Ana dilimiz - milli
varlığımızın dönməz təsdiqi
"Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın
dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti
səviyyəsinə qaldırmaq xalqın qabaqcıl
adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində
mümkün olur" - belə demişdi bir zamanlar Ümumilli
Lider Heydər Əliyev. Bu sözlərinə
ilk əməl edən, canlı nümunə isə məhz
özü idi. Onun hələ Sovet
İmperiyasının ən güclü dövrlərində
ana dilimizin - Azərbaycan dilinin yaşadılması və təbliği
uğrunda apardığı mübarizə, gördüyü
işlər saysız-hesabsızdır.
Bu siyasətin əsası hələ 1970-ci ildə Heydər
Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubiley tədbirində
məhz Azərbaycan dilində çıxışı ilə
qoyuldu. Bu təşəbbüs
çox tez bir zamanda öz bəhrəsini verdi,
çıxışdan az keçməmiş dilimiz dövlət
əhəmiyyətli tədbirlərə yol açdı.
1978-ci ildə ilk dəfə olaraq Azərbaycan SSR-in
Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi qəbul
edilməsi haqqında maddə daxil edildi. Söhbət
uzun illər dünyanın böyük bir hissəsində at
oynatmış, repressiya rüzgarları əsdirən
SSRİ-nin hələ gücünü itirmədiyi,
hegemonluğu əlində cəmləşdirdiyi dövrdən
gedir. Əlbəttə, belə bir imperiyanın hakimiyyəti
altında o dövr üçün buna nail olmaq çox
müşkül və mümkünsüz bir iş idi. Ancaq
bütün həyatını Azərbaycan xalqının, Azərbaycan
dövlətçiliyinin müstəqilliyinə,
azadlığına, milli-iqtisadi-siyasi inkişafına həsr
etmiş Heydər Əliyev böyük uzaqgörənliyi, qətiyyəti,
cəsarəti, möhkəm iradəsi, siyasi mətinliyi sayəsində
bütün çətinliklərə, maneələrə
baxmayaraq, buna nail oldu. Bu, Heydər Əliyevin xalqımız,
dövlətimiz qarşısında daha bir misilsiz xidməti
idi!
Hələ əsarət dövründə heç bir təzyiqlərə
baxmadan, dövlətçiliyin və dilin qorunub saxlanması
üçün mühüm işlər görən, önəmli
layihələr həyata keçirən bir Liderin müstəqillik
illərində bunu genişləndirəcəyi və daha
yüksək həddə çatdıracağı
şübhəsiz məlum idi. Və belə də
oldu.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin
müəyyənləşməsində ulu öndərin
müstəsna xidmətləri var. Dövlət müstəqilliyini
qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi
ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar
imzalandı.
Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə
hər kəsin Ana dilindən istifadə etmək, istədiyi
dildə tərbiyə və təhsil almaq,
yaradıcılıqla məşğul olmaq hüququ təsbit
olunur. Konstitusiyamıza görə, heç kəs Ana
dilindən istifadə hüququndan məhrum edilə bilməz.
18 iyun
2001-ci il tarixli "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında"kı fərmanında
deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən
incə çalarlarınadək olduqca aydın bir şəkildə
ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki
incəlikləri bütünlüklə ifadə etmək
kamilliyinə yetişə bilməsi üçün hər
hansı xalqlardan bir neçə minillik tarixi yaşaması
lazım gəlir".
2002-ci il
30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət
dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan
dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni
özünümüdafiə ehtiyaclarının ödənilməsi
istiqamətində daha bir addımdır.
Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan
xalqı həqiqətən də dünyanın ən qədim
xalqlarından biridir. Ümummilli lider boşuna demirdi axı millətin
milliliyini saxlayan onun dilidir. Məhz bu fikrin növbəti təsdiqidir
ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər
Akademiyasının illik ümumi yığıncağında
nitq söyləyərkən qətiyyətlə bildirdi:
"Ana dilimizi yad təsirlərdən qorumalıyıq!"
