Kinomuzun sözlü-musiqili
naxışları
Şahanə MÜŞFİQ
... Hər
şey ən adi günlərdən birində əmin-arxayın
metrodan çıxıb işə gedərkən “Sən ey
uşaqlıq” mahnısının dilimə “dolanması” ilə
başladı.
Hardan yadıma düşdü bu mahnı, niyə yolun
ortasındaca ətrafdakıların nəzərlərinə
aldırmadan dilimin altında zümzümə etməyə
başladım - bilmirəm. Zümzümə edərkən
bir tərəfdən də mahnının hansı filmdən
olduğunu xatırlamağa çalışırdım.
Əslində, bilirdim. Amma
mahnının sözlərinə və musiqisinə o qədər
aludə olmuşdum ki, heç cür filmin adını
xatırlaya bilmirdim. Birdən beynimin ən ucqar
küncündə qəfil işıq bir yanıb öz zəif
cüssəsi ilə bütün beynimi
işıqlandırdı və mən sualıma
axtardığım cavabı tapdım: “Şərikli
çörək” filmindən!
Bu dəfə də fikrimə başqa məqamlar gəldi. Məsələn, filmlərimizdə
necə gözəl və mənalı mahnıların olması...
İncəsənət insan ruhunu ecaza gətirən, ona
diriliş, coşğunluq və duruluq bəxş edən bir
sahədir. Hansı növündən asılı olmayaraq incəsənətin
bütün sahələri ilk öncə insanın ruhuna xitab
edir. Buna görə də onu ruhun ən
gözəl terapevti adlandırmaq heç də mübaliğə
olmazdı.
Bu sənət sahəsinin ən çox yayılan və
insanlar tərəfindən sevilən növləri
sırasında heç şübhəsiz ədəbiyyat,
musiqi və kino öncüllərdəndir. Ədəbiyyat
sözlər, musiqi səslər (notlar), kino isə
görüntüsü ilə həyatı ən gözəl
şəkildə canlı və təbii boyalarla əks
etdirir.
Bu halda bu üç sənət növünün
cuğlaşmasından yaranan sənət əsəri də,
təbii ki, özünün incə və zərifliyi ilə
insan duyğularını dinləndirəcək, hisslərinə
xəfif meh kimi toxunub sığallayacaq, onu real həyatın
ağuşundan alıb xəyallar aləminə səyahətə
aparacaq. Bu nadir və ecazkar duyğuları isə bizə
yaşadan Azərbaycan milli kinosunun mahnılarıdır.
120 illik Azərbaycan kino sənəti çox
böyük və keşməkeşli yol keçmiş,
müəyyən dövrdə özünün ən yüksək
pilləsinə qalxdığı halda, bəzən enişlər
də yaşamamış deyil. Ancaq bütün
hallarda demək olar ki, hər filmimizdə sonradan dillər əzbərinə
çevrilib, hətta Xalq mahnısı səviyyəsinə qədər
ucalan mahnı tapmaq mümkündür. Müəyyən
dövrdən sonra insan unudur, görəsən, filmi həmin
mahnıyla, yoxsa mahnını həmin filmlə
xatırlayır?
Bir neçə dəqiqəlik yolda ağlıma gələn
bu fikirləri sahmanlayıb toplamağı və Azərbaycan
kinosunda ifa olunan mahnılar haqqında yazı yazmağı qərarlaşdıran
andan etibarən yadıma o qədər filmlər və o qədər
mahnılar düşdü ki, onların hamısını bir
yazıya sığdırmaq, çox təəssüf,
mümkün deyil. Bu mövzunun özü ayrıca
böyük və sanballı araşdırma mövzusudur.
Mənsə bacardığım qədərilə
ən məşhur filmləri və ən məşhur
mahnıları toplamağa çalışdım (Bilirəm,
hamısı məşhur və seviləndir!).
Filmlərimizdə
ifa olunan mahnılar iki qismə bölünür: əvvəldən
yazılmış və sonradan filmə salınan mahnılar
və sırf film üçün yazılıb, ondan sonra məşhurlaşan
mahnılar.
