Ana dilim: əbədi
iftixarım!
(esse)
Ana dili xalqın ruhudur, mənəvi dünyasıdır,
psixologiyasıdır. İnsan ən dərin və ən incə
hisslərini yalnız anasından öyrəndiyi dil vasitəsi
ilə daha dəqiq ifadə edir.
Ana dili minillərin o üzündən şölələnən
bir ocaqdır.
Əsrlərdən işara-işara gələn
közündə, qığılcımında elə
bugünkü kimi almaz kəsərli, əvvəlki kimi duru və
safdır. Tarixlər boyunca türk dili,
oğuz dili və bizim günlərdə isə Azərbaycan
dili adlandırdığımız bu möcüzənin
gözəlliyindən danışmaqla qurtarmaz.
Ana dilinin özünəməxsus çox qədim bir
ifadə mədəniyyəti vardır. Bu mədəniyyət
insan yarandığı gündən başlayaraq tədricən,
əsrlərlə yol gələrək, inkişaf edərək
daha da zənginləşmiş və təkmilləşmişdir.
Dil eyni zamanda, şüurla,
dünyagörüşü ilə, məzmunla ayrılmaz surətdə
bağlıdır.
O, hər
şeydən əvvəl, ənənəyə tabedir. Bugünkü ədəbi dilimiz ümumi dil ənənələrimizin
ən yaxşı cəhətlərini mənimsəmək,
klassiklərimizin dilinə tənqidi yanaşmaq yolu ilə
inkişaf etmişdir. Şeir dilimiz Vaqif, Sabir və Səhhət...
yolu ilə inkişaf etdiyi kimi, nəsr
dilimiz də C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Sani...
yolu ilə inkişaf etmişdir.
XX əsrin
əvvəllərindən başlayaraq çox sürətlə
inkişaf edən dilimizi nəzərdən keçirərkən,
belə bir həqiqəti etiraf etməli oluruq: bədii dil
öz mənşəyi etibarilə zəhmətkeş
xalqın dilindən alınsa da, ondan xeyli fərqlənir,
çünki yazıçılar danışıq dilindən
istifadə edərkən, o zəngin, lakin qeyri-mütəşəkkil
xəzinədən bütün təsadüfi, müvəqqəti,
keçici və tələffüz etibarilə kobud sözləri
atmış, ümumxalq dilinə, ruhuna uyğun olan sözləri
saxlamışlar, onu daim daramış, işləmiş və
gözəlləşdirmişlər.
Dildə söz əsas meyardır. Sözün
yüksək mənada ahəngdarlığını, bədii
ifadəsini əldə etmək üçün onu axtarmaq,
seçmək, ölçüb-biçmək
lazımdır. Azərbaycan ədəbi dili zəngin dillərdən
biridir. Xalq dilində hər cür fikri və
hissi ifadə etmək dərəcəsinə qədər zərif,
incə bir şəklə salmaq mümkündür. Xalq ümumilikdə milli mədəniyyətin, o
cümlədən də nitq mədəniyyətinin qoruyucusu,
daşıyıcısıdır.
Hər sözün mənası, rəngi, rahiyəsi
vardır. Ona görə də sözlərin cümlə
içərisindəki yerinə və təsirinə diqqət
etməli, həssas olmalı, sözlərin incə
xüsusiyyətlərini bir-birinə
qarışdırılmamalıdır.
Rəssamlıqda rənglərin, musiqidə səslərin
özünəməxsus mənalar olduğu kimi, bədii dildə
də sözlərin daxili mənalar aləmi, hikmət
vardır. Lakin nədənsə dilin aləmi bizə rənglərin
və səslərin aləmindən daha mütəəssir və
asan görünür. Halbuki bu belə
deyil. Yüksək sənət həmişə
sözün daxili aləminə, onun hikmətinə bələd
olmağı tələb edir. Biz bunun əksini
düşünürüksə, günah özümüzdədir.
