Siyasi fırtınalara
barbarlığın təsiri
(XIX əsr
Argentinasının timsalında)
(Əvvəli
ötən şənbə saylarımızda)
Bir dəfə adamları günəmuzd işə
götürməsi barədə ondan sənədi
soruşduqda, o, cibində nəyisə
axtardığını nümayiş etdirdi,
bıçağının zərbəsi ilə bu sualı
verən həmin hakimi yerə sərdi.
1810-cu ildə o, ordu sıralarına daxil oldu, lakin o,
intizam yükünü çəkməyə qadir deyildi,
kazarma qaydasına da dözə bilmirdi. O, öz taleyini özü
qurmaq istəyirdi, bunun üçün malik olduğu hər
şeyi - igidliyini və cinayəti, hakimiyyətini və iradəsini
işə salırdı. Onun zabit olduğu
qoşunda əsgərlərin xidmətdən qaçması
üzündən hərbi dəstənin tərkibi xeyli seyrəlməyə
başladı.
Sonralar Kiroqa da, Rosas da dəfnə kölgəsində
böyüyən bütün ilanlar kimi istiqlaliyyət
uğrunda vuruşan ordu zabitlərinə nifrət bəsləmələri
ilə seçildilər, onların hər ikisi inqilab
mübarizələrini qanlı bir hamamda çimməyə
qonaq etdilər.
Atası əclaf
oğlunu tutdurmaq istəyəndə, Fakundo ona şillə
vurub demişdi: “Sən mənim həbsimi istəyirdin? Al, indi isə çöldə küləkləri
axtar”. Bir il keçdikdən sonra
atasının yanına gəlib, onunla
barışmışdı.
Onun marşrutu yollar, qumarxanalar, pampa idi, hər yerdə
o, cinayətlər törədir, yeni qanlı mübahisələri
ilə isə hökmən dava əmələ gətirirdi.
Fakundo dustaqxanaya salındıqda, orada da cinayətkarların
arasında idi, onu azad edənin başını
yarmışdı, keçdiyi küçə isə meyitlərlə
dolu idi. Bəziləri onu müdafiə etmək
üçün deyirdi ki, o, özünə süngü ilə
yol açmağa məcbur olmuş, vur-tut üç
adamı öldürmüşdü.
Beləliklə, Fakundonun iyrənc xarakterini,
gördüyü pis tərbiyəni və qəddarcasına
qaniçən instinktini açıb göstərən, eybəcərliklərdən
xəbər verən hadisələrlə dolu həyatı
yalnız ikrah hissi doğura bilərdi. O, bir qayda olaraq mərifətli,
nəzakətli adamlara nifrət bəsləyirdi. Ancaq sərxoş edən içkiləri də
heç vaxt içməmişdi. Allaha da
sitayiş etmirdi, kilsəyə getməmişdi. General olanda özü etiraf etmişdi ki, heç bir
müqəddəsliyə inanmır. Onu
günahlandırmaq da olmazdı, o, məhz belə
doğulmuşdu. O, ictimai pilləkənlə
qalxırdı ki, əmr etsin, hökmünü göstərsin,
şəhərlərlə, polislə vuruşsun. Yəhər üstündəki həyat təhlükələrlə
və həyəcanlarla dolu idi, onun ruhunu möhkəmləndirmiş,
ürəyini codlaşdırmışdı. Onu təqib edən qanuna qarşı könlü,
qarşısı alınmayan bir nifrətlə dolu idi, onu cəzalandıran
hakimlərə də, bütün cəmiyyətə də
nifrət edirdi. Axı o, uşaqlıqdan cəmiyyəti
özünün kor təbiəti ilə rədd etmişdi, cəmiyyət
də ona eyni səviyyədə şübhə və nifrətamiz
münasibət bəsləyirdi.
Fakundo -
primitiv barbarlığın təcəssümü idi, O,
heç bir tabeliyə dözmürdü. Onun qəzəbi
vəhşi heyvan qəzəbi idi. Bir dəfə hirslənəndə
o, təpiyi ilə birinin başını yarmışdı,
səbəb də ondan ibarət idi ki, həmin adam
qumar kartı stolunda onunla mübahisəyə
girişmişdi. Ondan kiçik məbləğdə
- 30 peso pul istədiyinə görə öz məşuqəsinin
qulaqlarını dartıb qoparmışdı. Səsini kəsə bilmədiyi oğlu Xuanın
başını balta ilə əzmişdi. Bu hərəkətlərinə görə o, ən
azı, psixiatrik xəstəxanada müalicə olunmalı idi.
