Məchul dilin məlumluğu
“Şeir
yox, sadəcə nəzm yazanlar,
Çətinlik çəkməzlər, onlara nə
var”.
Nizami
“Bu dərvişlik
baratın oxumadı müftilər,
Onlar nə bilsin bunu, bu bir gizli vərəqdir”.
Yunus
İmrə
“Böyük
yazar kəlmələri işlədərkən
avamın
xoşuna gəlib-gəlmədiyini düşünməz”.
Cəmil
Meric
Ən Məlum dil Məchul dildir.
Həyat Əzəl gündən Məlum Məchul, Məchul
Məlumdur.
Şeir, ümumiyyətlə, sənət də Məchulluqdan
qaynaqlanan bir Məlumluqdur.
Bir
müdrikdən soruşdular:
-
Dünyada ən çətin şey nədir?
O,
düşünmədən dedi:
-
Sözdür!
Bunun səbəbini
soruşanda cavabını belə əsaslandırdı:
-
Çünki sözü anlamaq da çətindir, anlatmaq da!
...Ədəbiyyat və sənət tarixinə nəzər
yetirəndə məlum olur ki, əsl sənət əsərləri
sanki başqa bir dildə - “məchul dil”də yazılır. Hər adam
yaxşı şair (sənətkar) ola bilmədiyi kimi,
yaxşı oxucu da ola bilmir.
Yazdıqlarını
rəmzlərlə və kodlarla - “məchul dil”lə
yazanlardan biri olan məşhur görücü Nostradamus
yazırdı: “Bütün yazdıqlarımı dumanlı və
eyhamla vermişəm. Məni yalnız
seçilmişlər və bəsirətli adamlar başa
düşəcəklər.”
“Məchul dil”i - üstün İdrakı məlum dilləri
bilənlər bilmirlər.
“Məchul dil” Ruhun dilidir. Onu yalnız ruhla
anlamaq mümkündür. “Şeir mütləq
həqiqəti arama işidir” deyən N.F.Qısakürək
haqlıdır, şeirin məchulluğu (elə məlumluğu
da!) burdan, məhz bu nöqtədən başlayır.
Şeirin məchulluğu həqiqət adamı
(aşiq) üçün məlumdur, şəriət
adamı (zahid) üçün məchul. “Məchulluq
bizi bilinməzdən bilinənə aparmaqla yanaşı, həm
də “bilinəndən” bilinməyənə aparır”.
(Fərabi)
Həzrəti
Məhəmmədin yaradana etdiyi dualardan biri beləydi:
“Allahım! Ümmətimi doğru yola yönəlt! Çünki onlar anlamırlar!”
Nitsşe
“Antxrist” əsərində başlanğıcda bəri
başdan xəbərdarlıq edirdi: “Bu kitab az adama məxsusdur.
Ola bilsin həmin adamlardan heç kim hələ
mövcud da deyil”.
Böyük
alman filosofu həmin kitabındakı giriş
sözünü bu sözlərlə bitirir: “Mənim əsl
oxucularım təyinatı üzrə mənim oxucum
olanlardı. Qalanlarla mənim nə işim ola
bilər?! Qalanlar vur-tut “bəşəriyyət”dir.
Azərbaycan
filosofu Asif Ata da asan yazılanlara, “məchul” olmayanlara
qarşıydı:
“İdraksız şeiri mən qəbul eyləyə
bilmirəm. Sönük, cızmaqara kimi baxıram onlara”.
“Məchul dil”dən qaçmaq, diksinmək, bezmək
lazım deyildir. “Qulağa xoş gəlməyən
sözlərdə kəramət vardır”. (Ş.Təbrizi)
Həllac
Mənsura görə “Məchulluq arifin sifətidir”.
Heç kəs Həzrət Əlinin elmini, şeirini
şərh edə bilmirdi. Orxan Vəli məlumluğun məchulluqla
bağlılığını çox gözəl ifadə
etmişdir: “İnsan anlaşılmaz saydığı bir
şeiri anladığı vaxt məmnun olur”.
