Azərbaycan tibb elminin fəxri
Azərbaycan xalqı həmişə ona şöhrət
gətirən öz görkəmli elm xadimləri,
bacarıqlı alimləri ilə öyünüb, fəxr
edib.
Belə
elm xadimləri sırasında ulu öndər Heydər
Əliyevin "... Onun bizim üçün və
gələcək nəsillər üçün qoyduğu
irs milli sərvətimiz, milli iftixarımızdır" - deyə
haqqında danışdığı akademik Mustafa bəy
Topçubaşovun xüsusi yeri vardır.
Mustafa bəy
Ağabəy oğlu Topçubaşov 1895-ci il
avqustun 5-də qədim Azərbaycan torpağı olan, sonralar isə
erməni daşnakları tərəfindən mənimsənilən
və onlar üçün paytaxt elan edilən İrəvanda
dünyaya göz açıb. Hələ məktəb
illərindən elmi biliklərə yiyələnməyə
meyilli olan Mustafa bəy Azərbaycanın maarifpərvər
oğulları tərəfindən yaradılan İrəvan
gimnaziyasını bitirdikdən sonra Kiyev Darülfünunun
tibb fakültəsinə daxil olub.
Gələcək alimin tələbəlik illəri
tarixin ən çətin dövrlərindən birinə - I
Dünya müharibəsinin getdiyi, Rusiyada çar üsul-idarəsinin
devrildiyi və Oktyabr İnqilabının baş verdiyi illərə
təsadüf edib. Vətəndən uzaqlarda təhsil alan
gənc möhkəm iradə və dözüm nümayiş
etdirərək, tibbi biliklərə tam yiyələndikdən
sonra - 1919-cu ildə Vətəni Azərbaycana qayıdıb.
Mustafa bəy elə həmin ildə Bakı Dövlət
Universitetinin tibb fakültəsində işə dəvət olunub. O dövrdə Azərbaycanda
kəskin surətdə milli tibb kadrlarının
qıtlığı hökm sürürdü. Mustafa bəy
BDU-nun tibb fakültəsində fəaliyyətə cəlb
edilən ali tibb təhsilinə malik ilk
milli kadr olub.
M.Topçubaşov
BDU-nun tibb fakültəsində həm tibb elminin, həm tibbi fənlərin tədrisinin,
həm də həkimlik sənətinin incəlikləri ilə
məşğul olmaq iqtidarını özündə təcəssüm
etdirə bilən ilk milli kadrlardan biri olmuşdur. Ümumiyyətlə, Azərbaycan səhiyyəsində,
cərrahiyyə elmində və onun tədrisində bir
sıra "ilk"lər məhz Mustafa bəy
Topçubaşova məxsusdur.
M.A.Topçubaşov
1926-cı ildə bir qrup gənc həkimlə birlikdə
Almaniyaya elmi ezamiyyətə göndərilən və oradan
qayıtdıqdan sonra
doktorluq dissertasiyası
müdafiə edən ilk milli
kadrlardan biri kimi də tarixin yaddaşında qalıb. Gənc
alim 1930-cu ildə doktorluq dissertasiyası müdafiə edərək
tibb elmləri doktoru alimlik dərəcəsinə və professor elmi
adına layiq görülüb. Elə həmin ildə o, Azərbaycan
Dövlət Tibb
İnstitutunun (1930-cu
il may ayının 9-da artıq BDU-nun tərkibindəki tibb
fakültəsi fəaliyyətini dayandırmış və
Azərbaycan Dövlət Tibb İnstitutu təşkil
edilmişdi) fakültə cərrahlığı
kafedrasının müdiri vəzifəsində işləməyə
başlamışdı. Bacarıqlı alim 1981-ci ilə qədər
həmin kafedranın müdiri vəzifəsini şərəflə
yerinə yetirib, bu yolda həm elmi, həm təlim-tərbiyə,
həm də ictimai həyatda misilsiz xidmətlər göstərib,
adını ölkəmizin səhiyyə tarixinə
qızıl hərflərlə yazdıra bilmişdir.
