Əlizadə Nuri

 

Gözüm ürəyimlə yola getmədi...

 

Mən özüm özümlə qumar oynadım, -

yaxşı özümə uduzdum, Allah...

Gözüm ürəyimlə yola getmədi,

axırda gözümə uduzdum, Allah...

 

Sınsan, görəcəksən həlimdi dünya,

qüruru olana qənimdi dünya...

... Bir az da dözsəydim, mənimdi dünya,

dözmədim, dözümə uduzdum, Allah...

 

Açıb eşq qutusun, “nəzir” götürdüm,

bu şah qəm məni də vəzir götürdü!

Döyüşdük, söz məni əsir götürdü,

döyüşdük, sözümə uduzdum, Allah...

 

Sənin ad gününə qəsdən gecikdim...

 

Açdım pəncərəmi eşq  havasına,

bir Gün doğacağdı, duman saxladı...

Böyük bir kədərə qurban gedirdim,

məni balaca bir güman saxladı.

 

Sən niyə gecikdin, hardaydın qadın?

Hər gün dodağımda ağladı adın...

Ömürdən bir qədər vaxt oğurladım, -

sənə həsr etməyə zaman saxladım...

 

Daş daşı üyütdü, o dən gecikdi,

ruhu apardılar, bədən gecikdi...

... Sənin ad gününə qəsdən gecikdim, -

mən səni bir az da cavan saxladım...

 

Qarış-qarış gəz bu qəmi...

 

Ömür güldən, tikandandı,

nədəndi - Tanrı göndərib.

Ruhun Tanrı verən ruhdu,

bədəndi - Tanrı göndərib.

 

Dörd tərəfəm - üçüm sudu...

Çölüm sudu, içim sudu.

Bu yağış bir içim sudu,

ya dəndi, Tanrı göndərib?!

 

Kim sevəcək bəs bu qəmi,

götür lal-dinməz bu qəmi.

... Qarış-qarış gəz bu qəmi, - 

vətəndi, Tanrı göndərib...

 

Dənizə qar yağır...

 

Dənizə qar yağır, üşüyür dəniz,

durmuşam bir sahil daşının üstə.

Bəlkə əllərimi çətir eyləyim,

saxlayım dənizin başının üstə.

 

Bəlkə heç qar deyil, yağan bu qar da,

bəlkə, göydən yağır ağ-ağ çiçəklər?

Dənizə qar yağır, dəniz quşları,

bu qarı dən bilib dənləyəcəklər...

 

Dənizə qar yağır, üşüyür dəniz,

yalın ayağına çəkmə istəyir.

... Durub pəncərədən baxan o qadın

dənizi gözünə çəkmək istəyir...

İndi də şəklindən ayrılıram mən...

 

Getdin, ögey eşqin anası oldun,

indi xəyallarda doğmasan mənə.

Mən səni gözümdə ucaltmadım ki, -

çıxıb yuxarıdan baxasan mənə?!

 

Bəlkə də, heç sənin günahın deyil,

bəlkə də, uduzdum ağılda sənə?

Mən səni gözümdə elə böyütdüm,

gözlərim dar gəldi axırda sənə...

 

... İndi də şəklindən ayrılıram mən,

bu da sevgidəndi, nifrətdən deyil.

Üzünü özgəsi öpən bir qızın,

şəklini öpmək də qeyrətdən deyil...

 

Bu ulduzsuz gecədə...

 

Görəsən kim qorxudub, -

əsim-əsim əsir yel?

Mənə bir yer göstərin,

ordan görünməsin yer...

 

Sevgi bəhanə imiş,

hər gün darıxmaq üçün.

İllər pilləkan oldu,

ölümə çıxmaq üçün...

 

Yol da yoxdu getməyə,

yola sal, məni yola sal.

İlahi, bu zülmətdə

neyləyəcək yol azan?!

 

... Bu ulduzsuz gecədə,

ay olmaq istəmirəm.

Allah girib yuxuma

ayılmaq istəmirəm...

 

Quşlar dənləyəcək göydə səsimi...

 

İndi şər vaxtıdır, neylər şər mənə,

- get o Göy ağacdan ümid dər mənə...

