Birinci Respublikanın rəsmi siması -
Əlimərdan bəy Topçubaşov
CÜMHURİYYƏTİMİZİN
BEYNƏLXALQ TƏSDİQİNİN MÜBARİZİ,
AZƏRBAYCAN SİYASİ MƏDƏNİYYƏTİNİN
YARADICISI ƏLİMƏRDAN BƏYİN PORTRETİNƏ
ŞTRİXLƏR
Zakir MURADOV
Şəxsiyyət enerjisi
Böyük
şərqşünas alim, filosof, tarixçi, etnoloq, qədim
türk dünyasının dərin
araşdırıcısı Lev Qumilyov “Tarixi dövrdə
etnosun coğrafiyası” (Moskva, “Nauka”nəşr., 1990, rus d.)
adlı əsərində özünün digər elmi
araşdırmalarında da irəli sürdüyü
“passionarlıq nəzəriyyəsi”nin daha müfəssəl
şərhini verərək, qeyd edir ki, tarixin həlledici
anlarında mədəni millətlər öz ən
qabaqcıl nümayəndələrinin, yəni passionar şəxsiyyətlərinin
enerji, istedad və bacarığı hesabına keyfiyyətcə
yeni təkamül mərhələsinə adlayır və gələcək
strategiyalarını müəyyənləşdirirlər.
Bu passionar şəxslərin bioqrafiyası özündə
millətin müəyyən dövr ərzindəki tarixini də
əks etdirir.
Onların adları isə Milli Sərvətə
çevrilir.
Tariximizin belə parlaq simalarından biri demokratik Azərbaycanın
banilərindən olan Əlimərdan bəy Əliəkbər
bəy oğlu Topçubaşovdur. O, ilk Azərbaycan
Respublikasının (1918-1920) görkəmli xadimlərindən
olmaqla və bu dövlətdə parlament sədrliyi də
daxil (yeri gəlmişkən, bu, dövlətin
başçısı vəzifəsi
sayıldığından və “sədr” sözü,
ümumiyyətlə, əksər xarici dillərdə
“prezident” kimi ifadə edildiyindən, bir sıra beynəlxalq sənədlərdə
Ə. Topçubaşov Azərbaycan Respublikasının
Prezidenti adlandırılır)
vacib vəzifələr tutmaqla yanaşı, milli
dövlətçiliyimizin ideya ilhamçıları və təşkilatçıları
sırasında ən güclü (passionar) şəxsiyyətlərdəndir.
Yeni tarixin dönüş anlarında Azərbaycanın
zamanın çağırışına cavab verə bilməyə
hazır olmasında Ə. Topçubaşovun gərgin fəaliyyətinin
müstəsna rolu olub.
Əlimərdan bəy Topçubaşov 1863-cü ildə
Tiflisdə anadan olub. Buradakı gimnaziyada oxuyub. Sonra Sankt-Peterburq İmperator Universitetində təhsil
alıb və oranın hüquq fakultəsini bitirib.
Ali təhsilli azərbaycanlı gənc Əlimərdan bəy
bir müddət Tiflis Kommersiya Məktəbində dərs deməklə
bərabər, hakim köməkçisi və dairə məhkəməsinin
katibi işləyir.
1894-cü ildə Bakıya köçən Əlimərdan
bəy burada da məhkəmə orqanlarında
çalışır. Həsən bəy Zərdabinin
qızı Pəri xanımla ailə qurur.
Ə.
Topçubaşovun fəal siyasi fəaliyyəti onun 1897-ci ildə
redaktor-naşir kimi “Kaspi” qəzetinə gəlişi ilə
başlayır. H.Z. Tağıyevə məxsus,
rusca nəşr olunan bu qəzet yeni, bacarıqlı və tərəqqipərvər
rəhbərinin sayəsində tezliklə öz ətrafına
Azərbaycan ziyalılarının qaymağını
yığmağa müvəffəq olur. 1905-ci
ildə isə Əlimərdan bəy, Əli bəy
Hüseynzadə və Əhməd bəy Ağaoğlu birlikdə
azərbaycanca “Həyat” qəzetini təsis edirlər. “Kaspi”-”Həyat” tandemi milli düşüncənin təşəkkülündə
əhəmiyyətli rol oynamağa başlayır.
