Mənalı ömrün əbədiləşən anları

 

Son vaxtlar az qala bir oturuma maraqla oxuduğum bir kitabın - Kamil Məmmədovun  "Yaşadıqlarım" memuarlar toplusunun təsirindəyəm.

Elə adından da göründüyü kimi, avtobioqrafik səpkidə yazılmış bu kitab keşməkeşli, zəngin və şərəfli bir ömür yolu keçmiş insanın yaşantılarıdır. Oxucuya  xitabən müəllif elə bəri başdan qeyd edir: "İndi tez-tez eşidirsən ki, hamı keçmişdən yazır. Məncə, bu, yaxşı əlamətdir. Xalq keçmişini bilməlidir və bilmək istəyir. Digərlərindən fərqli olaraq, mən ahıl yaşımda kitab "yazıram". Mən ixtiyar yaşımda keçmişdə baş verən hadisələrin kiçicik bir qismini indiki nəslə çatdırmağı özümə borc bilirəm. Ələlxüsus, əgər bu "keçmiş" Azərbaycan tarixinin 1970-1980-ci illərini əhatə edirsə. Mən öz taleyimdən sizə söhbət açıram. Ümid edirəm ki, gənclər bu tarixdən özləri üçün nəsə faydalı bir şey tapsalar, özümü ən xoşbəxt insan hesab edərəm".

Əvvəlcə müəllifi oxuculara qısaca tanıdaq. Kitabın müəllifi Kamil Məmmədov əmək fəaliyyəti boyu dörd dəfə məsul vəzifəyə təyin olunan, Bakı Biskvit Fabrikinin baş mühəndisi, yeyinti sənayesi naziri, "Aqrosənaye" sədrinin birinci müavini, ən nəhayət, çörək məhsulları üzrə Dövlət Konserninin prezidenti işləmiş, 1972-1990 və 1994-1996-cı illəri əhatə edən keşməkeşli, zəngin və mənalı fəaliyyət yolunun sahibidir! Bəli, Azərbaycanımızın ən qədim yurd yerlərindən biri olan Qəbələdə dünyaya göz açan, 1942-ci ildə atasını itirən, iki böyük qardaşı müharibədə vuruşan və anasının ailədə dörd övladı ilə tək qaldığı o ağır, çətin zamanda, təbii ki, ailənin böyük övladı kimi 14 yaşında məktəbi atıb kolxozda əmək fəaliyyətinə başlayan, ot biçən, çobanlıq edən, odun satan, bir sözlə, kənd həyatına xas olan digər işləri görən zəhmətkeş insandır o! Davadan sonra isə kənddə orta məktəbi qızıl medalla bitirib, o zamankı M.Əzizbəyov adına Az.NKİ-yə qəbul olunan, rektorluğun (o zaman direktorluğun) məsləhəti ilə az miqdarda pulla Leninqradda Texnologiya İnstitutuna göndərilən, təbii ki, rus dilini alababat bilən, lakin dil səddini bircə ilə dəf edib təhsil aldığı müddətdə 33 imtahanın 32-dən yalnız "əla" alan, oxuya-oxuya ağır fəhlə həyatı yaşayıb oxuduğu ali məktəbi də fərqlənmə diplomu ilə bitirən, cəlbedici olsa da təyinatla keçmiş SSRİ-nin böyük şəhərlərindən vəzifədən imtina edib doğulub boya-başa çatdığı doğma Azərbaycana qayıdan, 50 illik əmək fəaliyyəti dövründə mühəndislikdən müəssisə rəhbərliyinə, sonra da nazir vəzifəsinə yüksəlib bu məsul postda uzun müddət fədakarcasına, işinə məsuliyyət və vicdanla yanaşan, hər zaman ədaləti meyar bilən bir şəxsiyyətin - Kamil Məmmədovun yaşadıqlarından söhbət gedir...

Kitabda müəllifin keşməkeşli olduğu qədər də zəngin və mənalı ömür yolundan bəhs edən xatirələri, vəzifəsi ilə bağlı təmasda, ünsiyyətdə olduğu insanlarla yanaşı, elə özününömür yoluna işıq salan fəlsəfi düşüncələri, yeri gələndə sözünə qüvvət kimi tarixi şəxsiyyətlərin, görkəmli adamların, filosofların, müdriklərin qanadlı fikirləri, sözləri də yer alıb.

