Böyük şair və müasirləri
haqqında dəyərli tədqiqat
“RƏSUL
RZA VƏ ƏDƏBİ ÇAĞDAŞLARI” İLƏ
BAĞLI QEYDLƏR
Böyük Nazim Hikmət Azərbaycan poeziyasını çox sevirdi - Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Rəfili ilə dostluq edirdi.
Yeri gələndə, onların
yaradıcılığından söz açırdı. Məsələn,
Nazim Hikmət Rəsul Rza sənətinə bir neçə məqalə
həsr etmişdi. Həmin məqalələrdən bəzi
fikirləri xatırlayaq: “Rəsul Rza Azərbaycan
poeziyasının novatorlarından biri, özünəməxsus
orijinal şair, xalq şeirinin, klassik poeziyanın böyük
pərəstişkarıdır”. “Ola bilər
ki, onun şeirləri sizin xoşunuza gəlsin, ya gəlməsin
- bu, sizin öz işinizdir - ancaq siz onu başqa bir şairlə
qarışıq sala bilməzsiniz. Məncə, şair
üçün onun şeirlərinin az və
ya çox dərəcədə xoşa gəlməsindən
daha çox onların orijinallığı və özünəməxsusluğu
əsasdır!”... “Rəsul Rza müasir Azərbaycan
şeirinə bugünkü şəhərin
danışıq dilini, bu dilin harmoniyasını gətirib.
Danışıq dili deyəndə mən
Bakı və Kirovabad şivəsini nəzərdə tutmuram.
Mən azərbaycanlı vətəndaşın
dilini nəzərdə tuturam. Bu sahədə
Rəsul Rza Sabir ənənələrini davam etdirir. Məgər öz dövrünün poeziyasına Azərbaycan
şəhərlisinin dilini gətirmək Sabirin xidməti
deyilmi?”... “Axtaran şair xoşbəxtdir.
Rəsul Rza həyatın və bizim
özümüzün səadətini kəşf edir”.
Doğrudan da, dünya poeziyasının nəhənglərindən
olan Nazim Hikmətin Rəsul Rzaya, ədəbiyyatımızın
bu qüdrətli simasına - onun poeziyasına
ünvanladığı sözlər qəlbimizdə
qürur hissi doğurur. Mən bu silsilədən digər
dünya sənətkarlarının fikirlərindən də
misallar gətirə bilərdim.
Rəsul Rza haqqında Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında
yüzlərlə məqalələr yazılıb. O məqalələr
içində birinci yerdə heç şübhəsiz,
akademik Məmməd Arifin “Fikir poeziyası” məqaləsidir. R.Rza yaradıcılığı haqqında bir
neçə monoqrafiya da qələmə alınıb.
Professor Gülrux Əlibəylinin “Axtarışlar, kəşflər”,
şair-tədqiqatçı Arif Abdullazadənin “Od nə
çəkdi”, tənqidçi Rahid Uluselin “Rəsul Rza
poeziyası”, professor Bağır Bağırovun şairin
yaradıcılığına həsr etdiyi doktorluq
dissertasiyasını böyük şairin sənətinin tədqiqində
ən uğurlu əsərlər hesab edirəm... Ötən illərdə yazılsa da, bu əsərlər
Rəsul Rzanı öyrənmək üçün indi də
faydalıdır. “Rəsul Rza və
müasir Azərbaycan poeziyası” adlı monoqrafiya isə Rəsul
müəllimin poeziya ənənələrinin
yaşarılığına həsr olunub. Çalışmışam ki, bu böyük
şairin poeziyası haqqında nəsə bir söz deyim.
Son illərdə
filologiya elmləri doktoru, mətbuatda, elmi məcmuələrdə
imzasına tez-tez rast gəldiyiniz Yaşar Qasımbəyli də
Rəsul Rza poeziyasının tədqiqinə xüsusi maraq
göstərir və hiss olunur ki, bu maraq təsadüfi və
ötəri deyil. Yaşar Qasımbəyli “Rəsul
Rza və ədəbi çağdaşları” adlı bir
monoqrafiya nəşr etdirib (“Elm və təhsil”-2018) və
doğrudan da bu əsər yuxarıda adını çəkdiyim
sanballı əsərlər sırasına qoşula bilər.
Yəqin ki, ədəbi və elmi ictimaiyyət bu monoqrafiya ilə
tanış olacaq, bu fikrimlə razılaşacaqlar.
