Səsin ağlamasın, Aygün...

 

 

 

“Cənnət” qoxuyan kənd...

Deyirlər, bülbülə çəmən yaxşıdır,

İnsana laləzar Vətən yaxşıdır.

Vahid, sorma Vətən nədən yaxşıdır?

Adı gəlcək, könlüm xəndan göründü...

Əliağa Vahidin misralarıdı. Xalq artisti Aygün Bayramova oxuyur. O səs də, o misralar da xəncər kimi sancılır ürəyimə...

Aygünün yana-yana dediyi o “laləzar Vətən” gözdən-könüldən iraqdı indi. Düşmən evlərini viran edib, gül bağçasını al qana bələyib. Güllə səsi bülbülləri də pərən-pərən salıb o “cənnət”dən...    

... Və dünyada “cənnət” deyilən bir yer varsa, o da bizim balaca kənd idi. Allah onu öz “cənnət”indən pay göndərmişdi bizə. Bir səbət çiçək idi sanki. Göy üzündən qopub ehmalca qonmuşdu torpağın yaxasına. Elə cənnət də qoxuyurdu. Bəxtəvər idik, bu kənddə doğulmuşduq və ömrümüz hər cür pisliklərdən uzaq bu “cənnət”in qoynunda əriyirdi. Səssiz-küysüz açılan səhərləri, qaynayıb-daşan gündüzləri, haray-həşirsiz qaralan axşamları elə nizamla ötüb-keçirdi ki, dünyanın fırlandığını belə hiss etmirdik. Məmləkətin bir damlası olan bu kənd bizim üçün elə dünyanın özü idi. Böyük dünyalar heç eynimizə də deyildi...

Kölgəli bağ-bağatları, bol sulu Kötəli, dumduru Qaraçavası ilə gözəl idi bu kənd. Baharından çiçəklər sallanar, payızından bar-bərəkət tökülərdi. Qışında bəmbəyaz damların bacalarından burulan tüstüsü ilə bir tablo cızardı gözümüzün önündə. Yayında doqqazların ağzında gül-çiçək kimi bitən qız-gəlinlər sərvaxt rəssam üçün ələdüşməz mənzərə idi...

Boy verən yaşıllıqların arasından ilan kimi sürünən yolları, hər məhəlləyə, hər obaya burulan cığırları ilə doğma idi bu kənd. Kötəl məhəlləsi, Təpə məhəllə, Nazarlı məhəlləsi, Pərioğlular, Şamoğlular, Dəyirman məhəlləsi... Bu məhəllələri, bu obaları bütövləşdirən, tam edən isə Sarıhacılı adı idi. Sarıhacılı şəhərə bitişik kənd idi. Piyada getsən, uzağı 10 dəqiqəyə Ağdamın mərkəzinə çatardın...

Bu kəndin yaraşığı, həm də şərəfli adları, nəcib, sadə, çalışqan, gözütox, ürəyi rəhmli insanları, qeyrətli kişiləri, kişi kimi mərd qadınları idi. Famili, Arifi, Fikrəti, Şöhləti, Həmdəmi, Həsəni, Əşrəfi, Mərdanı, İsisi, Əliqulusu... ilə böyük idi bu kənd. Sovet sədri Pərisi, sadədən sadə Mayası, Məxməri, Səmayəsi, Adiləsi... ilə müdrik idi. Ətri bütün kəndə yayılan isti təndir çörəyini az qala bütün obaya paylayan anam Xanım kimi əliaçıq, səxavətli idi...

Gündəlik qazancından keçib uşaqlara siqaret satmayan dükançı Kərimi vardı bu kəndin. Hər gün bir dəstə qəzet-jurnalı qoltuğuna vurub payi-piyada kəndin ayağından vurub, başından çıxan, sevincək gətirdiyi əsgər məktubları ilə nigaran gözlərdə ümid çırağına dönən poçtalyon Rəhbəri vardı. Çox keçməyəcək, “qara kağız”ları “ölə-ölə” daşıyacaqdı bu poçtalyon və bu kağızların ağırlığına dözməyib özü də “qara dərd” kimi torpağa dönəcəkdi. Uşaqların “Mürsəl əmi”si də heç unudulmaz. Damının altında tək-tənha yaşayan, amma kəndin bütün uşaqlarını öz övladı sayan, təbiətin çiçək çağında həyətində becərdiyi rəngbərəng qızılgülləri sübh tezdən dəstə-dəstə dərsə gedən uşaqlara paylayan Mürsəl əmini deyirəm...

Famil Mehdisi Bakıdan gələndə el-obanın üstünə gün doğardı. Arif Babayev məclislərdə görünəndə təkcə toy yiyəsinin yox, bütün kəndin çiçəyi çırtlayardı. Sağ olmuş, heç kimin sözünü yerə salmazdı. Uzun yolu ağardıb, Bakıdan kəndin toylarına gələrdi. Arif Babayev, torpağı sanı yaşasın, əmim oğlu, rəhmətlik Rəsulla yaşdaş idi. Rəsulun da gözəl səsi vardı, cavanlığında Arif müəllim nə illah eləmişdisə, saqqızını oğurlaya bilməmişdi. Rəsul daşı ətəyindən tökməmişdi. Yoxsa indi onun adı da böyük xanəndələrin sırasında idi. Rəsulun anası Maya bibim bəstəkar Süleyman Ələsgərovun dosdoğmaca əmisi qızı idi. Süleyman müəllim yay aylarında Şuşaya gələndə mütləq bibimə də baş çəkərdi. Onu ilk dəfə əmimgildə görmüşdüm...

