Şəki... Və Bəxtiyar Vahabzadə...
Bütün elmlər təbiətdən başlanır. Bütün fəlsəfələrin
təməli təbiətdədir. Təbiəti öyrənən,
araşdıran elm yox, elmlər qrupu var, adına da “təbiət
elmləri” deyərlər; fizika, kimya, biologiya və s...
Bir az qəribə gəlir adama bu təsnifat.
Məgər təbiətə aid olmayan elm varmı? İbtidai icma
quruluşundan üzü bəri bütün quruluşlarda və
rejimlərdə insan dünyanı, zamanı və ən əsası
özünü təbiətlə üz-üzə duraraq
öyrənib. İldırımdan qorxub,
yağışdan islanıb, günəşdən yanmadan,
küləyin uğultusunu eşidib, dağların möhtəşəmliyindən
vahimələnmədən, yaxud da həzin-həzin axan
çayın şırıltısından sakitləşmədən
insan İnsan ola bilərdimi? Qəribədi, torpaq, təbiət və ümumilikdə
vətən haqqında danışanda, düşünəndə
patetikadan qaçmaq olmur. Amma elə bu məqamda
folklorumuza üz tutub “qəliz” fikirlərdən birtəhər
xilas olmaq istəyirəm. “Ağacı qurd içindən
yeyər”, “Yağmasan da gurla”, “Tısbağa qınından
çıxdı qınını bəyənmədi”,
“Yağışdan çıxdıq, yağmura
düşdük”, “Çox bilən quş dimdiyindən cələyə
düşər”, “Anası gəzən ağacları
balası budaq-budaq gəzər”, “Ot öz kökü üstə
bitər”, “Ağac bar verdikcə başını
aşağı əyər”... Bu siyahını
uzatdıqca uzatmaq olar və qəribədi ki, min illərin
sınağından çıxmış sözlər
boşdan deyilməyib. Xalq zaman-zaman bu fəlsəfəni,
dərinliyi təbiətdən götürüb, təbiətin
simasında dərk edib və ibrətamiz bir kəlama
çevirib.
Çağdaş dünyanın əsas problemi budur elə
- insan təbiətdən uzaq qalıb. Müasir
insanın “artıq düşən” oksigendən başı
gicəllənir, yaşıllıqdan ürəyi
sıxılır, günəşdən gözü
qamaşır, suyun səsindən başı ağrıyır
- bir sözlə, çərçivəsiz həyatdan
tıncıxır bu insan. Amma qəribədir
ki, dünya qabağa qaçdıqca insan geriyə,
özünə qayıtmağa məcbur olur. Həyat
özü buna vadar edir; nələrisə anlamaqdan, dərk
etməkdən, yaxud ən azı kimliyini anlamaqdan
ötrü...
Və bütün bu həqiqətlərin, təbiətin
də, tarixin də, yaxud sadəcə insanın öyrənilməsi
üçün ən gözəl “əyani və qiyabi vəsait”
sənətdir. Folklora çevrilmiş təbiəti
nahaq yerə nümunə gətirmədim. İnsan təbiətdən öyrəndiklərini sənətə,
sözə, ədəbiyyata çevirməklə əbədiləşdirib.
Bu mənada hər bir sənətkarın
yaradıcılığında onu yetişdirən mühitin,
daha dəqiqi, təbiətin izlərini axtarmaq, tapmaq
mümkündü... Bir tərəfdən
genetik kodların təsiri, digər tərəfdəndən
“gör-götür dünyası”nda yaradıcı beynin
gördüklərini və götürdüklərini idarə
edə bilməməsi.
Hə,
heç özün də başa düşmürsən ki,
uşaqlığından iki dəqiqəlik fraqment kimi, yuxu
kimi yaddaşında qalan o qonşu niyə gəlib girdi
cümlələrin içərisinə... Yaxud bir il qabaq səni incitmiş adam gecənin bu aləmi
hardan yadına düşdü və sən özündən
asılı olmadan niyə onun cavabını verməklə məşğulsan?!
