Dünyanın ən qədim eşq
şeiri
İSTANBUL ARXEOLOJİ
MUZEYLƏRİNİ ZİYARƏT EDƏRKƏN
Bəşər sivilizasiyasının ilk ocağı olan Şumer mədəniyyəti müxtəlif sahələrə, ədəbiyyat və sənət nümunələrinin ən qədim örnəklərinə sahib olması ilə səciyyələnir.
Dünyanın ən qədim eşq şeiri də bu zəngin mədəniyyət abidələri arasındadır. Miladdan öncə XVIII əsrə aid olan, 4000 illik tarixə
malik şeir mixi yazı ilə yazılmışdır.
Əsər İstanbul Arxeoloji Muzeylərinin "Eski Şark
Eserleri" - "Qədim Şərq əsərləri"
bölümündə sərgilənir. Bir milyondan artıq
eksponatı təqdim edən muzey dünyanın ən
böyük muzeyləri arasında özünəməxsus
yer tutaraq Türkiyənin muzey kimi inşa edilən ən qədim
binası olması özəlliyini də
daşımaqdadır. Burada təqdim edilən əsərlər
arasında dünya sivilizasiyasının ilk örnəkləri
də xüsusi yer tutur. Muzeydə Anadolu və Mesopotomiyadan
Ərəbistan yarmadası və Əfqanıstana qədər,
Balkanlardan Afrikaya kimi Osmanlı İmperiyasının hakimiyyəti
altında olan ərazilərdə tapılan, burada yaşayan
xalqların mədəniyyətinə aid əsərlər sərgilənir.
Qədim Şərq əsərləri muzeyi, Çinli
köşkü muzeyi və Arxeoloji muzey kimi üç
bölmədən ibarət kompleks İstanbulun həm yerli
sakinləri, həm də xarici turistlər tərəfindən
ən çox ziyarət edilən muzeylərindəndir.
Muzeyi
ziyarət edərkən tarixin qədim izlərini
müşahidə etmək, əsrlərin mühafizə edib
zamanımıza ötürdüyü sənət əsərlərini
canlı şəkildə görmək onları daha ətraflı
araşdırmaq, öyrənmək duyğusu oyadır.
Ən qədim
eşq şeirini ifadə edən mixi yazı nümunəsi
1889-cu ildə İraqın Bağdat şəhərinə 150
km məsafədə yerləşən, tarixən şumerlərə
məxsus Nippur ərazisində tapılmışdır.
Filadelfiya Universitetinin professoru Hilpreçtin aşkar etdiyi həmin
abidə arxeoloji qazıntılar aparılan məkanın
sahibi olan Osmanlı hökumətinə təhvil
verilmişdir. 70 min lövhə arasında Şumer kralı və
kraliçası arasındakı həqiqi sevgini ifadə edən
eşq şeiri də diqqəti cəlb etmişdir.
Abidə
1951-ci ildə ABŞ-lı şumeroloq Samuel Noah Kramer tərəfindən
deşifrə edilmiş və ingilis dilinə tərcümə
olunmuşdur. İstanbulun məşhur muzeyində mühafizə
edilən şeir Türkiyənin şumeroloq alimi Muazzez
İlmiyə Çiğ tərəfindən türk dilinə
də çevrilmişdir. Muazzez İlmiyə
Çiğın Şumer, Akkad və Hitit mətnlərinin təsnif
edilməsi və arxivin yaradılmasında misilsiz rolu
olmuşdur. Şumeroloq xanım muzeydə
çalışdığı 31 il boyunca həmkarları ilə
birlikdə 74000 eksponantdan ibarət mixi yazılı abidələrin
toplanması, sərgilənməsi və kataloqunun
hazırlanmasında əsaslı işlər
görmüşdür. Məşhur şumeroloq Kramerin
"History Begins at Sumer" kitabını da Muazzez İlmiyə
Çiğ "Tarih Şümerlerle Başlar" adı ilə
türk dilinə tərcümə etmişdir. Şumer və
Hitit mədəniyyətinə aid 13 kitabın müəllifi
olan alim ən qədim eşq şeirinin də Türkiyə
türkcəsinə tərcüməsi ilə türk
dünyasını sevgini ifadə edən ilk yazılı
şeir örnəyilə tanış etdi.
Şumer
mədəniyyətinə aid əsərin ən qədim
eşq şeiri olması Ginnesin Rekordlar Kitabına da daxil
edilmişdir. Dünyanın ilk eşq məktubunu əbədiləşdirən
lövhə həm şeir, həm də nəğmədir.
Şeir
tableti muzeydə 2461 nömrəsi altında qeyd olunmuşdur.
Eksponantın yerləşdiyi guşə miladdan öncə
2351 və miladdan sonra 175-ci illəri əhatə edən
"Maraqlı mövzulu mixi yazılı sənədlər"
arasındadır. Bu guşənin böyük önəmi
dünya tarixinin ən qədim örnəklərini sərgiləməsidir.
Burada eşq şeiri ilə yanaşı, vurma cədvəli,
məktəb tableti, kiçik həcmli, qısa iş məktubları,
kadastr mətni, ev satın alma ilə bağlı qanun sənədi,
nişanı pozan kişi haqqında məhkəmə qərarı,
müqəddəs evlənmə törəni, atalar sözləri
kitabı, Hammurapi qanunu, Asur kralları siyahısı, zəhərlənmə
ilə bağlı tibbi bir resept, cinayətlə əlaqədar
məhkəmə qərarı, möhür, gözmuncuğu,
bədirlənmiş ayla bağlı bir tablet təqdim olunur.
