazım ağa Salikin müxəmməsləri dilinin sadəliyi, mövzu dairəsinin genişliyi, müxtəlif real hadisələrə, şəxslərə həsr edilməsi, yüksək sənətkarlığı, bədii ifadə vasitələrindən məharətlə istifadə edilməsi etibarı ilə XIX əsrdə yazılmış ən dəyərli müxəmməslərlə, poeziya nümunələri ilə səsləşməkdədir.

 

Qasım bəy Zakirin müxəmməslərinin əsas hissəsi lirik-aşiqanə mövzudadır. Bu şeirlərində o, məşuqənin gözəlliyini, hicran əzabı çəkən aşiqin həyəcanlarını, ümumiyyətlə, insan qəlbinin ən müxtəlif duyğularını mahir bir sənətkar kimi təsvir etməyə qadir olduğunu sübut etmişdir.

 

Mirzə Baxış Nadimin müxəmməs janrında yazdığı tarixi mənzumələrində onun əsasən gördüyü hadisələri əks etdirməsi və tarixi gerçəkliyə mümkün qədər sadiq qalmağa çalışması, hadisələri şərh edərkən vətənpərvərlik mövqeyindən çıxış etməsi, vətəninin, həmvətənlərinin halına acıması, işğalçılara qarşı barışmaz mövqe tutması bu əsərlərin ən əhəmiyyətli cəhətləridir.

 

Əndəlib Qaracadağinin müxəmməsləri emosional təsirinin gücü, bədii ifadə vasitələrindən məharətlə istifadə edilməsi, dilinin sadəliyi ilə diqqəti cəlb edir. Real gerçəkliyi əks etdirən bu müxəmməslər XIX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında realizmə meylin artdığını nümayiş etdirir.

 

Mirzə İsmayıl Qasir müxəmməslərində öz həyatından, maddi vəziyyətinin çətinliyindən, ayrı-ayrı şəxslərlə münasibətlərindən, apardığı pedaqoji, ictimai fəaliyyətində ona mane olan qaragüruhçulardan danışır, bir sıra hallarda müxtəlif şəxslərdən yardım istəyir.

 

Mir Möhsün Nəvvabın müxəmməsləri sayca çox olmasa da, mövzu dairəsinin genişliyi ilə diqqəti cəlb edir. Bu şeirlərin içində xalqı cəhalətdən ayılmağa çağıran, riyakar din xadimlərini tənqid edən, vətənpərvər ruhlu əsərlər daha böyük maraq kəsb edir. Nəvvabın ədəbiyyat tariximizdəki xidmətlərindən biri də müxəmməs yanrında yazılan şeirlərə vətənpərvərlik motivlərini gətirməsindən ibarətdir.

 

Sədi Sani Qarabağinin müxəmməslərinin əksəriyyəti lirik-aşiqanə mövzuda olsa da, bu əsərlərin bir hissəsi vətənpərvərlik ruhunda yazılıb ictimai-fəlsəfi mövzulara həsr edilmişdir. Sədi Saninin bu şeirlərində Füzuli, Vaqif və Vidadi yaradıcılığının təsiri hiss olunmaqdadır.

 

Seyid Əzim Şirvaninin istər lirik-aşiqanə, istərsə də satirik mövzulu müxəmməsləri XIX əsr Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindəndir. Özündən əvvəlki klassik irsdən bəhrələnən sənətkarın bu şeirləri sonrakı dövr şairlərimizin yaradıcılığına öz təsirini göstərmişdir.

 

Böyük zəhmətin nəticəsi olan kitab XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında müxəmməs janrının araşdırılması sahəsində ciddi tədqiqat əsəridir. Nailə Mustafayeva bu sahədə araşdırmalarını davam etdirir. Biz tədqiqatçıya gələcək elmi işlərində uğurlar diləyirik.

 

Nailə SƏMƏDOVA

filologiya üzrə elmlər doktoru

 

525-ci qəzet.-2018.-25 aprel.-S.6.