Müsəlman ictimai və siyasi təşkilatları tərəfindən
1901-ci ildə Bakı şəhər Dumasının
“qlasnı”sı seçilən Ə.Topçubaşov
bütün Rusiya müsəlmanlarının siyasi liderlərindən
hesab olunurdu.
O, Rusiya İmperiyasında yaşayan müsəlmanların ilk
siyasi təkilatı olan “İttifaqül-müslimin”in banilərindən
və rəhbərlərindən biri idi. Onun rəhbərliyi
altında “İttifaq” 1905-1906-cı illərdə Peterburq və
Nijni Novqorodda üç qurultay keçirmişdi.
1906-cı
ilin mayında Ə. Topçubaşov Birinci Dövlət
Dumasının deputatı seçilir və orada müsəlman
fraksiyasına başçılıq edir, eyni zamanda, Y.
Akçurinlə birgə “Muxtariyyət tərəfdarları”
duma qrupunun həmsədri olur. Həmin ilin iyulunda Duma
buraxıldıqdan sonra o, digər tərəqqipərvər
deputatlarla birgə monarxiyanın irticaçı idarəetmə
üsulunu ifşa edən “Vıborq bəyannaməsi”ni
imzaladığına görə üç ay müddətinə
həbs edilir.
Duma qəzavü-qədərindən sonra “Həyat” və
“Kaspi”yə qayıdan Əlimərdan bəy Bakı Xeyriyyə
Cəmiyyətinin işində (xüsusən 1-ci Dünya
Müharibəsi dövründə) fəal iştirak edir. Bir qədər sonra isə Azərbaycandakı
milli komitələrin fəaliyyətini əlaqələndirməyə
başlayır. Dəfələrlə milli komitəsinin
fəallığı ilə seçilən Gəncədə
olur.
1916-cı ildə Ə.Topçubaşov Tiflisdə
keçirilən Qafqaz xalqları qurultayında iştirak edir. Burada ilk dəfə
olaraq, onun tərəfindən burada yaşayan xalqların həmrəyliyi
naminə Qafqaz Konfederasiyası ideyası səsləndirilir.
Xüsusi olaraq vurğulamalıyıq ki, bütün fəaliyyəti
boyu Əlimərdan bəyin siyasi kredosu Avropanın tərəqqipərvər
mədəni dəyərlərinə söykənib. O, cəmiyyətin təkamül
yolu ilə dəyişdirilməsinin tərəfdarı
olmaqla, heç vaxt istər sol, istərdə sağ ifrat
görüşləri qəbul etməyib.
Cümhuriyyətə
doğru
1917-ci
ilin Fevral inqilabından sonra, aprel ayında Bakıda (Qafqaz)
və may ayında Moskvada (Ümumrusiya) keçirilən
müsəlman qurultayları Azərbaycan siyasi səhnəsinin
iki avanqardı - Bakıdakı “Müsavat” və Gəncədəki
“Türk Adəmi-mərkəziyyət” partiyalarının
şəksiz üstünlüyü ilə müşayiət
olundu. Burada onların “Rusiyanın milli-ərazi federativ əsaslarla
Demokratik Respublika
şəklində yenidən qurulması” haqda birgə
tezisləri yekun sənədlərdə öz əksini
tapdı. Hər iki qurultaya sədrlik edən
Əlimərdan bəy göstərilən partiyaların liderləri
- Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy
Yusifbəyliyə milli maraqlar naminə öz səylərini
birləşdirməyi təklif etdi. Tezliklə
birləşmiş “Türk Adəmi-mərkəziyyət firqəsi
- Müsavat” Azərbaycan ideyasını gerçəkləşdirən
aparıcı qüvvəyə çevrildi.
1917-ci
ilin sonunda Ə. Topçubaşov “10 nömrəli seçki
siyahısı üzrə” Gəncə dairəsindən
Ümumrusiya Məclisi-Müəssisanına deputat seçilir.