Çoxəsrlik Azərbaycan Xalq ədəbiyyatının
ən gözəl və qədim nümunəsi hesab olunan
“Kitabi-Dədə Qorqud” dastanı həm də ilk nəzm
nümunələrinin yer aldığı ədəbiyyat
incisi kimi önəm daşıyır. Hələ
poeziyanın qollanıb-budaqlanmadığı, inkişaf etmədiyi
VII əsrdə xalqımız yaratdığı dastanda
şeirlər qoşmuş, onu qopuzda ifa etmişlər.
Ancaq sonradan sadə və bir az da bəsit
görünən bu nümunələrdən biri indi ən
gözəl film mahnımızın mətnidir. Söhbət 1975-ci ildə ekranlaşdırılan
“Dədə Qorqud” filmindəki Beyrəyin məşhur
mahnısından gedir. Xalq yazıçısı
Anarın ssenarisini yazdığı, görkəmli rejissor,
Xalq artisti Tofiq Tağızadənin quruluş verdiyi filmdə
ecazkar səsə malik Yalçın Rzazadə musiqisi Emin
Sabitoğluya aid mahnını elə şövqlə oxuyur
ki, insan Beyrəyin Banuçiçəyə olan sevgisinə
heyrət etməyə bilmir. Hələ VII əsrdəki bir
aşiqin öz sevgilisini “İncə bellim, yer basmayıb yeriyən!
Evim taxtı, başım baxtı sevgilim” kimi təsviri
xalqın incə, zərif, kövrək, sevə bilən
ürəyindən xəbər verməklə bərabər,
xalqın qadına qarşı yüksək və ilahi
münasibətini də təcəssüm etdirir. Sözlərin və musiqinin ilahi vəhdəti isə
bu mahnının üstündən onilliklər keçməsinə
baxmayaraq, hələ də sevə-sevə oxunmasına və
uşaqdan-böyüyə hər kəsin dilində əzbərə
çevrilməsinə gətirib çıxarıb.
“Dədə Qorqud” filmində Bamsı Beyrəyi
böyük ustalıqla canlandıran Rasim Balayevin kinoda ilk
işi isə “Nəsimi” filmidir. Hürufi şair Nəsiminin
keşməkeşli həyatından bəhs edən filmin
ssenari müəllifi İsa Hüseynov, quruluşçu
rejissoru isə Həsən Seyidbəylidir. 1973-cü ildə ekranlaşdırılan əsərdəki
musiqilər özünün fərqliliyi və
orijinallığı ilə seçilir. Həmin
mahnıların mətni Nəsiminin sufi
şeirlərindən götürüldüyündən
görkəmli bəstəkar Tofiq Quliyev də şeirlərin
ruhuna uyğun olaraq sufi tərzində musiqilər bəstələyib.
Burada mahnılar əsasən dərvişlərin
dilindən söylənildiyindən “Dərvişlərin
mahnısı” adlanır. Məsələn, “Qafil, oyan”,
“İstəmə” qəzəlləri bu mahılardandır:
Sən sana gər yar isən gar,
ey
könül, yar istəmə!
Yarü
dildar ol sana,
sən
yarü dildar istəmə!
Tofiq Quliyevin “Nəsimi” filminə yazdığı “Dərvişlərin
mahnısı” onun yaradıcılığında tək
deyildi. O, bu
filmdən cəmi üç il sonra
1976-cı ildə “Dərviş Parisi partladır” filmində
yenidən bir dərviş üçün mahnı yazmalı
olur. Ancaq rejissorlar K.Rüstəmbəyov,
Ş.Mahmudbəyovun filmindəki dərviş Nəsimidən
tamamilə fərqli idi. “Mən bir köhnə
dərvişəm, cəhənnəmdən gəlmişəm”
- deyən bu dərviş fırıldaqçı,
yüngül bir obrazdır. Və onun bu
fırıldaqçılığı elə bu mahnıdaca
öz dilindən açılır. “Doğru
sözə həmişə rişxənd edib gülmüşəm”
sözlərini, əlbəttə, ənənəvi dərviş
üslubunda yazmaq olmazdı. Burada da Tofiq
Quliyev ustalığı öz sözünü deyir. O,
şən, məzəli, yüngül, istehza doğuran musiqi
ilə dərvişin iç üzünü açan
sözlərə bir növ köməkçi olur.
Azərbaycan kinolarına ən çox mahnı yazan sənətkarlardan
biridir Tofiq Quliyev. Onun müxtəlif üslubda və janrda
mahnıları hər zaman kino tariximizin əvəzsiz incisi
olmuşdur. Bu da onun sözü, kinonu hiss
etməsi, onu ruhunda duyması ilə əlaqədardır.
