Səhnə və ekran sənətimizin ulu korifeyi:

Məmmədrza Şeyxzamanov

 

Qədim tarixə, köklü və zəngin mədəniyyətə malik, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə XX əsrin əvvəllərində Şeyxzamanovlar soyadı artıq çoxdan məşhur idi. İslam dinini bütün qəlbi ilə sevən, Allaha, peyğəmbərinə bağlı Gəncə əhalisi Şeyxzamanovları da sevirdilər.

Bu nəslin nümayəndələri arasında müxtəlif sahələrdə çalışanlar, məşhurlaşanlar, Azərbaycan tarixinə yeni səhifələr yazanlar olmuşdu. Onların sayəsində Şeyxzamanovların şöhrəti Gəncənin hüdudlarını çoxdan aşmışdı. Bu şöhrətin bir başqa səbəbi isə bəlkə də bu nəslin bir çox nümayəndəsinin İmamzadənin keşikçisi kimi müqəddəs bir vəzifəni yerinə yetirməsi idi. Elə Hacı İsa bəy də ömrünün çoxunu ona nəsildən-nəslə keçən bu vəzifəyə həsr etmişdi.

Yaşadığı şəhərdə böyük nüfuza malik Hacı İsa bəy nədənsə ailə həyatında uğur qazana bilmirdi. O, bir neçə dəfə ailə qurmağa məcbur olmuşdu. Sonuncu həyat yoldaşı isə ikiuşaqlı, dul qadın Böyükxanım idi. Hər ikisinin öncəki nikahlarından uşaqları olmağına baxmayaraq, bu nikahdan da üç uşaqları dünyaya gəldi. 

 

Çətin keçən uşaqlıq

 

1915-ci ilin 4 avqustunda Hacı İsa bəylə Böyükxanımın ailəsində ikinci körpə səsi eşidildi. Oğlan idi. Hər övladının doğuluşuna ilk dəfə ata olurmuş kimi sevinən İsa bəy körpənin adını Məmmədrza qoydu. Uşağın doğulması ilə sevinclərinin həddi-hüdudu olmayan Şeyxzamanovlar ailəsi qısa zaman sonra başlarına gələcək faciələrdən xəbərsiz asudə həyatlarını davam etdirirdilər. Körpənin də ona yazılan acılı-şirinli, amma şöhrətin zirvəsindəki həyatdan xəbəri yox idi və o ağır həyata, o əzablara tələsirmiş kimi gündən günə böyüməkdə idi.

İsa bəyin var-dövləti Şeyxzamanovların Gəncədəki nüfuzu ailənin firavan həyatını tam təmin etmişdi. Amma bir-birinin ardıyca düzülüb onları gözləyən faciələrin ilki elə İsa bəyin ölümü ilə döydü qapılarını. Bu vaxtsız itki bütün ailəni sarsıtmışdı. Həm ailə başçısının ölümü, həm də bu ölümlə birgə gələn maddi sıxıntılar Böyükxanımın üzərinə ağır yük qoymuşdu. O zamana qədər evdar qadın olan Böyükxanım ailənin dolanışığını təmin etmək üçün inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başladı.

Amma bu, hələ son deyildi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra yeni hökümətin ilk hədəfi varlı ailələr oldu. Hökümət onların var-dövlətini əlindən alır, özlərini isə sıxışdırırdı. Ağıllı və müdrik qadın olan Böyükxanım yaşadıqları mülkü tamam itirməmək üçün könüllü olaraq orada fabrik açılmasına icazə verdi, əvəzində öz evinə bir böyük otaq ala bildi. Var-dövlətləri müsadirə olunandan sonra maddi sıxıntının, yoxsulluğun nə olduğunu anladılar.