Müasirimiz
olan əfsanəvi cərrah, akademik Mustafa bəy
Topçubaşov daim yeniliklərə can atır, bir-birinin
ardınca bu sahədə möhtəşəm ixtiralar,
yeniliklər edir, dünya tibb elmini yeni nailiyyətlərlə
zənginləşdirirdi. O, 1938-ci ildə "Analgezin"
adlı efir-yağ ağrıkəsicisini və ondan istifadə
üsulunu kəşf etdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə
Komissarlığının Elmi-Tibbi Şurasının
Farmakologiya Komitəsinin iclasında
M.Topçubaşovun kəşf etdiyi
sürəkli analgeziyada istifadə olunan efir-yağ
qarışığının "Analgezin" adı
altında buraxılmasına icazə verilmişdir. Təklif
olunan efir-yağ qarışığı (ağrıkəsici)
inyeksiyalarından təkcə cərrahi əməliyyatlarda
deyil, həm də öddaşı sancıları, travmatik
şok, tetanus, doğuş zamanında ağrısızlaşdırma
vasitəsi kimi istifadə olunurdu. 1964-cü ildə SSRİ
miqyasında bu üsulun tətbiqində qazanılan uğurlu
nəticələrə görə akademik M.Topçubaşov
keçmiş SSRİ dövründə elm adamlarına verilən
ən yüksək mükafatlardan olan A.Vişnevski adına Mükafata layiq görülərək, xatirə
medalı ilə təltif edilmişdir. Sonralar bu kəşf Nobel
mükafatına da təqdim olunmuşdu...
Mustafa bəy Topçubaşov SSRİ-də ilk dəfə
olaraq evakohospitalların ixtisaslaşdırılması və
növbələşdirilməsinin təşəbbüskarı
kimi çıxış etmiş və müharibə illərində
(1941-1945) hərbi-səhra cərrahiyyəsi işinin təşkilində
bu üsuldan geniş istifadə edilmişdir. Evakohospitallarda
apardığı çoxsaylı əməliyyat və
müşahidələr M.Topçubaşova öz
konstruksiyası əsasında portativ stereoskopik aparat
yaratmağa imkan vermişdir. O, bir-birinin ardınca
mürəkkəb cərrahi əməliyyatlar apararaq, yüzlərlə,
minlərlə
döyüşçünü həyata
qaytarmışdır. Müharibə illərində
periferik sinir zədələnmələrinin cərrahi
müalicəsində onun təklif etdiyi bir sıra yeni
preparatların tətbiqinə geniş yer verilmişdir. Bütün bunlar onu nəinki respublikamızda və
keçmiş SSRİ-də, eləcə də dünya tibb
elmi sahəsində məşhurlaşdırmış, virtuoz
cərrah kimi tanıtmışdır. 1940-cı ildə
M.Topçubaşova Əməkdar elm xadimi fəxri adı
verilmiş, 1943-cü ildə isə o, Dövlət (Stalin) mükafatı
laureatı olmuşdur.
Azərbaycan SSR
Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən
biri olan Mustafa bəy Topçubaşov, eyni zamanda, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki
Azərbaycan Milli Elmlər Akademiyasının)
yaradıcılarından, təsisçilərindən idi.
Akademik M.Topçubaşov
1945-50-ci illərdə respublikanın baş cərrahı
və Azərbaycan SSR Səhiyyə
Nazirliyi Tibb Xidməti İdarəsinin sədri vəzifəsini
yerinə yetirmiş, 1947-49-cu illərdə Eksperimental Təbabət
İnstitutuna rəhbərlik etmişdir. O, 1949-cu ildə SSRİ Tibb Elmləri
Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə
həqiqi üzvü seçilmişdir.
Mustafa bəy
1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər
Akademiyasının
vitse-prezidenti olmuş və 1952-ci ildə Bolqarıstan Elmlər
Akademiyasının müxbir
üzvü, 1954-cü ildə XI Lissabon Konqresində
Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü
seçilmişdir. O, Ümumittifaq Cərrahlar Cəmiyyətinin
üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin
fəxri üzvü, Respublikada Siyasi və Elmi Bilikləri
Yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və
Uroloqlar Cəmiyyətinin fəxri sədri, SSRİ
Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri, "Abdominal cərrahiyyə"
jurnalının redaktoru, respublika və İttifaq miqyaslı
elmi-tibb jurnallarının redaksiya heyətlərinin
üzvü olmuşdur.
1956-cı
ilin sentyabrında M. Topçubaşov Berlində Cərrahların
Beynəlxalq Konqresində sovet tibb elmini təmsil edən
görkəmli alim, novator-cərrah kimi çıxış
etmişdir. Onun "Öddaşı xəstəliyinin
efir-yağ keyitməsi ilə müalicəsi"
mövzusundakı məruzəsi mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir. Məruzə əsasında
tərtib edilən elmi
məqalə həmin ildə Leypsiqdə
çıxan beynəlxalq tibb jurnalında dərc
olunmuşdur.
Mustafa bəyin
tələbələri respublikada və onun
hüdudlarından kənarda bacarıqlı cərrah kimi fəaliyyət
göstərir, müəllimlərinin adına
layiq çalışırlar. Onun rəhbərlik etdiyi
klinikada müasir cərrahiyyənin problemləri, öd
yollarının, xərçəng xəstəliyinin cərrahiyyəsi,
travma məsələləri, bərpa cərrahiyyəsi və
s. problemlər üzərində daim axtarışlar
aparılıb.