Ədəbi dilimizin təmizliyi uğrunda
çalışarkən, onu hər cür təsadüfi,
dumanlı məna ifadə edən, qaba və bədiiliyindən
uzaq olan sözlərdən qorumağa fikir verməliyik. Bəzən
belə olur ki, müəyyən bir ictimai təbəqənin,
hətta bəlkə küçənin yaratmış
olduğu bir söz və ya ifadə, jarqon haradansa gəlib dilə
düşür. Bədii dil məsələsi
ilə yolundan əlaqədar olaraq yeni söz yaratmaq təşəbbüsləri
də müsbət mənada yenilik, xüsusən
yaradıcılıq nöqteyi-nəzərdən təqdirəlayiq
bir işdir. Dilimizi zənginləşdirmək,
əlbəttə, müsbət bir hadisədir.
Dil məsələlərinin müzakirəsi ilə əlaqədar
olaraq bəzən yeni sözlər yaratmağın zərurətindən
danışırlar. Bir çox hallarda
yazıçıların yaratdığı müvəffəqiyyətlə
sözlər də ədəbi dilə keçir. Bədii dilimizin təmizliyi uğrunda mübarizənin
böyük bir hissəsi ədəbi tənqidin üzərinə
düşür. Dilin gözəlləşməsinə
kömək edənlərdən biri də redaktor sənətidir.
Redaktorlar mütləq dil üslubiyyatına
yaxşı bələd olan yazıçılardan
olmalıdır.
Yazıçılarımız xalq ədəbiyyatının
gözəl nümunələrini həmişə bir
nümunə kimi almış, istifadə etmiş, dilin
ümumi mədəni köklərindən
ayrılmamağına çalışmışlar. Böyük
söz ustaları daim xalqın dilinə əsaslanmış və
onun inkişafı, yayılması yolunda öz töhfələrini
vermişlər.
Hansı millət olursa-olsun onun mədəniyyətinin
göstəricilərindən biri də gözəl nitqdir. Bizim ana dilimiz
fonetik, leksik, həm də qrammatik quruluşuna görə zəngin
dillərindən biridir. Bu dil musiqililiyi, hər
hansı fikri ifadə imkanlarına görə də diqqəti
cəlb edir.
Azərbaycan dilində qədim dövrlərdən
şifahi, eləcə də yazılı ədəbi
nümunələr yaranmışdır. Yaranmış
ədəbiyyat xalqımızın zəngin nitq mədəniyyətindən
xəbər verir. Hər bir azərbaycanlı bu mədəniyyəti dərindən
mənimsəməyə, ana dilindən lazımi səviyyədə
istifadə etməyə borcludur. Öz dilini yaxşı bilməyən
adamı yüksək mədəniyyətli adam
hesab etmək olmaz. Öz dilini yaxşı bilməyən
millət isə tədricən müəyyən zaman müddətində
digər mədəni millətlər arasında əriyib gedər.
Ana dilim,
səni Allahların, göydən gələn, işıqdan
doğulan adamların müqəddəs dili, ərənlərin
qəhrəman dili, nəhayət dünyanı dolaşan
mühacirlərin didərgin dili adlandırıblar! Şaman
dualarında təbiətin, yerin, göyün səsisən! Qayaların
üstündə qaya kimi sərt bir millətin
andısan! Dədə Qorqud boylarında
bağlarımızın gül-çiçək dənizi
kimi min rənglisən! Nəsiminin harayında üsyansan,
Füzulinin ən böyük qəm yüküsən!
Bölünməyən torpağım, əyilməyən
bayrağım, ləkə götürməyən adımsan,
Ana dilim!..
Qədim, ulu daşlarda, kitabələrdə
bugünkü azərbaycanlıların soykökündə
dayanan uluların ruhu, qəhrəmanlığı, faciəsi,
göz yaşı, taleyi dilə gəlir. Sən araya körpü
salırsan, saf, qüdrətli özülün üzərində
yüksəlirsən, Ana dilim!
İftixarım,
varlığım, mövcudluğumsan, ey Ana dilim!
Rövşən YERFİ
525-ci qəzet.-
2018.- 3 avqust.- S.8.