135 yaşlı
Naxçıvan teatrı: dünən və bu gün
"Yaxın Şərqin ən qocaman sənət
ocaqlarından biri olan Naxçıvan teatrı çox şərəfli
bir yol keçmişdir. Teatr bu gün
də zəngin yaradıcılıq ənənəsini
şərəflə davam etdirir".
Heydər
Əliyev
Azərbaycan
xalqının Ümummilli lideri
(Əvvəli
ötən sayımızda)
Qədim sənət ocağının müstəqillik
illərindəki qaynar fəaliyyətindən,
yaradıcılıq uğurlarından bəhs edərkən kəmiyyət
etibarı ilə keyfiyyət amilini də nəzərə
alsaq, gözlərimiz önündə böyük bir sənət
panoramı canlanar.
Məhz
bu illərdə Naxçıvan teatrı milli
dramaturgiyanın klassik nümunələrinə geniş meydan
verməklə, soy kökümüzə, qan
yaddaşımıza, milli şüurun formalaşmasına, azərbaycançılıq
ideyasının yayılmasına qayğı ilə
yanaşdığından, atılan hər bir addımın
milli mənafeyə xidmət etdiyinin şahidi oluruq. Bütün bu müsbət keyfiyyətlər Azərbaycanda
yaranmış sağlam, mənəvi iqlimin, sosial-ictimai
sabitliyin yaranmasında meydana gəlmişdir. Bu uğurlar Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin apardığı prinsipial,
sağlam mənəviyyatlı siyasi kursun bəhrələridir.
Müstəqilliyin ilk ilində (3 sentyabr 1991) möhtərəm
Heydər Əliyevin Muxtar Respublikanın Ali Məclisinə Sədr
seçilməsi ilə Naxçıvanda bir çox sahələr
kimi mədəni mühitdə də ciddi bir canlanma,
dönüş yarandı. Bu qədim sənət
məbədinə rəğbət bəsləyən ulu
öndər Naxçıvan teatrını da
düşdüyü burulğandan xilas edib onun dirçəlməsi
və inkişafı qayğısına qalaraq hər cür
şəraitin təmin olunmasına
çalışırdı. Məhz bunun
nəticəsində Əsgər Əsgərovun hazırladığı
R.Səməndərin "Şəhidlər" pyesi (19
yanvar 1991) dövrün diktəsindən irəli gələn
mühüm amil idi. Tamaşanın ideya mərkəzində
günahsız şəhidlərimizin faciəli taleyi təsvir
olunurdu. Onun uğurla tamaşaya qoyduğu İslam Səfərlinin "Xeyir
və Şər" pyesi (2 iyul 1992) ictimai, sosial mahiyyəti
ilə fərqlənirdi. C.Məmmədquluzadənin
"Anamın kitabı" gənc rejissor Vaqif Əhmədovun
quruluşunda (3 yanvar
1992) özünün uğurlu səhnə həlli
ilə xüsusi diqqət çəkdi. Müəllifin
qarşıya qoyduğu ali məqsəd-azərbaycançılıq,
bütöv Azərbaycan ideyası ön plana çəkməklə
tamaşanın təsir qüvvəsi, əxlaqi və etik dəyərləri
daha da qüvvətlənirdi. Tamaşanın
finalında müstəqil Azərbaycanın üç rəngli
bayrağının əzəmətlə dalğalanması
birliyimizin sarsılmazlığına xidmət edirdi. 1992-1993-cü illərdə teatr bir sıra
tamaşalar hazırlayaraq qonşu Türkiyə
Respublikasının şəhərlərinə uğurlu səfərlər
etdi.
