AŞPA-nın sərgi zalında Anar Hüseynzadənin sərgisi
açıldı
Avropa
Şurası Parlament Assambleyasının sərgi zalında azərbaycanlı
rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət
"Abşeron nağılı" adlı sərgi təşkil
edilib.
Sərginin
açılışında qonaqlara rəssamın həyat və
yaradıcılığı haqqında məlumat verilib.
Qeyd
edilib ki, altı yaşından rəssamlığa meyil
göstərən A.Hüseynzadə məktəblilər
üçün dərnəklərdən başlayaraq rəngkarlıq
sənəti ilə dərindən məşğul olmağa
başlayıb və təhsilini Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında davam etdirib. Rəssamın əsərləri
dünyanın müxtəlif ölkələrində sərgilənib
və şəxsi kolleksiyalarda saxlanılır. Onun ilk fərdi
sərgisi 2014-cü ildə açılıb.
Sərgidə
nümayiş olunan əsərlərində, eləcə də
Anar Hüseynzadənin yaradıcılığında əsas
hədəf müəyyən sərhəd və çərçivələrdən
kənara çıxaraq, rənglərin köməyi ilə
Qərb və Azərbaycan arasında özünəməxsus
məkan yaratmaqdır. Rəssamın əsərlərində
Abşeron, Bakı, İçərişəhər
mövzuları, eləcə də sadə insanların təsvirlərindən
ibarət portretlər və fəlsəfi mövzular rənglərin
dili ilə təqdim olunur. Texniki ustalıq, rəng seçimi
və təsviri metodlar rəssamın əsərlərinə
xüsusi cazibədarlıq verir.
"Sərgi
və rəssam haqqında danışmazdan əvvəl
bildirim ki, biz artıq azərbaycanlı rəssamın iki
tablosunu almışıq. Bu, rəssam və onun əsərləri
haqqında fikrimizi aydın əks etdirir. Əsərlərini
çox sevdik və görən kimi iki tablonu aldıq. Əsərlər
çox maraqlıdır. Xüsusilə rəng seçimləri,
rənglərin harmoniyası və seçimi baxımından
yüksək peşəkarlıq görünür. Əsərlərdəki
mühit daha cəlbedicidir. Onların harmoniyası gözəldir.
Bu, atipik bir mənzərəni əks etdirir", - deyə
AŞPA katibliyinin nümayəndəsi Geza Mezey bildirib.
Rəssam
Anar Hüseynzadə deyib: "Əsərlərimin AŞPA-da
nümayiş olunmasına çox sevinirəm. Bu sərgi
Vyanada da nümayiş olunub. Sərgidə nümayiş olunan
əsərlərin hamısı Abşerona həsr etdiyim
tablolardır. Abşeron əsatirləri, nağılları və
təbiətini əks etdirən əsərlərdir. Qobustan,
Xəzər dənizi, İçərişəhər ilə
bağlı tablolar var. "Bağ evi", "İçərişəhərdə
gecə" kimi tabloları təbiətdən ilhamlanıb
çəkmişəm. Eyni zamanda, mistik əsərlər
var, məsələn, mənəvi, ədəbi həyatı
əks etdirən "Sufi", "Tütək
çalan" tablolar da bu sərgiyə daxildir.
Əsərlərimi modernizm, mistik, abstrakt, impressionist tərzlərdə
çəkirəm. Bəzi əsərlərimin
adı yoxdur. Bəzən əsərlərə adı
jurnalistlər və ziyarətçilər verir.
Avropalı ziyarətçilərin mədəniyyətimizə
maraqlarını görmək
sevindiricidir".
XƏDİCƏ
525-ci qəzet 2018.-26 aprel.- S.7.