1918-ci
ilin may ayının 28-də Azərbaycanın müstəqilliyi
elan edildikdən bir qədər sonra, avqustun 20-də hökumət
üzvü Ə.Topçubaşov Azərbaycan Cümhuriyyətinin
Səlahiyyətli naziri və Fövqəladə nümayəndəsi
təyin olunaraq, “...Cümhuriyyətin maraqlarına aid olan
bütün məsələlər üzrə Osmanlı
İmperator Dövlətinə göndərilir”. Oktyabrın 6-da o, həm də Azərbaycan
Cümhuriyyətinin Xarici İşlər naziri vəzifəsinə
təyin olunur.
1918-ci ilin dekabr ayının 7-də Bakıda ilk
iclasına toplanan Azərbaycan Parlamenti Ə.
Topçubaşovu özünün sədri seçir. İstanbulda
olmasına baxmayaraq, parlamentin, eləcə də dövlətin
başçısı vəzifəsinin məhz Əlimərdan
bəyə tapşırılması Azərbaycanda
hamının qəbul etdiyi məntiqin nəticəsi idi.
Dövlətin
baş diplomatı
Bir qədər sonra, dekabrın 28-də Ə.
Topçubaşova Paris Sülh Konfransında iştirak edəcək
Azərbaycan nümayəndə heyətinə
başçılıq etmək də həvalə olunur.
Buradaca qeyd edək ki, əksər xarici ölkələrin
liderləri və nümayəndələrinin yenicə qurulan
Azərbaycan dövlətinin siması haqda təsəvvürləri
məhz Əlimərdan bəy Topçubaşovun şəxsiyyəti
və dünyagörüşünün onlarda
yaratdığı fikirlər əsasında
formalaşırdı. Başqa sözlə, Azərbaycanın
obrazı onun rəhbəri və baş diplomatının
siması ilə tanınırdı.
Hələ İstanbulda olarkən, Ə.
Topçubaşov buradakı bütün xarici nümayəndələrin
demək olar ki, hamısı ilə görüşür. Bu
görüşlərdə gedən söhbətlər
zamanı aparılmış qeydlər Azərbaycan dövlətçiliyinin
dünya miqyasında təsdiq edilməsi naminə gərgin və
yorulmaz fəaliyyətdən xəbər verir. Əlimərdan bəyin özünün
apardığı qeydlərdə bir çox maraqlı məqamlara
rast gəlmək mümkündür. Müstəqil Azərbaycan
diplomatiyasının qızıl fondu sayıla biləcək
bu nümunələrin bəzilərinə diqqət yetirək:
“İstanbul. 6 yanvar, 1919-cu il. Amerika
səfirliyinin binası. Amerika diplomatik
nümayəndəsi Heyk ilə görüş.
...Heyk:
Necə düşünürsünüz, sizin Qafqaz
xalqları yenə Rusiya ilə birgə olmağa
razılaşarlarmı?
Topçubaşov:
Ruslarda sürətlə sosializm, özü də ifrat
sosializm olan bolşevizm ideyaları yayılır. Bizim xalqımız bu cür ideyaları nə qəbul
edə, nə də onlarla barışa bilər.
Heyk: Bəli,
doğrudan da bu ideyalar hətta bizim demokratiya haqda təsəvvürlərimizə
də uyğun gəlmir.
Onlar qurmur, ancaq dağıdırlar. Mən Sizi tamamilə anlayıram. Həm də
ki, sizin xalqınız İslama sitayiş edir...
Topçubaşov:
Bilirsiniz, İslam demokratik dindir, özü də əgər
onu dərindən anlasaq, çox sadə və aydın dindir.
Bizim xalqımız rifahın əsası kimi
sosializmin əleyhinə deyil, ancaq maddi mədəniyyətin
dağıdılması və özgə malının zorla
alınması bizim üçün qəbuledilməzdir.
Heyk: Bu,
olduqca düzgün fikirdir. Deməli, sizin
xalqın ictimai quruluş haqda təsəvvürləri
sağlamdır.
Topçubaşov:
Sizdən öz hökumətinizin nazirinə ilk növbədə
bunu çatdırmağı rica edərdim”.
