Gözəllik ikonu... Parlaq işıqlarda
sönmüş həyat...
“...kiçik
bir qızam”
“Yaxşı insanam, amma mələk deyiləm. Günahlarım
var, amma şeytan deyiləm. Mən sadəcə
bu qocaman dünyada sevəcək birilərini axtaran kiçik
bir qızam”- deyirdi. Bəlkə də bütün
problem məhz bu idi: “Sevgi! Axı özü deyirdi: “əlbəttə
mənim də duyğularım var, mən də insanam. Tək istədiyim sadəcə mən olduğum və
bacarıqlarım üçün sevilməkdir”.
Sevgi
yoxsulluğu... Əslində, bircə
uşaqlığında çəkmişdi bu yoxsulluğu.
Kimsə tərəfindən sevilməmişdi,
ya da sevildiyini kimsə ona hiss etdirməmişdi. Çətin, ağır, başqa-başqa evlərdə,
başqa-başqa insanların əhatəsində keçən
uşaqlığı ona bir ömürlük
daşıyacağı travma və psixoloji problemlər qoyub
getmişdi.
Amerikan kino aktrisası, müğənni və model,
bütün dövrlərin seks simvollarından, pop
ikonlarından biri Merilin Monrodan gedir söhbət.
O saf
gözəlliyin, şıltaq gülüşün, macəralarla
dolu həyatın arxasında bir dram, insanı sarsan bir faciə
yatır əslində.
Onun faciəsi özündən öncə
doğulmuşdu. Sonra isə o doğuldu 1 iyun 1926-cı ildə
Los-Anceles Dövlət Xəstəxanasında Norma Cin Mortenson
adı ilə. Anası Qledis Perl o
doğulanda ikinci əri Martin Edvard Mortensonun soyadını
daşıyırdı. Qızına da bu
soyadı vermişdilər. Amma sonradan həm
özünün, həm də qızının
soyadını birinci ərinin soyadına dəyişdi: Beyker.
Balaca qızcığaz sonralar hər dəfə
anasından atasının kimliyini soruşanda o,
müdürünün olduğunu deyirdi, amma daha artıq məlumat
vermirdi. Bəzi mənbələrə görə, həmin
adam anasının RKO studiyalarında film
redaktoru olaraq birlikdə çalışdığı
Çarlz Stenli Gifford adlı biridir. Ancaq bu da
dürüst məlumat olmadığından nə Norman, nə
də bu zamana qədər kimsə onun bioloji atasının
kimliyini dəqiq bilmir.
Anası
o, hələ 12 günlük ikən səhhətindəki
problemlərə görə onu tanış
bir ailəyə verir. Sonra isə şizofreniya xəstəliyi
səbəbindən xəstəxanaya aparılmasının
ardından balaca qız bundan sonrakı həyatını bir
yetimxanada və müxtəlif baxıcı ailələrin
yanında keçirmək məcburiyyətində qaldı.
Dayısı Marion da həmçinin həmin xəstəxanaya
yatırdılmış və xəstəxanadan
çıxdıqdan sonra özünü asmış, nənəsi
Della və babası Otis də manik depressiya xəstəliyindən
əziyyət çəkmişdilər. Norma
Cin yeddi yaşına qədər həddindən artıq
dindar bir ailə olan Albert və Ida Bolender cütlüyü ilə
yaşayır.
Uşaq evində ikən o, Bernis adlı ögey
bacısı olduğunu öyrənir. Bu zaman onun
sevincinin həddi-hüdudu olmur. Axı, o,
tək deyildi, onun da bir bacısı vardı. Bacıdan
doğma kim olacaqdı ki ona?! Amma balaca qızcığaz bu doğmalıqdan da məhrum
qalır.
