Çağrılmamış Şaxta baba
Vüsal OĞUZ
Binadan çıxan kimi ilk işi siqaret yandırmaq oldu. İri
gövdəli bir ağaca söykənərək
sümürməyə başladı. Saatı
öyrənmək üçün telefonunu axtardı.
On ikinin yarısına az
qalmışdı. Sonuncu sifarişi də də yola
vermişdi. Qazancı
pis deyildi.
Əlini
cibinə salanda barmaqları pula toxundu. Bayaq ev
sahibinin onun cibinə pul qoyduğunu xatırladı. Ürəyində “Sağ
olsun. Yaxşı adama oxşayırdılar” deyə pulu çıxardaraq
baxdı. İyirmiliyi
görəndə
sevindi. Artıq vermişdilər. Əslində, heç vaxt əlavə nəsə
gözləməmişdi müştəridən. İşini vicdanla görməyə
çalışardı. Baxmayaraq ki, bu işin
daimi müştərisi yox idi, amma həmişə
çalışardı ki, ondan razı qalsınlar. Xüsusi ilə də, balacalar. Onun
gəlişinə sevinən balacaları necə narazı
salmaq olardı axı? Uşaqları həmişə sevmişdi.
Tələbəlik illərində böyük
arzuları vardı. Gecələr acından səs salan
qarnının xəbərdarlıq siqnallarına qulaq asa-asa
yatağında gözlərini tavana zilləyərək
özü üçün dadlı xəyallar qurardı.
Böyük səhnələr, çəkiliş
meydançası, işıqlar və təqdimatlar.
Çox vaxt da baş rolda görərdi özünü. Heyf
alınmadı. Heç nə arzuladığı kimi olmadı. O xəyallar
qaldığı darısqal, rütubətli otağın divarlarından o yana aşa
bilmədi. Heç kimin xəyallarından,
arzularından xəbəri olmadı. İçində
dəfn etməyə məcbur oldu. Hərdən fikirləşirdi
ki, nə yaxşı heç kimə danışmamışdı onları. Tələbə
olanda həmişə maddi çətinlik çəksə
də, həyatından razı idi. Həyat
eşqi aşıb-daşardı. Heç
nəyi dərd etməzdi özünə. Onsuz da taleyi gətirməmişdi, həyat heç
vaxt onun üzünə gülməmişdi. Ata və
anasının avtomobil qəzasında itirdikdən bir il keçməmiş, nənəsinin də
ölümü onun yolunu uşaq evinə gətirib
çıxardı. Uşaq evindəkilərin dediyinə görə 4 yaşında imiş bura gətiriləndə.
Nədənsə nə anasını, nə də nənəsini
yadına sala bilmədi
heç vaxt. Yalnız
atasının onun sol gözündən öpməsini
xatırladı həmişə. Heç atasının
üzü də
yadında
qalmamışdı. Ancaq gözündən
öpməsini saxlamışdı uşaq yaddaşında.
Özünə söz vermişdi ki, gələcəkdə
tanınmış aktyor olanda atasının adını
özünə təxəllüs götürəcək.
Oğlu olsa, atasının adını qoyacaq.
Uşaq evində gecələr uşaqlar
analarını istəyəndə o, niyəsə həmişə
atasını axtardı, onu arzulayırdı.
Tələbəlik illərində seçilərdi tələbə
yoldaşlarından. Xarici görkəmi, səsi,
danışıq üslubu ilə müəllimlərinin diqqətini
elə birinci kursdan cəlb edə bilmişdi. Birinci kursda oxuyanda bəzi seriallarda epizodik rollarda
çəkmişdilər onu. Müəllimləri,
tanış rejissorlar onun haqda yaxşı fikirdə
idilər. “Yaxşı aktyor olmaq üçün
şansın böyükdür” deyərdilər. Hər şey necə də gözəl
idi o vaxtlar... İki kurs aşağıda oxuyan sevgilisi onunla fəxr edərdi.
Onu qrup yoldaşlarına qısqananda
özünü acıqlanmış kimi göstərməyə
çalışardı. Əslində, həzz
alardı bu qısqanclıqdan.