Bu dialoqda
isə iki müxtəlif düşüncə tərzi və
siyasi mədəniyyət nümunəsini görürük -
planetin cənnət guşəsi ola bilən Qafqazda daim öz
“xroniki torpaq xəstəliyi” ilə fitnə-fəsad salan məlum
xalqın nümayəndəsi ilə görüşündə Əlimərdan bəy həmsöhbətinin
mövcud vəziyyətə dair sərsəm fikirlərinə
(o, hətta “iki daşın arasında” gürcülərin
belə qeybətini edir)
baxmayaraq, nə vaxtsa islaholunmazların da haqqa üz tuta
biləcəyinə ümid bağlayır:
“İstanbul. 16 yanvar 1919-cu il. “Pera
Palas” oteli. Erməni Milli
Şurasının sədri və Paris Sülh Konfransında
Ermənistan Nümayəndə Heyətinin
başçısı A. Aqaronyanın qəbul edilməsi.
Topçubaşov: Yadınızdadırsa, hələ oktyabrda mən sizə bizm xalqların İsveçrə İttifaqına oxşar şəkildə bir Federasiyası haqda ideya anlatmışdım... Məncə, Sülh Konfransında bütün Zaqafqaziya xalqlarının nümayəndələri bu istiqamətdə birgə çıxış etsələr, yaxşı olar. Bilmirəm, siz buna necə baxırsınız?
Aqaronyan: Bilirsiniz, indi bu, çox mürəkkəb məsələdir... Bu, çox çətindir, gürcülərlə isə mümkün deyil. Görürsünüzmü, onlarla necə münasibətdəyik? Bunlar hamısı əsas etibarilə Tiflisə görədir. Guya, biz ermənilər Tiflisə göz dikmişik. Biz bu Tiflisi gürcülərə veririk, qoy, bu Tiflis Gürcüstana bu Konstantinopolun Türkiyə üçün oynadığı uğursuz rolu oynasın. Biz Tiflisi həmişəlik tərk etmək qərarına gəlmişik. Bütün ermənilər oradan köçdükdən sonra o, kiçik bir gürcü kəndinə çevriləcək və məhv olacaq! İnanın ki, belə olacaq.
Topçubaşov: Çox kədərlidir ki, bizim xalqlarımız öz müstəqil həyatlarına belə qeyri-normal münasibətlərlə qədəm qoyurlar. Mən hər halda bu münasibətlərin yaxşılaşacağına və son məqsəd olan Federasiyaya nail olacağımıza ümidlərimi itirmirəm” (Bax: “Ə. Topçubaşovun İstanbulda diplomatik söhbətləri” - H.Həsənovun redaktəsi ilə. Bakı, 1994.rus d. Səh. 99, 131)
Min bir məşəqqətləri dəf etdikdən sonra, 1919-cu ilin mayında Azəbaycan Nümayəndə heyəti Parisə yetişir. Sədr Topçubaşov başda olmaqla, nümayəndə heyətinin buradakı səkkiz aylıq, sözün həqiqi mənasında fədakar fəaliyyəti öz bəhrəsini verir. 1920-ci ilin yanvarın 11-də dünyanın aparıcı ölkələri Azərbaycan Respublikasının müstəqilliyini tanıyırlar. Bununla da Azərbaycan dövlətçiliyi beynəlxalq səviyyədə öz təsdiqini tapır.
Azərbaycan üçün lobbi yaratmaq yolunda ilk təşəbbüslər
Ayrıca olaraq, Azərbaycan diplomatiya təcrübəsinin vacib bir məqamına da diqqət yetirmək yerinə düşər. Beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə edən çevrələrin - Azərbaycanpərəst lobbinin yaradılması üzrə ilk səylər göstərmək şərəfi də Əlimərdan bəy Topçubaşova məxsusdur. Bu da misal. ABŞ Nümayəndələr Palatasının üzvü Valter Çandlerin Vaşinqton şəhərindən Parisdə olan Əlimərdan bəyə (onların bir qədər əvvəl, Parisdəki görüşləri zamanı aralarında dostluq münasibətləri yaranmışdı) göndərdiyi məktubunda aşağdakı sətirlər olduqca diqqətçəkəndir:
“...İş orasındadır ki, burada, Amerikada əksər dairələrin düşüncəsində, əksər mətbuatda yazılanlarda erməni təbliğatının təsiri ilə türklər və azərbaycanlılar haqda ittiham dolu yanlış fikirlər formalaşıb. Buna qarşı mübarizə aparmaq vacibdir...Sizin Amerikadakı təmsilçiniz kimi (Z.M.), mən əvəzinizə elə cəsarətlə çalışacam ki, sanki Siz burdasınız və özünüz mübarizə aparırsınız... Güman edirəm, mən Amerikadakı dostlarımız, azadlığı dini xurafatdan üstün tutan insanlarla birgə Azərbaycan üçün təbliğat komitəsi (Z.M.) yaratmağa müvəffəq olacağam” (Bax: “Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə”. Bakı, 1990. Səh.232).