Daha sonra
anası Qledisin bir ev almasıyla təkrar
onunla yaşamağa başlamasına baxmayaraq, anasının
ağıl xəstəliyinin pisləşməsinə görə
anasının ən yaxın yoldaşı Qreys Makkinin himayəsi
altında yaşamalı olur. Bundan sonra bir neçə dəfə
də müxtəlif ailələrin, bibisinin yanında
yaşayan Norma Cin, hələ 16 yaşındaykən
qonşusunun 21 yaşındakı oğlu Ceyms Dogteri ilə
tanış olub bir müddət sonra onunla evlənir. Ancaq bu evliliyin əsl səbəbi yenidən uşaq
evinə getməmək idi.
Merilin
Monro
1944-cü ildə işlədiyi fabrikdə çəkilişə
gələn bir fotoqraf tərəfindən kəşf edilən
gənc qız onun sayəsində “The Blue Book” manekenlik
agentliyində modellik etməyə başlayır. Agentlik onunla
uzunmüddətli müqavilə imzalamaq istəyir. Amma buna görə o, subay olmalı idi. Norma da ərindən boşanır və müqavilə
imzalanır.
Bu dövrdə o, dayanmadan öz üzərində
işləyir, aktyorluq və müğənnilik kurslarına
qatılır, saçını kəsdirib, sarı rəngə
boyadır.
Qısa zaman ərzində “bu şirkətini ən məşhur
modelinə çevrilən Norma, dəfələrlə maqazin
jurnallarının üz qabığı oldu. Bu, “20th Century Fox”un baş icraçısı Ben Lyonun diqqətini
cəlb etdi və onun üçün sınaq çəkilişi
təşkil etdi. Eyni zamanda onunla altı
aylıq müqavilə imzaladı. Lyon həm
də ondan adını dəyişdirməyini istəmişdi.
Dediyinə görə, onun adı səhnələrə
yaraşmırdı, köhnə və bir az
da uşaq tipli idi. Buna görə də ona
Merilin adını məsləhət görür. Bunun səbəbi isə Lyonun qızı
keçmiş sevgilisi Merilin Millerə bənzətməsi
idi. Soyadını isə Norma özü seçdi: nənəsi
Dellanın Monro soyadı. Beləcə səhnələrin
yeni ulduzu doğuldu: Merilin Monro.
Artıq o, bir çox filmdə kiçik, epizodik rollara
çəkilsə də hələ ki, heç kimin diqqətini
cəlb etməmişdi. Elə bu dövrlərdə, daha dəqiqi
1949-cu ildə bir agentlik ona təqvimin üz qabığı
üçün modellik təklif edir. Maddi
sıxıntılar yaşayan qız kameralara 50 dollar
qarşılığında çılpaq poz verməyə
razılaşır. Ancaq bir şərtlə ki, onun
adı fərqli qeyd olunacaqdı: Mona Monro olaraq. Təqvim yayılsa da, kimsə onu tanımır.
“Ladies of the Chorus” adlı filmdə ilk dəfə
mahnı oxuyaraq rəqs etmək şansı qazandı. 1953-cü ildə
oynadığı “Niagara” filmiylə isə nəhayət ki,
məhşurluq qapıları üzünə
açıldı.
Ancaq elə
bu dövrdə bir neçə il öncə
təqvim üçün çəkilən çılpaq
şəkilləri yenidən başqa bir təqvimdə istifadə
olundu və o zaman Mona Monro adıyla gedən şəkillərdə
onu heç kim tanımamışdısa, indi bütün xalq
tanıyırdı. Bu şəkillər ölkədə
böyük bir skandala çevrildi, xalq təəccüb
içində idi. Axı daha öncə
heç bir aktrisa bunu eləməmişdi. Bir tərəfdən də Merilinin
soyuqqanlılığı və rahatlığı hər kəsi
çaşdırmışdı. O, müsahibəsində
həmin zamanlar pula ehtiyacı olduğunu və buna görə
o şəkilləri çəkdirdiyini dedi, xalq da onu
bağışladı. Hətta bu müsahibə
və hadisəni danışarkən ifadə şəkli onu
ulduz etdi, artıq o, seks ikonu kimi tamlıq
qazanmışdı.
Beləcə o şəkillər yayıldı, hətta
daha sonra “Playboy” jurnalının ilk buraxılışında
yayımlandı.