Həmin eksponatlar tarixin qədim yaddaşına bələdçilik
etməklə şumerlərin də qədim və zəngin
tarixi, arxeoloji, ədəbi-mədəni ənənələrindən
xəbər verməkdədir. Qeyd etmək lazımdır ki,
bu guşə muzeyə gələn ziyarətçilərin ən
çox seyr etdikləri, şəkil çəkdikləri, hər
bir eksponantı öz şəxsi kameralarına
köçürdükləri hissədir.
Ən qədim
eşq şeirini mühafizə edən eksponantın
kiçik bir hissəsi qırılsa da, demək olar ki,
yaxşı formada zamanımıza gəlib
çatmışdır. Şeir və eyni zamanda, nəğmə
kimi bilinən əsər "müqəddəs evlilik"
(hieros gamos) ayini zamanı söylənilməsi nəzərdə
tutulan nəzm nümunəsidir. Bu ayin Şumer inancları ilə
bağlı idi. Bu inanca görə torpaqların məhsuldar
olması, eyni zamanda, doğumun inkişafı, artımın təminatı
üçün hökmdarın ildə bir dəfə
İnannanın rahibələrindən biri ilə evlənməsi
müqəddəs vəzifə hesab edilirdi. Eşq, bərəkət,
savaş və müdriklik tanrışası olan İnanna
Uruk şəhərindəki E-Anna tapınağının
baş tanrıçası idi. Simvolu səkkizguşəli
ulduz olan İnanna sumerlərin tanrılar panteonunda önəmli
yer tuturdu. Buna görə də hökmdarın onun rahibələrindən
biri ilə evlənməsi
"müqəddəs evlilik" ayininin
formalaşmasına gətirib çıxarmışdı.
Tarixi çox qədim dövrlərə gedib çıxan bu
ayin musuqi, rəqs və şeirlərin müşayiəti ilə
ilin ilk günündə, yeni il bayramı ilə əlaqədar
icra edilirdi.
Eşq
şeiri Kral Şusin (Su-Sin) üçün seçilmiş
bir gəlinin, bir versiyaya görə, Enlil adında bir rahibənin
dilindən söylənilir. Enlil Mesopotomiyada yaşayan və
gözəlliyi ilə hər kəsi valeh edən rahibələrdən
idi. Evləndikləri gün Enlil tərəfindən krala
yazılmış eşq məktubu sarayda tezliklə məşhurlaşmış
və musiqiçilər ona nəğmə qoşaraq xalq
arasında da yaymışlar. Bizim elmi ədəbiyyatda
şeir "Canlar canı" adı ilə qeyd olunmuşdur.
Burada əsərin Muazzez İlmiyə Çiğ tərəfindən
Türkiyə türkcəsinə tərcümə edilmiş
nümunəsinə diqqət etdik.
Şeirin
məzmunundan qarşılıqlı sevginin gerçək
hissləri, bir-birinə verilən dəyər məlum
olmaqdadır:
Bəyim,
qəlbimin sevgilisi
Gözəlliyin
böyükdür,
bal kimi
şirin
Aslan, qəlbimin
qiymətlisi
Gözəlliyin
böyükdür,
bal kimi
şirin.
Bəyinin
gözəlliyi və şirinliyini tərif edən gəlin
öz sevgisi, nəvazişi, gözəlliyi, ehtirası və
qiymətini də önə çəkir:
Bəyim,
səni oxşayım
Mənim
dəyərli
oxşamalarım
baldan şirindir.
Yataq
otağı balla doludur
Gözəlliyin
mənə zövq verir.
Aslan, səni
oxşayım
Mənim
dəyərli
oxşamalarım
baldan şirindir.
Bəyim,
məndən zövq aldın.
Şeirdən
bəlli olur ki, valideynlər üçün qız
övladının səadəti çox mühüm əhəmiyyət
kəsb edir və onlar qızlarını xoşbəxt edən
kürəkənlərini qiymətləndirirlər. Bəyindən
razı olan gəlin bunu belə ifadə edir:
Anama
söylə,
sənə
gözəl şeylər verəcəkdir.
Atam sənə
hədiyyələr
verəcəkdir.
Şeirdən
şumerlərdəki ailə mədəniyyətinin
xüsusiyyətlərini də müşahidə edirik.
Qadın ərini tanrısı, qoruyucusu hesab edir. Qəlbini məmnun
edən kralından Enlil sevgi və heyranlıqla bəhs edir:
Sən məni
sevdiyin üçün
Lütf
et mənə oxşayışlarını.
Bəyim
- tanrım, bəyim -
qoruyucum.
Tanrı
"Enlil"in qəlbini
məmnun
edən "Şuşin"im
Lütf
et mənə oxşayışlarını.
Bu
kiçik həcmli, lakin məzmunlu, sevgini tərənnüm
edən şeir daşlara əbədiləşmiş
eşqin əsrlərlə ötürülmüş
yaddaşıdır. "İstanbul Arxeoloji Muzeyləri"ni
ziyarət edərkən onu yaxından izləmək, eyni
zamanda, dünyaya bəşər sivilizasiyasının ilk
örnəklərini təqdim edən Şumer mədəniyyəti
abidələrini seyr etmək insana zövq və qürur
verir.
Bəsirə
ƏZİZƏLİYEVA
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2018.- 1 avqust.- S.8.