“Məchul dil”lə biz “Pir qələbəsi”
qazanırıq bəlkə? Olsun! “Uduzsaq da,
ayıltma, anlatma davası gedir” (H.Nitqi). Puşkin də
bir vaxtlar elə bunu deyirdi: “Məni anacaqlar, anlayacaqlar!”
Abbas Tufarqanlı gözələ üz tutub öz
mücərrədliyindən (məchulluğundan)
danışıb: “Gözəl”, mücərrədəm sənin
yolunda” deyib.
İsa Muğannanın özü də, sözü də
başdan-başa müəmmayla, məchulluqla (və məlumluqla)
dolu deyilmi?!
H.F.Qısakürək haray çəkib bunu da deməyi
özünə sanki borc bilmirdimi ki, “Şair Allahın Məchullar
aləminin səyyahıdır!”
Asan şeirlər (əsərlər) məlum dillə,
çətin şeirlər “məchul dil”lə
yazılırmış. “Asan yazılan şeirlər yaman çətin
oxunur. Çətin yazılan şeirlər
isə könüllərə çox tez yol tapır”.
(R.Həmzətov)
Asanın
çətinliyi...
Çətinin
asanlığı...
Qəribə təzaddır, elə deyilmi?!
“Onu anlamaq istəyirsənsə onun nə dediyini yox, nə
demədiyini eşit. Sən deyəndə ki, “mən səni
anlamıram” bu sözlər mənə layiq olmayan tərifdir.
Sənə isə layiq olmayan təhqirdir”.
(C.X.Cübran)
Şəms Təbrizi “Rəmz və işarət diliylə
danışıram mən” deyəndə məchul dilin
hansı əhəmiyyət daşıdığına
işarə etmirdimi?!
Nəsimi
deyir:
“Atamın həm oğlu, həm atasıyam”.
Bu misranı oxu, gəl indi baş aç ki, şair nə
demək istəyir? Özü də Məhəmməd
peyğəmbərin diliylə?
Demək
istəyir ki, “Mən Məhəmməd peyğəmbər
atamın (ilk insanın - Adəmin) həm oğluyam, həm də
atasıyam... Yəni ondan əvvəl mən vardım-ilahi nur
şəklində! “Adəm hələ suyla gil
arasında olarkən mən peyğəmbər idim. Həm də onun nəslindənəm, onun
oğluyam”.
lll
...BMT-nin
araşdırmalarına görə, dünyada 6700 dil var.
Şeir hansı dildə yazılır, neçə
mininci dildədir, görəsən? Hələ də bilən
yoxdur.
Bəlkə də 6701-ci dildir şeirin dili?
Bəlkə
də...
Düzdü, hərə öz dilində şeir
yazır. Yenə də şeir başqa bir dildə yazılır
və yazılmaqdadır.
“Kimsə
Nəsimi dilini kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq”.
“Var bu dildən başqa bir lisanımız”. (Nəsimi)
Mən
bir qərib elə gəldim,
Kimsə
dilim bilməz mənim
(Y.İmrə).
Amerika
yazıçısı Müller yazı prosesində məhz
belə dərk olunmaz şeylərin üzə
çıxarılmasını istəyirdi, məchulluğun
məlumluğunu təsdiq edirdi, yazırdı: “Dərk etdiklərini
yazmaq mənasızdır. Ayıq
düşüncənin incəsənətə o qədər
də təsiri yoxdur. Yazı prosesində
insan özünə məlum olmayanı üzə
çıxardır”.
Göründüyü kimi, əsl şair (sənətkar)
“Məchul dil”indən məlum olur. Yəni əslində, əsl
şair məchul məlumdur!?
“Mən kəskin bir şəkildə mifik idraka sahib
şairəm.
Başlanğıcdan özümə də ağır gəlirdi
ki, müasirlərim mənim şeirlərimi anlamır” deyən
müasir rus şeirinin az qala İsa
Peyğəmbəri kimi qiymətləndirilən Yuri Kuznetsov
belə söyləyirdi.