"Dərd gələndə batmanla gələr" deyiblər. Ailənin görəcək günləri hələ qabaqda idi. Qısa zaman sonra ailədə dağılmalar, həsrətlər başladı. Müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslindən də yan keçmədi. Şeyxzamanovlardan biri - Məmmədrza Şeyxzamanovun əmisi oğlu, həm də bacısının həyat yoldaşı Nağı Şeyxzamanov Sovet hakimiyyətinin süquta uğratdığı müstəqil Azərbaycan Demokratik Respublikasının ilk təhlükəsizlik orqanına rəhbərlik etmişdi. O, Şura hökuməti qurulanda qurtula bildi, Türkiyəyə getdi, orada yaşadı. Qardaşı Əhməd isə edam edildi. Məmmədrzanın qardaşı Ələsgər isə Azərbaycan Demokratik Respublikası dövründə Türkiyədə təhsil almağa göndərilən gənclərdən biriydi. O da doğma yurduna dönə bilmədi. Sonradan İtaliyaya mühacirət etdi, orada yaşadı. Bu repressiyalar onların taleyini qara kölgə kimi izləməkdə davam edirdi. Məmmədrza və ailəsi hələ çox sonralar da bunun acısını çəkməli oldular. Təqiblər, sıxışdırmalar, çətinliklər zaman-zaman onları "yada salırdı".

Üst-üstə gələn faciələr, maddi sıxıntılar ucbatından Böyükxanım hələ çox gənc olan qızı Həmidəni Cənubi azərbaycanlı bir oğlana ərə verdi. Bir müddət sonra həyat yoldaşı onu da götürüb öz yurduna apardı. Onların gedişindən az keçmiş Sovet höküməti ilə İran arasında sərhədlər bağlandı. Ana balasına, qardaş bacısına həsrət qaldı.

Hələ onda heç kim bilmirdi gələcəyin böyük aktyoru bu evdə, bu ailədə  bütün bu əzabların şahidi və bilavasitə iştirakçısı kimi böyüyür. Məmmədrza idi onun adı. Hələ on iki yaşından işləyərək evinə çörək gətirən gələcəyin məşhur Məmmədrza Şeyxzamanovu...

Mühəndisin səhnəyə ilk addımları

 

Ailəsindəki bu sıxıntılar, erkən yaşda başlayan iş həyatı onun elmə, təhsilə olan həvəsini öldürə bilməmişdi. 1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Gəncə İnşaat Texnikumuna daxil olduqdan sonra təqaüd də alırdı.

Aktyorluq sənətinə olan maraq və sevgisi də elə bu illərin məhsulu idi. Özündə bu həvəsi kəşf edən uşaq vaxt itirmədən təhsil aldığı texnikumdakı dram dərnəyinə yazıldı. Bununlada yavaş-yavaş taleyi üzünə gülməyə başlayır. Ondakı istedadı və həvəsi görən Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov 1934-cü ildə onu teatrın nəzdindəki studiyaya dəvət edir.

Gənc aktyor səhnəyə ilk addımını Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolla atır. Elə bu rolla da böyük səhnədə ilk uğurlu çıxışını edən gənc aktyor sonra həmin teatrında səhnəsində Eldar ("Vaqif), Fərhad ("Fərhad və Şirin), İmamyar ("Yaşar"), Yuri ("İki qardaş") kimi çətin və məsuliyyətli rolların öhdəsindən gələrək Gəncədə adını aktyor kimi tanıtmağı və sevdirməyi bacarır.

Texnikumu mühəndis kimi başa vuran Məmmədrzanın bu sənətdə heç vaxt çalışmayacağı çoxdan məlum idi. Artıq o, könlünü başqa bir sənətə vermişdi. Onu şöhrətin zirvəsinə daşıyacaq aktyorluğa. Zaman keçdikcə bu sevgi daha da artır, yeni rollar yaratdıqca daha böyük arzular qəlbini çuğlayırdı. 

 

Əvvəl pərəstişkarı, sonra həyat dostu

 

Əmin addımlarla şöhrət mərtəbəsini qalxan gənc və yaraşıqlı aktyorun getdikcə pərəstişkarları da artmaqda idi. İyirmi üç yaşlı bu gənc çoxlarını məftun etmiş, diqqətlərini öz üzərinə çəkmişdi. Onların içərisində gənc və gözəl xanımlar da az deyildi. Amma əsas məsələ onun kimə diqqət etməsi idi. Taleyinin dostu da gecikmədi, iyirmi üç yaşında tapdı onu. Bu, on yeddi-on səkkiz yaşlı, teatr həvəskarı və gənc aktyorun pərəstişkarı Nigar idi. Nigar onun oynadığı bütün tamaşalara baxmağa gəlirdi. Günlərin birində pərəstiş etdiyi aktyorla şəxsən tanış olmaq fürsəti yaxalayır və bu tanışlıq böyük bir sevgiyə çevrilir. Məmmədrza Şeyxzamanov vaxt itirmədən elçilərini göndərsə də müsbət cavab ala bilmir. Çünki imkanlı ailə qızını kasıb aktyora verməzdi. Bundan sonra o, sevgisindən dönmür və qızı qaçırdır. İzdivacın bir ilinin tamamında - 1939-cu ildə onların ilk övladları - Leyla dünyaya gəlir.