Rus ədəbiyyatşünaslığı lazım olanda hər
hansı sənətkarın bir az da şəxsi
həyatına, yaşantılarına müdaxilə edib bəzi
belə “mesaj”ların ünvanlarını da üzə
çıxarır. Misal üçün, təxminən
XIX əsrin sonunda rus ədəbiyyatşünaslığına
yeni bir mövzu, “problem” daxil oldu. Aleksandr
Sergeyeviç Puşkinin “Don Juan siyahısı” şairə həsr
edilmiş albomda yer alandan sonra bir çox nüfuzlu qələm
sahibləri, alimlər kodlaşdırılmış şəkildə
tutulan siyahını açmaqla, anlatmaqla məşğul
oldular. Və bu, elə-belə sadə məsələ
deyildi, burda adları hansısa kodlarla, ştrixlərlə
qeyd olunan qadınların kimliyini, şairin həyatındakı
yerini müəyyənləşdirməkdən başqa, həm
də poeziyasına necə təsir etməsini, hansı
şeirləri yazdırmasını üzə
çıxarmaq məsələsi vardı. 1923-cü
ildə P.K.Quberin “A.S.Puşkinin Don Juan siyahısı” adlı
əsərindən sonra isə bu mövzu daha da
aktuallaşdı... Hətta şairlərin şəxsi həyatına
müdaxilə hansısa əsərlərin yozumunda vacib detala
çevrildi.
Amma!!! Azərbaycanda, Şərq dünyasında bu
mümkündürmü? Axı yazıçı,
şair ömrünün sonuna kimi bütün qadın qəhrəmanlarını
bircəciyinə - xanımına bənzətmək məcburiyyətindədirsə,
hər cümləsinə görə cavab verməyə, hər
nərmə-nazik obraza görə
“haqq divanı” qarşısında durmağa məhkumdursa,
hansı sərbəstlikdən söhbət gedə bilər.
Bu mənada Azərbaycan ədəbiyyatşünaslığında
ciddi bir boşluq var, biz real ilham pərilərini tanıya,
yaxud romantik misralarda gizlədilmiş gerçək həyat
hadisələrini öyrənə bilməyəcəyik... Bunu yazıram və düşünürəm
lazımdırmı? Misal
üçün, Bəxtiyar Vahabzadənin kimdən “Bir salama
dəymədi?” - deyə
soruşması, kimə “Gör necə güclüsən sənin
yoxluğun bütün varlığımı aldı əlimdən”
- deməsi, ya da “Hikmət kitabıdır sənin surətin”
- söyləyəndə hansı simanı fikrində
tutmasını bilmək
vacibdirmi? Bir də zaman keçdikcə əsl şeir,
gerçək ədəbiyyat hamının malına
çevrilir, oxuyan hər qadın özünü “hikmət
kitabı” sayırsa, “lap mənə yazılıb” - deyə
bilirsə, yetər...
Hə,
Puşkinin Don Juan siyahısından sonra tapdığım qəribə
“təsəlliləri” bir kənara qoyub Bəxtiyar Vahabzadənin
doğulduğu Şəkinin təbiətinin onun
yaradıcılığına necə təsir etməsinə
diqqət çəkmək istəyirəm...
ŞƏKİ...ŞƏKİ
Uzaqdan Şəki havadan asılmış kimi
görünür. Adama elə gəlir ki, burda çəkisizlikdir.
Əyri-üyrü, enişli-yoxuşlu yollarla
şəhərə yaxınlaşdıqca burdakı zənginliyə
heyrət edirsən. Təbiətlə qol-boyun olan tarix
adamı bir az da çaşdırır. Mərkəzi küçəylə
addımladıqca ədvələrin qoxusundan məst olursan,
aşxanaların yanından keçəndə zəfəranla
dəmə qoyulmuş düyünün ətri izaholunmaz bir
dinclik gətirir beyninə. Və birdən
göy guruldayır, ildırım çaxır,
yağış elə leysan tökür ki, gizlənməyə,
daldalanmağa yer axtarırsan və bu qaçhaqaçda hava
haçan açıldı, günəş nə zaman
çıxdı, heç özün də bilmirsən.
Başını qaldırıb baxınca şəhərin
üstünə tutulmuş mavi çətiri - açıq
səmanı və didik-didik buludları görüb təəccüblənirsən.
İnsanların təbiətlə məhrəm olduğu,
tarixin yaşıllıqla belə sıx birləşdiyi
çox az yer tapmaq olar. Elə
təkcə Şəki Xan Sarayının
memarlığında, şəbəkə üslubunda,
quruluşunda və burda istifadə olunan rənglərdə təbiətin
minbir rəngi, çaları yoxdurmu? Sarayın
önündəki qədim, hündür ağaclara nəzər
salanda belə harmoniya, vəhdət hiss olunur. Məhz bu qeyri-adi rəng çalarları, abidələşmiş
təbiət hər kəsi təsirləndirir. Həm
sadə insanları, həm də dahiləri... Lev
Tolstoy “Hacı Murad” əsərində Nuxanı da, Xan
Sarayını da xüsusi qeyd edirdi. Aleksandr
Dümanı isə Sarayın gələcəyi narahat edirdi və
o yazırdı:
“Saray heyranedici tikilidir. Bu tikilini və onun
gözəl islimilərini yalnız fırça təsvir edə
bilər. Burada yaşamış
böyük knyazların gəlişi şərəfinə
sarayın interyerləri köhnə təsvirlər əsasında
bərpa edilmişdir. Düzdür, bütün bina yox,
yalnız onun aşağı mərtəbələri bərpa
olunmuşdur... Hələlik, qoy Tanrı Nuxadakı heyranedici
sarayı vandallardan qorusun...”