Kim bilir,
bəlkə də şeirin (sənətin) taleyi elə
başlanğıcdan belə olub: anlaşılmazlıq!? (həm də sözsüz ki, anlaşılan!)
Müasirlərinin mifoloji epik söz ustası
adlandırdığı, V.Mayakoviskinin isə “dahilər
dahisi” hesab etdiyi rus şairi V. Xlebnikovu dünyanın
anlaşılmaz dil sahibi adlandırıblar.
Əli Kərim
haqlı olaraq gileylənirdi:
...Heç kim məni başa düşməz,
Bəlkə də aydınlığımdandır.
...Doğulduğumdan
öncələrdə doğuldum, deyən Bülənd
Eceviti əvvəl başa düşmək isdəmirdilər.
...Doğuldum
39-da,
37-də
tutuldum,
- deyən Vaqif Səmədoğluya isə o ki,
var gülmək istəmişdilər.
Məchul dilin müəmmalı, ən kamil ustadlardan
biri Məhəmməd Füzulidir. O, ümumiyyətlə, müəmmasız
şeiri şeir saymırdı. Əsl şeirin canının
məchul dillə bağlı olduğuna inanırdı və
farsca “Divan”ının müqəddiməsində
yazırdı: “Allahım, bu şeirlərin oxunduğu məclislərdə
məsxərəyə qoyulan, bir neçə zəif beyt
yazıb onu dilənçilərə alət eləməklə
iftixar edən və guya şeiri anladığını
anlatmaq üçün sözün və mənaların incəliklərinə
etiraz edən bir neçə insanın ayaqları altında əzdirmə”.
İbn Ərəbinin “Müdriklik abidəsi” əsəri
çox çətin üslubda, üstüörtülü,
müəmmalı dildə yazılmış, fikirləri
çoxmənalı rəmzlərlə verilmişdir.
Məchul
dil daha çox sufi ruhuyla
bağlıdır. “Sufi mənasını rəmzlərlə
ifadə etdiyi üçün onun şeirləri müəmmalı
olur” (Camal Mustafayev).
Aşıq
Ələsgər məşhur bir qoşmasında
aşıqlıq sənətinin əsas şərtlərindən
danışarkən xüsusi vurğulayır ki, gərək
aşiq:
...Məcazi
danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdir.
Xaliqi-ləmyəzəl,
vahidi yektay,
Qüdrətindən kamal verib mənə pay.
Oxu
“Əlif”, “Ğeyn”, eylə haqq-say,
Arif istər əbcəd ilə cəm əli.
Aşıq Ələsgərin ilk beyti anlaşıqlıdır. 2-ci beytdə isə o, bizi
düşündürür və bizə kömək
üçün işarə də verir: “eylə haqqı
say”. Əbcəd hesabıyla “Əlif”lə (birlə)
“ğeyni” (mini) topla deyir, yekun 1001 edir. Bu isə Allah deməkdir,
Allahın 1001 adına işarədir.
Budur bax
Ələsgər sənətinin, Ələsgər elminin
açımı, qüdrəti!
Başqa
bir şeirində ustad deyir:
Haqq ilə
nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında.
Burdan hasil olan məna budur ki, baş vermiş hadisənin
səbəbini, nəticəsini bilmək istəyirsənsə
görəndən, ya da eşidəndən soruş. Əgər aşıq
öz fikrini bu cür adicə şəkildə desəydi,
onda bu sənət əsəri olmazdı ki!
Demək, sənətin canı bu mücərrədlikdədi
- “Məchul dil”dədi, ifadələrdədi.
Məhəmməd
peyğəmbərin Meraca gedəndə neçə
yaşında olduğunu Aşıq Ələsgər belə
anladır: “Otuz altıyla cəm olubdu on yeddi”. (Yəni
düşün, topla, gör 36-yla 17-nin cəmi nə edir?
Onda biləcəksən ki, peyğəmbər
Meraca neçə yaşında gedib.)
