Qayçı
(hekayə)
Elçin HÜSEYNBƏYLİ
Bir
ağsaqqal həmkarımla İstanbula uluslararası konfransa dəvət
almışdıq: "Türkdilli dövlətlərin ortaq
mədəni irsi və araşdırmalar".
Getdik də, gəldik də. Konfrans
sizinçün elə də maraqlı olmaz. Hamı
bilir ki, türk arkadaşlarımız dildən pərgardırlar:
uzun uzadı danışarlar, dürlü-dürlü qərarlar
da qəbul edərlər, amma yerinə yetirməzlər. Hə, bir də, çoxlu şəkil çəkdirməyi
xoşlayarlar. Bulağın başında, dağın
döşündə, heykəlin... Nəsə. Bütün bunlarla
işim yox. Mən sizə səfərdən
qayıdanda, Qacar demiş, babamın ərvahı haqqı,
başımıza gələn elə bir əhvalat
danışacağam ki, üzünüzdən təbəssüm,
gözlərinizdən yaş əskik olmasın.
Beləliklə,
getdik e...
İstanbul
hava limanında rentgen yoxlamasından keçərkən
gömrükçülər arkadaşımın əl
çantasından şübhələndilər, təkrar-təkrar
irəli-geri verib yoxladılar, sonra həmkarımı
çantanı açmağa məcbur elədilər və
ordan balaca bir qayçı çıxarıb kənara
qoydular:
- Əfəndim, böylə şeylər yasaq, təyyarəyə
kəsici, deşici olmaz.
- Necə
yəni olmaz!? - deyə arkadaşım heyrətindən,
az qala, qışqırdı.
- Olmaz, əfəndim,
olmaz, kəsici, deşici olmaz.
- Bu, kəsici,
deşici deyil e, dırnaq qayçısıdı,
küçücük bir şeydi, - deyə həmkarım əllərilə,
bir az da, əlacsız halda dedi.
Gömrük
işçisi isə ayağını bir başmağa dirəyib
durdu, hələ bir səsinin tonunu da qaldırdı:
- Olmaz, əfəndim,
olmaz! Kəsici, deşici olmaz! Yasaq!!!
Həmkarım
çox dilxor oldu, oxu daşa dəymiş sevgililər kimi
saçları vız-vız dayandı:
- Bax,
arkadaş, - dedi, - mən bunu Bakıdan gətirmişəm. Ordan keçəndə məni saxlamadılar. Yasaqdırsa, bəs niyə buraxırdılar?!
Gömrük
işçisi bir az yumşalan kimi oldu,
çiynini çəkdi:
- Mən
bilməm, əfəndim, bizdə yasaq. Burası İstanbul!
Arxamızdakı
adamlar narahat olmağa başladılar, çünki
mübahisə uzanırdı, gömrükçünün də
hövsələsi daralırdı:
- Dedim ki,
olmaz, keçin gedin!
Bu yerdə
həmkarım bir az da
yazıqlaşdı, başqa varianta əl atdı:
-
Bilirsiniz, bu elə belə qayçı deyil e,
yoldaşımın (böyürdən pıçıldadım:
eşimin), hə, hə, eşimin qayçısıdı,
özü də cərrah qayçısıdı. Bundan
heç yerdə yoxdu, - dedi və yazıq-yazıq növbədəkilərin
üzünə baxdı, sanki onlardan imdad istədi. - Heyfdi e!
Növbəyə duranlar heç bir reaksiya vermədilər.
Gömrük
işçisi:
- Bax,
arkadaş, biz bunu burda saxlayırıq, bir arkadaşına de,
gəlib alsın. İndi isə keçin, lütfən...
gedin... yürü-yürü!
Dayanmağın yeri yoxuydu, xış kotana
ilişmişdi. Mən həmkarıma dedim ki, burda dayanmağın mənası
yoxdu, yaxşısı budur keçək gedək.