Sonralar
film ulduzu deyirdi: “Hollivud sizə bir öpüş
üçün 1000 dollar, ruhunuz üçün isə 50
sent verən yerdir. Bunu bilirəm. Çünki ilk təklifi dəfələrlə rədd
edib, 50 sentə razı oldum”.
Monro sonrakı aylarda çəkildiyi “Gentlemen Prefer
Blondes” və “How to Marry a Millionaire” adlı filmlərin
böyük uğur qazanması ilə A sinif aktrisalar
sırasına daxil oldu.
“Bir
qadını güldürə bilirsinizsə, hər şey
etdirə bilərsiniz”
Bir çox ünlü qadınlar kimi onun da eşq həyatı
qarışıq, enişli-çıxışlı idi. Ömrünün
sonuna kimi üç dəfə evləndisə də sevgililərinin
sayı çox oldu. Sanki o, sevgi acı idi
və qarşı cinsdən də yalnız sevgi gözləyirdi.
Özünün də dediyi kimi, karyera mükəmməl
bir şeydir, amma siz soyuq qış gecələrində
karyeranızı qucaqlayıb yata bilməzsiniz.
Şöhrətin zirvəsinə ucaldığı həmin
dövrlərdə uzun zamandır sevgili olduğu beyzbol ulduzu
Co Dimaggio ilə evləndi. Bu evliliyi çox
qısa çəksə də, ömrünün sonuna qədər,
hətta ölümündən sonra belə bu
cütlüyün adı həmişə bir yerdə
anıldı, Co onun ən yaxın dostu, sirdaşı,
xilaskarına çevrildi. Evlilikdən
qısa zaman sonra Co ilə balayını Yaponiyada keçirirlər.
Gənc qadın orada da çox böyük diqqət
görür. Hətta ölkənin
generalının təklifi ilə Koreya əsgərlərinə
konsert vermək üçün dörd günlük səyahətə
çıxmalı olur. Qısqanc və sərt
Co buna qarşı çıxır, amma Merilin onu dinləmir
və konserti verir.
Balayından sonra Nyu-Yorka qayıdan Merilin bir neçə
filmdə. Sentyabrın 15-də Nyu-Yorkda məşhur ətək
havalandırma səhnəsi çəkilir. Merilinin
çəkiləcəyi söylənilmədiyi halda oraya 5000
adam və kameraman toplanır və aktrisa o
vaxta qədər edilməmiş növbəti bir hərəkəti
edir: metro hava ötürücüsü ilə ətəyini
havalandırır. Dünyanı sarsıdan bu səhnə
əri Conu çox əsəbləşdirir. Amma o, yenə də səbrlə çəkilişin
bitməyini gözləyir. Merilin evə gələndə
onu əsəbdən rəngi göyərmiş, ağlı
başından çıxmış Co qarşılayır və
aralarında düşən mübahisədə oğlan
dayana bilməyib onu vurur. Bu hərəkət
evliliklərinin bitməyinə səbəb olur.
Dörd gün sonra çəkilişə gələn
Merilini görənlər şok keçirirlər. Onun bədənindəki
göy ləkələri makyajla güclə örtə bilirlər.
Cütlük 9 ay sonra 27 oktyabrda boşanır.
Əslində, Co, Merilini çox sevirdi və ondan ailəsinə,
evinə bağlı bir qadın olmağını istəyirdi,
dünyanın ən seksi qadını yox. Amma o da evlənərkən
Merilin Monro kimi dünyanın diqqətini öz üzərində
toplayan bir qadınla evləndiyini bilməli idi axı...
“Ağıllı
sarışın”... Artur Miller... Depressiya...
Merilin uzun müddət filmlərin çoxunda pula,
var-dövlətə həris, daş-qaş həvəslisi
ağılsız sarışın qadını oynayır. Bu zaman onun
“ağıllı qadın harda ağılsızı oynamaq gərəkdiyini
bilə qadındır” sözləri yada düşür.
Amma görünür bu rollar onu bezdirmişdi.