Müəllif həyat və əmək fəaliyyətinin əsas məqamlarını, bu ömür yolunun bəzən çətin anlarında keçirdiyi həyəcan və sarsıntıları səmimiyyətlə, necə deyərlər, açıq etirafla şirin bir dildə nəql edir. Həyatında iz buraxan insanları minnətdarlıqla xatırlayır. Kimdir onlar? Əlbəttə, ilk növbədə Ümummilli liderimiz, Ulu öndər Heydər Əliyev! "Həyatda əldə etdiyim nailiyyətlərə görə mən ilk növbədə və sonsuz dərəcədə Heydər Əliyevə minnətdaram. 14 il onun rəhbərliyi altında nazir işləmək, yüksək tələblərə cavab vermək böyük məsuliyyətə tab gətirmək deməkdir. Heydər Əliyevi səhvi səhlənkarlıqdan ayırmaq, bunları bağışlamaq səciyyələndirirdi, əlbəttə ki, nöqsanlar prinsipial xarakter daşımırdısa". Və müəllif burada Ulu öndərlə bağlı bir-birindən maraqlı xatirələri yada salır.

Kamil Məmmədov nazir vəzifəsinə təyin edilərkən hələ ötən əsrin 70-ci illərində Ümummilli liderimiz Heydər Əliyevin şəxsi nüfuzu ilə bağlı bir məqamı da  xatırladır və burasını da qeyd edir ki, "bu işdə mənə Milli Məclisin deputatı, "Heydər Əliyev. Şəxsiyyətzaman" kitabının müəllifı hörmətli Elmira Axundova kömək etdi. Həmin epizod kitabda ətraflı əks olunub və mən onu olduğu kimi çatdırıram: "Həsən Seyidov Heydər Əliyevin kadrlarla bağlı Moskvadan ehtiyatlanmadan müstəqil qərar çıxardığını sübut edən əyani bir epizod danışdı. Lazım gələndə o, öz nüfuzu ilə Sov.İKP MK-nın rəyinə üstün gələ bilirdi. "Belə bir qayda qoyulmuşdu: hamilik edən katib sahə rəhbərliyinə namizədləri irəli sürürdü, sonra "dördlük" yığışır və məsələ Büroya çıxarılırdı. Mən beş şöbəyə nəzarət edirdim: sənaye, nəqliyyat, tikinti, "B" qrupu obyektlərinə - yüngülyeyinti sənayelərinə. Bir dəfə Sov.İKP MK-nın yüngül sənaye üzrə şöbə müdirinin müavini Moskvadan gəlmişdi. O, Azərbaycan yeyinti sənayesi naziri vəzifəsinə bizim təyin etmək istədiyimiz adamı yox, tamam başqa adamın namizədliyini irəli sürürdü. Bu məsələ ilə bağlı ikinci katib Sergey Vasilyeviç Kozlovun yanında olursonra onlar birlikdə Birincinin yanına gedirlər. Mən artıq onların təklif etmək istədikləri adam barədə Heydər Əliyevi məlumatlandırmışdım. Heydər Əliyev onları dinləyəndən sonra dedi:

- Sergey Vasilyeviç, siz bilirsiniz ki, bizdə qayda-qanun necədir. zəmanəti hamilik edən katib təqdim edir.

Təsəvvür edin ki, bunu ikinci katibə deyirdi.

- Siz Seyidovla danışmısınız?

- Xeyr.

- Qabaqca onunla söhbət edin, ondan sonra birlikdə görüşüb danışarıq.

Moskvalı yanıma gəldi, mən artıq özümü onun bizim irəli sürdüyümüz namizədi tənqid edəcəyinə, özününkünü tərifləyəcəyinə hazırlaşmışdım. O, həmin adamın respublika Yeyini Sənayesi Nazirliyinin kollegiyasındakı çıxışları, kollegiyanın qərarları və s. olan qovluqları özü ilə gətirmişdi. Onların tövsiyə etdikləri adam yeyinti nazirinin müavini idi. Bizim namizədimiz də nazir müavini idi. Moskvalı onların çıxışlarını müqayisə edirdi. Mən onu dinləyib öz fikrimi dedim, o, əlbəttə ki, narazı qalıb getdi. Mən başa düşdüm ki, Kozlov da, moskvalı da məndən inciyiblər. Buna baxmayaraq, öz namizədimizi - Kamil Məmmədovu yeyinti sənayesi naziri vəzifəsinə təsdiq etdik".

Çörək! Həyat mənbəyi olmaqla yanaşı, ən müqəddəs nemət! Babalarımızın Quranla yanaşı tutub əl basaraq and içdikləri çörək!

Yeyinti sənayesi naziri olarkən Kamil Məmmədov çörəklə bağlı bu sahəyə rəhbərlik edən məsul şəxs kimi maraqlı hadisələri yada salır. O zaman respublikaya rəhbərlik edən Ümummilli liderin çörəyə, alıcılara təqdim edilən həyat qidasının keyfiyyətinə necə diqqətlə yanaşması ilə bağlı faktları xatırladır.