- Bəs
evdə arvada nə deyim? Qayçı
onundur e, gələndə vermirdi, bir təhər
yalvarıb-yaxarıb almışam. Evdə
bilsə, qanqaraçılıq olacaq.
Həmkarım "evdə qırğın olacaq"
sözünü dilinə gətirməkdən utandı.
Burda sizə
xəlvətcə deyim ki, həmkarım çox vasvası
adamdı, qayçını da ona görə özüylə
gəzdirir ki, lazım olanda dırnağını tutsun,
bığını, birçəyini
qayçılasın...
- Bilirsən,
Bakıda belə qayçılardan var, nemetski, birin alarsan,
qurtarıb gedər, bir qayçıdan ötrü təyyarəyə
gecikməyəcəyik ki, - deyə onu ürəkləndirdim...
Təyyarəyə gecikmək məsələsi ortaya
çıxanda həmkarım ayılan kimi oldu, əlini yellədi,
yəni tüpürüm sizə də, o qayçıya da və
deyinə-deyinə yoxlama məntəqəsindən keçdi.
Başqa bir növbəyə dayandıq. Bu dəfə
yükümüzü yox, bizi yoxlayacaqdılar.
Böyrümüzdə xeyli adam vardı. Həmkarım qayçı məsələsini
heç cür unuda bilmirdi, türk arkadaşlarından yaman
narazıydı. Ona görə də böyründəki
birisindən qəfil soruşdu:
- Sən
türksən?
Həmin adam bu qəfil və naqolay sualdan
şaşırdı, gözləri kəlləsinə
çıxdı:
- Əvət,
türküm! - dedi və xoruz kimi həmkarımın
üstünə gərildi.
Həmkarım
özünü itirən kimi oldu, səhvini başa
düşdü:
- O mənada
soruşmuram e, sizin gömrükdə mənim
qayçımı aldılar, dedilər ki, bunu təyyarəyə
keçirmək olmaz.
-
Qayçı nə?
-
Qayçı də, dırnaq qayçısı, - həmkarım
əli ilə qayçının cizgilərini cızdı,
sanki müstəvidə həndəsi paralellər çəkirdi.
Türk
arkadaşımız bir az duruxandan sonra
başa düşdü:
-
Makasmı?
- Hə,
makas, makas, bax onu sizinkilər əlimdən aldılar. Dedilər ki, kəsici, deşici olmaz. Sən bilən, bu düzgündü?
- Mən
bilməm, əfəndim, olmaz, deməli, olmaz: kəsici,
deşici olmaz, yani.
Həmkarım
ağzını qulağıma yapışdırıb bu
sözləri dedi:
- Bunlar
hamısı bir...
Mən
dedim ki, özünü ələ alsın, bir
qayçıdan ötrü qanını qaraltmasın.
Növbəmiz çatanda hamı kimi bizdən də
ayaqqabılarımızı və kəmərlərimizi
çıxarmağı istədilər. Həmkarım bu yeniliklə
heç cür barışa bilmədi və onu bu işə
məcbur edənə:
-
Bilirsiniz, mən kəmərimi çıxara bilmərəm
e, şalvarım yekədi, əynimdən düşə bilər,
- dedi.
Nəzarətçi onun bu dediklərini ya başa
düşmədi, ya da əhəmiyyət vermədi. Həmkarım
deyinə-deyinə ayaqqabısını da, kəmərini də
çıxardı və bir əli ilə
şalvarının kəmərliyini tuta-tuta keçib getdi, hələ
bir rentgen aparatında da əllərini göyə
qaldırdı, incəvardan şalvarı düşmədi,
yanbızlarına qədər sürüşüb
dayandı.
Bu növbədən keçəndən sonra təyyarəyə
mindik. "Ehtiyat çıxış" olan sırada
oturduq. Əslində, mən özüm
oranı istəmişdim, çünki ora genişdir,
qarşında boşluqdur və ayaqlarını uzatmaq
asandır.