Bəs hardan gəlir bu fikirlər? Hansıdır
o yad təsirlər?
Tarixə qısa nəzər salmaq kifayət edir ki,
xalqımızın, dövlətçiliyimizin və ana
dilimizin əsrlərdən üzü bəri
qarşılaşdığı ayrı-ayrı təzyiqləri,
sıxıntıları, əsarəti bir daha xatırlayaq.
Tarixin müəyyən dövrlərində dilimiz də
düşmən qüvvələrin təzyiqinə, təcavüzünə
məruz qalıb, lakin xalqımız milli birliyi, milli
qüruru sayəsində dilini qorumağa müvəffəq
olub. Bu işdə görkəmli
sərkərdələrin, dövlət xadimlərinin xidmətləri
az olmayıb. Məsələn, Şah İsmayıl Xətai
dövlətinin parçalanmaması, vahid bir dövlət kimi birləşməsi, Azərbaycan
dilinin isə dövlət dili elan olunması uğrunda
mübarizə aparmış və buna nail olmuşdu. O,
yalnız dövlət səviyyəsində, rəsmi orqanlarda
deyil, eləcə də bir şair kimi poeziyada, ədəbiyyatımızda
da dilimizin təəssübünü çəkmişdi.
***
Dilin yazıdakı əksi əlifbadır. Çox təəssüf
ki, tarix boyu dilimizə onun yazısında da zərbələr
vurulmuş, başqa-başqa əlifbaların tətbiqinə
məruz buraxılmış, özünün yazı
variantında bir sıra dəyişimlərlə
qarşı-qarşıya qoyulmuşdu.
Tarixi faktlar sübut edir ki, bu xalqın hələ ta qədimdən
yazı mədəniyyəti olmuş, xüsusi əlifbaya
sahib olmuşlar. Məsələn, Qobustan və Gəmiqaya
təsvirləri, həmçinin epiqrafik abidələr
xalqımızın dünya siviliziyasına bəxş etdiyi
nadir töhfələrdəndir. İlk dövlətlərdən
biri olmuş Qədim Mannada yerli yazı növü ilə
yanaşı, heroqliflərdən də istifadə olunub.
Ulu əcdadlarımız sayılan albanların
52 hərfdən ibarət əlifbası vardı.
VII əsrdən etibarən bu ərazilərdə
İslam dininin yayılması ilə əlaqədar ərəb
əlifbasından geniş istifadə olunduğundan, əsrlər
boyu ərəb dili din, elm və təhsil dili rolunu oynayıb. Ancaq bizə
tamamilə yad olan ərəb əlifbası dilimizin səs
sistemini tam mənası ilə əks etdirə bilmədiyindən
əsrlər sonra, daha konkret 18-ci əsrdə bir sıra
mütərəqqi maarifçi ziyalılar tərəfindən
etirazla qarşılaşdı. Mirzə Fətəli
Axundzadə başda olmaqla, ziyalılar əlifba islahatları
ideyalarını irəli sürsələr də həmin
dövr üçün bunu həyata keçirə bilməmişdilər.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı
ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan
(türk) dili üçün latın
qrafikalı əlifba tərtib etmək
tapşırığı verildi. Bu yeni əlifbaya
keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.
1923-cü
ildən isə etibarən latın
qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi.
1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq
Türkoloji Qurultayın tövsiyəsinə əsasən
1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda
kütləvi şəkildə latın qrafikalı əlifba
tətbiq edildi. Bu hadisə Azərbaycanda
savadsızlığın ləğv olunmasında
mühüm rol oynadı. Lakin Sovet
İmoeriyası hər zaman bu xalqın öz türk
soykökünü unutdurmağa, onu öz keçmişindən
şüurlu şəkildə qoparmağa
çalışıb. Çünki o,
eyni soykökdən gələn millətlərin bir gün ona
qarşı birləşəcəyindən həmişə
qorxub. Onları bir-birindən ayrı salmaq
siyasəti təbii ki, özünü ən yaxşı
şəkildə dildə, əlifbada göstərə bilərdi.
