Oğurlanmış Azərbaycan tarixi: Şeyx Səfi Kitabxanası

 

Qədim dövlətçilik ənənələrinə və böyük tarixi keçmişə sahib olan Azərbaycanın tarixini, maddi-mənəvi dəyərlərini özündə əks etdirən olduqca qiymətli mənbələr və tarixi əsərlər yazılıb.

Təəssüflər olsun ki, biz Azərbaycanın tarixini, etno-siyasi coğrafiyasını, ədəbi mədəni dəyərlərini daha çox əcnəbi tədqiqatçıların yabançı dillərdə yazmış olduğu mənbələr əsasında öyrənməyə məhkum olunmuşuq.

Qədim dövrlərdən üzü bəri gerçək tariximizi, əcnəbi dillərdə olan mixi yazılarda, sasani ərəbdilli qaynaqlarda, sonrakı dövr tariximizi isə fars, rus, avropa qaynaqlarında axtarmaqdayıq. Təbii olaraq bu mənbələr Azərbaycanın gerçək tarixini nəinki özündə əks etdirmir, əksinə, təhrif olunduğuna görə elmi araşdırmalarda olduqca mübahisə doğuran istiqamətlərə yol açır.

Bu tarixi qaynaqların böyük əksəriyyəti gerçək Azərbaycan tarixini əks etdirməkdən daha çox, tariximizi təhrif etmək dünya tarixçiliyinin bizə diqtə etdiyi uydurma "Altay nəzəriyyəsi"nə haqq qazandırmaqdan başqa heç nəyə yaramır. Bəs gerçək Azərbaycan tarixi əsl həqiqəti əks etdirən Azərbaycan tarixçiliyi mövcuddurmu? Bu suala cavab vermək üçün əlyazmalarında Azərbaycanın gerçək tarixini, mədəniyyətini özündə əks etdirən Ərdəbil şəhərindəki Şeyx Səfi Ktabxanasının taleyi haqqında həqiqətləri bilmək olduqca vacibdir.

Tarixi mənbələrə əsaslanaraq demək olar ki, XIV əsrin əvvəllərində yaradılan Şeyx Səfi Kitabxanası Şərqin ən zəngin nadir kitab fonduna malik kitabxanalarından biri olub. Şeyx Səfi məqbərəsi müqəddəs məkan hesab edildiyindən burada yerləşən kitabxana həmişə toxunulmaz qalıb, müntəzəm olaraq vəqf kitabları hesabına zənginləşib.

Azərbaycan hökmdarı I Şah İsmayıl Səfəvi bu kitabxanaya qıymətli kitablar bağışlamışdı. 1510-cu ildə Herat şəhəri ələ keçirildikdən sonra Herat xəttatlıq məktəbində hazırlanmış ən qiymətli əlyazmalar da Ərdəbil kitabxanasına gətirilmişdi. Məhz buna görədir ki, bu kitabxana o dövrdə olduqca nadir qiymətli əlyazmalara malik olan zəngin bir kitabxanaya çevrilib, uzun müddət fəaliyyət göstərə bilib.

Tarixi mənbələrə görə, 1607-ci ildə Şah Abbas babasının kitabxanasına külli miqdarda kitab bağışlamışdı. Şeyx Səfi məqbərəsinin binası bütünlüklə dövlət tərəfindən qorunur, onun saxlanılması üçün vəsait ayrılırdı. Bu ənənə bütün Səfəvi hökmdarları tərəfindən davam etdirilmişdi.

1637-ci ildə Azərbaycana gəlmiş Qolşteyn Hersoqunun elçisi Adam Oleari Ərdəbildə olarkən Şeyx Səfi məqbərəsinin kitabxanası ilə tanış olmuşdu. O, öz xatirələrində məqbərə kitabxanasının zəngin fonda malik olduğunu qeyd edərək yazır: "...Şeyx Səfi kitabxanasında fars, ərəb türk dillərində yazılan yüzlərlə kitab mövcuddur. Bu kitablar həm məzmunu, həm tərtibi nöqteyi-nəzərindən dünyanın nadir kitablarındandır..."

XIX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycana yönəlik işğalçılıq siyasəti təkcə ərazi işğalı ilə deyil, həmçinin, tarixi-mədəni dəyərlərin işğalı ilə xarakterizə olunurdu.

 

Hələ XIX əsrin əvvəllərində rus şərqşünaslarının Azərbaycan kitabxanalarında olduqca qiymətli nadir kitablar saxlanması haqqında ətraflı məlumatları var idi. Onlar bu qiymətli xəzinənin əldə edilməsinə xüsusi diqqət yetirirdilər. İ.K.Yenikolopov "Qriboyedovun həyatı" adlı əsərində göstərir ki, 1827-ci ildə şərqşünas Senkovski rus qoşunlarının baş qərərgahının rəisi Qraf Dibiçə "İran kitabxanalarında saxlanılan nadir Şərq əlyazmalarının alınması haqqında" bir layihə təqdim edir. Qraf Dibiç Senkovskinin layihəsini Qafqaz canişini Paskeviçə göndərib xahiş etmişdi ki, bu məsələni nəzərdən qaçırmasın göstərilən əlyazmaları axtarıb tapmağı, ümumiyyətlə, qiymətli əsərlərin yerini öyrənməyi Qriboyedova tapşırsın.