Həmkarım yanımdakı cərgədəydi,
ortamızda İstanbuldan Bakıya uçan bir sərnişin
vardı. Təyyarə
hələ havaya qalxmamış həmkarım ona oxşar
sualı verdi. Əvvəlcə türk
olub-olmamağını soruşdu, Bakıya niyə getməsiylə
maraqlandı, sonra isə qayçı məsələsini,
siyasətçilər demiş, gündəmə gətirdi:
- Mənim
bir...
"Makas"
sözünü tapmadığına görə mənim
üzümə baxdı...
- Makas, -
dedim.
- Hə,
mənim bir makasım vardı, özü də elə beləsindən
deyildi e, cərrah makasıydı, eşimin idi, zorla ondan
almışdım. Amma təyyarəyə minəndə
sizinkilər dedilər ki, bu yasakdır, təyyarəyə kəsici,
deşici olmaz.
Yol
yoldaşımız da çiynini çəkdi:
- Mən
bilməm. Yasaq, deməli, yasaq.
- Yox, e,
çox balacaydı, küçücük bir şey idi. Kəsici,
deşici deyildi ha!
İstanbullu arkadaş yenə də çiynini çəkdi. Yol
yoldaşının dərdinə şərik
çıxmaması həmkarımı bərk qəzəbləndirdi.
Narazı-narazı arxaya söykəndi.
Bir azdan sudan-şirədən gətirdilər.
- Sən
nə içəssən? - həmkarım
təcrübəli bir sərnişin kimi məndən
soruşdu.
- Tomat
şirəsi, - dedim.
Bələdçi
qız (stüardessa)
yaxınlaşıb: "Əfəndim, çaymı, şirəmi?"
soruşanda, "tomaytes" dedim.
Növbə
həmkarıma çatdı:
- Mənə
də bir tomates, - dedi.
Bələdçi
qız təəssüfləndi ki, tomat şirəsi
qurtarıb, amma ona başqa şirə təklif edə bilər,
ya da bir az gözləsə, gedib gətirər.
Həmkarımın başına, elə bil, qaynar qazan
boşaltdılar. Əsəbindən gözləri hədəqəsindən
çıxdı.
-
Heç nə istəmirəm! - dedi, -
sonra da mənə tərəf dönüb, - sən öləsən,
deyəsən, bunlar sözü bir yerə qoyublar, bu gün mənim
ürəyimi partlatmaq istəyirlər!
-
Keçib gedər, - deyə növbəti dəfə ona
ürək-dirək vermək istədim.
Bələdçi qız pərt halda irəli gedib,
başqa sərnişinlərdən nə içib-içməyəcəklərini
soruşdu. Həmin
vaxt baxdım ki, həmkarım nəsə qurdalanır,
oturacağın söykəncəyini, türklər demiş,
qoltuğunu arxaya itələmək istəyir, amma söykəncək
yerindən tərpənmir.
- Bu da
xarab olub e, deyəsən!? - deyə
öz-özünə deyinir.
- Xarab
olmayıb, sadəcə ehtiyat çıxış olan
sırada söykəncək arxaya getmir, - dedim.
Həmkarım
mənim dediklərimə əhəmiyyət vermədi və
bələdçi qızı çağırıb
soruşdu ki, nə məsələdir, söykəncək
arxaya getmir! Bələdçi qız da nəzakətlə
cavab verdi ki, dincəlmək istəyirsə,
ona başqa oturacaq təklif edə bilər.
Həmkarım daha da əsəbiləşdi. Qayçı məsələsi
onu yaman göynədirdi:
- Hə,
para ala bilirsiniz, - deyə barmaqlarını bir-birinə
sürtdü, - mənim küçük bir makasımı
gömrükdən buraxmırsınız, amma oturacağa gələndə
dala çəkilirsiniz!? Mən öz haqqımı tələb
edirəm! Dincəlmək də istəmirəm!