“Oxuram
“innə-fətəhna”, dərs alıram yuxuda,
Şahi-Mərdan nökəriyəm, dərsimi pünhan
verir”.
Məhəmməd
peyğəmbər 630-cu ildə Məkkəyə daxil olanda
ona belə bir ayə nazil oldu: “İnnə-fətəhna” (yəni
bu qələbəni-Məkkənin fəthini sənə biz bəxş
etdik). Ələsgər də ona şairliyi,
aşıqlığı, könüllər fatehliyini
yaradanın bəxş etdiyini yaxşı bilir.
Yuxuda dərs alır.
Kimdən?
Şahı-Mərdandan!
Gizlicə gəlib ona dərs keçir.
Hərdən
bir şair dostuma deyirəm ki, indi hünərin var, sən də
elə şair, yaxud aşıq ol ki, həzrət Əli
işini-gücünü buraxıb gəlib sənə gecələr
dərs desin gizlicə. Deyər! Ancaq bunun üçün
şərt budu ki, gərək Ələsgər kimi Fəthin,
qələbənin sənə haqdan verildiyini biləsən,
haqq aşiqi olasan!
Aşıq
Ələsgərdən çəkilən misallar da bir daha
göstərir ki, təsəvvufu (rəmzi sufi
dilini) bilmədən klassik dahi şairləri anlamaq çox
çətindir.
Natəvan
Faiqin Vaqif Səmədoğluya həsr etdiyi “İki dünya
arası vuran nəbz” kitabında şairə sual olunur:
- Sizin
şeirlər... orda hər şey qat-qatdı, fikrin axıra
kimi açıqlanmaması, hər şeyin yerini dəyişməsi.
Bu kombinasiyalarda...
- Mənim
şeirlərimdə?
- Hə,
düzünü deyəcəyəm. Oxudum və
heç yarısını da anlamadım. Onlara
çatmaq üçün böyümək lazımdı.
Əlbəttə, bəxtin gətirsə”.
...İnsafən Natəvanın bəxti gətirmişdi. “Anlamadım”
decə də, axır ki, şairi anlamış, onun “Məchul
dil”ini başa düşmüş, haqqında maraqlı bir
kitab yazmışdı.
1963-cü ildə Rəsul Rzanın “Qəlbimdə
bahar”adlı bir kitabı çap olunmuşdu. “Ədəbiyyat
qəzeti”ndə kitabla yanaşı kitaba çəkilən rəsmlərə
də çox qəribə qiymət verilmişdi. Şair və rəssam ifrat mücərrədlikdə
günahlandırılmışdılar.
Şairin 1962-ci ildə “Azərbaycan” jurnalının
12-ci nömrəsində çıxan “Rənglər” silsiləsindən
olan 27 şeiri muasir həyatımızın aktual məsələlərindən
uzaqlaşmaq halı kimi mənalandırılmışdı. Şeirlərin
hamısının axırı mücərrəd fikirlər
və ifadələrlə qurtardığı iddia
olunmuşdu. Şeirlərdə konkret
insanın yoxluğunu xüsusi canfəşanlıqla
qabartmağa çalışırdı “ədəbi
mığmığalar”.
Böyük
şairsə yazırdı:
“İnsanın ən böyük ləyaqəti ondadır ki bütün bu istilər, soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu insan kimi keçsin. Bəlkə də “ədəbi mığmığalar” bu sözləri oxuyub ağız büzərlər. “Yenə də mücərrəd insan” deyə dızıldayarlar. Olsun . Konkret heyvan olmaqdan mücərrəd insan olmağın nəyi pisdir!”
...Aydındır şeirin dili,
İstəyirsən sevincdən,
İstəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
Nadan
yüz yol oxusun,
Yenə
bir şey anlamaz!
Mücərrəd, anlaşılmaz, məchul sayılan
dil bəlkə də ən anlaşılan dildir?!
Təki
onu yazan insan ola!
Təki
onu oxuyan, duyan İnsan ola!