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Əlimərdan bəy Topçubaşov Parisdə, mühacirətdə qalır. 1920-ci ilin noyabrında Cenevrədə, Millətlər Liqasının tribunasından dövlətin başçısı olaraq, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edildiyini dünyaya bəyan edir. “Bolşeviklərin Azərbaycanın adından danışmağa haqqı yoxdur” - bu sözlər Ə. Topçubaşovun London, Genuya (1922), Lozanna (1923) konfranslarındakı, bolşeviklərin onun vətənində törətdikləri haqsızlıqlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandıran çıxışlarının əsas qayəsini təşkil edirdi.
Əlimərdan bəy öz humanist prinsiplərinə sadiq qalaraq, mühacirətdə də Qafqaz xalqlarının birgə fəaliyyətinə, onların Konfederasiya uğrunda məslək birliyinə nail olmağa can atırdı. 1934-cü ilin əvvəllərində, şərəfli ömrünün sonuna cəmi bir neçə ay qalmış o, Azərbaycan Milli Mərkəzinin sədri kimi, digər Zaqafqaziya respublikalarının liderləri ilə birgə Qafqaz Konfederasiyası Paktını imzalayır.
Azərbaycan milli hərəkatının və dövlətçiliyinin görkəmli nümayəndəsi Əlimərdan bəy Topçubaşov 1934-cü ilin noyabr ayının 5-də vəfat edib. O, Paris yaxınlığındakı Saint-Cloud (San-Klu) şəhərinin məzarlığında dəfn olunub.
Ə. Topçubaşovun istər nəzəri-ideoloji, istər də praktiki fəaliyyətini M.Ə.Rəsulzadənin aşağıdakı sözləri olduqca dəqiq xarakterizə edir:
“Əlimərdan bəy heç şübhəsiz, Mirzə Fətəli (Axundov-Z.M.), Həsən bəy (Zərdabi-Z.M.) və İsmayıl Mirzə (Qaspralı-Z.M.) kimi şəxslərin canlandırdıqları milli kültür hərəkatını qurtuluş yoluna çəkən böyük mücahidlərdəndir. Fəqət, Əlimərdan bəyi bu üç ustaddan, eləcə də müasiri olan bəzi ideya adamlarından fərqləndirən bir xüsusiyyət var idi. Əlimərdan bəy yürütdüyü siyasətin fikirçisi olmaqdan çox, işçisi idi. Onun bütün həyatı milli davanın vəkilliyi kimi məsuliyyətli işlərdə keçmişdi. Hətta mətbuatda çalışması da bir ideya, bir ideoloji propaqanda yapmaqdan ziyadə, müəyyən praktik məsələlərin gerçəkləşdirilməsindən ibarət olmuşdur” (Bax: M.Ə.Rəsulzadə “Əlimərdan bəy Topçubaşı” Azərbaycan dərgisi, 1 noyabr 1952).
Həqiqətən də “xalq haqqında, Vətən haqqında” deyil, “xalq üçün, Vətən üçün” - 20-ci əsrin əvvəllərindəki Azərbaycan siyasi elitasının patriarxı olan Əlimərdan bəy Topçubaşovun fəaliyyətinin başlıca prinsipi bu idi. Və Əlimərdan bəyin başçılığı ilə həmin siyasi elitanın nümayəndələri adında “can” sözü də olan bir dövlət yaradıb onu tarixə əmanət qoydular.
525-ci qəzet 2018.- 28 aprel.- S.18-19.