Həmin dövrdə Türkiyə Cümhuriyyətində də
latın qrafikalı əlifbaya keçilməsi
və bunun nəticəsində SSRİ-də və xaricdə
yaşayan türk xalqları arasında mədəni əlaqələrin
güclənməsi qorxusu imperiyanın rəhbərliyində
Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi
planlarını yaratdı.
1940-cı
il yanvarın 1-dən kiril əlifbasına
keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin
fonetik səs sisteminə uyğunlaşdırılması
üçün Azərbaycan kiril qrafikasında müəyyən
dəyişikliklər aparıldı. Yarım
əsrdən çox bir müddət ərzində kiril
qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin
qiymətli nümunələri yaradıldı. Azərbaycan
öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra latın qrafikalı Azərbaycan əlifbasının
bərpası üçün tarixi şərait yarandı.
Nəticədə
1992-ci ildə latın qrafikalı Azərbaycan
əlifbasının tətbiqi barədə Qanun qəbul
olundu. 2001-ci ildə isə latın
qrafikalı Azərbaycan əlifbasına keçid başa
çatdırıldı. Latın əlifbasının tətbiqinin
dövlətimizin siyasi həyatında, yazı mədəniyyətimizin
tarixində mühüm hadisə olduğunu nəzərə
alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzaladı. Fərmana əsasən avqustun 1-i Azərbaycan
Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan
dili Günü elan edildi. Bu hadisə dil
tarixində əlamətdar və önəmli hadisəyə
çevrildi.
Azərbaycan Respublikasının Prezidenti, cənab
İlham Əliyev də atasının yadigar qoyduğu bu dəyərlərə
yüksək şəkildə sahib çıxdı, onun
açdığı bu cığırla əmin
addımlarla addımladı. O, atasının "Dil hər bir
millətin milliliyinin əsasıdır. Ona
görə də hər bir gənc öz ana dilini, müasir
Azərbaycan dilini ən incəliklərinə qədər
bilsin və bu dildən istifadə etsin. Biz
müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət
dili etiyimiz kimi, cəmiyyətimizdə də,
xalqımızın içində də Azərbaycan dilini
mütləq hakim dil etməliyik"- fikirlərini rəhbər
tutaraq bu siyasəti uğurlu şəkildə davam etdirir.
Hələ
hakimiyyətinin ilk illərində Azərbaycan ədəbiyyatını,
azərbaycanlı düşüncəsini əks etdirən
sanballı əsərlərin latın
qrafikasında yenidən nəşr edilməsi məhz
İlham Əliyevin təşəbbüsü ilə baş
tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də
imzaladığı "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"kı sərəncamı həm
də əlifba ilə bağlı problemləri tamamilə həll
etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin
latın qrafikasına keçirilməsi
baş tutdu. Dövlət başçısının
sonrakı sərəncamlarında isə 150 cildlik
"Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik
"Dünya uşaq ədəbiyyatı kitabxanası",
100 cildlik "Azərbaycan ədəbiyyatı
kitabxanası" seriyasından olan yeni nəşrlər
respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat
fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata
keçirdiyi mühüm və uğurlu tədbirlərdən
biri də 2004-cü il 13 yanvar tarixində
imzaladığı "Azərbaycan milli
ensiklopediyasının nəşri haqqında"kı sərəncam
oldu. Bu sərəncamların nəticəsində
qiymətli kitabların çapı mənəvi xəzinəmizin
zənginləşməsində mühüm rol oynadı.
O, əbəs yerə demirdi ki, "Bizi millət kimi qoruyub
saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".
