Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi
yaradıldı
Aprelin
26-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal
Abdullanın birbaşa təşəbbüsü, Azərbaycan
Respublikasının Serbiyadakı səfirliyinin və Belqraddakı
Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı
ilə Azərbaycan dilinin, onun zəngin mədəniyyətinin
geniş təbliği məqsədi ilə Belqrad Universitetində
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi
açılış mərasimi keçirilib.
Tədbirdə
Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan
Abdullayev, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı
kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının
Azərbaycanda tanınmış tədqiqatçısı,
professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının
Baş redaktoru, publisist, görkəmli serb
yazıçısı Milorad Paviçin dünya şöhrətli
“Xəzər lüğəti” romanının Azərbaycan
dilinə tərcüməçisi, əməkdar jurnalist
Əlövsət Ağalarov, Belqrad Universitetinin rektoru, doktor
Vladimir Bumbaşireviç, filologiya fakültəsinin
dekanı Lyilyana Markoviç, Serbiya Parlamentində Azərbaycanla
dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası
Şurasının üzvü Lyubişa Stoymiroviç,
deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya
Respublikası Xarici İşlər Nazirinin müavini Tamara Rastovaç
Simaşvili, habelə Serbiyanın dövlət, hökumət
qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin
və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə
çıxış edən Belqrad Universitetinin rektoru Vladimir
Bumbaşireviç çıxışında Mərkəzin
yaradılmasının ölkələrimiz arasında təşəkkül
tapmış yüksək mədəni və humanitar əlaqələrin
təzahürü olduğunu bildirib. O, Azərbaycanın
Serbiyada həyata keçirdiyi bir çox humanitar layihələri
yüksək qiymətləndirərək, bunun ölkəsi tərəfindən
təşəkkürlə
qarşılandığını qeyd edib,
xalqlarımızın mədəniyyətlərinin oxşar
olduğunu, Universitetdə təhsil alan tələbələrin
Azərbaycan mədəniyyətinə yüksək maraq
göstərdiyini və Mərkəzin xalqlarımızın
mədəniyyətini birləşdirəcək yeni bir
körpü olacağını məmnunluqla vurğulayıb.
O, eyni zamanda, may ayında Azərbaycan Dilləri Universitetində
də Serb Dili və Mədəniyyəti Mərkəzinin
yaradılacağından məmnunluğunu ifadə edərək,
Azərbaycan-Serbiya əlaqələrinin örnək hesab
edildiyini deyib.
Azərbaycan
Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev öz
çıxışında Azərbaycan Dillər
Universitetinin rektoru, akademik Kamal Abdullanın Belqrad Universitetində
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi
açılış mərasimi ilə bağlı bu təşəbbüsün
təşkilatçılarına, həyata keçirənlərə,
tədbir iştirakçılarına ünvanlanan təbrik və
təşəkkürü əks olunmuş müraciətini
diqqətə çatdırıb. O, Mərkəzin fəaliyyəti
nəticəsində ölkələrimiz arasında mədəni
münasibətlərin daha da genişlənəcəyinə,
habelə Azərbaycanın zəngin mədəniyyətinin təbliği
və tanıdılmasında mühüm rol
oynayacağına əminliyini bildirib. Ə.Abullayev
Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində
Azərbaycanda multikulturalizm ənənələrinin,
tolerantlığın təşəkkül tapması və
etnik azlıqlar arasında qarşılıqlı
anlaşmanın təşviq edilməsindən
danışıb.
Filologiya
fakültəsinin dekanı Lyilyana Markoviç Mərkəzin
məhz Belqrad Universitetində yaradılmasının
sevindirici hal olduğunu, onun ölkələrimizin elmi və
akademik sahələrdə əməkdaşlığı
üçün tarixi bir hadisə kimi yadda
qaldığını və Universitetə dəyərli bir hədiyyə
olduğunu bildirib, Mərkəzi Universitetin tələbələrinin
və bütün Serbiyanın Cənubi Qafqaz və türk mədəniyyəti
ilə əyani tanışlığı üçün
fürsət kimi dəyərləndirib.