Yaşar Qasımbəyli Rəsul Rza fenomenini poetik
yöndən, sənətkarlıq cəhətdən
açıqlamaq üçün həm ənənəvi, həm
də ənənəvi olmayan iki yol seçib. Ənənəvi
yol Rəsul Rza poeziyasını fərdi şəkildə
öyrənməkdir, yəni şairin poeziyasının
orijinallığını, novatorluğunu bir daha kəşf
etməkdir. Ənənəvi olmayan yol isə
Rəsul Rzanı XX əsr Azərbaycan poeziyası, həmçinin,
digər xalqların poeziyası ilə ilişgili şəkildə
tədqiq etməkdir. Bu sahədə ədəbiyyatşünaslarımız
tərəfindən müəyyən cəhdlər olsa da,
sistemli şəkil almamışdı. Yaşar
Qasımbəyli Rəsul Rza poeziyasını həm XX əsr
Azərbaycan poeziyası kontekstində, həm dünya ədəbiyyatı
çevrəsində, həm “altmışıncılar”la
bağlı ədəbi varislik işığında, həm
gənc çağdaşlarına təsiri müstəvisində,
həm də özbək poeziyası ilə müvazi tədqiq
edir. Niyə məhz özbək poeziyası ilə?
Oxuculara xatırladım ki, Yaşar Qasımbəyli
həm də XX əsr özbək ədəbiyyatının
tədqiqatçısıdır, o, iyirmi ilə yaxın bir
müddətdə Özbəkistanda yaşamış, özbək
ədəbiyyatı ilə bağlı xeyli məqalələr
yazmışdır.
Onun monoqrafiyası
yeddi fəsildən ibarətdir və hər bir fəslin
öz mükəmməl ideyası var. Birinci fəsildə
Y.Qasımbəyli XX yüz il poeziyasının novatorları
haqqında söz açır və həmin novator şairlərin
(Sabir, Mayakovski, N.Hikmət, Ə.Cavad) Rəsul Rza
poezimyasına təsiri və həmçinin, eyni ədəbi
zaman çevrəsində çağdaşlığı məqamlarına
diqqət yetirir. R.Rzanın sənət qüdrətini
araşdırmaq üçün ilk növbədə, onun
klassik poeziya ənənələrinə
bağlılığını nəzərə
çarpdırmaq lazımdır. R.Rzanın
özü də etiraf edirdi ki, klassiklərin
yaradıcılığı onun üçün bir məktəbdir.
O, Nizamini, Füzulini, Nəsimini, Sabiri çox sevirdi, rus
şairi Mayakovskini də həmçinin.
Rəsul Rza yaradıcılığı XX əsr
dünya və Azərbaycan ədəbiyyatı ilə birgə
düşynülür. Millilikdən bəşəriliyə gedən
yolun cığırlarını bələdliyən sənətkarımızdan
biri də Rəsul Rza olmuşdur. Ona görə də Rəsul
Rza və Nazim Hikmət, Rəsul Rza və Mayakovski, Rəsul
Rza və İlya Selvinski, Rəsul Rza və Çingiz Aytmatov
paralellərinin öyrənilməsi əhəmiyyətlidir. Mayakovski də, N.Hikmət də Rəsul Rzanın
sevimli şairləri idi, təbii ki, onların poeziyası
R.Rza üçün bir örnək idi. Amma
R.Rzanın bu böyük sənətkarları heç vaxt təqlid
etməmişdir, çünki onun özünəməxsus
yolu vardı.
Əlbəttə, Rəsul Rzanın milli ədəbiyyatımızda
yerini, mövqeyini hamımız bilirik. Lakin bir vaxtlar
Rəsul Rzanı Səməd Vurğunla
qarşı-qarşıya qoyub hansınasa üstünlük
verirdilər. Amma Y.Qasımbəyli haqlı olaraq
yazır ki: “Onlar eyni məqsədə və estetik hədəfə
müxtəlif ədəbi yollarla irəliləyirdilər”. Səməd Vurğun poeziyasının qüdrətini
R.Rza bir neçə yazısında səmimi şəkildə
etiraf etmişdi. Y.Qasımbəyli misal gətirir: “Səməd
Vurğunun gücü bunda deyildi ki, guya o, ilk illərdə də
yaradıcılığının çiçəkləndiyi
dövründə olduğu kimi, eyni qüvvətlə, kamil
şeirlər yazmışdır. Onun bir neçə şeiri
var ki, şair onları ölümündən az
əvvəl yazmışdır. Mən belə
hesab edirəm, bu şeirlər incə poetik müşahidələri,
dilinin şirinliyi ilə, Səmədin valehedici poeziyasında
yekni, yetkin bir mərhələdir”.