Halal olsun deyə bu kədər mənə,

kəbinə-talağa bükürəm onu.

 

Bir can istədilər söz əvəzinə,

göz yaşı verdilər göz əvəzinə...

Öldü bu qələm də... bez əvəzinə, -

bu kəfən varağa bükürəm onu...

 

Səsimi dənləyən quşlar cəm ola,

səsim ac quşlara bir əncam ola.

... Qorxuram ki, balam sətəlcəm ola, -

bu qara torpağa bükürəm onu...

 

Ən böyük rəqəm də “bir”di deyirəm...

 

Səni görmək üçün susadım hər gün, -

mənim ürəyimdə hər gün yay imiş...

Sənin ürəyini “vura” bilmədi -

mənim də ürəyim solaxay imiş!

 

İstədim dərdimi suya danışım, -

gördüm ki, yaralı Araz üstəyəm.

Bədxah elə bildi yıxılmışam mən, -

ancaq bilmədi ki, namaz üstəyəm!

 

... Yer üzü əl açıb səcdə eləsin,

göy üzü ən uca pirdi, deyirəm.

Yaradan birdi, bir, ona görə mən,

ən böyük rəqəm də “bir”di deyirəm!

 

Bu ölüm məni də yoldan çıxartdı...

 

Bu ölüm məni də yoldan çıxartdı, -

gözüylə qaşıyla oynayan ölüm.

Balamı əlimdən alıb aparan,

gözümün yaşıyla oynayan ölüm...

 

Min adam içində məni sağ tapan,

axtarıb mənə də “dar otaq” tapan.

Bağrımın başında “oyuncaq” tapan, -

bağrımın başıyla oynayan ölüm...

Əmanət verilən əbədi olmaz,

ömür-qəm yüklənən dəvədi, - olmaz...

Heç kəsin “toyuna” dəvəti olmaz, -

gəlib öz xoşuyla oynayan ölüm...

 

Bu eşq həsrət ilə gözəldi bəlkə...

 

İlahi, söz adlı daş-qaşı göndər, -

göndər ki, dəfinə bir şeir yazım.

İlahi, göyləri göy varaq eylə, -

sənin şərəfinə bir şeir yazım.

 

Yoxuşa dirənib yolum, İlahi,

bu yolu mən necə yorum, İlahi...

Bu Eşqə bir heykəl yonum, İlahi, -

bu Eşqin nəfinə bir şeir yazım.

 

Bu yarpaq dirilmiş xəzəldi, bəlkə,

bu eşq həsrət ilə gözəldi bəlkə...

Deyirəm, bu dünya düzəldi bəlkə, -

əyri tərəfinə bir şeir yazım...

 

Min nəğmə notu var bir quş səsində...

 

Nə qəmli oxuyur bu bülbül, Allah

min nəğmə notu var bir quş səsində.

Bəlkə də ömrümdə bir şirin an var,

yəqin o da gələr son nəfəsimdə.

 

Ölüm mələyinin qara əlləri,

seyrək saçlarımla əylənir, ana.

Sularda üzməyi öyrənən adam,

həm də boğulmağı öyrənir, ana.

 

Qorxuram bu yağış islada məni,

o qız da əlində çətir gəlməyə...

...Sevginin dadını bilməyə adam,

ölmək də adama çətin gəlməyə...

 

Olmadı

 

Yüz dəfə öldüm-dirildim,

bu adam adam olmadı.

Çıraq oldum, işığımı

salmağa bir dam olmadı.

 

Səslədim, haqq “lalam” dedi,

keçmə çətin yolam” dedi...

Yüzü mənə balam dedi, 

heç biri anam olmadı...

 

Bu yaş məndən nələr çəkdi -

bu toy məndən nəmər çəkdi.

Sevinc axşam gələcəkdi -

gözlədim, axşam olmadı...

 

Dost əlində güllə tutdum,

gülləsini gülə tutdum...

Ölümü çox dilə tutdum,   

zalım oğlu xam olmadı...

 

Oturub səhərdən içirəm elə...

 

Vətən qəfəsinə düşmüşəm əsir,

qəfəsə salmağa quşun yoxdumu?

Başıma düşməyə daşın müntəzir,

evimi hörməyə daşın yoxdumu?