Zəngin təcrübəsinin, geniş
istedadının və qeyd etdiyimiz kimi, sözü duymaq
bacarığının nəticəsidir ki, Azərbaycan kino
tarixində özünəməxsus yer tutan əksər
rejissorlarımız öz filmlərində məhz onunla
işləməyi üstün tutmuşlar. O, “Sən niyə
susursan” (rejissor Həsən Seyidbəyli) filmindəki “Nargilə”,
“Məzəli mahnı”, “Şir evdən getdi”dəki (rejissor
Rasim İsmayılov) “Kababçının mahnısı”,
“Qaynana” filmindəki (rejissor Hüseyn Seyidzadə) bütün musiqi nümunələri
kimi şən, zarafatyana mahnılar da yaza bilirdi,
“Görüş” filmindəki (rejissor Tofiq Tağızadə)
“Arzular”, “Axşam mahnısı”, “Möcüzələr
adası”ndakı “Lirik mahnı” kimi insan duyğularını
dilləndirən, onu kövrək notlara kökləyən
mahnılar da...
Bəstəkarın “Möcüzələr adası”
(rejissor Həsən Seyidbəyli) filmi üçün
yazdığı “Neft Daşları” mahnısı bu gün də
neft ölkəsi olan Azərbaycanda neftçilərin bir
növ peşə marşı olaraq qalmaqdadır.
Mən
güləm, gül üzüm,
yarım,
heç zaman solmaz,
Mənim
kimi gözəli
belə
sevməmək olmaz,
yarım,
sevməmək olmaz -
misraları ilə bütün qadınların ən sevimli
mahnılarından birinə çevrilən bu mahnını
necə unutmaq olar? Ssenarisi Həsən Seyidbəyliyə,
quruluşu Lətif Səfərova məxsus “Qızmar günəş
altında” filminin ən məşhur mahnılarından biri
olan “Qızların mahnısı”nın
musiqisi T.Quliyevin, sözləri Ənvər Əlibəylinindir.
Bu şən, oynaq mahnı nəinki ölkəmizdə,
o cümlədən, ölkəmizin sərhədlərindən
kənarda da sevə-sevə oxunur və dinlənilir. Əlbəttə, bu sözləri Tofiq Quliyevin əksər
mahnıları haqqında demək olar.
Məsələn, “O qızı tapın” filmində
(rejissor Həsən Seyidbəyli) Oqtay Ağayevin möcüzəvi
səsiylə möhürünü vurduğu “Kimsən sən?”
mahnısı hamımızın dilində laylaya, bayatıya
çevrilməyibmi? Sanki Onegin Hacıqasımovun sözlərinə
yazılmış mahnı dedektiv janrında çəkilən
filmin ağır sujet xəttinə bir “nəfəslik” kimi
düşünülüb.
Tofiq Quliyevin kinodakı xidmətlərindən söz
düşmüşkən, Həbib İsmayılovun rejissoru
olduğu “Ögey ana” filmini unutmaq, təbii ki, olmazdı. Həyat
yoldaşının ilk evlilikdən olan oğlunu öz
balası kimi qəbul etsə də, buna onu inandıra bilməyən
Dilarənin iztirabları, ürəyindəki nisgil Ənvər
Əlibəylinin sözləri, Tofiq Quliyevin bəstəsi ilə
“Oğlum” mahnısında əks olunur. Ana
öz balası kimi sevdiyi uşağa “Mənlə
danış, gül, oğlum” deyə sanki yalvarır. Bu nisgillə bərabər, balaca İsmayılın
qayğısızca oxuduğu “Kəndimiz”
mahnısının (sözləri Zeynal Cabbarzadənin)
musiqisini də Tofiq Quliyev yazıb.