Rəsul Rza elə bir şairdir ki, onun poeziyasını
istənilən bir xalqın (rus, gürcü, özbək,
qazax, ingilis, fransız, alman, latış, Ukrayna, ispan və
s.) XX əsrdə yaşamış modern bir şairinin
yaradıcılığı ilə yanaşı qoymaq olar və
təbii ki, poetik səsləşmələr aparmaq
müşgül olmaz. Ona görə də
Y.Qasımbəyli bu üsulu seçir. İlk
baxışda əslən azərbaycanlı olub XX əsr
özbək ədəbiyyatının korifeylərindən
biri sayılan Maqsud Şeyxzadə ilə Rəsul Rzanı eyni
müstəvidə yanaşı qoymaq bir qədər təəccüb
doğura bilərdi. Amma Y.Qasımbəyli bu iki sənətkarın
yaradıcılığında elə oxşar məqamlar
tapır ki... Yazır: “Rəsul Rza və Maqsud Şeyxzadə
təkcə Azərbaycan və özbək şeirinin xəritəsində
deyil, ümumtürk poeziyasının məna və mahiyyətində
köklü təzələnmənin baniləri kimi
şöhrətlənirlər. Onlar yeni
epoxanın yeni söz sənətini yaradanların öncüllərinə
çevrildilər. Amma bu misilsiz estetik
missiyanı Rəsul Rza Azərbaycanda, Maqsud Şeyxzadə isə
Özbəkistan ədəbi mühitində həyata
keçirdi”. Burada təfərrüata
varmırıq - R.Rza Azərbaycan poeziyasında hansı novator
meyillərlə diqqəti cəlb etmişsə, M.Şeyxzadə
də bu missiyanı özbək ədəbiyyatında həyata
keçirmişdir.
İkinci fəsildə Y.Qasımbəyli R.Rza
poeziyasının Azərbaycanın hüdudlarından kənarda
şöhrət tapdığını xüsusi qeyd edir. Amma bir oxucu və
tədqiqatçı kimi mən bu fəslin
qısalığından narazıyam. “Rəsul
Rza və dünya ədəbiyyatı” adlanan bu fəsil
heç də o mənanı özündə tam ehtiva eləmir.
Dünya ədəbiyyatı dedikdə daha
böyük üfüqləri tədqiqata cəlb etmək
lazım idi.
Monoqrafiyanın digər fəsilləri isə müəllifin
qarşıya qoyduğu məsələləri düzgün,
elmi şəkildə nəzərə çapdırır. Bu fəsillərdə
qoyulan məsələləri aşağıdakı kimi
ümumiləşdirə bilərik: Birincisi, Y.Qasımbəyli
otuzuncu illər Azərbaycan poeziyasında üzü bəri gələ-gələ
R.Rzanın poetik novatorluğunu misallarla nəzərə
çarpdırır. Və Rəsul Rzanın Azərbaycan
şeirindəki novatorluğunu dünya ədəbi prosesində
baş verən yeniləşmələrin adekvat variantı
kimi izah edir. R.Rzanın Əli Kərim
şeirinə verdiyi qiymət həm də bu novatorluğun
başqa bir şairdə daha orijinal səpgidə üzə
çıxması ilə bağlı idi. Əgər R.Rza olmasaydı, Ə.Kərim, V.Səmədoğlu,
İ.İsmayılzadə, Ə.Salahzadə də bu dərəcədə
novator kimi parlamazdılar.
İkincisi, R.Rza azadlıq aşiqi idi. Təbii ki, onun da düşüncələrində müstəqillik arzuları yaşayırdı. Şeirlərinin və poemalarının əksər qismində iki mövzu-İnsan və Vətən mövzuları üstünlük təşkil edirdi. Ancaq bu mövzular çılpaq ritorika və bəlağət tülünə bürünməmişdi. O, Nəsimidən, Füzulidən, Sabirdən, Mirzə Cəlildən yana-yana, həm də böyük vətənpərvərlik coşqusu ilə söz açırdı. Qarabağ haqqında ən yaxşı şeirlərdən birini R.Rza yazmışdı. Əlbəttə, onun vətənpərvərliyi, xalqsevərliyi B.Vahabzadənin, M.Arazın, Xəlil Rzanın şeir və poemalarında eyni ahənglə, bu şairlərin hər birinin orijinal poetik istedadı ilə üzə çıxırdı.
Üçüncüsü, Rəsul Rza və “altmışıncılar” mövzusu təzə deyil. Amma Y.Qasımbəyli də bu mövzuda geniş bir panorama yaratmağa cəhd edir. Fikrət Qoca, F.Sadıq, Ə.Kərim, İ.İsmayılzadə, V.Səmədoğlu, Ə.Salahzadə və daha neçə şair Rəsul Rzadan öyrənmişlər. Y.Qasımbəyli xüsusilə, Rəsul Rza-F.Qoca poetik münasibətlərini, ustad-şagird tərəfdaşlığını qabarıq nəzərə çarpdırır.
Dördüncüsü, “Rəsul Rza və gənc çağdaşları” fəslində Y.Qasımbəyli R.Rzanın yetmiş-səksəninci illərdə ədəbiyyata gələn R.Rövşən, Ç.Əlioğlu, Ə.Ol və başqa şairlərə - onların istedadına verdiyi qiymətdən söz açılır. Bir sözlə, Rəsul Rzadan, onun poeziyasından həmişə öyrənmək lazımdır fikri ortaya qoyulur.
Yaşar Qasımbəylinin “Rəsul Rza və ədəbi
çağdaşları” monoqrafiyasından xeyli
danışmaq olar. Amma bu məqamda mən arzu edərdim ki,
müəllif bir daha bu mövzuya qayıtsın.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.-
2018.- 4 avqust.- S.16.