Yetirdikləri, bitirdikləri ilə öyünərdi bu kənd...

Hamının sevinci, kədəri, xeyri-şəri bir idi burada...

Kasıb insan görmədim mən bu kənddə. Hamı zəngin idi, varlı idi: mənəviyyatı ilə...

Kəndin bülbül kimi cəh-cəh vuran bapbalaca uşaqları isə bütün ölkədə məşhur idi. Ölməmişlər elə oxuyurdular ki, eşidənlər hayıl-mayıl qalırdı, yalan olmasın, bülbüllər də cəh-cəhini saxlayıb onlara qulaq asırdı. Hər məhəllədən bir avaz ucalırdı göyə...

O əfsanə səslərdən biri də Aygün Bayramovanın idi. Səsi dillərə düşəndə 9 yaşı vardı. Qonum-qonşu fəxrlə “Əliqulunun qızı aləmə səs salıb” deyirdi. Böyüdü Aygün, səsi də özü ilə birgə böyüdü. Və bir gün o gözəl səsini də götürüb “cənnət” qoxuyan, gül ətirli, sirli-sehirli kəndimizdən çıxdı, paytaxta üz tutdu. 16 yaşında idi. Çətin alışdı şəhərin basırığına, tez-tez qaçardı o balaca “cənnət”ə. Qınamıram, elə mən özüm də onun günündə idim...  

Gözəl və sirli Aygün... 

Aygünlə eyni kəndin havasını udmuşuq, eyni bulağın suyunu içmişik, eyni məktəbdə oxumuşuq. Dünənki o balaca qızcığazın da, bugünkü ustad xanəndənin də səsi çoxdan ruhuma hopub, qanıma qarışıb. Bakıda da uzaq düşməmişik, itirib-axtarmışıq bir-birimizi, tez-tez olmasa da, görüşmüşük, dərdləşmişik, müsahibim olub, konsertlərindən zövq almışam, Leylisinə baxıb, min dəfə “ölüb-dirilmişəm”... Amma Aygün həmişə çox sirli görünüb mənə, çox sirli qalıb. Əslində, tək mənə yox... Bu, bəzilərinin düşündüyü kimi nə təkəbbürdü, nə də özündən razılıq (özündən razı olanda nə olar ki!). Bu sirr zənginliyin nişanəsidi, məncə. Aygün çox zəngindi...

Zəngindi ki, 1985-ci ildə 8 nömrəli orta məktəbi bitirəndə artıq tanınırdı. Ağdam pioner və məktəblilər evinin “Qarabağ bülbülləri”ndə oxuyurdu. İlk uğurlarını və mükafatlarını da bu ansamblla qazanmışdı. Almaniyada keçirilən beynəlxalq festivalın laureatı idi...

Qarabağdan “gələn” səslər həmişə heyran edir. Onun səsinin sehrinə düşənlər isə təkcə sadə insanlar deyildi. Qismətində Fikrət Əmirov, Şövkət Ələkbərova, Vasif Adıgözəlov, İslam Rzayev, Arif Babayev kimi korifeylərdən xeyir-dua almaq da varmış. Sənət aləminə bu aləmdə əsl xiridarların olduğu bir dövrdə gəlib. Zəngindi ki, Asəf Zeynallı adına Musiqi məktəbində Şövkət Ələkbərova kimi nəhəngin sinfində oxuyub, ifaçılığı ondan öyrənib. Zəngindi ki, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) muğam məktəbinin bənzərsiz adı, professor Arif Babayevdən dərs alıb. Bu, həm də onun şansı idi və o, bu şansı dəyərləndirib, öyrənib. Zəngindi ki, gənc yaşından Opera və Balet teatrında çıxış edib, Leylinin məsuliyyətindən qorxmayıb, səhnəmizin gözəl Leylilərindən biri olub. Zəngindi ki, indiyədək yad bir nəfəs belə qatmayıb səsinə, qüsursuz oxuyub, mükəmməl oxuyub. Zəngindi ki, ifasında olduğu kimi, görkəmində, xarakterində, ədəb-ərkanında, geyim-keçimində də Azərbaycanın milli ruhunu qoruyub, səhnə mədəniyyəti ilə də əsl sənətə, dinləyicisinə, tamaşaçısına hörmətini saxlayıb. Zəngindi ki, muğamlarımızla az qala dünyanı dolaşıb. Zəngindi ki, adının qarşısında “Xalq artisti” kimi şərəfli bir titul var və bu adı “üfləyə-üfləyə” qoruyur...  

Aygünün “Kəsmə şikəstə”si...