O, hərəkətlərinə
görə adamları heyran edə və hörmət
qazanmağa nail ola bilmədiyinə görə,
məhz qorxu təlqin etməyə üstünlük verirdi. Dövlət həyatının sükanı
arxasında dayanmaq imkanına malik olmadığından, bunun əvəzinə
o, dəhşət səhnələrindən həzz
alırdı. Tabeliyində olanlara, sahib
olduqları vətənpərvərliyi və fədakarlığı
özündən olan qorxu ilə əvəz edirdi. Cahil adam olduğundan özünü sirr və əlçatmazlıq
haləsinə bürüyürdü. Təbii
fərasəti ilə və bənzərsiz müşahidə
qabiliyyətindən, həm də cahil adamların sadəlövh
etibarından istifadə edərək, özünü elə
göstərirdi ki, gələcək hadisələri qabaqcadan
xəbər verə bilir. Bütün
bunlar ona sadəcə cahil adamlar arasında hörmət
qazandırırdı.
Hər cür fırıldağa əl atmaqla özü
barədə yüksək fikir yarada bilirdi. Bir dəfə
nəsə oğurlanmışdı və oğrunu tapmaq
mümkün olmamışdı. O, öz dəstəsini
yığıb dedi ki, çubuqlar eyni uzunluqda kəsilsin və
əsgərlərə paylansın. Əminlik
qaydasındakı uca səslə dedi ki, sabah
səhər kimin çubuğu daha uzun olsa, onun oğru
olduğu təsdiq olunacaqdır. Səhərisi
günü dəstə toplaşdı, çubuqları
yoxlamağa, müqayisə etməyə başladılar.
Birinin çubuğunun başqalarından
gödək olduğu gözə çarpdıqda, Fakundo onun
oğru olduğunu bildirdi. Həqiqətən də,
oğru həmin adam idi. Bu
sadəlövh, hər şeyə inanan qauço
çubuğunun böyüyəcəyindən qorxub, onu kəsib
gödəltmişdi. Fakundo isə bu
primitiv əməliyyatları ilə özünü hər
şeydən hali olan İsrail çarı Solomon kimi göstərmək
istəyirdi.
O deyirdi
ki, əgər qauço ayaqlarını sürtə-sürtə
yeriyirsə, deməli, o, aldadır. Oğurluqda
ittiham olunan bir qauço qamçı zərbəsi
altında boynuna aldı ki, bir cüt öküzü o
oğurlamışdır. Bütün
bunlara görə adamlar Fakundonun fövqəltəbii qüdrət
sahibi olduğuna inanırdılar.
Pampa sərkərdəsi
Düzənliyin sakini bilir ki, o, ən bədbəxt, ən
fağır və həm də vəhşi varlıqdır. Dünya
haqqında heç nə bilmədiyindən, o, əgər
yalnız acından əziyyət çəkmirsə,
özündən razı olmaqla, özünü xoşbəxt
hesab edəcəkdir.
La-Rioxa əyalətinə Kiroqanın gəlməsi ilə
bu diyarda çoban stixiyası meydana gəldi. Elə bir
gün gəlib çıxdı ki, kənardan dəstək zərurətini
hiss etdikdə və ya qorxudan onlar öz aralarından bir cəsur
adamı komandan seçdilər və əslində, bu, bədbəxt
kütləni məhvə aparan Troya atı rolunu oynadı.
Bu məkrin köməyi ilə yunanlar Troyaya daxil ola bilmiş və sakinləri məğlub etməklə
bu gözəl şəhəri məhv etmişdilər.
Fakundo heç ordu generallarına da məhəl qoymurdu,
sərəncam olmadan döyüşə başlayır və
özü bildiyi kimi də hərəkət edirdi. Ordunun Ali
Şurası generaldan onu tutmağı, mühakimə etməyi
və güllələməyi tələb etdi. Lakin general bundan imtina etdi, bu imtina heç də zəiflikdən
irəli gəlmirdi, yalnız ona görə belə hərəkət
etdi ki, Kiroqa onsuz da, artıq ona tabe deyildir, daha çox onun
bir heybətli müttəfiqidir. General
Aldao hətta bir şəhəri tutmaq üçün ona əlavə
dəstə də vermişdi. O, şəhəri tutub
hakimiyyət nümayəndələrini həbs etdi və əmr
verdi ki, öz qarşıdakı
ölümlərinə hazırlaşsınlar. O,
gücünü hiss etdiyindən şəhəri
bütünlüklə dağıtdı.