Azərbaycan kino sənətində və eləcə də
Tofiq Quliyev yaradıcılığında özünəməxsus
yerlərdən birini tutan “Bəxtiyar” filmi də öz
mahnıları ilə özəldir. Rejissoru Lətif Səfərov
olan filmdə gözəl və məlahətli səsə
malik gənc neftçi Bəxtiyar Muradovun müğənnilik
yolundan bəhs edilir. Bəxtiyardakı istedadı ilk dəfə
konservatoriyanın professoru Rəcəbov “Ağacda alma” mahnısı ilə kəşf edir. Bu
mahnının filmdə ifasının da çox maraqlı
hekayəsi var. Belə ki, 1955-ci ildə film çəkilərkən
baş rolun ifaçısı Rəşid Behbudovun artıq
40 yaşı var idi və özünün artıq
formalaşmış kişi səsi ilə məlahətli,
incə uşaq səsində oxuya bilməzdi. Buna
görə də o mahnını ilk dəfə Şövkət
Ələkbərova ifa edir. Həmin
epizoddakı səs Şövkət xanımın, digərləri
isə Rəşid Behbudovun öz səsidir.
Bundan
başqa, filmdə ifa olunan “Sevgilim”, “Əziz dost”, “Dörd
dost” mahnıları da üstündən yarım əsrdən
çox zaman keçməsinə baxmayaraq, bu gün də
musiqi sənətimizin ən gözəl nümunələri
olaraq qalmaqdadır.
Tofiq
Quliyevlə yanaşı, Emin Sabitoğlu, Cahangir Cahangirov,
Polad Bülbüloğlu, Vasif Adıgözəlov və digər
görkəmli bəstəkarlarımızın da kino
tariximizdəki xidmətləri əvəzsizdir.
İsmayıl Şıxlının eyniadlı romanı
əsasında Hüseyn Seyidzadənin 1969-cu ildə çəkdiyi
“Dəli Kür” filminə yazılan mahnılar da çox məşhurdur. Bəstəkar
Cahangir Cahangirovun peşəkar qələminin məhsulu olan
bu mahnılar da həzin və kövrək melodiyası,
gözəl sözləri ilə kinodan kənarda da geniş
şəkildə ifa olunur. Məsələn,
filmin son səhnəsində Gülağa Məmmədovun ifa
etdiyi “Ana Kür” mahnısı sanki əsrlərdən bəri
neçə-neçə insanların ölüm
yatağına çevrilən Kürə bir layla,
oxşamadır. Eləcə də Elmira Rəhimovanın
ifasındakı “Bayatılar” kövrək hisslərin təcəssümü
kimi xarakterikdir.
Bu
mahnıları dinləyəndən sonra rejissor Cahangir
Mehdiyevin “Evlənmək istəyirəm” (“Papaq”) filmindəki,
sözləri Ramiz Rövşənə məxsus
Biri gələr,
biri gedər hamamda,
Canımız
kiri gedər hamamda
- deyə, oxunan “Hamam” mahnılarını da
Cahangir Cahangirovun yazdığına inanmaq çətindir. Amma bəstəkarın böyüklüyü də
budur ki, o, hər situasiya, hər söz və hər mövzu
üçün bənzərsiz musiqilər yaradıb.
Bu filmlə bərabər, “O olmasın, bu olsun” (rejissor
Hüseyn Seyidzadə) filmindəki hamam səhnəsi və
dahi Üzeyir Hacıbəyovun musiqisi yada düşür. Hər iki
musiqi sanki hamamın asudəliyini, rahatlığını,
suyun insan ruhunu dincəldən
şırıltısını və hamamın insana bəxş
etdiyi saflığı, paklığı əks etdirir.
Hüseyn Seyidzadə və Cahangir Cahangirov işbirliyi “Dəli
Kür”lə yekunlaşmır. Onlar kinomuzda
özünəməxasus yerlərdən birini tutan “Yenilməz
Batalyon” filmində də birgə
çalışmışlar. Filmdə
Teymurun dilindən oxunan mahnının sözləri Zeynal
Cabbarzadəyə məxsusdur.
Gedim
görüm əziz anamı,
a
qarlı dağlar!
Bulud, kəs
aranı,
qoy
arabanı kəndə çatsın -
- deyilən mahnı bir
çağırışı xatırladır. Maraqlıdır ki, mahnının sözlərində
qəhrəman atlara müraciət edir, onu ünvana tez
çatdırmağı üçün onları bir növ
əzizləyir. Bu əsnada musiqiyə
qulaq kəsilsək, musiqi də sanki atın
qaçışını, at nalının səsini, təngnəfəs
atların ürək döyüntülərini
xatırladır. Bu da sözsüz ki, bəstəkarın
sözləri duymaq bacarığının ən gözəl
nümunəsidir.