Uşaqlığından bəri əziyyətlər, məhrumiyyətlər yaşamış gəncin həyatı yavaş-yavaş öz axarına düşməyə başlayır, üzü gülürdü. Sevdiyi işində uğur əldə edirdi, sevdiyi qadın həyat yoldaşı idi, balaca qızı ömrününü bəzəyinə çevrilmişdi, həyat yoldaşının ailəsi ilə barışmışdı, yüksək əxlaqi keyfiyyətləri ilə özünü onlara sevdirə bilmişdi. Nigar xanım adi evdar xanıma çevrilmədi, ərinin sayəsində ali təhsil aldı, sənət sahibi oldu. Əri isə teatrdakı işi ilə yanaşı, dram dərnəyinə də rəhbərlik edirdi. Başqa nə olsun ki?!

Ancaq "sən saydığını say, gör fələk nə sayır". Qana gözü doymayan Sovet hökuməti hələ də xalqın yaxasından əl çəkmək bilmirdi. Hələ də müstəqillik tərəfdarları, onların ailə üzvləri, qohumları təqib olunur, ciddi nəzarətdə saxlanılırdı. Şeyxzamanovların kimliyi də hələ unudulmamışdı və növbə Məmmədrza Şeyxzamanovda idi. Onun özü və ailə üzvləri, qardaşı Ələsgərin həyat yoldaşı ilə qızı repressiyaya məruz qaldılar. Ailə başçısı həyat yoldaşını, kiçik qızını da özüylə bərabər bəlalara düçar etmək istəmirdi. Ona görə də Nigar xanıma ayrılmağı təklif etdi. Bunu qadına "KQB"də də demişdilər. Əgər boşansaydı özü və qızı sürgündən xilas ola bilərdi. Vəfalı qadın isə hər ikisinə etiraz etdi, "ərim harda, mən də orda", - dedi.

 

Onu Səməd Vurğun xilas etdi

 

Beləcə, ailə Qazaxıstanın ucqar vilayətlərindən birinə sürgün edildi. Yeddi illik ağır sürgün həyatında  əkiz oğlanları dünyaya gəlsə də, çox yaşamadılar.

Bəlkə ailəni sürgün illərində ayaqda saxlayan ətraflarındakı çoxsaylı azərbaycanlılar idi. Aralarında qadınların, uşaqların və yaşlıların olduğu qonşularının sürgünə tab etməsi nisbətən çətin idi. Onlara kömək etmək yenə də Məmmədrza kimi cavan və güclülərin öhdəsinə düşürdü. O və həyat yoldaşı həm də məktəbdə işləyirdilər.

Yeddi il sonra həyat yoldaşıyla qızını götürüb gizlincə Qazaxıstandan Gəncəyə gəldi. Gizli gəldikləri üçün azadlıqlarına qovuşmaqları da zaman aldı, xeyli müddət Gəncədəki qohum-əqrəba evində gizlənmək məcburiyyətində qaldılar. Bütün bunlara görə ailə başçısı işə də düzələ bilmirdi. Çətin günlərində Xalq şairi Səməd Vurğunu xatırladı. Onların tanışlığı illər öncəyə dayanırdı. Aktyor Gəncə Teatrında "Vaqif" tamaşasında oynadığı vaxtlardan şair onu görüb bəyənmişdi. O, başına gələnləri əvvəldən axıradək şairə yazdı. Səməd Vurğun ona kömək etdi. Onun sayəsində işləri yoluna düşdü, yenidən Gəncə Dram Teatrında işə başladı.

Onu sürgünə göndərəndə səbəbini söyləməmişdilər. Uzun illər sonra qızı Afaq atasının istintaq işini oxuyanda öyrəndi bunları: "Məmmədrza Şeyxzamanov pantürkist olmaqda, Türkiyə dövlətinə casusluq etməkdə ittiham olunmuşdu". Sovet hakimiyyəti Məmmədrza Şeyxzamanova sürgün əzablarından başqa bir də ayrılıq əzabları yaşatdı. Bacısı Həmidə xanım uzun illər sonra Vətəninə dönüb, burada yaşamağa icazə ala bilsə də, qardaşı Ələsgərə ömrünün sonunadək həsrət qaldı.

