Böyük şairin
"şəxsiyyət vəsiqəsi"... Və "beynəlxalq
pasport"u
Azərbaycan
Tərcümə Mərkəzi Zakir Fəxrinin "Şeirlər
(Poems)" kitabını şairin yetmiş illiyi münasibətilə
həm orijinalda, həm də ingiliscəyə tərcümədə
nəşr edib
Mərkəzin
rəhbəri, böyük yazıçı Afaq Məsud
kitabın ön sözündə yazır:
"...Həqiqi Azərbaycan ədəbiyyatını
tapmağın, üzə çıxartmağın, "həqiqi
olan"ı "oxşar"ından seçib
ayırmağın bir yolu da yaranan və yaranmaqda olan nadir ədəbi
incilərin yeni formatlarda və müstəvilərdə təqdim
olunmasıdır.
...Yazıb-yaratdıqlarını
nəşr etməklə arası olmayan, Allaha olan sevgi,
ağrılar və durulmalar dolu şeirlərini təbi gəldikcə
xeyir-şərdə dost-tanışına sədəqə
kimi paylayan Zakir Fəxrinin poeziyası da bu gün həmin o
itirilib-axtarılan Həqiqi Ədəbiyyatlardandır".
Zakir Fəxrinin
istedadlı bir şair - orijinal poetik düşüncə
sahibi olduğunu xalq şairi Bəxtiyar Vahabzadə hələ
səksəninci illərin əvvəllərində qələmə
aldığı "Poetik düşüncənin təzəliyi"
məqaləsində konkret misallarla göstərərək
qeyd etmişdi ki, "Zakir Fəxri - fikir cövhəri
iç qatda olan şairdir. Onun əsas mətləbini
şeirin üz səthində axtarmamalıyıq, onun
şeirlərində xəlqilik, ənənə şeirin
formasında deyil, deyim tərzinin ruhunda gizlənir". Və ustad şübhə etmir ki, "Zakir Fəxrinin
insanı düşündürən, dərin məzmunlu və
özünəməxsus deyim tərzi ilə
yazdığı şeirlər" həmişə maraq
doğuracaq.
O vaxtdan
neçə onillər keçib, Zakir Fəxri artıq
müasir Azərbaycan poeziyasının görkəmli
nümayəndələrindən biri kimi etiraf olunur. Və bu etiraf bir də ona görə əlamətdardır
ki, təkcə şairin özünün yox, poeziyaya keçən
əsrin yetmişinci illərində onunla birlikdə gəlmiş
ədəbi nəslin yaradıcılıq miqyası (və
uğurları!) üzərinə işıq salır. Çünki Zakir Fəxri ədəbi-ictimai fəaliyyəti
ilə də həmin nəsli müdafiə etmiş,
ilhamlandırmış, yenicə çapdan çıxan,
yaxud hələ çapa getməmiş şeirlərinin
qızğın təbliğatçısı olmuşdur.
Bu mənada Zakir Fəxrinin ədəbi mövqeyi (və şəxsiyyəti)
ümumən "yeni poeziya"nın təmsilçisi
(əslində, simvolu) olaraq həm fəal, həm
ardıcıl, həm də bütövdür.
Əlbəttə, hər bir həqiqi şairin şəxsiyyət
vəsiqəsi onun şeir kitabıdır. "Şeirlər-poems"
isə Zakir Fəxri üçün yalnız şəxsiyyət
vəsiqəsi deyil, eyni zamanda, ingilis dilinə sətri də
olsa kifayət qədər uğurlu tərcüməsi ilə,
əgər belə demək mümkündürsə, beynəlxalq
pasportdur.
Şair
"Şəxsiyyət vəsiqəsi" şeirində
yazır:
Yolumu
sapdım, deyəsən,
Bu dünyaya azıb gəldim.
Göy
üzü dərddən çatladı,
Qoşulub
bir damla suya
Mən o çatdan sızıb gəldim.
Gördüm
qanadlanır quşlar
Bir səsə - Azan tərəfə.
Adamlar
ardımca gəlir,
Gəlir
mən azan tərəfə...
Gördüm
dil açıb çöl-bayır,
Göylərdən yağış diləyir.
Bir
qarı günlərin sayır,
Bir qoca ömrün ələyir.