Naxçıvan teatrının 1991-2017-ci illərindəki
fəaliyyəti, yaradıcılıq uğurları istər-istəməz
tamaşaçılarda qürur hissi doğurur. Bu illərdə
Naxçıvan teatrında səksənə yaxın əsər
(həmin tamaşalardan qırxa yaxını ilk dəfə)
uğurla tamaşaya qoyulub, müsbət səhnə həllini
tapıb. Məhz bu illərdə
Naxçıvan teatrı milli dramaturgiyanın klassik nümunələrinə
geniş meydan verməklə, qan yaddaşımıza, soy
kökümüzə, milli şüurun formalaşmasına
qayğı ilə yanaşmış, atılan hər bir
addım yalnız milli mənafeyə xidmət etmişdir.
Müstəqillik illərində tamaşaya qoyulan əsərlər
içərisində dramaturgiyamızda ilk tarixi faciə olan Nəriman
Nərimanovun "Nadir şah" pyesi Bakıdan dəvət
olunmuş gənc rejissor Elçin Mirzəbəylinin
quruluşunda (14 avqust 1997) uğurlu həlli ilə xüsusi
diqqət çəkdi. Tamaşada rejissor təqdimində milli dəyərlər
uğrunda mübarizə aparan Nadir şahın arzu və
düşüncələri, azadlıq ideyaları ön plana
çəkilmişdi.
Azərbaycan Milli Akademik Dram Teatrının rejissoru Mərahim
Fərzəlibəyovun Naxçıvan teatrı ilə
yaradıcılıq əlaqəsi bu qədim sənət məbədində
ciddi dönüş yaratdı. O, Nəriman Həsənzadənin
"Atabəylər" (10 may 1999 ) və
"Pompeyin Qafqaza yürüşü" (16 aprel 2002) pyeslərini
tamaşaya qoydu və bu teatrın yaradıcılıq
imkanlarını bir daha aşkarladı. "Atabəylər",
"Pompeyin Qafqaza yürüşü" tamaşalarında
xalqımızın qəhrəmanlıq səhifəsi,
yadellilərə qarşı apardığı mətin
mübarizə tərənnüm olunurdu. Hər
iki tamaşa quruluşçu rejissorun yozumunda
özünün layiqli səhnə həllini tapdı. "Atabəylər" tamaşası yenidən bərpa
olunaraq teatrın repertuarına salınır və (14 may 2004)
tamaşaya qoyuldu. Bu tamaşa
Naxçıvan Muxtar Respublikası
yaradılmasının 80 illiyinə əsl mənada layiqli sənət
töhfəsi idi. Tamaşada Kamran Quliyev-Qızıl Arslan, Həsən
Ağasoy-Nizami, Yasəmən Ramazanova-İnanc xatın, Rza
Xudiyev və Rövşən Hüseynov-Ayəba, Şirzad
Abutalıbov-Abuşər, Tofiq Mövləvi-Yad adam, Xəlil
Hüseynov-Əcəmi, Yusif Allahverdiyev-Bağban, Bəhruz
Haqverdiyev-Ruz, Səməd Canbaxşıyev-Mahmud, Günay
Qurbanova-Gülaçar, Kəklik Novruzova-Rəqqasə,
Nazlı Hüseynquliyeva-Kəniz rollarında uğurla
çıxış etdilər.
Naxçıvan
teatrı əvvəlki dönəmlərdə ancaq
respublikanın rayonlarında və eləcə də qonşu
respublikalarda qastrolda olmuşdusa, müstəqillik illərində
isə Türkiyə Cümhuriyyətinin və İran
İslam Respublikasının müxtəlif şəhərlərində
qastrolda olmuş, Azərbaycan mədəniyyətini, incəsənətini
geniş şəkildə tərənnüm və təbliğ
etmişdir.