Bakı
Dövlət Universitetinin müəllimi, filologiya üzrə
fəlsəfə doktoru, dosent Sevinc Hüseynli ilə Azərbaycan
dilinin bugünkü durumu, onun orta və ali
təhsil ocaqlarında tədrisi, dilimizə dövlət
qayğısı kimi məsələlərlə
bağlı söhbətimizdə onun timsalında bir çox
ziyalılarımızı narahat edən problemlərdən də
agah olduq. Müstəqillik illərimizdə dilimizə dövlət
qayğısının ən yüksək səviyyədə
olduğunu vurğulayan Sevinc Hüseynli son dövrlərdə
orta məktəblərdə Azərbaycan dilinin tədrisindən
gileyləndi: "Orta məktəblərdə Azərbaycan
dili və ədəbiyyatı fənninin tədrisindən
çox narazıyam. Bunu təkcə müəllim
kimi deyil, həm də bir valideyn kimi deyirəm. Əvvəlki dövrlərlə müqayisədə
çox çatışmazlıqların şahidi oluruq.
Əvvəllər fənn dərslikləri də,
tədrisin səviyyəsi, uşaqların imla yazmaq
bacarığı daha yüksək idi. Ancaq
indi bir sinifdə orta hesabla götürsək, 25-30 nəfər
şagird təhsil alır, onun cəmi 4-5 nəfəri balaca
bir mətni qrammatik cəhətdən doğru, düzgün
yazırlar. Öz qızım şagirddir, bundan əlavə
Bakı Dövlət Universitetində hər il
tələbələrimizi orta məktəblərə təcrübəyə
aparanda onların tədris metodlarını görürəm
və məni qane etmir. Fikrimcə, test üsulu
ilə dil tədris etmək, dilin incəliklərini
uşaqlara aşılamaq qeyri-mümkündür. Bu fikirlərimi elə ədəbiyyat fənninə
də şamil edirəm".
Sevinc
Hüseynli ali məktəblərdə
dilin tədrisini isə Bakı Dövlət Universitetinin
timsalında bəyəndiyini dedi: "Təbii ki, mən təhsil
aldığım, işlədiyim Bakı Dövlət
Universiteti haqqında danışa bilərəm. Özüm müasir Azərbaycan ədəbiyyatını
tədris etsəm də, vaxtaşırı Azərbaycan dili dərslərində
də oturur və müəllimlərimizin dərslərini
dinləyirik. Burada mükəmməl,
çox yüksək səviyyədə tədris
aparılır. Ancaq orta məktəbdə
uşaqlara tam şəkildə keçilmədiyindən əksər
tələbələr bunun əziyyətini çəkirlər.
O ki
qaldı dövlətimizin dilə qarşı münasibətinə,
buna Ulu Öndərimizin sözləri ilə cavab verə bilərəm,
mən fəxr edirəm ki, mən azərbaycanlıyam! Dövlətimizin dil siyasəti ilə nəinki
razıyam, hətta bütün varlığımla dəstəkləyirəm.
Dilimizə olan hörmət, məhəbbət əvvəlki
dövrlərlə müqayisədə çox artıb.
Əvvəllər adi məişətimizdə
öz torpağımızın övladları bizimlə rus
dilində danışardılar. Amma indi burda
yaşayan ruslar və qeyri millətlərin nümayəndələri
bacardıqları qədər Azərbaycan dilində
danışmağa çalışırlar. Əlbəttə, onların mənim ana dilimdə
danışmağı mənə qürur yaşadır.
Başda cənab prezidentimiz olmaqla dövlətimizin
dilimizə olan qayğısını, diqqətini,
yürüdülən siyasətin öz müsbət nəticəsini
hər yerdə görür və duyuruq.
Bu siyasət həmçinin, ədəbiyyatımızın
dilə münasibətində də öz təsirini göstərir. Müasir
yazarlarımızın dilə olan məhəbbəti, dilin
incəliklərini öz əsərlərində əks etdirməkləri
təqdirəlayiq haldır. Hətta rus
dilli, rus təhsilli yazarlarımız da öz dilində
yazmağa və danışmağa üstünlük verirlər.
Ədəbiyyatımızın zənginləşməyi,
milli-mənəvi dəyərlərin, əxlaqi-saflığın,
vətənpərvərlik duyğularının əsərlərdəki
əksi də bilavasitə gənclərimizi ana dilimizi sevməyə
və dərindən öyrənməyə yönəldən
amillərdəndir".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 1 avqust.- S.7.