Söz atlardan düşmüşkən, bu yerdə
yadıma “Atları yəhərləyin” filmi gəlir. Qaçaq Nəbinin
həyatından, qəhrəmanlığından bəhs edən
filmə (rejissorları Əbdül Mahmudbəyov, Həsənağa
Turabov) bəstəkar Emin Sabitoğlu bənzərsiz musiqilərilə
öz möhürünü vurub. Onun sanki bir
hayqırış, etiraz olan “Anama deyin” mahnısı Xalq
artisti Niyaməddin Musayevin hərarətli ifası ilə daha
da gözəlləşib
Bundan
başqa, Emin Sabitoğlu “Bəyin oğurlanması” (rejissorlar
Ceyhun Mirzəyev, Vaqif Mustafayev) filmindəki “Toy mahnısı”nın da müəllifidir ki, bu mahnı indiyə
qədər də toylarımızın Vağzalıdan
sonrakı bəzəyi olaraq qalmaqdadır. İsa
İsmayılzadənin sözlərinə yazılmış
mahnını mərhum Xalq artisti Mirzə Babayev özünəməxsus
şuxluqla ifa edib.
Emin Sabitoğlu musiqiləri Anar
yaradıcılığının ekran həyatında
ayrıca yer tutur. Anarın əsərləri əsasında çəkilmiş
“Gün keçdi” (rejissor Afir Babayev) filmində Vaqif Səmədoğlunun
sözlərinə Flora Kərimovanın ifa etdiyi “Bir axşam
taksidən...” mahnısı bütün gözəlliyi ilə
payızın həzin, ahəngar ovqatını,
yağışın pıçıltısını
xatırladır.
Bundan əlavə,
Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”
əsasında rejissor Rasim Ocaqovun çəkdiyi “Təhminə”
filmindəki “Əlvida” mahnısını kim bilmir, kim sevmir
ki? “Görüşdük nə çətin,
ayrıldıq, ayrıldıq nə asan” - deyə başlayan
Rafiq Babayevin ifasındakı bu sevgi melodiyası bir nakam məhəbbətə
ağını xatırladır:
Əlvida
o günlər, ulduzlu gecələr, əlvida...
Ömrümdən nə qaldı, nə qaldı vəfasız
dünyada?
Yazının əvvəlində də dediyimiz kimi, bu
siyahı o qədər zəngindir ki, saysız-hesabsız
kinolar və mahnılar içərisindən
hansılarısa seçib bir dəstə halına gətirmək
çox çətindir. “Əhməd haradadır” filmində
“Leyla” (Rauf Hacıyev, İsmayıl Dadaşov), “Üzüm
mahnısı” (R.Hacıyev, Tələt Əyyubov),
“Uşaqlığın son gecəsi”ndə “Gəl, ey səhər” (Polad
Bülbüloğlu, Fikrət Qoca) və daha neçə-neçə
gözəl nəğmə var.
İlk söz açdığım “Şərikli
çörək” (Şamil Mahmudbəyov) filmindəki “Sən
ey uşaqlıq” mahnısı isə yaşından,
statusundan, cəmiyyətdəki mövqeyindən asılı
olmayaraq hər kəsin içindəki o uşaqlıq özləmini
oyadan bir mahnıdır. 1969-cu ildə çəkilmiş filmin bəstəkarı
Azərbaycan musiqisinə adını qızıl hərflərlə
yazdırmış bəstəkarlardan biri olan Vasif
Adıgözəlovdur. Oqtay Ağayevin səsində isə
o həsrət, o uşaqlıq ərköyünlüyü,
yaşanmamış həvəslər, vaxtından tez
böyüyən körpəlik gizlənib:
Sən,
ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De, səni yellər apardı?
Ya soyuq əllər
apardı?..
Mahnıda
qoyulan bu sualın cavabı müəmmalı qalsa da, əminliklə
söyləyə biləcəyimiz bir həqiqət
aşkardır: məşhur filmlərimizin zehnimizdə
ölümsüzləşməsinə güclü təsir
göstərən sevimli mahnıları nə zamanın yelləri,
nə də kiminsə soyuq əlləri yaddaşlardan silib
apara bilər.
525-ci qəzet 2018.- 28 aprel.- S.12.