Aygün Bayramova böyük istedadı ilə böyük də xəzinə yaradıb: xalqımız üçün, musiqimiz üçün, hər birimiz üçün. Muğamlar, təsniflər, bəstəkar mahnıları onun heç kimi bir-birindən seçmədən hamımız üçün təmənnasız oxuduğu bənzərsiz parçalardır. “Segah” səsindən bal kimi süzülür. Sanki Nizami ipəkdən-ipək, zərifdən-zərif “Gülüm”ü elə onun “Segah”ı üçün yazıb...

Aşiqəm, əmrini ver aşiqi-nalana, gülüm,

Yanına ya gəlim əql ilə, ya divanə, gülüm.

Nə qədər təndə canım var, səni təndən anaram,

Ya ölüb, ya yetərəm sən kimi cananə, gülüm.

Sənə dost olmağıma cümlə şəhər düşmən olub,

Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.

Harda görsəm, səni zülfündən öpüb yalvararam,

Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm.

Sənsizəm, səndən uzaq kimsəni düşsün demərəm,

Yetməyir əl sənə, yox səbr də hicranə, gülüm...

“Qarabağ şikəstəsi” onun səsində od tutub yanır...

Əzizinəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ...

“Kəsmə şikəstə” Aygün səsinin naləsidir, dərd dağıdır...  

Gəlirdim gözəlimnən, balam, gözəlimnən...

Baxırdım nəzərinnən, balam, nəzərinnən...

Yarımı özgələrə verdim, balam, öz əlimnən...

“Kəsmə şikəstə” zərb-muğamını ondan əvvəl müqtədir sənətkarlarımız Yavər Kələntərli, Fatma Mehrəliyeva, Sara Qədimova, Şövkət Ələkbərova oxuyub. Bu ifaların hər biri insanın ruhunu yandırır. Onlar, sanki sağlıqlarında ikən özləri özlərinə ağı deyiblər. Aygünün şikəstəsində isə ayrılıq hönkür-hönkür ağlayır...

Aygünün səsi, sənəti haqqında nə desəm, nə qədər desəm də, öz səsindən gözəl heç nə deyə bilməyəcəyəm. Yaxşısı budur, Aygünə qulaq asaq, o səsi dinləyək. Ağdamdan gələn o səs bizi mütləq Ağdama aparacaq... 

“Ya ölüb, ya yetərəm...”

İyulun 23-də Ağdamın işğalından 25 il keçdi. Həmin gün ustad xanəndəmiz Arif Babayevin müsahibəsini oxudum, ürəyim söküldü - kəndimizin daşı-divarı kimi. “Qarabağa getmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edəcəyəm. Dünyamı dəyişməmiş Ağdama getmək üçün. Atam-anam yuxuma girir, onların qəbrini ziyarət etmək istəyirəm”. Arif müəllim müsahibəsində belə deyirdi...

Çox kədərləndim...

Təkcə əzizlərimizin qəbri yox, ruhumuz da orada qalıb. Ağdamsız, o kəndsiz ömrümüz yarımçıqdır, yarımçıq...

Qarşıma dünyanın ən gözəl yerlərini düzsələr, “Seç!” desələr, gözüyumulu, gözüyumulu... o balaca kəndi seçib, o “cənnət”ə dönərəm...

“Ya ölüb, ya yetərəm...”

Götür o gözəl nəğmələrini də gedək kəndimizə, Aygün! Orada cücərib boy atan, çiçəkləyən səsini aparaq Ağdama! Uşaqlıqda olduğu kimi, ayaqyalın qaçaq kəndimizə, qara yaylığı açaq başından, yanaqlarından süzülən yaşı silək! Dizlərimizi yerə qoyub doyunca öpək o torpağı, qoxusunu ruhumuza çəkək! Dikəldək yıxılan çinarımızı! Kəsək Kötəlin ah-naləsini! Söyüdlərin saçın alaq əllərindən! Obamızın çırağını yandıraq! Ocaq yerlərimizin ruhunu qaytaraq özünə! Yenə göy çəmənə sərilib, göydəki ulduzları sayaq...

Təzədən doğulaq, təzədən dünyaya gələk, təzədən yaşayaq ömrümüzü!..

Mən inanıram... Heç unutmadığım o cığırla kəndimizə qayıdacağıma...

Mən inanıram... Ömrümüzün nur parçası olan o kənd nəvə-nəticələrimiz üçün ən gözəl yaşayış məskəni olacaq...

Gedəkmi, Aygün? Qoy bütün bu olub-keçənlər ömrümüzün pis bir xatirəsi kimi qalsın dünənimizdə!..

Eh... Heç bilmirəm, axı, bunları niyə sənə deyirəm?..

Hə... bildim. Bu gün, avqustun 4-ü sənin ad günündür və mən səhərin gözü açılandan səni dinləyirəm. İndi mənə elə gəlir ki, səsinə qoşulub bütün günü ağlamışam...

Səsin ağlamasın, Aygün!.. Ad günün mübarək!..

 

Firuzə NADİR

 

 

525-ci qəzet.- 2018.- 4 avqust.- S.17.