...Hər
şey ordudan tərxis olunmağına 18 gün qalmış
baş verdi. Tərxis olunmaqları haqda əmr gəlsə
də, nədənsə onların manqasını ön
postdan çağırmırdılar. O hadisə baş verən
gecə yuxuda atasını görmüşdü. Elə bil nəsə demək istəyirdi ona. Nədənsə səsi çıxmırdı rəhmətliyin.
Sonra atası həmişə olduğu kimi, əyilib
gözündən öpdü. İstədi atasının
boynunu
qucaqlasın, atası yoxa çıxdı. Səhərə qədər yata bilmədi.
Gündüz postda olanda da yuxusunu unuda bilmədi. Elə hey atasının nə
demək istədiyini
düşündu o gün. Hərbi xidmətdə
olduğu müddətdə ilk dəfə idi atası yuxusuna gəlmişdi.
Ürəyində “Az qaldı, ata. Bu gün-sabah düşürəcəklər bizi
bu postdan” deyə düşünürdü ki, qəfil
dünya gözündə qaraldı. Heç
nə anlaya bilmədi o anda. Qulağında yalnız əsgər
yoldaşlarının “vurdular” çığırtısı
qaldı. Gözünü açanda özünü hospitalda gördü.
Düşmən snayperi sol gözünü dağıtmışdı. Həkimlər onun sağ qaldığına inana
bilmirdilər. Güzgüdə özünə baxanda
tanımamışdı. Bir gözü boş
oyuqdan ibarət idi. Nədənsə o anda
qeyri-ixtiyarı “Snayper də atam kimi sol gözümü
öpdü” deyə
pıçıldadı. Heç nə başa
düşməyən tibb bacısı onu güzgünün
önündən uzaqlaşdırmışdı.
Qospitalda yatdığı günlərdə yanına gələn
komandirinin dediyindən məlum oldu ki, o vurulan gün snayper
başqa postlarda daha iki
əsgəri şəhid edib. İlk
həftələr ağır idi hər şey. Yaşamaq istəmirdi. İki dəfə intihar
etməyi belə
keçirdi ürəyindən. Bacarmadı.
Palatanın qapısında dostlarını görəndə bir anlıq unutdu hər şeyi. Dostları
üzünə baxanda baxışlarını
qaçırdırdılar. Hər
şeyi başa düşürdü. Onu
yarası deyil, içində öldürdüyü
arzuları daha çox incidirdi. Həyat ona ikinci zərbəsini
vurmuşdu. İndi hər şey başqa cür idi. Həyata yenidən başlamaq lazım idi. Amma necə? Hara gedəcəyini, kimin
yanına gedəcəyini bilmirdi.
Onu hospitaldan dostları çıxardı. Tələbə
vaxtı kirayə qaldığı evə döndü.
Nə yaxşı dostları vardı. Dostları
da onun kimi “detdom” uşağı idi. Onları
təkcə tələbəlik illəri deyil, həm də
qırıq taleləri birləşdirmişdi.
Tamam sağaldıqdan sonra sevdiyi qızla
görüşə getdi. Kaş getməyəydi.
Növbəti zərbəni ermənidən deyil, sevgilisindən
aldı. Bu dəfə gözü deyil, ürəyi
hədəfdə idi. Hər şeydən xəbərdar olan
qızın kəlmələrindəki soyuqluğu hiss etdi. Gəldiyinə peşman oldu. Amma gec idi. “İmtahana
hazırlaşıram, getməliyəm” deməsi ilə
dünya gözünə taxdığı qara eynəksiz də qara göründü. Tədricən bu ayrılığa da öyrəşdi,
gözündəki qara eynəyə də. Ehhh, həyat,
sən necə də amansızsan...
İlk həftələr çətin oldu. Günlərlə
özünə qapandı. Axı nə vaxta qədər
dostlarına yük
olacaqdı? Gedəcəyi bir yer, döyəcəyi qohum
qapısı yox idi. Əlilliyə görə
aldığı təqaüd ancaq quru çörəyə
çatardı. Yox,
işləməli idi. Canı bərkdir,
fiziki cəhətdən qüvvətlidir. Ancaq
harada? Hansı
işdə? Bu şəhərdə iki gözü
sağ olanlar düz-əməlli iş tapa bilmir. Sənətini davam etdirə bilməzdi. İndi hansı
rejissora bir gözü
kor aktyor gərəkdir?