Cavid dramaturgiyasına qayıdış milli
oyanışın qələbəsi idi. Qədim sənət
ocağında ölməz söz ustadının iki şedevr
əsəri - "Topal Teymur" və "İblis"
teatrın repertuarına daxil edildi. "Topal Teymur"un (29 dekabr 2002), "İblis"in (10 iyul 2003)
tamaşaya qoyulması teatrın keçmiş şöhrətinin
bərpasına, eyni zamanda, milli oyanışın dirçəlişinə
xüsusi zəmin yaratdı. Hər iki tamaşanın
quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq
artisti Kamran Quliyev zəngin mənəviyyatlı bir tamaşa
yaratmağa nail oldu. Bu tamaşalar romantik pafosu,
yaddaqalımlı rəssam, bəstəkar işi və
ilhamlı aktyor oyunu ilə Cavid irsinə dərin məhəbbətin
rəmzinə çevrildi. Teatrda milli ruh,
milli düşüncə hökm sürdü. Fərəhli haldır ki, bütün bu müsbət
addımlar yalnız müstəqilliyin, demokratiyanın sənətə
gətirdiyi azadlıq və səadətin bəhrəsi idi.
N.Nərimanovun
"Nadir şah", "Nadanlıq və ya qəfil telefon zəngi",
N.Həsənzadənin "Atabəylər", "Pompeyin
Qafqaza yürüşü", C.Məmmədquluzadənin "Qurbanəli bəy", "Dəli
yığıncağı", Elçinin "Mənim ərim
dəlidir", "Dəlixanadan dəli qaçıb"
("Mənim sevimli dəlim"), "Ah, Paris, Paris",
S.Vurğunun "Fərhad və Şirin", H.Cavidin
"Topal Teymur", "İblis", "Afət",
"Səyavuş", "Şeyx Sənan", M.F.Axundzadənin
"Lənkəran xanının vəziri", İ.Əfəndiyevin
"Hökmdar və qızı", N.Xəzrinin
"Atillanın atlıları", Mir Cəlalın
"Dirilən adam", Ü.Hacıbəyovun
"Arşın mal alan", K.Ağayevanın "Məhsəti",
H.Arzulunun "Əlincə qalası", E.Həbibin
"Sahilsiz çaylar", H.Eyvazlının "Araz sahilində
doğan günəş", A.Babayevin "Koroğlunun
Çənlibelə qayıdışı", Ş.Sadiqin
"Qana qan qarışdı", M.Nəsirlinin
"Qönçəbəyim nəğməsi", İ.Səfərlinin
"Göz həkimi", Ə.Əmirlinin "Ağa Məhəmməd
şah Qacar", T.Həmidin "Yəhya bəy və Dilqəm",
İxtiyarın "Qurtuluş dastanı", T.Cücənoğlunun
"Rəhgsaz" və bu kimi əsərlər qədim sənət
ocağının müstəqillik illərindəki zəngin
repertuar mənzərəsindən xəbər verir.
Teatr özünün 125-ci mövsümündə Həsənalı
Eyvazlının "Araz sahilində doğan günəş"
və Adil Babayevin "Koroğlunun Çənlibelə
qayıdışı" əsərlərinə müraciət
etdi. 2008-ci
ilin aprel ayının 10-da tamaşaya qoyulan "Araz
sahilində doğan günəş" əsəri mövzu
aktuallığı baxımından diqqəti cəlb edir. Tarixi hadisələrdən
götürülmüş mövzu bu günümüz
üçün daha aktualdır. Mövzu
düzgün seçilmiş, səhnə formalarından
uğurla istifadə edilmişdi. Məharətli
aktyor oyunu da tamaşaya uğur qazandırırdı. Tamaşanın əsas qayəsi odur ki, torpaq bizə
ata-baba əmanətidir. Onu qoruyub gələcək
nəsillərə ərmağan etmək isə hər kəsin
vətəndaşlıq borcudur.