Ömrünün 62 illik əmək fəaliyyəti
dövründə akademik M.Topçubaşov 100 mindən
artıq uğurlu cərrahiyyə əməliyyatı
aparmışdır. Onun gərgin elmi və praktik fəaliyyəti
ilə yanaşı, tibb kadrlarının hazırlanması
işində böyük xidmətləri vardır. O,
300-dən artıq elmi işin və elmi-kütləvi məqalənin,
8 monoqrafiyanın, "Xüsusi cərrahlıq" adlı
beşcildlik dərsliyin və dərs vəsaitlərinin
müəllifi olub. Onun rəhbərliyi
altında 12 elmlər doktoru və 30 elmlər namizədi
alimlik dərəcəsi almaq üçün dissertasiya
müdafiə etmişdir.
Bakıda inşa edilən Akademiya şəhərciyi, həmçinin,
hazırda akademik M. Topçubaşovun adını
daşıyan Elmi-Cərrahiyyə Mərkəzi, AMEA-nın nəşriyyatı
və mətbəəsi bilavasitə Mustafa bəyin təşəbbüsü
və rəhbərliyi ilə yaradılmışdır.
Akademik M.Topçubaşov görkəmli ictimai xadim və
bacarıqlı təşkilatçı kimi respublikada
çox əhəmiyyətli işlər
görmüşdür. O, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində
çalışmış, SSRİ Ali Sovetinin deputatı
olmuş, Azərbaycan KP MK bürosu üzvlüvünə
namizəd seçilmişdir.
Akademik M. Topçubaşov 1950-ci ildən
ömrünün sonunadək Azərbaycan Sülhü
Müdafiə Komitəsinin sədri, Sovet Sülhü
Müdafiə Komitəsinin, Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin
üzvü olmuşdur. Bu sahədə gördüyü
ardıcıl və səmərəli fəaliyyətinə
görə o, 1959-cu ildə Ümumdünya Sülh
Şurasının gümüş medalı və Sovet
Sülhü Müdafiə Komitəsinin fəxri fərmanları
il təltif edilmişdir.
1975-ci ildə
anadan olmasının 80 illik yubileyi ərəfəsində
SSRİ-nin ali mükafatına - Sosialist Əməyi Qəhrəmanı fəxri
adına layiq görülən akademik M. Topçubaşov
çoxillik məhsuldar fəaliyyətinə,
xalqın rifahı naminə göstərdiyi əvəzsiz xidmətlərinə görə 4 dəfə Lenin ordeni,
Bolqarıstan Xalq Respublikasının III dərəcəli
"Kirill" və "Mefodi" ordenləri, eləcə də
Qırmızı Əmək Bayrağı, "Şərəf
Nişanı", "Qızıl Ulduz", "Oktyabr
İnqilabı" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində
qələbəyə görə", "Fədakar əməyə görə" medalları ilə,
"SSRİ-nin sanitar müdafiəsi əlaçısı"
döş nişanı və çoxsaylı digər
mükafatlarla təltif edilmişdir.
1995-ci ilin dekabr ayında Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Elmlər Akademiyasının və SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illiyi münasibətilə onun Azərbaycan Tibb Universitetinin fakültə cərrahlığı kafedrasında çalışdığı iş otağında Xatirə muzeyinin təntənəli açılışı olmuşdur. Görkəmli alimin adını daşıyan indiki III cərrahi xəstəliklər kafedrasında keçirilən rəsmi açılışda Azərbaycan Respublikasının səhiyyə naziri, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin rektoru və başqaları çıxış etmiş, görkəmli alim və ictimai xadim M.Topçubaşovun həyat və fəaliyyətindən, insani keyfiyyətlərindən danışmışlar. Alimin qızı dosent Zemfira xanım Topçubaşova ailəsi adından muzeyin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir. Muzey hazırda da öz fəaliyyətini davam etdirir və həmin muzeyə akademik M.Topçubaşovun tələbələrindən olan dosent Ş.Əliyev rəhbərlik edir.
Görkəmli alim, ictimai-siyasi və dövlət xadimi, akademik Mustafa bəy Topçubaşovun həm indiki, həm də gələcək nəsillərə örnək olan zəngin irsi daim yaşayır və yaşayacaqdır.
Fariz CAMALOV
professor, ATU-nun III
cərrahi
xəstəliklər
kafedrasının müdiri,
Şəfa
ƏLİYEV
Əməkdar
müəllim, III cərrahi xəstəliklər
kafedrasının
dosenti, akademik
M.A.Topçubaşovun Xatirə
muzeyinin rəhbəri
525-ci qəzet.- 2018.- 3 avqust.- S.8.