Buna görə də 1955-ci ildə “The Seven Year
Itch” adlı filmi bitirdikdən sonra müqaviləni ləğv
edərək New-Yorkdaki “Actor's Studio”'ya incəsənət dərsi
almağa getdi.
Merilin göründüyündən daha
ağıllı, zəkalı qadın idi, mütaliəni
çox sevər, incəsənətə maraq göstərərdi. Dostoyevski
heyranı idi, rəssamlardan isə Qoyyanı sevirdi.
Bir dəfə rəfiqələrindən biri ilə ən
bəyəndikləri kişilərin siyahısını
tutmuşdular.
Merilinin siyahısının başında Albert
Eynşteyin və dövrün məşhur
yazıçısı Artur Miller gəlirdi. Çox keçmədən o, Artur Millerlə
eşq yaşamağa başladı və 1955-ci ilin 22 iyununda
cütlük 4 dəqiqəlik ziyafətlə evləndi.
Bu evlilik boyunca Monro üç dəfə
müxtəlif səbəblərdən doğulmamış
uşağını itirməyə məcbur olub.
Uşaqlığından yaşadığı travmalar,
keçirdiyi sarsıntılar, uşaqları çox sevməyinə
rəğmən ard-ardına hamiləliklərinin
sonlanması, çətin və yorucu iş rejimi artıq
onun psixologiyasının pozulmağına gətirib
çıxarırdı. Ən yaxın bir-iki
adamına hələ gənclik illərindən beyninin
içərisində səslər eşitdiyini deyən aktrisa
yuxusuzluq xəstəliyindən də əziyyət çəkirdi.
Əlbəttə, bütün bunların
kökündə həm də genetik faktor da dayanırdı.
Bu dövrdə Zanuk onu geri çağırıb istədiyi
şərtlərlə yeni kontrakt imzalatdı. Monro, bundan
sonra sadəcə təsdiqlədiyi ssenarilər və təyin
etdiyi yollarla işləyəcək və “Fox”dan başqa digər
şirkətlərlə də işləyə biləcəkdi.
1955-ci ildə şirkətlə
imzaladığı müqaviləyə görə istehsal
şirkətinə bağlı olaraq Joshua Logan tərəfindən
“Bus Stop”a çəkildi. Bu filmdə salon
müğənnisi Cherie rolu ilə ilk dram performansını
göstərərək tənqidçilərdən
böyük tərif qazandı və Qızıl Qlobusa namizəd
oldu.
Bu filmdən sonra yoldaşı Artur Millerlə Londona gedərək
Lourens Olivye ilə birlikdə “The Prince and the Showgirl” adlı
filmə çəkildi. Film ona Oskara bərabər olan italyan “David
di Donatello” və fransız “Crystal Star” mükafatlarını
qazandırdı. Eyni zamanda da İngilis
BAFTA mükafatına da namizədliyini irəli sürdü.
Merilin
1959-cu ildə karyerasının ən mühüm filmi, onu məşhurluğun
zirvəsinə aparan Billy Wilderın rejissorluğu ilə
çəkilən “Some Like It Hot” oldu. Monro bu filmdəki aktyor qabiliyyətinə görə
bir Qızıl Qlobus mükafatı da qazandı. Ancaq bu filmlə birgə aktirisanın getdikcə səhhətinin
pisləşməyi onun çəkilişlərə gecikməyinə,
hətta günlərlə getməməyinə, tez-tez mətndəki
sözlərini unutmağına səbəb olurdu. Rejissor Billy Wilder isə bunları qəbul edə
bilmir. Elə bu vaxtlarda- yəni, film təzə
bitərkən Monro hamilə olduğunu öyrəndi və
tez bir zamanda uşağını itirdi.