Doğrudur,
dünyaya neçə əsrlər poeziya (və poetika) dərsi
keçmiş ərəblər deyirlər ki, "şeirin mənası
şairin bətnindədir"... Ancaq nəzərə alsaq
ki, sərəncamımızda təhlil edib ideya-məzmununa
az-çox dərindən nüfuz eləyə biləcəyimiz
mükəmməl mətn var, onda həmin o bətni (və
batini!) mənanı heç olmasa ümumi konturları ilə
təsəvvür etmək mümkündür: "Şəxsiyyət
vəsiqəsi", əslində, kiçik bir şeirin
ruhuna sığışdırılmış, yaxud hopdurulmuş
mifoloji dastan və ya epos süjetidir. Və bu süjetə
"Bibliya"dan tutmuş qədim türk dastan fraqmentlərinə
qədər bir çox mistik (və ümumbəşəri!)
mənbələrdə təsadüf olunsa da, şeir ona
görə tamamilə orijinaldır ki, burada şairi
düşündürən kanonik süjet-mətləbin
konseptual sxemi yox, İnsan adlanan hadisə-komponentin metafizik
mahiyyətidir... Hər bəndin son dərəcə
zəngin, lakin eyni dərəcədə bitkin məzmun-mündərəcəsi,
funksional simvol texnologiyaları mövcuddur. Şair-mütəfəkkirin interpretasiyasına cəhd
etdiyi metafizik mahiyyət isə arada heç bir məsafə (əslində,
şübhə yeri!) qoyulmadan bənd-bənd
açılır. Və bu bəndlər nə qədər
şeir bəndləridirsə, o qədər də "təhkiyeyi-kəlam"
bəndləri, ideya modelləridir: birincisi odur ki, İnsan
Göylərdən (Tanrıdan) bu Dünyaya azıb (əgər
nə üçün, hansı yolla gəldiyini bilmirsə,
deməli, doğrudan da!) gəlir; ikincisi odur ki, bu dünyada
Tanrı yolunu göstərən Səs (Azan) nə qədər
ümidvericidirsə, onun da "xilqət"ində azmaq
ehtimalı az deyil; nəhayət, üçüncüsü
odur ki, İnsanın xəyalı Göylərdədir
(Tanrıdadır), onu torpaq çəksə də... Məsələnin mahiyyəti isə
burasındadır ki, nə birinci, nə də
üçüncü məqam İnsanın ixtiyarında
deyil; biri "əvvəl"di, biri "axır".
İnsanı İnsan edən ikinci məqamdır ki, onun da nəinki
"əvvəl"i-"axır"ı, "yalan"ı-"doğru"su,
"haqq"ı-"nahaqq"ı, hətta
"bilinib"-"bilinməməsi" də bilinmir...
Zakir Fəxrinin
poeziyasında mənşəyi-məzmunu yüz yerə
yozulan mistik bir Səs var...
Çəkər
məni yuvasına,
Oynadar öz havasına.
Vallah, alışa bilmərəm
Dərmamına-davasına,
Bu səsin
əlindən al məni, Tanrım!
Dərd - şair üçün obyekt və ya predmet
yox, metoddur. Və
şair dünyanı dərdlə dərk edir... Dədə Ələsgər deyirdi ki, "dərd
alıb, qəm satıb, nəf eyləmişəm".
Görək Zakir Fəxri necə deyir...
Göylərin
yeddi qatından,
Qəriblərin
ovqatından,
Qəmlərimin
çatından
Keçib,
sinəmə tuş gəldin,
Xoş gəldin,
dərdim, xoş gəldin!
Və təbiidir
ki, dərdi bu cür mərhəm qarşılayan "əhli-dərd"in
bunu da deməyə haqqı çatır ki:
Yetənə
daş atma, qardaş,
Daşın
varsa, at mənə...
Özgələrə
satma, qardaş,
Dərdin
varsa, sat mənə...
Şairin
"şah baba"sı - Şah İsmayıl Xətai də
bir vaxtlar demişdi:
Çöl
daşını çöl quşuna
Atma,
qardaş, kərəm eylə...
Sufi poeziyada Yol - təriqətdir, Tanrıya aparan yoldur. Zakir Fəxri
təriqətçi deyil. Heç sufi-mistik də ola bilməz... Ancaq onun bədii təfəkküründə
neosufizm elementləri və ya eksperimentləri kifayət qədər
güclüdür...