Bu işə böyük əhəmiyyət verən Qriboyedov uzun axtarışdan sonra istəyinə nail olur. Şeyx Səfi məqbərəsində qiymətli əlyazmaların saxlandığını bilən Qriboyedov cür olur-olsun bu qiymətli xəzinənin ələ keçirilməsinə çalışır. Bu dövrdə Rusiya Qacarlar arasında müharibə davam edirdi. Ərdəbili işğal etmək orada olan kitabxananı ələ keçirmək Qarabağda olan xüsusi qoşun dəstəsinə həvalə edilmişdi. Bu dəstəyə general Suxtelin başçılıq edirdi.

1828-ci il yanvarın 25-də general Suxtelin Ərdəbilə daxil oldu Şeyx Səfi məqbərəsində olan ən qiymətli əlyazmaları qənimət kimi müsadirə etdi. Fevralın əvvəllərində ələ keçirilən minlərlə əlyazma iki piyada alayın mühafizəsi altında furqonlarda Tiflisə göndərildi. Peterburq Kitabxanasına göndərilməzdən əvvəl Tiflisdə əlyazmaların siyahısı tərtib edilmişdi. Güman edilir ki, siyahının tərtibində Azərbaycan tarixçisi A.A.Bakıxanov da iştirak etmişdir.

Şeyx Səfi məqbərəsinin Tiflisə gətirilmiş kitablarının siyahısı tərtib edildikdən sonra Sankt-Peterburqa göndərilmişdi. Bu kitablar o dövrdə Peterburq İmperator Kitabxanasına (indiki M.Saltıkov-Şedrin adına Rusiya Mili Kitabxanasına) verilmişdi.

Qeyd edək ki, Rusiyaya aparılan kitabların dəqiq sayı məlum olmasa da, tədqiqatçılar ən azından bu kitabların 114 cilddən çox olduğu qənaətindədir. Ərdəbildə qalan kitablar isə 1935-ci ildə (80 sandıq kitab) Tehrana aparılmışdır. Bu kitablar isə bu gün Tehranda "Muzeyi İran - Bastan"da saxlanılır.

Türkiyə Cumhuriyyəti Başbakanlık Osmanlı Arxivində (BOA) saxlanan XVIII əsrdə tərtib olunmuş bir siyahıda Ərdəbil kitabxanasında 744 cilddən ibarət kitabın siyahısı verilmişdir. Bu kitablar içərisində Quran təfsir (582 cild), dini elmlər (6 cild), tarix (27 cild), ədəbiyyat divan (20 cild), maliyyə-təsərrüfat kitabı (91 cild), konkret mövzusu bilinməyən (18 cild) vardır.

Qeyd edək ki, 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra Rusiya Milli Kitabxanasında saxlanılan bu kitabların bəzilərinin mikrofilminin İrana verilməsi haqqında razılıq əldə olunmuşdur.

Məlum olduğu kimi, hər bir millətin tarixi, milli-mədəni dəyərləri zaman-zaman yazıya alınan əsərlərdə, əlyazmalarda öz əksini tapmışdır. Təəssüflər olsun ki, bizim gerçək tariximizi əks etdirən çox ehtimal ki, ana dilimizdə olan bu əsərlər müxtəlif dövrlərdə Azərbaycandan kənara çıxarılaraq bu gündə gizli arxivlərdə saxlanılmaqdadır. Şeyx Səfi Kitabxanası əlyazmaları da bu acı taleyi yaşayan əsərlər siyahısında yer almaqdadır. Hal-hazırda bu nadir əlyazmalar Rusiya Milli Kitabxanasında saxlanılır əlyazmaların saxlandığı kitabxananın qapıları tədqiqatçıların üzünə bağlıdır. Biz gerçək Azərbaycan tarixini, mədəni dəyərlərini öyrənmək istəyiriksə, bu həqiqətləri bizə yad olan hədsiz dərəcədə təhrif edilən fars, ərəb, rus digər dillərdə yazılan əsərlərdən daha çox, gerçək Azərbaycanı özündə əks etdirən hələ Şeyx Səfi Kitabxanasının əsirlikdə olan nadir əlyazmalarında axtarmalıyıq.

Şeyx Səfi kitabxanası əlyazmalarının tariximiz üçün əhəmiyyətini nəzər alaraq Azərbaycan tədqiqatçıları tərəfindən tədqiq olunmasına imkan yaradılması nadir mənbələrin Azərbaycana gətirilməsi istiqamətində Rusiya Federasiyasının müvafiq elmi-tədqiqat qurumları qarşısında məsələ qaldırılması olduqca vacibdir.

 

Mübariz AĞALARLI

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2018.- 27 aprel.- S.7.