Uyğunsuzlar
Günlər keçdikcə vəziyyət daha da pisləşirdi. 1961-ci ildə
aktrisa ilk və son dəfə əri Artur Millerin
yazdığı filmdə rol aldı. Baş
rolunu Clark Gable ilə paylaşdığı “Uyğunsuzlar”
filmində də öncəki filmlərə bənzər
hallar, hətta daha pisini yaşayırdı. Film boyunca psixoloji və fiziki problemləri, alkoqol və
həb asılılığı, iki dəfə yorğunluq
və əsəb pozğunluğu səbəbilə xəstəxanaya
yatması çəkilişlərə tez-tez gecikməsinə
səbəb olurdu, çox böyük problemlərin
olduğu bu film tənqidçilərin və izləyicilərin
diqqətini çəkdi. Gözləniləndən daha
az satılması və tənqidlərin
çoxluğu filmə olan gözləntiləri
doğrultmadı. “Uyğunsuzlar” eyni zamanda Clark
Gable ilə son filmi olacaqdı. Çünki
film çəkilişlərindən çox qısa zaman
sonra 59 yaşlı məşhur aktyor qəfildən
ölür. Xalq və ətrafdakı hər
kəs bu ölümdə Merilini günahlandırır.
Çünki çəkiliş prosesində
Merilin dəfələrlə problem çıxarır, Gableni
çox pis şəkildə əsəbləşdirirdi.
Onun ölümündən sonra hətta vəziyyət
o həddə çatır ki, yolda insanlar maşını
saxlayıb, ona “qatil olmaq necə bir hissdir?” - deyə aqressiyayla yanaşarmışlar.
Bütün bunlar azmış kimi çoxdandır
problemlər yaşadığı əri Artur Millerdən də
boşanır.
Üst-üstə yaşanan xoşagəlməz
hallar onda dərin depressiya yaradır. Hətta
o bir neçə dəfə intihara cəhd edir. Bir dəfəsində Nyu-Yorkda 13-cü mərtəbədən
özün atmaq istəyir, amma son anda vaz keçir. Ona yaxın insanlar deyir ki, bütün bu şöhrətin
içərisində o, acı çəkirdi. Bu da onu insan edirdi.
Xilaskar Co
Bunlardan sonra onu güclə dəlixanaya aparırlar. Onun
aparılarkənki qışqırıqları hər tərəfi
bürüyür. Dəlixanada
bağırır, çıxmaq istəyir, amma bacarmır.
Dərmanları da yanında yox idi, telefondan
istifadəni belə qadağan etmişdilər. O isə
təslim olmur. Nəhayət, tualetin pəncərəsini
qırıb şüşə qırıntısını
biləyinə tutur. Səsə həkimlər
gəlir. Əslində, o, illər öncə
oynadığı filmdən bir səhnəni
canlandırırdı. Həkimləri isə
inandıra bilmişdi. Axı onsuz da o,
intihara meyilli idi. Merilin sonunun anası kimi
olacağından, xəstəxana divarları arasında
ölüb gedəcəyindən qorxurdu. Bu
hadisədən sonra ona tək bir telefon haqqı verdilər.
O isə ikinci əri Coya zəng elədi, ağlaya-ağlaya hər
şeyi danışdı. Həmin vaxt Floridada
olan Co ilk təyyarə ilə Nyu-Yorka gəldi və
böyük çətinliklə onu xəstəxanadan
çıxartdı. Daha sonra o, Merilindən
daha yaxşı bir xəstəxanada yatmağını istədi.
Merilin isə Conun hər gün gəlib ona
baş çəkəcəyi şərti ilə
razılaşdı və Payne Whitney Psixiatrop Klinikasında 3 həftə
yatdı. O, oradan çıxarkən yenə də onu
böyük bir izdiham qarşıladı.
“Mən
ABŞ prezidentini sevən bir qadınam”
Co ilə münasibətləri düzəlsə də
aralarında yenidən sevgi yaranmır. Həmin
dövrdə o, başqa birinə - Amerikanın prezidenti
Kennediyə aşiq olur. Bu eşq ona
çox böyük əzablar yaşadır. O
özü bunu belə etiraf edir: “İnsanlar məni
görüb çox gözəl bir həyat
yaşadığımı düşünürlər. Amma mən dünyanın ən çox təhlükə
altında olanı adamını - ABŞ prezidentini sevən
bir qadınam və böyük acılar içində
qıvrandığımı bilmirsiniz”.