Təki
“Elə bir adamın ola ki, səni anlaya”
(F.Kafka)
Sultan Mahmud
Qəznəvi bir gün Sarayın dörd qapılı
pavilyonunda Birunidən soruşur:
-Mən
bu qapıların hansından çıxacağam? Öz qərarını bir vərəqdə yaz və
xalçanın altına qoy.
Biruni sultan dediyini yerinə yetirir.
Sultan öz qulluqçularına əmr edir ki, saraydan
yeni bir qapı, beşinci qapı açılsın, mən o
qapıdan çıxacam. Bəs Birunu nə
yazmışdı? “Sultan bu dörd
qapının heç birindən çıxmayacaq. Şərq tərəfdə yeni bir qapı
açdırıb ordan çıxacaq”.
Hər şey Biruni yazdığı kimi olmuşdu.
...Çox
şey dörd tərəflidir.
Sözün
beş tərəfi var.
Bunu bilən şairdir.
Bunu bilən “məchul dil” dən-” beşinci qapı” dan
da xəbərdardır.
...Ceyms
Coysun “Uliss”si özünə məxsus “məchul bir dil”ə
malikdir. Ədəbiyyatşunasların gəldiyi
qənaətə görə bu əsəri anlamaq 10-cu cəhddən
sonra baş tuta bilər.
Hətta 50 cəhddən sonra bu əsərin 50 faizini
ancaq başa düşülə biləcəyini iddia edənlər
də vardır. Əsəri başa düşmək üçün 8
dil bilməyə ehtiyac olduğunu deyənlər də az deyil.
Bu, nə deməkdir?
O deməkdir
ki, doğrudan da əsl sənət əsəri sanki başqa
bir dildə-”məchul dil”də yazılır.
N.F.Qısakürəyə görə şeir indiyəcən
hələ də tam anlaşılmayıb. Amma...
Anlaşılacaq
bir gün şeir,
Çoxu getdi, azı qaldı.
“Uzun illər boyu alimlər, filosofolar ruhla bağlı tədqiqatlar
aparıblar və sonda bu nəticəyə gəliblər ki,
insanın düşünmək qabiliyyəti beyindəki
neyronlarla, molekul və atomlarla deyil, naməlum,
anlaşılmaz bir substansiya ilə bağlıdı. “(Kənan Hacı,
“Tanrının Ruhu” məqaləsindən).
Dil də
belədir, onda da ruh kimi həmin naməlumluq və
anlaşılmazlıq var. İlk baxışdan nə qədər
anlaşılan görünsə də...
Danışmadan danışanlar var.
Baxmadan görənlər var.
Qulaq kəsilmədən dinləyənlər var.
Nizami elə bunu demirdimi? Elə məqama yetə
bilərsənmi ki, dilsiz danışa, gözsüz görə,
qulaqsız eşidə biləsən?!
Bunun üçün kütləyə
qarışmağa yox, Allaha yaxınlaşmağa tələsməlisən.
“Mən kütləvi oxucu üçün yazmıram...
hamının xoşuna gəlmək, zövqünü
oxşamaq ədəbiyyatın missiyası deyil. Uzun illərdir bəzən
hətta ən hazırlıqlı və intellektual oxucular tərəfindn
sona qədər anlaşılmadığımı hiss edrəm.
Amma oxucu azlığından da şikayətim
yoxdur” (Afaq Məsud).
Bir çox əsərlərini mifik tərzdə yazan
Henri Mülleri anlamaq asandır. Deyəndə ki, “bircə
nəfər məni başa düşən oxucum olsun, bəsimdir”.
Bəs şeirlərini ən anlaşılan dildə
yazan Hüseyn Arifin günahı nəydi? Niyə yol vermişik ki, deməyə
məcbur olsun:
Şeirimi
oxuyanda,
Bircə
nəfər yanımda
Dilimi bilən
ola!
Bu hansı dildi dostlar?
Bu, həmin
dildir - şeir dili!