Tədbirdə
çıxış edən Azərbaycan Respublikasının
Serbiyadakı səfiri Eldar Həsənov Azərbaycanla Serbiya
arasındakı münasibətlərin dinamik şəkildə
yüksələn xətlə inkişaf edərək strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyini
və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni,
humanitar və digər sahələrdə də fəal əməkdaşlığın
mövcud olduğunu bildirib, Azərbaycan və serb
xalqlarının yaxınlaşmasının, onlar arasında
səmimi, dostluq əlaqələrin günü-gündən
yüksəldiyini qeyd edib. E.Həsənov müstəqil Azərbaycanın
tolerantlıq və dini dözümlülüyə sadiq, zəngin
tarixi və mədəni sərvətlərə sahib olmaqla
eyni zamanda, müasir dəyərləri özündə birləşdirən
bir ölkə olduğunu vurğulayıb. Məhz bu dəyərlərin
dost Serbiyada və Qərbi Balkanlarda təbliği və
tanıdılması baxımından Belqrad Universitetində
yaradılmış Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin dövlətimiz və xalqımız
üçün xüsusi əhəmiyyətə malik
olduğunu bildirən səfir Mərkəzin
xalqlarımızın sahib olduğu ortaq dəyərlərin
və mədəniyyətin qarşılıqlı şəkildə
tanıdılması istiqamətində səmərəli və
məhsuldar fəaliyyət göstərəcəyinə əmin
olduğunu söyləyib. O, tədbir çərçivəsində
Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti
arasında imzalanacaq əməkdaşlıq haqqında
sazişin ölkələrimizin təhsil və elm sahəsindəki
əlaqələrinin daha da genişləndirilməsinə
xidmət edəcəyini, qarşılıqlı tələbə
və təcrübə mübadiləsini zənginləşdirəcəyini
bildirib.
Mərkəzin
rəhbəri Lalə Məcidova çıxış edərək,
Mərkəzin yaradılmasında göstərdikləri dəstəyə
görə hər iki Universitetin rəhbərliyinə və
Azərbaycanın Serbiyadakı səfirliyinə təşəkkürünü
bildirib. O, Mərkəzin yaradılması istiqamətində
görülmüş işlərdən bəhs edib, onun serb
tələbələrinə Azərbaycan dili və
xalqımızın zəngin mədəniyyəti ilə
tanış olmaq imkanı verəcəyinə ümidvar
olduğunu söyləyib.
Daha
sonra Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti
arasında əməkdaşlıq haqqında saziş
imzalanıb.
Tədbir
“Heydər Əliyev: multikulturalizm və tolerantlıq
ideologiyası” mövzusunda Azərbaycan Dillər Universitetində
keçirilmiş beynəlxalq elmi konfransın bölmə
iclası ilə davam edib.
İclasda
çıxış edən Serbiya Parlamentinin Azərbaycanla
dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası
Şurasının üzvü Lyubişa Stoymiroviç
hazırda yeni texnologiya və ixtiraların baş verdiyi
dünyamızda xalqların, insanların rahat və sülhdə
yaşaması, anlaşması üçün
multikulturalizmin və dözümlülüyün
mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayıb. O, Serbiyada dözümlülük və
multikulturalizmin dahi serb alimi Nikola Teslanın nəzəriyyələrində
əks olunduğunu, Azərbaycanda isə Ümummilli lider Heydər
Əliyevin fəaliyyəti nəticəsində təşəkkül
tapdığını və daha da inkişaf etdiyini söyləyib,
Serbiya və Azərbaycanda müxtəlif etnik azlıqların
yaşadıqlarını, onların adətlərinə hər
zaman dözümlülük nümayiş etdirildiyini və
hörmətlə yanaşıldığını xüsusi
qeyd edib.
Belqrad
Universitetinin professoru, şərqşünas alim Ema
Milkoviç əhalinin böyük hissəsinin azərbaycanlılardan
ibarət olduğu Azərbaycanda eyni zamanda, müxtəlif dinlərə
etiqad edən, digər dillərdə danışan etnik
azlıqların yaşadığını, onların
hüquqlarının hər zaman dövlət tərəfindən
təmin olunduğunu, bunun ölkə Konstitusiyasında təsbit
edildiyini, azlıqların heç bir diskriminasiya ilə
üzləşmədiklərini və bunun bir çox
dövlətlərə nümunə olduğunu deyib.