Fakundo istənilən vasitədən istifadə edərək,
öz gəlirlərini artırmaq qayğısına da
qalırdı. İki il
keçdikdən sonra o, artıq qubernatorlarından qaramal
şəklində vergini almaq istəmədi, sadəcə
olaraq öz damğasını malikanələrə göndərdi
ki, onların sahibləri onun özünə məxsus olan
mal-qaranı orada saxlasınlar, çünki hələ bu
qaramal ona lazım deyildi. Onun naxırı yeni
ianələr hesabına böyüyürdü. On ildən sonra çoban əyalətlərindən
birinin qaramalının yarısı artıq komandana məxsus
idi və onun damğası ilə damğalanmışdı.
Heç kəsə məxsus olmayan naxır əvvəllər
dövlət xəzinəsinə daxil olduğu halda, Fakundo belə
naxırların özünə verilməsini tələb
etdi. Artıq o, ildə 6 min bala verən inək
naxırının sahibi idi. Onun qoşunu
göründüyü yerlərdə bazarı ətlə təmin
etmək hüququ da təkbaşına ona məxsus olurdu.
Axı Fakundo üçün yeganə qoşun onun kobud
gücü idi. Həm də o, öz atından başqa
heç nəyə inanmırdı. Başqalarının
rəyi də onun üçün elə bir əhəmiyyət
kəsb etmirdi.
Müharibə də böyük xərclər tələb
edirdi və onun bütün ağırlığı əyalət
sakinlərinin üzərinə düşürdü. Fakundo
artıq qırxılmış qoyunları yenidən
qırxmağa adət etmişdi. Qədim
Roma imperatoru Tiberi (b.e. I əsri), azğınlıqla
daha çox vergi yığmağa can atan öz valiləri
haqqında deyirdi ki, mən onlara qoyunları
qırxmağı tapşırmışam, onlar isə bunun əvəzində
qoyunların dərisini soyurlar.
Fakundonun tamahı heç bir hədd
tanımırdı. Ərləri, ataları və qardaşları ondan gizlənmiş
qadınlardan da təzminat ödəməyi tələb edirdi
və bu, ona heç də az gəlir gətirmirdi.
Meydanda öz bədbəxtliklərinə
görə ağlayıb hıçqıran və
qışqıran qadınları onun banditləri
qamçılamaqla və güllələməklə hədələyirdilər.
O, nə qədər qəddar və qaniçən olsa da, hər
şeydən əvvəl sadəcə barbar idi, öz
ehtirasının coşmasını saxlaya bilmirdi. Bu iyrənc terrorist bir şəhəri tutanda kimisə
güllələyir, kimisə qamçılayırdısa, o,
bunlara elə bir əhəmiyyət də vermirdi. Güman edirdi ki, bu, onun hüququdur, haqqıdır və
onların icrası yalnız adamların ram etmək
üçündür. Qorxu, vahimə
heç də tüfəngdən zəif silah deyildir.
Fakundoda, ümumiyyətlə, heç bir mərhəmət
hissi yox idi.
O, adamları qətlə yetirməkdən, edam
etdirməkdən yırtıcı heyvanlara məxsus olan bir
qaydada həzz alırdı. İnsanların
taleyi, həyatı ilə oynamaq ona əyləncə təsiri
göstərirdi. Bir dəfə
ponçosunda ağac kölgəsində dincələndə,
onun yanına bakirəlik, gözəllik işarələri
saçan gənc qızlar gəldi. Qızlar
qorxur, danışmağa cəsarət etmirdilər. Nəhayət, o, qızlardan nəyə görə
gəldiklərini soruşdu. Onlar bir
ağızdan yalvarmağa başladılar ki, dustaqxanada öz
edamlarını gözləyən zabitlərə mərhəmət
göstərib, onları əfv etsin. Fakundo
vaxtı uzatmaq üçün onların hansı ailədən
olmaları ilə də maraqlandı. Qızlar
ruhlandılar ki, o, qərarını dəyişəcəkdir.
Bir qədər sonra Fakundo onlara dedi ki, “Güllə səslərini
eşidirsinizmi?” Sonra əlavə etdi. “Gecdir! Artıq onlar güllələnmişlər.”