Adil
Babayevin Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 85 illiyinə həsr olunmuş
"Koroğlunun Çənlibelə
qayıdışı" əsərinin ilk tamaşası
Ulu öndərin anadan olduğu gün, may
ayının 10-da sənətsevərlərə təqdim
olundu. Tamaşada 1990-cı illərdə Azərbaycanın
düşdüyü ağır vəziyyətdən və
dahi şəxsiyyət Heydər Əliyevin ölkəni həmin
fəlakətdən xilas etməsindən bəhs olunur. Hər iki tamaşaya quruluşu Kamran Quliyev, bədii
tərtibatı Əbülfəz Axundov və Hüseynqulu
Əliyev vermişdi.
Vətənimiz müstəqilliyə qovuşduqdan sonra həyatımızın
müxtəlif sahələrində olduğu kimi, mədəniyyət
və incəsənət sahələrini öyrənmək,
tədqiq etmək sahəsində də geniş şərait
yaradıldı. Bu gün fəxrlə deyə bilərik
ki, muxtar respublikanın tarixinin, mədəniyyətinin, ədəbiyyat
və incəsənətinin öyrənilməsi elmi əsaslara
söykənir. Bütün bu müsbət
keyfiyyətlər ölkəmizdə bərqərar olan
sağlam iqlimin, sosial ictimai sabitliyin nəticəsi kimi qiymətləndirilir.
Bu uğurlar müstəqil Azərbaycan dövlətinin
yaradıcısı, xalqımızın Ümummilli lideri, əvəzolunmaz
dahi şəxsiyyət Heydər Əliyevin apardığı
prinsipial fəaliyyətin nəticəsidir. Heydər
Əliyev siyasi kursunun uğurlu davamçısı, Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyev teatr sənətinə
böyük önəm verərək 2008-ci ilin yanvar
ayının 31-də Azərbaycan teatr sənətinin
inkişafında özünəməxsus yeri olan,
xalqımızın mədəni və ictimai həyatında
mühüm rol oynayan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili
Dram Teatrının 125 illik yubileyinin geniş şəkildə
qeyd olunması üçün sərəncam imzaladı.
Ölkə Prezidentinin, eyni zamanda, Muxtar Respublika Ali Məclisi
Sədrinin imzaladıqları 25 sentyabr 2008-ci il
tarixli sərəncamlarla teatrın bir sıra aktyorları
Prezident təqaüdü və mükafatına layiq
görüldü, fəxri adlarla təltif olundu. Bu teatra göstərilən dövlət
qayğısının növbəti bariz nümunəsi idi.
Teatrın 125 illik yubileyi 2008-ci ilin sentyabr
ayının 27-də təntənə ilə qeyd olundu.
Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri
Vasif Talıbov yubiley tədbirində çıxış
etdi.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyevin 2007-ci il 19 fevral tarixli "Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında" Sərəncamı teatrlarımıza göstərilən
diqqət və qayğının bariz nümunəsi idi.
Ölkə Prezidentinin teatr sənətinin inkişafı ilə
bağlı 2009-cu il 18 may tarixli Sərəncamına
əsasən, "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı hazırlandı. Bu
proqramda Azərbaycan xalqının ictimai-siyasi həyatında,
milli mədəniyyətimizin inkişafında əhəmiyyətli
rol oynadı. Dövlət Proqramı
çərçivəsində Naxçıvan Muxtar
Respublikasında fəaliyyət göstərən teatrlarda
xeyli sayda əhəmiyyətli işlər görüldü.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
ardıcıl qayğısı sayəsində Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrının binası əsaslı surətdə
yenidən qurularaq ictimaiyyətin ixtiyarına verildi.
