Azərbaycan-Türkiyə ədəbi-maarif münasibətləri müzakirə edildi

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "XX əsrin əvvəllərindən bu günə Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri" adlı panelin açılış mərasimi keçirilib.

 

Ədəbiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyədən ölkəmizə təşrif buyuran ədəbiyyatşünaslar, AMEA-nın əməkdaşları, ziyalılar və media nümayəndələri iştirak ediblər.

 

Paneli AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq iki qardaş ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələr Azərbaycan və Türkiyə alimlərinin birgə tədqiqatlar aparmasına və elmi əsərlər çap etdirməsinə geniş imkanlar yaradır.

 

Ümummilli lider Heydər Əliyevin "Bir millət-iki dövlət" ifadəsini xatırladan alim hər iki ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət və ənənələrə malik olduğunu deyib. O, panelin ədəbi və maarifçilik sahəsində ortaq dəyərlərin üzə çıxarılmasına və zənginləşdirilməsinə töhfə verəcəyini söyləyib.

 

Panelin keçirilməsi ideyasının necə yaranması haqqında danışan Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxışında bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümünün tamam olduğunu və tədbirin bu çərçivədə keçirildiyini bildirib. O, XX əsrdə hər iki ölkənin ədiblərinin və maarifçi xadimlərinin müxtəlif cərəyanların təsirinə məruz qaldığını, lakin geniş dünyagörüşləri və yüksək təhsilləri sayəsində milli dövlət, milli fikir ideyası ətrafında birləşdiklərini qeyd edib.

 

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev panelin mövzusunun müasir dövr üçün aktual olduğunu bildirib. O, bu istiqamətdə zəruri tədqiqatların aparılmasına ehtiyac olduğunu vurğulayaraq, tədbirin iki ölkə arasında ədəbi, elmi, mədəni əlaqələrin inkişafına töhfə verəcəyini deyib.

 

Paneldə, həmçinin, professor Ədalət Tahirzadənin "Bakıdan İstanbula və İstanbuldan Bakıya gedən müəllimlər", AMEA-nın müxbir üzvü Misir Mərdanovun "Cümhuriyyət dövründə Azərbaycanın təhsil sistemi", professor Ramiz Əsgərin "Türkiyəyə gedən azərbaycanlı ədiblər", filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlının "Son əsrdə Azərbaycan-Türkiyə maarif münasibətləri", türkiyəli professor Yavuz Akpınarın "Türkiyə-Azərbaycan əlaqələri baxımından "Cəlal Ünsi", dosent İrfan Murad Yıldırımın "Molla Nəsrəddin və Türkiyə", dosent Yılmaz Özqayanın "Türkiyə-Azərbaycan ədəbi fikri əlaqələrində "Yeni Kafkasya" və azəri-türk dərgiləri" və Ömər Özcanın "Azərbaycan siyasi mühacirətinin bilinməyən ismi: Əfəndizadə Mehmet Şərif bəy" adlı məruzələri dinlənilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2018.- 26 aprel.- S.4.