 

Qara buludlar dağılır

 

Böyük çətinliklərdən sonra nəhayət tale bu ailənin də üzünə gülməyə başlamışdı. Aktyor yenidən ilk sevgisinə - səhnələrə geri dönmüşdü. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başladığından ailəsi ilə birgə Bakıya köçdü. Burada bir-birindən maraqlı və fərqli rollarla paytaxt sakinlərinin qarşısına çıxdı. "Fərhad və Şirin"də Xosrov, "Yaşar"da İmamyar, "Antoni və Kleopatra"da Edqar, "Ölülər"də Hacı Həsən, "İblis"də İxtiyar, "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqli rollarla pərəstişkarlar qazandı. O, ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışdı.

Bakı həyatı ona mavi ekranların da qapısını açdı. O, teatrla yanaşı kinoda da sevilən və unudulmaz rollara imzasını atdı. Kinoda ilk və uğurlu rolu 1955-ci ildə "Bəxtiyar" filmində professor Teymur Rəcəbov olur. Bundan sonra "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Nəsimi"də Şeyx Əzəm, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Böyük dayaq"da Şərəfoğlu, "Kölgələr sürünür"də Qafar Niyazov, "Əhməd haradadır"da Şirin kişi, "Liftçi qız"da rəssam, "Tütək səsi"ndə İsfəndiyar kişi kimi maraqlı rollar yaratdı.

Artıq ailəsi böyüməkdə idi. 1956-cı ildə Afaq, 1962-ci ildə isə Aytən adlı daha iki qızları dünyaya gəldi. Böyüyən ailə ilə birgə öhdəlikləri, vəzifələri də böyümüşdü ailə başçısının. O, qızlarına qayğıkeş, mehriban ata idi. Amma bircə məsələdə qarşı çıxırdı onlara: aktyorluq sənətini seçməklərində. Qızı Afaq onun yolunu davam etdirmək, aktrisa olmaq istəmişdisə də, atası mane oldu. "Bu sənətin çətinliklərinə dözmək lazımdır, - dedi - Ən əsası isə gərək istedadın olsun. Gərək, elə aktrisa olasan ki, mənim adıma layiq olsun". Beləcə qız atasına haqq qazandıraraq bu istəyindən əl götürdü. 

 

Fərqli rolların mahir ifaçısı

 

Onu ən çox ağır, el ağsaqqalı, yol göstərən ziyalı obrazları ilə xatırlayıram. "Bəxtiyar"dakı professordan "Tütək səsi"ndəki İsfəndiyara, "Əhməd haradadır?!"dakı Şirinə qədər bütün obrazlarında o özü idi əslində. Ona görə belə doğma, belə səmimi idi.

Uşaqlığımızın nağıl qəhrəmanı həkim Eldostu ("Bir qalanın sirri") necə böyük, qorxmaz, savadlı, təmkinli bir insan idi?! Bu nağıl qəhrəmanı şər qüvvələrə qarşı barışmazdır, onun mətin iradəsini heç bir çətinlik qıra bilmir. Hətta Göygöz Kosanın törətdiyi heç bir müsibət belə onu qorxutmur.

"Tütək səsi" filmindəki İsfəndiyar kişi obrazı isə Azərbaycan kino tarixində ən sevdiyim obrazlardan biridir. M.Şeyxzamanov bu kinoya və bu rola təklif alanda çox sevinir. Çünki bu elə Məmmədrza Şeyxzamanovun özü idi. Bu yaşlı kişinin rolunu o qədər səmimi, o qədər təbii oynayır ki, adam bu obraza həqiqətən heyran qalır. O, bu dəhşətli müharibəni görmüşdü, ağrılarını da dadmışdı. Dövrün minlərlə atası kimi İsfəndiyar kişinin də oğlu cəbhədə idi. O da oğul yolu gözləyirdi. Amma onun oğlundan gələn "qara kağızı" "qarşılamağı" tamamilə fərqli idi. Oğlunun sazında "Ruhani" səsləndirən atanın üzündəki sakitlik, gözlərindəki əzab dəfələrlə izləməyimizə baxmayaraq, hər dəfə insanı dəhşətə salır. Gözünün qarşısında səssizcə alovlanan atanın faciəsinə yanmaya bilmirsən. Hər kəsə məsləhətlər verən, hər kəsə təskinlik gətirən bu ağsaqqalın ürək yanğısına sazın telləri də nalə çəkir.