Bakı
Dövlət Universitetinin Dünya ədəbiyyatı
kafedrasının müdiri, professor Cəlil Nağıyev
öz orijinallığı ilə seçilən serb və
Azərbaycan ədəbiyyatları arasında tarixə
söykənən böyük mənəvi
bağlılığın olduğunu, ədəbiyyat
nümunələrinin qarşılıqlı olaraq müxtəlif
dillərə tərcümə edilərək dünya
oxucularının diqqətini
çatdırıldığını bildirib. O, hər iki
xalqın yazarlarının əsərləri arasında
paralellər apararaq, orada multikulturalizm, humanizm və ədalət
ideyalarının, xalqların sülh şəraitində birgə
yaşayışının əks olunduğunu
vurğulayıb.
Azərbaycan
Dövlət Nəşriyyatının Baş redaktoru, əməkdar
jurnalist Əlövsət Ağalarov Azərbaycan dövlətinin
dəstəyi ilə yaradılmış Mərkəzin
xalqlarımızın daha da yaxınlaşmasında, onlar
arasındakı mədəni bağlılığın
möhkəmlənməsində əhəmiyyətini önə
çəkib. O, həmçinin, Azərbaycanla Serbiya
arasında münasibətlərin bir çox sahələrdə
inkişafından, çoxəsrlik tarixə malik mədəniyyətindən
və adət ənənələrindən söz
açıb.
Belqrad
şəhərində fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət
Akademiyasının professoru Zərifə Əlizadə öz
çıxışında 30 ildən artıqdır,
Serbiyada yaşadığını, ölkələrimizin bir
çox sahələrdə fəal əməkdaşlıq
etdiyini, mədəni və humanitar sahədə bir çox
nailiyyətlərin əldə olunduğunu bildirib. O,
yaradılmış Mərkəzin xalqların
qarşılıqlı olaraq bir-birinin mədəniyyəti ilə
tanış olmaq və ondan faydalanmaq üçün əyani
fürsət olduğunu deyib, Azərbaycan və serb
yazıçılarının 17-dən çox əsərinin
hər iki dilə tərcümə edildiyini, bu sahədə səfirliyin
fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə
çatdırıb.
Tədbir
çərçivəsində Azərbaycan Dillər
Universitetinin rektoru, akademik Kamal Abdullanın serb dilinə tərcümə
olunmuş “Deyəsən, Platon xəstələnib” hekayələr
toplusu kitabının təqdimatı keçirilib.
Tədbirdə
çıxış edənlər-sənətşünas,
professor Flip Feti Dautoviç, şairə Miliça
Liliç, tanınmış serb yazıçısı, “Xəzər
lüğəti” kitabının müəllifi Milorad
Paviçin həyat yoldaşı, yazıçı Yasmina
Mihayloviç qeyd ediblər ki, kitabdakı hekayələr
toplusunda bütün hadisələrin miflə bir növ
dialoqa girməklə, paralel dünya modelini
yaratdığını, bədii fəlsəfi dəyərlərin
isə bir-birini tamamladığını qeyd ediblər.
Müəllifin
bölmələr vasitəsilə oxucunu yeni bir yanaşma,
yeni bir dünya ilə tanış etməklə, paralel
dünyalar arasında qırılmaz əlaqənin
mövcudluğuna inandıra bildiyini vurğulayıblar.
Bildirilib ki, yunan mifologiyasının təsiri altında qələmə
alınmış bu hekayələr toplusundakı əfsanələşmiş
qəhrəmanlarla müasir dövrün insanları
arasında sıx bağlanmış münasibətlər məhz
Kamal Abdullanın mədəni və dini kimliyini, daxili aləmini
anlamaqda bizə köməklik edəcək.
Tədbirin
sonunda Belqrad Universiteti tərəfindən Azərbaycan Dillər
Universitetinin rektoru Kamal Abdullaya, prorektor Əfqan Abdullayevə,
Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənova,
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Zərifə Əlizadəyə və Mərkəzin
yaradılmasında əməyi olmuş digər şəxslərə
təşəkkür diplomları təqdim edilib.
Səfər
çərçivəsində Azərbaycan nümayəndə
heyətinin üzvləri xalqımızın Ümummilli
lideri Heydər Əliyevin Belqraddakı “Taşmaydan
parkı”nda ucaldılmış abidəsini, görkəmli
serb yazıçısı Milorad Paviçin heykəlini,
1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş
uşaqların xatirəsinə həsr olunmuş “Biz sadəcə
uşaqlar idik” abidəsini, Novı Sad şəhərində
Dunay çayı sahilindəki dahi bəstəkar Üzeyir
Hacıbəylinin büstünü ziyarət ediblər.
525-ci qəzet.-2018.-28 aprel.-S.8.