Kamil Məmmədov bəşəri dəyərlərin, insan amilinə yetirdiyi diqqətin, bu dahi şəxsiyyət tərəfindən respublikamızın müstəqilliyinin təməlinin hələ ötən əsrin 70-ci illərindən qoyulduğunu bu günün oxucularına xatırlatmağı özünə borc bilir.

Hələ o zamanlar respublikaın iqtisadiyyatını gücləndirmək üçün mühüm addımlar atdığını gənc nəslin diqqətinə çatdırır. Hələ ötən əsrin 70-ci illərinin sonlarında Naxçıvan Muxtar Respublikasının, eləcə də, Azərbaycanın iqtisadiyyatında mühüm yer tutan, Naxçıvan Mineral Sular Qablaşdırılması zavodunun müasir tələblərə, ən yeni avadanlıqlar və texnologiyaya uyğun tikilib istifadəyə verilməsinə Ulu öndər Heydər Əliyevin necə tələbkarlıqla yanaşdığını yada salaraq maraqlı bir faktı oxuculara təqdim edir: "Naxçıvan Mineral Sular Qablaşdırılması Zavodu tikilməli "Badamlı" və "Vayxır" qaynaqlarından su Naxçıvana borularla 36 və 18 km. uzaqdan gətirilməli idi. 1978-ci ilin noyabr ayı idi. Heydər Əliyev Muxtar Respublikada olarkən tikintinin qızğın çağında zavoda gəldi, təbii ki, zavodun texnikiiqtisadi göstəriciləri ilə peşəkar mühəndis kimi maraqlandı: "Badamlı" və "Vayxır" qaynaqlarından gələn suyu hansı borularla gətirməyi nəzərdə  tutursunuz? Mən cavab verdim ki, çuqun! O, xırdalıqlara varmadan qətiyyətlə mənə bildirdi: "Borular mütləq paslanmayan poladdan olmalıdır!..  Mən o gecə Moskvaya uçdum. Demək olar ki, 1979-cu ilin ilk iki ayını mən və müavinim yatmadıq. SSRİ yeyinti sənayesi nazirliyindən götürdüyüm pula 56 km.  borunu İtaliyadan alıb Naxçıvana gətirdik. Həmin ilin noyabrında Heydər Əliyev 1978-ci ililn yayında verdiyi tapşırıqların yerinə yetirilməsi haqqında nazirlərin məruzəsini dinləyirdi. İlk olaraq sözü mənə verdilər. Mən məruzə etdim ki, nazirliyin qarşısında qoyulan məsələnin həddən artıq mürəkkəb olmasına baxmayaraq, Naxçıvan Mineral Sular Qablaşdırılması zavodunun tikintisi üçün lazım olan paslanmayan polatdan 56 km. boru artıq yerinə çatdırılıb .

Kitabı vərəqlədikcə Kamil Məmmədovun zəngin və mənalı ömür yolu, əxlaqi dəyərləri ilə tabeliyindəkilərə göstərdiyi nümunə, el-obasına, insanlara diqqət və qayğısı, məhəbbəti canlanır. Kitabda əksini tapan ibrətamiz hadisələr, bəzən Qurandan gətirilən mübarək ayələr, mənəvi dəyərlərin məcmusu müəllifin doğma ölkəsinə nə qədər bağlı olmasının əsl göstəricisidir.

Müəllif gördüklərini, bildiklərini, şahidi olduqlarını, düşündüklərini, fəaliyyəti boyu zəngin təcrübədən hasil etdiyi qənaətləri yığcam şəkildə qələmə alaraq, həm də öz dəyərli məsləhətlərini verir.

Kamil Məmmədov yüksək vəzifəli şəxslərin həyat hekayələrində müşahidə etdiyi qənaətə görə sədaqətli və ədalətli rəhbər işçidən tələb olunan xüsusiyyətləri oxucunun nəzərinə çatdırır.

Əxz edilən, sadalanan bu dəyərlər isə bir məqsədə xidmət edir; bu gün hər birimizin keşməkeşli ömür yolumuzda mayak kimi yol göstərənimiz olsun! Kitabın aktuallığı da, zənnimcə, məhz elə bundadır.

Bu kitabda müəllifin bir vaxt rəhbərlikləri altında çalışdığı dövlət xadimləri haqqında da maraqlı xatirələri çoxdur.

Müəllifin yada salıb oxucularına çatdırdığı xatirələrin hamısını ümumi bir qayə birləşdirir: həssas oxucunun əxz edib yaşadığı ömrlə sonralar qürur, iftixar hissi, gələcək nəsillərə ömrün keşməkeşli anlarında ibrət-öyüd, nümunə dərsi!

Kitab ömrün əbədiləşən anlarını özündə əks etdirən foto şəkillərlə də zəngindir.

 

Aydın TAĞIYEV

 

525-ci qəzet.- 2018.- 3 avqust.- S.7.