Heç kimə.
Sonralar dostları
zarafatla deyərdilər
ki, “Səni ancaq dəniz qulduru” obrazına çəkmək
olar. İnciməzdi
qətiyyən. Axı dostları onun
hər şeyi idi. Bütün
varlığı idilər. Gör
neçə ildir bir yerdədirlər.
Şükür yaradana. Uşaq evində olarkən bağban
İdris babadan öyrəndiyi pinəçilik dadına çatdı. Elə illərdir
kirayə yaşadığı binanın tinindəki çoxdandır boş
qalmış kiçik dükanda işə başladı. Dostları yenə də onun üçün hər
bir hazırlığı gördülər. Bütün varlığı ilə bağlandı
işinə. Çox vaxt günortalar da gəlməzdi
evə. Kiçik radiosunda ədəbiyyata, incəsənətə
aid xəbərləri
dinləməkdən yorulmazdı.
Az müddət içində xeyli
müştəri topladı. İstər əl qabiliyyətinə, istərsə də müştərilərlə
xoş rəftarına, işini səliqəli
gördüyünə görə
hamı ona hörmət edirdi. Tədricən həyat öz axarına
düşdü. Qazancı da pis olmurdu.
Artıq özünü dostlarına yük hesab etmirdi. Əlil
kimi maşın veriləndə gizlicə
ağlamışdı. Həmişə
maşın arzusunda olmuşdu. İndi
maşını vardı, amma gör bir nəyin bahasına
qazanmışdı onu?!
Təxminən
üç il əvvəl otaq
yoldaşı Kamilin təklifinə heç kim yox demədi.
Əslində, bu,
hamının ürəyincə idi. Kamil
qaldıqları evdə yaşca hamıdan böyük idi. Hamını qayğısına
qalır, evin bütün problemlərini həll edərdi.
Uşaqlar ona zarafatla “evin ağsaqqalı” deyərdilər.
O da onlar
kimi uşaq evində böyümüşdü. Heç kimi yox idi bu həyatda. Kamilin təklifi
ilə bayramlarda
uşaq evlərində, qocalar və kimsəsizlər
evində bayram tədbirləri təşkil etməyə başladılar. Tezliklə
onlara qoşulan gənclərin sayı artdı. İncəsənət universitetinin tələbələri
və digər könüllü gənclər bu işə
ürəklə qatıldılar. İlk dəfə
Kamilin yeni il bayramında ona uşaq evinə Şaxta baba kimi
getmək təklifinə əvvəlcə gözünə görə yox dedi,
uşaqları qorxutmaq istəmədi. Amma
dostları razı saldılar onu. Birinci dəfə
çox sıxılırdı. Ona elə gəlirdi ki,
uşaqlardan hansısa ona “eynəyini niyə
çıxartmırsan?” deyəcək. Sonradan bu sıxıntı tamamilə keçdi. Hətta
sonrakı illərdə hər ilin sonu yaxınlaşanda
Şaxta Baba olmağa dostlarından daha çox o tələsərdi.
Uşaqlarla hər görüşdən ayrılanda özünü daha güclü hiss edirdi. Uşaqların
üzündəki sevinci, onların qəhqələrini
görəndə elə xoşbəxt olurdu ki...
Növbəti
yeni il yaxınlaşanda Kamil qrupun fəaliyyətini
genişləndirdi. O ili ilk dəfə olaraq Kamilin təklifi ilə yeni il gecəsi evlərə
sifarişlə Şaxa Baba kimi getməyə başladı.
Kamil bu işi
də düzüb qoşmağı bacardı. Əlaqələr
genişləndikcə sifarişlər də çoxaldı.
Bu il dəstəyə
daha bir neçə Şaxta Baba da qoşuldu.
Əslində, onun üçün bu təkcə gəlir məsələsi
deyil, sənət
məsələsi idi. Axı o, aktyor
idi. Gözünü itirməsəydi, indi, bəlkə
də, tələbə yoldaşları kimi kinoda, serialda çəkilirdi. Amma buna da şükürlər olsun. Hər dəfə
çağrıldığı evdə balacaları sevindirə biləndə
özünü xoşbəxt hesab edirdi. Bir dəfə evdəki
balaca bir qız onun boynuna sarılaraq
ağlamışdı əməlli-başlı. Onun getməsini istəməmişdi. Hələ
də o balaca qızı unuda bilmirdi.