Milli
dramaturgiyamızın banisi Mirzə Fətəlinin anadan
olmasının 200 illik yubileyinə respublikanın
bütün teatrlarında olduğu kimi, Naxçıvan
teatrı da öz töhfəsini verərək dramaturqun
"Xırs quldurbasan" komediyası (2011) və
böyük mütəfəkkirin həyatından bəhs edən
Şəfaət Mehdiyevin "Mirzə Fətəli
dramını (2012)” tamaşaya qoydu". Hər
iki tamaşa xalq artisti Rövşən Hüseynovun
quruluşunda hazırlanmışdı. Tamaşada
Mirzə Fətəli Axundovun parlaq obrazı yaradılmış,
görkəmli dramaturqun təhsil illəri, üzləşdiyi
çətinliklər əksini tapmış və
böyük mütəfəkkirin xalqın maariflənməsi
yolundakı yorulmaz fəaliyyəti ön plana çəkilmişdi.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin "İslam Səfərlinin
90 illik yubileyinin keçirilməsi haqqında" 18 yanvar
2013-cü il tarixli Sərəncamına əsasən,
İslam Səfərlinin yubileyi muxtar respublikamızda geniş
qeyd olundu. Naxçıvan teatrında İslam Səfərlinin
"Göz həkimi" pyesi (2013) tamaşaya qoyuldu.
Naxçıvan
Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi
haqqında 14 yanvar 2014-cü il tarixdə
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev
Sərəncam imzaladı. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri isə 2014-cü ili
“Muxtariyyət İli” elan etdi. Muxtariyyət ilinin ilk günlərində
(18 fevral 2014) Naxçıvan teatrında ilk dəfə
yazıçı-dramaturq Əli Əmirlinin "Ağa Məhəmməd
şah Qacar" tarixi dramı Kamran Quliyevin quruluşunda (rəssam
Hüseynqulu Əliyev, musiqi tərtibatçısı
İmanqulu Əhmədov, baletmeyster Tamerlan Bağırov) səhnəyə
qoyuldu. Yazıçı təxəyyülünün
süzgəcindən keçən Qacar obrazı
bacarıqlı sərkərdə və dövlət
başçısı kimi daha çox diqqəti cəlb etdi.
Tamaşada Qacar obrazı tamaşaçıya
yalnız qəddar və zalım hökmdar deyil, bütün
fəaliyyətini xalqının xoşbəxt gələcəyinə
həsr edən siyasi xadim kimi təqdim olundu.
Naxçıvan teatrının müstəqillik illərində
əldə etdiyi nailiyyətlər böyükdür. Bu illər
Naxçıvan mədəniyyətinin, incəsənətinin,
teatrının baharı olmuşdur. Teatrın
nailiyyətləri onun qarşısında yeni üfüqlər,
cazibəli perspektivlər açır. Görkəmli
alim, sənətşünaslıq doktoru Cəfər Cəfərov
Azərbaycan teatrının inkişafında Naxçıvan
teatrının tutduğu mövqeyi qiymətləndirərək
yazmışdı: "Müstəqil olaraq meydana gələn
Naxçıvan teatrı Azərbaycanın başqa şəhərlərində
yaranan teatr mərkəzlərindən daha güclü idi və
Azərbaycan teatr sənətinin inkişafına daha səmərəli
təsir göstərirdi. Naxçıvan Azərbaycan
teatrına E.Sultanov, M.T.Sidqi, C.Məmmədquluzadə, B.Kəngərli,
H.Cavid, Ə.Qəmküsar, K.Ziya, R.Təhmasib kimi görkəmli
dramaturq, aktyor və teatr təşkilatçıları
vermişdir.
Naxçıvan
teatrı təşəkkül və formalaşma
dövründən başlayaraq fəaliyyəti boyu
qabaqcıl ideyaların carçısı olmuş, işini
milli dirçəliş və azadlıq uğrunda mübarizəyə
həsr etməyə yönəltmiş, ictimai geriliyi və cəhaləti
qamçılamış, repertuarını daim zənginləşdirərək
əsl sənət ocağına çevrilmiş,
respublikanın görkəmli sənət ocaqları
sırasında özünəməxsus yer tutmuş,
yaradıcılıq uğurları ilə fərqlənmişdir.
Əli QƏHRƏMANOV
AMEA Naxçıvan Bölməsi,
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu,
Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2018.- 27 aprel.- S.6.