 

Oturub səhərdən içirəm elə,

qəm süzən qəhərdən içirəm elə.

Verdiyin zəhərdən içirəm elə, - 

verdiyin zəhərə “nuş”un yoxdumu?!

 

Mənəm yelin əssə bir nanə olan...

Sönmüş şamına da pərvanə olan!

... Bu mənəm, dərdindən divanə olan - 

məni tanımadın, huşun yoxdumu?!

 

Yandım, ürəyimdə o qız da yandı...

 

Bu ömrü kağıza köçürmüşəm mən, -

mən adam külüyəm, ya kağız külü?

Yandım, ürəyimdə o qız da yandı, -

bir az öz külüməm, bir az qız külü...

Gecə var, bir uzun ömürdən uzun,

ölümnən oynayıb ömür uduzur...

Hər axşam yandırır ayı-ulduzu, -

Tanrı səhər yığır ay-ulduz külü...

 

Qəm çaxmaq daşıdı, daşdan yanmışam,

ayaqdan  od alıb, başdan yanmışam!

İlahi, nə yaxşı eşqdən yanmışam, - 

baha eləmişəm bu ucuz külü...

 

Özünü asmağa ip tapa bilməz

 

Uduzar - oyundan çıxar astaca,

baş açmaz dünyanın qumarından o.

Tanıyar qəmləri ilk təmasdaca,

tanıyar hər qəmi tumarından o.

 

Dili kəsilsə də, dillənib gedər,

tək göyə əl açar, “dilənib” gedər...

Yolun yoxuşuna dirənib gedər

yıxılar bu yolun hamarından o.

 

Dostu Əzrayıldı, özü kimdi bəs,  

quru bir budaqda solğun bir nəfəs...

... Özünü asmağa ip tapa bilməz,  

asar ürəyinin damarından o.

 

Sentimental şeir

 

Ölüb bu dünyadan qisas alasan,

lap atıb gedəsən bu yer üzünü.

Sonuncu nəğmənlə qatıb başını,

aldadıb gedəsən bu yer üzünü.

 

Bu boyda dünyada ömür nə qısa,

bu qısa dünyada həsrət nə uzun.

Gedib bir vəfalı ölüm tapasan,

qaçasan əlindən bu vəfasızın...

 

... gəlir kölgə kimi, qaraltı kimi,

elə kölgə kimi sovuşur adam.

Durub ömrü boyu gözlədiyinə,

bir anın içində qovuşur adam...

 

... Nə qədər vəfasız olsa da dünya,

sevəsən, sevəsən yenə sən onu.

Çıxıb gedəndə də bu yer üzündən,

Allaha tapşırıb gedəsən onu...

 

Göylərə baxmaqdan gözüm saraldı

 

Yoxsa pərişandı halı göylərin,

bu yağan yağışlar niyə lil düşür?

O qədər baxdım ki, düşdü bir ulduz,-

görən mən zalıma neçə il düşür?!

 

Çoxdan çalınmayan bu sim saraldı,

gələnim olmadı, izim saraldı...

Göylərə baxmaqdan gözüm saraldı, 

göydən də qəm dolu bir zənbil düşür.

 

Bax bu qorxaq külək - titrəyən, əsən,

görürsən bizi də qorxudur bəzən...

İlahi, sən hər gün ürəyimdəsən,

sənin də yadına bu tifil düşür?!

 

Dağlar ölkəsidi sinəmiz bizim...

 

Bəlkə, qandı axır yeraltı çaylar, -

bəlkə, yerin altı damar kimidi?

Göy üzü  - Allahın ovuclarıdı,

ulduzlar ovcunda qabar kimidi...

 

Göydən qırılıbdı nənnimiz bizim,

həsrətin yaşıdı sinnimiz bizim...

Dağlar ölkəsidi sinəmiz bizim,

olsun, baxanda hamar kimidi?!

 

Güllə tuşlamağa nə tirdi quşlar!

Qoy girim altına çətirdi quşlar...

Vətəndən bir məktub gətirdi quşlar  -

elə bu quşlar da çapar kimidi...

 

Əlizadə NURİ

 

525-ci qəzet 2018.- 28 aprel.- S.22.