Atılan fişəngin səsinə diksindi. Göy
üzü bir anda nura bələndi. Kimsə
tələsmişdi, deyəsən. On iki
tamama xeyli vardı. Əlindəki siqaretin
kötüyünü zibil qabına atıb getməyə tələsdi.
Binaların arasında yer olmadığından
xeyli aralıda saxlamışdı maşını.
Yolunu qısaltmaq üçün sökülməkdə olan
həyət evlərinin arasından getməyə qərar verdi. Əslində, bunlara ev deməyə adamın dili də
gəlmirdi. Yarıuçuq, soyuqdan bir-birinə
qısılımış adamları xatırladırdı bu
evlər. Bu küçənin yarısı artıq söküldüyündən buralarda
yaşayış olduğuna adam inana bilmirdi. Çox guman ki,
tezliklə bunlardan da əsər-əlamət qalmayacaqdı. Papağını və saqqalını
çıxardı. Bu günlük lazım olmayacaqdı. Eynəyini
alnına qaldırdı. Belə
küçələrdə, adətən, yiyəsiz itlər
dolaşırdı. Odur ki, gözünü “iki” elədi. Qarşıdakı kiçik daxmanın pəncərəsindən
süzülən şam işığı ona qəribə gəldi bu bayram axşamı.
Ürəyində “romantika” deyə düşünərək gülümsədi. Əslində, daxmanın miskin görkəmi bu bayram
əhval-ruhiyyəsinə heç düz gəlmirdi. Köhnə taxta qapı suvağı qopmuş
divarlara tam yaraşırdı amma. İçəridən
işıq süzülməsəydi, burda insan yaşadığına
inanmazdı. İçəridən gələn
uşaq səsinə istər-istəməz qulaq kəsildi.
Deyəsən, ağlayırdı. Azacıq aralı qapı və sınıq-salxaq pəncərə
içəridəki səsi saxlaya bilmədiyindən səsi
elə olduğu kimi “küçəyə
ötürürdü”.
- Bax
oğlum, sən indi durub yeməyini yesən atan da tezliklə
gələcək.
- Yox. Yemirəm. Mən ancaq atamı
istəyirəm. Bəs deyirdin bayramda gələcək?
- Dedim
axı gələcək. Bir az yolu
uzaqdır. Az qalıb. Lap az.
- Mən
indi istəyirəm. İndi gəlsin..
Bir neçə saniyəlik sakitlik yarandı.
- İndi durub yeməyini yesən, səhər səninlə
şəhərə çıxarıq. Bulvara da gedərik.
Şaxta baba bilsə
ki, sən yeməyini yemisən səninlə şəkil
çəkdirər, hədiyyə verər. Şaxta
baba atanı tanıyır.
Yenidən sakitlik yarandı. Deyəsən, uşaq
ağlamağını kəsmişdi. Ola bilsin,
Şaxta baba söhbəti ağlına
batmışdı.
“Görəsən. bu bayram axşamı hardadır bu
uşağın atası? Niyə bu evin
işığı yoxdur, görəsən? Qonşularda yanır
axı?” Beynində
yaranan suallardan sıxıldı. Ayaqları
getmirdi. Qapının arxasında çox dayana bilməzdi.
İlk dəfə idi
ki, əsl Şaxta baba olmanın zamanı gəlmişdi,
deyəsən. Yadına uşaq evində keçirdiyi ilk yeni il bayramı düşdü bu dar macalda. O axşam Şaxta
babanın ona verdiyi kiçik tankı hələ də
saxlayırdı. Snayper gözündən vuranda belə, o tank cibində idi. Deyəsən,
bu evdə nəsə yerində deyil. Ola bilsin,
uşağın atası heç bu axşam gəlmədi evə! Bəs onda bu balaca?
Qəfildən qərarını verdi.
Yüyürərək küçənin tininə
çıxdı. Maşına doğru qaçdı.
Tanıdığı ən yaxın marketlərin
birinin qarşısında düşdü maşından.