Başınıza dəysin! Sonra ətrafdakılar eşidəcəyi
səslə və inqilabi tonda dedi ki, onun xırda,
küçücük bir makasını əlindən
alıblar, hələ bu azmış kimi, indi də rahat
oturmağa imkan vermirlər.
Bələdçi qız "başınıza dəysin"
sözünü anlamadığına görə candərdi
gülüb uzaqlaşdı.
Nəhayət, Bakıya çatdıq. Öz
gömrük yoxlamamızdan keçdik. Bu zaman həmkarım
qolumdan tutub məni saxladı:
- Sən
canın, bircə dəyqə dayan, indi gəlirəm.
Bu sözləri deyəndən sonra o, bir gömrük
zabitinə tərəf yüyürdü və əlinin
işarəsindən başa düşdüm ki, makas məsələsini
öyrənmək istəyir. Gömrükçü də
cavabında ona nəsə dedi.
Həmkarım
əllərini oynada-oynada, başını bulaya-bulaya,
narazı halda qayıdıb gəldi və bunları dedi:
- Bu da
onların tayıdı ki! Soruşuram, bəs
qayçını biz tərəfdə niyə almadılar,
orda aldılar? Nə desə yaxşıdı: "Yəqin
onlarda yasaqdı da!"
Həmkarım
söhbətini yağlı bir söyüşlə
tamamladı...
Taksiyə mindik. Beş gün olardı ki, vətəndən
çıxmışdıq. Həmkarım maraqlandı
ki, bu beş gündə ölkədə
nəsə qəribə, ya fövqəladə hadisə
baş verməyib ki? Taksi sürücüsü də
qayıtdı ki, heç nə dəyişməyib, yenə də
hava limanında özbaşınalıqdı,
yaşayış getdikcə çətinləşir və.s...
Bu yerdə
həmkarım dözmədi, taksi
sürücüsünün üstünə çəmkirdi:
- Nə
danışırsan ə! Allah versin öz millətimizə,
öz dövlətimizə, sən bir Türkiyəni görəydin,
balaca bir qayçını gömrükdən keçirməyə
qoymadılar e, özləri də adlarını qardaş
qoyublar!
- Nə
dedilər ki?
- Nə
deyəcəklər, canlarına azar, dedilər ki, kəsici,
deşici olmaz. Balaca bir qayçıya e,
cıkqılı, özü də cərrah
qayçısı. Sən öləsən! Həm də
mənim deyildi e, arvadımın idi! Gəl indi onları
başa sal...
Taksi
sürücüsü:
-
Ağsaqqal, niyə hirslənirsən, yəqin, doğrudan da
yasaqdı da.
Həmkarım:
- Ə,
burda saxla görüm! - deyə taksi
sürücüsünün üstünə
qışqırdı.
Hiss elədim
ki, onun hövsələsi tamam daralıb, dərdinə və
fikrinə şərik olmayanlara düşmən kimi baxır.
Ona görə də həmkarımın qolundan ehmalca tutub
sakitləşdirdim:
- Sakitləş,
- dedim, - sabah mən sənə həmin
qayçıdan taparam, evdə də qanqaraçılıq
olmaz...
O, bir az sakitləşən kimi oldu və yolumuza
davam elədik...
Danışdığımız kimi taksi əvvəlcə
məni düşürdü, sonra onu aparası oldu. Maşının arxa
qapısını örtəndə:
-
Türklər o qayçıya nə deyirdilər? - deyə həmkarım xəbər aldı.
- Makas, - dedim, - makas.
Sağollaşdıq. O:
- Makas,
makas, - deyə-deyə taksiylə birgə uzaqlaşdı.
Sonra başını pəncərədən
çıxardıb:
- Sən
Allah, sabah yadınnan çıxmasın,
ha! - deyə arxamca
qışqırdı...
Avqust, 2016
Bakı
525-ci qəzet 2018.- 26 aprel.- S.8.