Düşüb
gümanda azıram,
Batıb
dumanda azıram...
Bir kor
zamanda azıram,
Tut əlimdən,
yollar, mənim!
"Yol"dan çox, "yollar"dan
danışmağı təsadüfi deyil. Və o da təsadüfi
deyil ki, yollar İnsana təkcə məqsədinə
doğru getmək yox, həm də azmaq üçün
verilir...
Tamah
çəkir öz yoluna,
Günah çəkir öz yoluna.
Gəl bu
dərdin döz yoluna...
Tut əlimdən,
yollar, mənim,
Apar məni
Söz yoluna!
Və bu
neosufizm içindən birdən "qaraqaş,
qonurgöz" bir oğlan çıxır ki, getdiyi yolun nə
"əvvəl"indən xəbəri var, nə də
"axır"ından...
Getdiyi
yollar da dalınca qaçar,
Getdiyi yollara könlünü açar.
Torpağında
gəzər, göyündə uçar
Qaraqaş, qonurgöz o qara oğlan.
Ancaq bu
dünyanın yollarına "sönük",
"dönük" adamlar da səpələnib axı... Onu
"gəzdiyi torpağa, uçduğu göyə"
qısqanan nə çox... "Hər
yürüyən yolçudurmu?" (Fazil Mustafa)... Yol az, yolçu çox... Dünya da fani!..
Beləcə,
beləcə yaşar dünyada,
Gözündən, sözündən, özündən
daşar.
Külündən
püskürüb, közündən daşar,
Dünyayla
üz-üzə bir oğlan yaşar...
"O
ağlayan kimdi elə?", "Salam, Zakir Fəxri,
salam!", "Bu tənha gecələr",
"Ayağına dəyən daş", "Şairim,
salam!", "Çiynində tabut gəzirəm",
"Dünya, qayıt dünyamıza", "Qaytar, ana,
qaytar məni beşiyə", "Rekviyem", "Qalmaz belə,
qalmaz dünya"... Müasir Azərbaycan poeziyasının
uğurlarına az-çox bələd olanlara, yəqin ki, bu
şeirlər yaxşı tanışdır... Və bu
misralar da:
Başında
xoş sevda dəmi,
Ocağında hicran qəmi.
Ağlama,
Yanıq Kərəmi,
Qalmaz belə, qalmaz dünya.
Zakir Fəxri
ola... Qarabağ ola... Və
Qarabağsız ola!..
Dostlar,
bağışlayın, əliboş gəldim,
Gəldim qapınıza mən Qarabağsız.
Vallah,
gözlərimdən çəkilib getmir
Duman Qarabağsız, çən Qarabağsız.
Ələ
qələm aldım, əlim göynədi,
Hər adı gələndə dilim göynədi.
Çiçəyim
göynədi, gülüm göynədi,
Bölündüm ortadan tən Qarabağsız.
...
"Qalmaz belə, qalmaz dünya" yazanda,
Umud közərirdi könül sazında.
Zakir Fəxri, hər üzünə yozanda
Anasız yetimsən sən Qarabağsız.
"Qara Məlik haqqında nəğmələr"dən danışmadım. Bu barədə ustad Bəxtiyar Vahabzadə söz deyib... "Qara Məlik haqqında nəğmələr" də, "Hicran ritmləri" də, "Örtülü pəncərə" də, "Çal, aşıq, çal" da, "İstanbul" da... Tanrının "Söz yolu" ilə gedən şairin şeirləridir...
Gözlərimi bağla, Tanrım,
Adam olan bağlamasın...
Ağla məni, ağla, Tanrım,
Məni bəndə ağlamasın...
Zakir Fəxrinin sözü sərbəstdə
də, hecada da, əruzda da Haqqdan gəlir... Çünki
Sözdür!.. Niyə nahaqdan gəlsin ki... Nə haqqı
var?!. Özü də yetmişini yola verib səksəninə
gedə-gedə?!. Ədəbi şəxsiyyəti
bütün parametrləri ilə "şəxsiyyət vəsiqəsi"nə
(və "beynəlxalq pasport"una!) yazıla-yazıla!..
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2018.- 27 aprel.- S.7.