Ə.Cami hər sözün, misranın çəkisini
duymaqla, anlamağın, açmağın çətinliyini
dərk etməyin tərəfdarıydı. O, özünü bəzən
hazırlıqsız oxucunun yerinə qoyur, deyirdi:
Hər
sözdə düşünəsən haçanacan mənanı,
Ürəyim qana dönür açanacan mənanı.
Hafiz
Şirazinin bir beyti də Ə.Caminin lap ürəyindən xəbər
verir:
Hər kəs
öz bildiyi qədər aləmi dərk edər,
Hər mətni
oxuyan mənanı dərk edə bilməz!
Dünyaya gəlmək, dünyada yaşamaq hələ əsl
yaşamaq deyil. Nemətlər içində üzmək
də nemət sahibi olmaqdan xəbər vermirmiş. Hər sevinc bildiyin də sevincmi?! “Görmək və başa düşmək sevinci təbiətin
ən böyük nemətidir” (A.Eynşteyn).
Ən böyük “Məchul
dil” ustadlarından biri Şəms Təbrizi olmuşdur.
“Məchul dil”in mahiyyətini tam başa düşmək
baxımından onun bir fikri çox önəmli və təkrarsızdır:
“Allah Xəttatdır.
O,
üç dənə xətt yazdı.
Birinci xəttini yalnız özü
oxuya bilir,
başqaları oxuya bilmir.
İkinci
xəttini həm özü oxuya bilir,
həm
də başqaları.
Üçüncü
xətti isə nə özü oxuya bilir,
nə də
başqaları!
Həmin üçüncü xətt mənəm.”
Yox! Bu da hələ ən (son!) məchul dil deyildir.
Bütün yaradılış, bütün aləmlər
ilk baxışda anlaşıqlı görünən bir dildə
danışmaqdadır.
Ən Məchul dil Allahın gizli, məchul xəzinəsidir.
Hansı
ki, insanlar bu gizli, məchul xəzinəni elə bil az qala unutmuşlar, yada salmaqda, xatırlatmaqda
çətinlik çəkirlər.
“Kim naməlum dildə danışırsa, adamlara deyil,
Allaha söyləyir. Çünki onu heç kim başa
düşmür. O, sirləri Ruhu ilə söyləyir”
(Müqəddəs Həvari Pavelin Korinflilərə birinci məktubundan.
Ayə2) “Naməlum dildə danışan
özünü inkişaf etdirir. Ayə 4)
Mən səninlə
danışıram,
hamının unutduğu,
lüzumsuz bir dildəmi?
..Amma bu
dil
nə vaxtsa
adam diliymiş.
(O.Süleymanov)
Aman allah, indi-indi fikirləşirəm ki,
dövrümüzdə bu qədər “meymun şairlər”-
şairciklər-şeir quraşdıranlar hardan, nədən
törəyiblər?
Həmin
“məchul dil”i anlamamaqdan daha çox onun nə olduğunu
unutmaqdan!
Şairliyi bu qədər asan bilmələri
ucbatından.
Füzulidən utanmamaqdan, Nəsimidən çəkinməməkdən. Ustad nəfəsinə
ehtiyac duymadan, ağına-bozuna baxmadan yazmaq ucundan...
Zövqsüzlükdən!
Ç.Aytmatov
düz deyirmiş: “Bir vaxt gələcək şeir sənəti
dar bir çərçivənin adamlarının
zövqünə xidmət edəcək”.
Çətin
sevdalara düşmə heç zaman,
Doldur
piyaləni, nuş et durmadan.
Üzümün
qızıyla oturub kef çək,
Haram qız yaxşıdır, halal anada n.
(Ö.Xəyyam)
Burda söhbət üzümdən (ana) və şərabdan (qız) gedir. İndi neyləyək? İndinin bəzi oxucularını (elə bəzi “yazarları”nı da) götürüb nə təhər Xəyyamın yanına aparaq və deyək ki, şeiri bax belə yazırdılar, şeiri bax belə yazarlar. Bu qədər “məchul” - bu qədər məlum şəkildə!