Bu mələk simalı qızlar dəhşətə
gəldilər. Öz əmri ilə Fakundo
33 zabiti güllələtmişdi. O, edam
edilənlərin cəsədlərini təhqir etməyi də
unutmurdu. Onun süvariləri meyitləri lasso ilə
sarıyıb qəbiristanlığa sürüyürdülər.
Sürünən vaxt itirilən başlar, əllər
Tukumanın şəhər meydanında itlərin
qidalanmasına xidmət edirdi.
Başqa bir misal. Fakundodan xahiş edildi ki, həbs etdirdiyi nüfuzlu adama
öz vəsiyyətini yazmağa və bir xristian kimi
günahlarını tövbə etməyə vaxt versin. O, həmin
xahişlə müraciət edənlərin
hamısını dustaqxanaya göndərdi, onlar da digər həbs
edilmişlərlə birlikdə o dünyaya yollanacaqdılar.
General Lamadrid böyük qəhrəmanlıq göstərib,
həlak olmuşdu. O, qeyri-adi igid adam idi, 14 yaşı
olanda ispanlarla müharibədə vuruşmuşdu. O,
süvari zabiti və həm də şair idi. Lamadrid
Tukumanda Fakundonun dörd dəfə artıq qüvvəsini məğlub
etmişdi. Döyüş qurtarana qədər
Fakundo meydanda görünməmişdi. Ağır
döyüşdə Lamadridi güllə atəşi və
süngü zərbəsi ilə vurmuşdular. Sonra onun cəsədini yandırdılar. Məlum oldu ki, bədənindəki 11 yara ilə o,
sürüşüb kolluğa çatmış, “Mən təslim
olmuram!” sözlərini sayıqlamışdı. Həqiqətən də, o, heç vaxt təslim
olmamışdı. Fakundo belə cəsur
insana da hörmətlə yanaşmaq əvəzinə, qələbə
qəniməti kimi generalın qılıncını ələ
keçirmişdi.
Fakundonun qəddarlığı ilə yanaşı, bir ehtiras mənbəyi də var idi, bu da qumar idi. Qumar onun daimi əyləncəsi olmaqla, həm onu narazı salır, həm də ona həzz verirdi. Qumar oyunu onu əsəbiləşdirirdi, canlandırırdı, həm də əzirdi. Oyun ona, əslində, narkotik təsiri göstərirdi. O, uşaqlıqdan qumarbaz idi. Qumar onun yeganə sevinci. istirahəti, bütöv həyatı idi. Ondan heç kəs böyük miqdarda pul uda bilmirdi. Udan adama isə stolun arxasından durmağa icazə vermirdi. O bədbəxt də bütün udduqlarını itirməli olurdu. Bir gənc Fakundodan böyük məbləğdə pul udmuşdu, Fakundo artıq oynamaq istəmirdi. Lakin həmin gənc oynamağı davam etdirməyi təkid edirdi. Fakundo bütün uduzduqlarını qaytardı və bu barbar, gəncə qumarbaz olduğuna görə 2 min qamçı vurulmasını əmr etdi.
Barbarlıq dühası olan Fakundo hökmranlıq etdiyi diyara malik olduqda, idarəetmə adətləri bütünlüklə korlandı, iflasa uğradı, qanunlar kobud əllərdə kövrək oyuncaqlara çevrildi. Bir qayda olaraq, at ayaqlarının dəfələrlə tapdaladığı düzdə heç nə bitmir.
Dəlisovluq, bekarçılıq və veyillik - qauço üçün ən yüksək həyat tərzidir. Qauço yalnız özünü, özünə məxsus olanları düşünür, digər dəyərlər isə onun üçün heç nədir. O, pis adətlərini tərgitmirdi, müqəddəs olanı da qəbul etmirdi. Şəhərdəki heykələ tamaşa etmək, ehtiram bəsləmək əvəzinə, ondan atının yüyənini bağlamaq üçün istifadə edirdi.
Argentina qauçosunun vətənpərvərliyi ölkəsinə ünvanlanmırdı, yalnız öz əyalətinə sədaqət çərçivəsində qalırdı. Bütün digər əyalətlər onun gözündə düşmən idi və ona yaddır. Onlar elə bil ki, aralarında müharibə gedən ayrı-ayrı tayfalardır. Çingiz xana qədər monqol tayfaları da bir-birinə belə münasibət bəsləyirdi. Respublikanın barbarlıq əlaməti altında birləşməsi də əyalətlərdə sərgərdanlıq edən həmin bəd qauço əhvalatından başlayırdı.
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet.-
2018.- 4 avqust.- S.22.