Marketdəkilər ona qəribə
baxırdılar. O anda onun üçün Şaxta baba
kimi bazarlıq etməyin ləzzəti başqa idi. Əlinə keçən şirniyyatı,
oyuncaqları doldururdu arabaya. Hələ
üstəlik, kiçik yolka da almağı unutmadı.
Marketdən çıxan kimi maşına
sarı qaçdı. Tələsirdi.
Elə bil o evdə ən əzizini qoymuşdu.
Yadına yaxşı xatırlaya bilmədiyi atası
düşdü. Atası
heç vaxt ona hədiyyə almamışdı. Bəlkə də, almışdı, amma o,
xatırlaya bilmirdi. Kaş indi atası
yanında olaydı. Heç vaxt belə
arzulamamışdı atasını. Hətta uşaq evində olanda bəzi
uşaqların ataları arabir övladlarını görməyə
gələndə belə indiki kimi arzulamamışdı.
Marketdən çıxanda necə dolmuşdu, İlahı!
Bir himə bənd idi...
Bu dəfə maşını küçənin tinində
saxladı. Yük yerində gündüzdən axşamkı
bayrama elədiyi bazarlığı da götürdü.
Hər iki əli dolu yaxınlaşdı
bayaqkı qapıya. Qapının önündə
bığını-saqqalını,
eynəyini düzəltdi. Bayaqdan özünü necə təqdim
edəcəyini heç fikirləşməmişdi.
Çətini elə burası idi. Axı onu dəvət edən olmamışdı.
Qapını döydü. Ürəyi şiddətlə
çırpınmağa başladı. Həyacandan
əli əsirdi. Deyəsən, eşitmədilər. İkinci dəfə döydükdə
qapının arxasından “kimdir?” sualı eşidildi. Özünü itirdi.
Cavab verməyə macal tapmamış
“atamdır” deyə qapını açan uşaq Şaxta
babanı görəndə duruxdu. Bilmədi
Şaxta baba olduğuna sevinsin, yoxsa atası
olmadığına görə heyfisilənsin.
- Sizə kim lazımdır? - Deyəsən, ev
sahibi təəccübləmişdi əməlli-başlı.
- Gecənin bu vədəsində qapının önündə
əlidolu Şaxta Babanı kim görsə, təəccüblənərdi
də.
- Mən
Şaxta babayam.
-
Görürəm. Kimi axtarırsınız?
- Əslində, heç kimi. Daha doğrusu, mən
könüllü Şaxta babayam.
- Axı
biz Şaxta baba sifariş etməmişik. Bəlkə,
səhv gəlmisiniz?
- Dedim
axı, mən könüllü Şaxta babayam. Biz uşaqları sevindirmək üçün
evlərə gedirik. Mənə də bu ev düşüb, -
öz yalanına özü də inandı, az qala.
- Bizim
ünvanı sizə kimsə verib?
- Yox,
xanım. İcazə verin içəri
keçim. Sonra başa salaram.
- Buyurun. Heç nə başa düşmədim, amma.
- Ana, qoy
keçsin. Şaxta baba, mənə nə gətirmisən?
- Hər
şey. Əvvəlcə gəl tanış
olaq.
Balaca ilə
dil tapmaq çox
çəkmədi. Uşağın
sevinci, qəhqəhəsi bir anda otağı doldurdu. Birlikdə yolkanı qurdular. Oyuncaqlarını
asdılar. Amma işıq olmadığından
ulduzları yandıra
bilmədilər. Torbasından
çıxartdığı oyuncaqları evin
ortasındakı köhnə xalçanın üstünə tökəndə
uşağın gözləri kəlləsinə
çıxdı.
Başını qaldıranda mətbəxin
qapısına söykənmiş evin sahibəsini
gördü.
Gəlin gözləri
yaşarmış, əlini isə ağzına
tumuşdu. Başı ilə uşağı göstərib
“olmaz” işarəsini
verdi. Vəziyyətdən çıxmaq
üçün içməyə su istədi. Gəlin
su üçün arxadakı otağa keçəndə tez gətirdiyi
bazarlığı stolun üstünə
boşaltdı. Əlində su ilə qayıdan gəlinin etiraz dolu baxışlarına sualla cavab
verdi:
- Niyə
işığınız yoxdur? Qonşularda
yanır axı.
- Borca
görə kəsiblər. İki gündür.