M.V. Vidadini hardan tapaq və rica edək ki, yaz haqqında bir şeir yazmışdın ha, olarmı onu bir də oxuyasan? Yox, ustad, sənə zəhmət olar, qoy özüm oxuyum:
Qırx yeddi (47) rəqəm sındı
Zimistan qələmindən,
Fürsət gülə düşdü.
Əbcəd hesab ilə 47 rəqəmi “m” və “z” hərflərindən ibarətdir, onların cəmidir. “Zimistan” sözündən bu iki hərf düşəndə yerdə “stan” qalır. “Fürsət gülə düşdü” yəni “gül” “stan” sözləri birləşib “gülüstan” sözünü əmələ gətirdi.
Bir də qeyd edirəm, şeirdə məhz bu cür düşüncə tərzinin yoxa çıxmasına görə, yəni “məchul dil” yoxa çıxdığına görə bu qədər məlum “yazarlar” ortaya çıxmağa başladı. Şairliyin çətinliyini anlamadılar. Şeiri bu qədər asan bildilər! Adını qoydular ki, biz onları anlaya bilmirik.
Əvvəla, haçan oxudunuz ki, anlayasınız? İkinci də əsl anlaşılmaz halda indi özünüz “yazıb-yaratmaqdasınız”, məchul ola bilməyən məlumlar!
Siz mücərrədliyin, məchulluğun nə olduğunu bilmədiniz.
Biləmməzsiniz də!
“Soyuq, sərt, dar düşüncəli adamlar müəmmalı ola bilməzlər.
Müəmma ehtiraslı, dünyanı təsirli və güclü hisslərlə dərk edən adamlara məxsusdur.
Çünki onların qəlbi də, fəaliyyətləri də ağlasığmazdır. Yeganə zəmanət budur ki, o, çirkin əməllərdən uzaqdır”. (Yevgeni Boqat “Onlar belə sevirdilər” kitabından).
Müəmmanı hər adam yaza bilməz.
Müəmmanı hər adama demək də olmaz.
Əhməd
Yəsəvinin vəsiyyət səviyyəsində olan hikmətlərindən
biri belədir:
“Mənim
hikmətimi sərrafa deyin!
Bəli, şeirin, sənətin, hikmətin dili ən
anlaşıqlı anlaşılmaz dildir.
Bu dili anlamaq üçün insanın (oxucunun) ən
yüksək intellekt sahibi olması lazımdır. Anlaşılmaz
olan “Məchul dil” deyildir, özünü məlum sanan Məchul
insandır.
Günahı “Məchul dil”də yox, məhz “məchul
insan”da axtarmalıyıq.
Hamının
dili deyil,
Bir ayrı xalq dilidir.
Bu
vaxtın dili deyil,
Bir
ayrı vaxt dilidir...
İnsanlar “Məchul dil”də danışmağı bacarmalıdır. Qəribədir, insanlar poliqlot olurlar, qədim, müasir dilləri öyrənirlər, ancaq nədənsə “məchul dil”i öyrənmirlər, öyrənmək istəmirlər.
Bir də ki, belə insanları bəlkə də qınamağa dəyməz. Axı “Məchul dil”i anlamaq istəyən aşiq olmalıdır.
Biçarə Yunusun sözün
Aşiq gərək ki, anlaya.
O quş
dilidir, neyləsin,
Bilmək
olmaz ötməyincə!
Bu misralar da bir daha göstərir ki, əsl şeir (sənət)
Məshulluqdan qaynaqlanan Məlumluqdur.
“Məchul
dil” sahibləri gələcəyin, bütün zamanların
adamlarıdırlar!
“Gələcəyin adamlarını müasir adamlardan
pis anlayırlar. Ciddi desək, biz heç vaxt başa
düşülməyəcəyik və bizim nüfuzumuz da
bundadır!”
Nitsşe düz demirdimi?!
Barat
VÜSAL
525-ci qəzet.-
2018.- 4 avqust.- S.20-21