1962-ci ildə
aktrisa “Something's Got to Give” adlı komediya filmində
oynamağa qərar verdi. Bu
film eyni zamanda Monronun ilk çılpaq səhnələrinin
olacağı film idi. Ancaq film boyunca xəstə
olduğunu deyən və eşq yaşadığı irəli
sürülən J.F. Kennedinin ad günü üçün
mahnı oxumağa getməsinə görə Fox şirkəti
tərəfindən filmdən qovuldu, müqaviləsi ləğv
edildi.
Ölüm
“gəlirəm” deyir
Sonradan Monronun səyi nəticəsində yenidən filmə
çağırılır və avqustun 1-i yeni müqavilə
imzalanır. Oktyabr ayında çəkilişlər
başlamalı idi. Amma müqavilə
imzalanandan cəmi 3 gün sonra Monro yüksək dozada sakitləşdirici
qəbul edərək 5 avqust 1962-ci ildə Brentvud, Los-Ancelesdəki
evinin yataq otağında hələ 36 yaşında həyatdan
köçdü. Ölümün ardından fərqli
fikirlərin irəli sürülməsi və yüksək
dozda Barbitürat alımı nəticəsində intiharın
elan edilməsinə qarşı, hadisə yerində dəlil
çatışmazlığı, klinik testlər
üçün götürülənlərin sonradan yoxa
çıxması və başda köməkçisi Eunice
Murray olmaqla hadisə şahidlərinin fərqli ifadələri
ölüm səbəbinin cinayət olduğuna və siyasi səbəblərdən
Cia, Mafiya və Kennedi ailəsinin buna səbəb olduğuna
dair bir çox təsdiq olunmamış fərziyyələr
ortaya atıldı. Monronun bədəni daha sonra
köhnə yoldaşı Co Dimacioya təslim edildi və onun
təşkil etdiyi dəfn mərasimi ilə 8 avqust 1962-ci ildə
Westwood Village Memorial Park Məzarlığında dəfn
edildi.
Hələ
evli ikən Merilin ikinci əri Codan bir şey xahiş
etmişdi: ölümündən sonra hər həftə onun
məzarına gül qoysun. Co bu sözünə əməl
edir və düz 20 il boyunca hər həftə
onun məzarını tər çiçəklərlə bəzəyir.
Bu günə qədər də onun ölümünün əsl səbəbi naməlumdur. Doğrudur, o, intihara meyilli idi. Hətta ölümündən əvvəlki bir ay ərzində də eyni səbəbdən - yüksək dozda dərman qəbulundan ölümün bir addımlığından qurtulmuşdu, amma hər şeyin düzəldiyi vaxt, o qədər səy göstərib filmə geri çağırılmışkən birdən birə intihar etməyi qəribədir. Ögey qardaşı tətildə olduğundan ölümünü çox gec öyrəndi. Anası yəqin ki, səhhətindəki problemlərə görə qızının vida mərasiminə qatılmadı. Özü isə ondan sonra hələ 20 il də yaşadı.
Cazibədar aktrisanın ölümündən bir həftə sonra Nyu-Yorkda intihar statistikası heç görünməmiş şəkildə artdı - gündə 12-yə qədər yüksəldi. İntihar edənlərdən biri ölümündən öncə belə bir məktub yazmışdı: “Dünyanın ən gözəl və ən möhtəşəm insanı yaşamaq üçün bir səbəb görmürsə, mən necə görüm?”
Cazibədarlığı, incə zəkası,
saf gözəlliyi, macəralarla dolu həyatı ilə
Merilin Monro bu gün də haqqında ən çox
danışılan qadınlardan biridir. O, 1999-cu ildə Amerika
Kino İnsitutunun bütün zamanların ən böyük
qadın kino ulduzları sıralamasında altıncı
sıraya layiq görülmüşdür. Haqqında 200-ə
yaxın kitab yazılıb. Sağlığında isə cəmi
bir avtobioqrafik roman yazılmışdı. Bir çox
mahnı ona ithaf olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2018.- 4 avqust.- S.18-19.