M.Şeyxzamanov əsl mənada dramatik aktyor idi və gərgin situasiyalardan çıxan qəhrəmalarını daha məharətlə təqdim etməyi bacarırdı. İbrahimbəy Musabəyovun "Neft və milyonlar səltənətində" əsərinin ikinci ekran variantı olan "Qızıl uçurum" filmi onun son işlərindən oldu. Filmdə o, Qurban kişini canlandırır. O Qurban ki, Cəlilin ailəsinə xəyanətinə, eyş-işrətlə baş qatmağına, hər kəsi unutmağına dözə bilmir.  Qızının faciəvi taleyi onu hədsiz narahat edir.

Biz öyrəşmişik onu müsbət qəhrəman obrazlarında görməyə. Ancaq "Nəsimi" filmində yaratdığı obraz  onun həm də mənfi tiplərin gözəl ifaçısı olduğunu  göstərir. Şeyx Əzəm şahın vəziridir. Onun məsləhətləri ilə şah çox qanlar töküb. Nəiminin, Nəsiminin fəlakətində göstərdiyi canfəşanlıq isə sonda onun öz faciəsi ilə bitir.

 

"Yaxşı kişi"

 

Aktyoru sevdirən təkcə istedadı, oynadığı rollar deyildi. O, həm də gözəl insan, mərd şəxsiyyət kimi də ürəklərə yol tapmışdı. Müasirlərinin xatirələrində o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət kimi xatırlanır. O, qorxusuz, kimsənin dalıyca danışmayan, sözü üzə deyən insan idi. Həyatdakı tək amalı düzlük idi. Bütün ciddiyyətilə, yaxınları, dostları, könül məhrəmləri arasındakı duzlu-məzəli zarafatları ilə əsl Azərbaycan kişisinin həyatdakı obrazı idi.

O, həm çox sadə, təvazökar, gənc həmkarlarına qarşı diqqətli və ehtiyacı olandan yardımını əsirgəməyən bir böyük, ağsaqqal kimi də xatırlanır. Onunla "Əhməd haradadır?!" filmində birgə çəkilən Əbdül Mahmudbəyovun sözlərinə görə, o, elə sənətkarlardan idi ki, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı və hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq insan olub Məmmədrza Şeyxzamanov. O, hamıyla öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi.

O, qızı Afaq Şeyxzamanovanın yaddaşında qətiyyətli insan kimi qalır: "Atamın ciddi xasiyyəti vardı. Yeri gələndə zarafatları da olurdu, amma bircə sərt baxışı hər şeyi həll edirdi. Düzlüyü çox sevirdi. Səxavətli, səmimi, kövrək insan idi. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edirdi. Məni heyrətləndirən həm də onun geniş məlumata malik olmasıydı. Tarixi gözəl bilir, maraqlı faktlar danışırdı".

Yaxınları, dostları tanışları arasında isə bir ləqəbi vardı - "Yaxşı kişi".

Təəssüf ki, bu "Yaxşı kişi" hər zaman layiq olduğu dəyəri çox gec alırdı. Elə "Xalq artisti" adını da çox gec, 1974-cü ildə verdilər. Artıq onda xalqın sevgisini çoxdan qazanmış, qəlblərin ən yüksək taxtında oturmuşdu. Sənətkar o zaman xoşbəxtdir ki, onu özünün deyil, obrazlarının adıyla xatırlayırlar. M.Şeyxzamanov da İsfəndiyar, Şirin, həkim Eldostu, professor və s. adlarıyla xalqın əbədi yaddaşına həkk olub.

Ölməz sənətkar 1984-cü il yanvarın 25-də altmış doqquz yaşında vəfat etdi. Özündən sonra isə onlarla rollarını, obrazlarını, teatr və kino tarixində Məmmədrza Şeyxzamanov kimi bir imzanı əbədi irs qoydu.

 

Şahanə MÜŞFİQ

 

525.- ci qəzet.- 2018.- 3 avqust.- S.6.