-
Başqa kimsə yaşamır bu evdə? Elə ikinizsiniz təkcə? -
Heç özü də bilmədi bu sualı niyə verdi?
- Hə,
ikimiz. Yeddi aydır ikimizik artıq.
- Bəs
atası?
- Apreldə
şəhid olub. Tərtər tərəfdə.
Zabit idi. Yeddi aydır hər
gün aldadıram atan gələcək deyə. Şəhid olduğunu bilmir. Əvvəllər
inanırdı. İndi hər gün
soruşur. Bilmirəm nə deyim? -
Qadın ağlamsındı.
- Nə vaxta qədər aldadacaqsan? Əksinə, şəhid olduğunu bilib bir
ömür fəxr etsə yaxşıdır. Məni Allah saxladı. - Eynəyini çıxardaraq
gözünü
göstərdi.
- Deyə
bilmirəm.
-
Başqa kimsəniz yoxdurmu bu şəhərdə? Niyə
bayram günü ikilikdə qalmısınız bu işıqsız evdə? Nənəsi,
babası yoxdumu bu uşağın?
- Yoxdur. Heç kimimiz yoxdur. Nə bu
şəhərdə, nə də başqa yerdə. Hər ikimiz
uşaq evində
böyümüşük. Ordan tanıyırdıq
bir-birimizi. Yaxşı insan idi. Heyif ondan.
Susdular.
Təsadüfə bax, ilahi. Qaçmaqla
deyil ki... Görəsən, bu şəhərdə
nə qədər oxşar taleyi yaşayan insanlar var?
Çay süfrəsi ətrafında uşaqla əməlli-başlı
dostlaşdı. Söhbətləri alınırdı.
Balacanın suallarına o ki var güldü. Necə də şirin, istiqanlı uşaq idi. Ondan olsaydı, heç getməzdi bu evdən. Balaca hələ
də Şaxta babanın
qucağında oturduğuna
inanmırdı. Tez-tez altdan yuxarı ona baxır, əli ilə xəlvətcə
saqqalına toxunurdu.
Getmək vaxtı çatanda balaca qollarını
boynundan ayırmaq bilmədi.
- Şaxta baba, getmə. Bu gecəni bizdə
qal. Bax yeməyimizi yesək, anam bizi səhər
gəzməyə aparacaq. Nooolar getmə.
Atam gələndə səni onunla tanış
edəcəm. O, erməniləri öldürüb gələcək.
Sən mənim atamı tanıyırsan, Şaxta
baba?
- Əlbəttə, tanıyıram. Sənin atan əsl qəhrəmandır.
Uşağın
üzündəki ifadəni görəndə öz yalanından xoşu gəldi.
- İndi getməliyəm. Başqa uşaqlar mənim yolumu gözləyir. Axı onların da hədiyyəsi var. Səhər gələcəm. Mütləq gələcəm. Söz verirəm. Birlikdə gedərik gəzməyə. Oldumu?
- Oldu. Gözləyəcəm. Gəl ha..
Qapıdan çıxanda gözü divardan asılmış leytenantın şəklinə sataşdı. Gözləri doldu. Nə yaxşı eynək vardı. Balaca görmədi gözlərinin yaşardığını.
Küçədə telefonuna baxdı. Səssizdə imiş. Dostları dəfələrlə zəng etmişdilər. Onlara demədiyinə görə özünü qınadı. Düz etməmişdi. Gec idi artıq. Saat 3-ə qalırdı. Artıq evə getməyə həvəsi qalmamışdı. Yəqin, hamısı yatıblar, deyə düşündü. Maşına oturaraq bulvara tərəf istiqamət aldı. İçində sözlə ifadə edilməyəcək bir xoşbəxtlik vardı. Heç vaxt belə olmamışdı. Heç vaxt Şaxta baba olmağın sevincini bu qədər yaşamamışdı. Yadına balaca dostu düşdü. Sabah 11-də görüşəcəkdilər. Kamilə mesaj yazaraq sabahkı tədbirə qatıla bilməyəcəyini bildirdi. İndi sabaha onun daha vacib tədbiri var idi. Səhərə çox qalırdı. Darıxdı balaca üçün. Hava elə gözəl idi ki...
525-ci qəzet 2018.-
18 avqust.- S.21;23.