Bu gün
Şəki Xan Sarayı ilə bərabər, Şəkixanovların
evi, Giləkli məscidinin minarəsi, məscid, qala
divarları, Dairəvi məbəd, Zəyzit məbədi,
Kiş alban məbədi, Şəki Karvan sarayı kimi tarixi
abidələr təkrarsız memarlıq nümunələri
kimi qorunub saxlanır. Bir yandan təbiət, bir
yandan da buranın sakinləri gözəlliklərin
itib-batmasına imkan vermirlər. Təsadüfi
deyil ki, xalqımıza xas olan qədim peşələr - miskərlik,
qalayçılıq, dulusçuluq, dəmirçilik,
dülgərlik də məhz Şəkidə qorunub
saxlanır, indi də şəhərin mərkəzi
küçələrində addımladıqca balaca miskər
emalatxanaları, qalayçı dükanları rastına
çıxa bilər. Amma müasir
zamanın bütün dieta tələblərini bir kənara
qoyub deməliyik ki, Şəkidə insanın ruhunu göylərə
uçuran təbiətlə, beynini qat-qat hərəkətə
gətirən tarixlə yanaşı, həm də mətbəx
cazibədardır. Şəki
halvasının, paxlavanın, qırma-badamın, bamiyənin,
tel halvasının, qozlu-badamlı noğulun, peşməyin,
hilli-mixəkli çayın ləzzətindən, Şəki
pitisinin, şüyüdlü plovun dadından doymaq çətin
məsələdir.
Və bu
bolluq içərisində - gözün, qəlbin, ruhun,
cismin zövq ala biləcəyi ləzzətlər içərisində
doğulan, böyüyən insanları düşünürəm...
Misal üçün, Mirzə Fətəli Axundzadə burda
doğulub, Şəkidə, uşaqlığının
müəyyən hissəsini Cənubi Azərbaycanda
yaşayıb, sonra yenidən anasıyla birgə Şəkiyə
qayıdıb... Bax bu qayıdış
olmasaydı, necə yazardı, nə yazardı Mirzə Fətəli,
demək çətindir. Əlbəttə,
taleyə inansaq, istedadın idarəolunmazlığını
nəzərə alsaq, o əsərlər hər şəraitdə
yarana bilərdi. Amma bizlərə belə
fayda verərdimi? Bu cür nəticəsi
olardımı? Demək çətindir... Həm də axı Mirzə Fətəli Nuxada
gördüklərini ümummilli məsələ olaraq, hətta
ümumbəşəri problem kimi yazmağı,
anlatmağı bacardı. Bəlkə
yalnız “Hekayəti - Molla İbrahim kimyagər” əsərində
birbaşa nuxululardan danışır. Digər
əsərlərində isə Lənkəranın,
Qarabağın, Təbrizin timsalında bütöv Azərbaycan
mənzərəsini yaradır, həm də ağrılı
məqamları qabardır. Lakin o da xüsusi qeyd
olunmalıdır ki, “Kəmalüddövlə
məktubları” və “Aldanmış kəvakib” əsərləri
ilə böyük yazıçı bütün zamanlar
üçün, bütöv Şərq üçün (hətta
bu gün də!) ciddi olan problemləri, fəlsəfəni
oxucusu üçün açır. Bu mənada,
heç şübhəsiz ki, böyük sənətkarların
yaradıcılığını bir bölgənin “məhsulu”
kimi yozmaq doğru deyil. Amma o bölgənin
təbiətini, adətlərini, düşüncəsini əsərlərdə
görürürksə, buna necə göz yummaq olar? Məsələn, böyük komediya ustası Sabit
Rəhmanın bütöv yaradıcılığı Şəki
yumorunun, Şəki lətifələrinin üzərində
qurulmamışdımı? Yaxud Bəxtiyar
Vahabzadənin milli özünüdərkimizdə
böyük xidməti olan əsərlərinin qayəsində,
təməlində Şəkinin zəngin tarixi, mədəniyyəti
durmurdumu?
YAŞIL
ÇƏMƏN, AĞAC ALTI...
Bəxtiyar Vahabzadə müsahibələrindən birində
dənizi sevmədiyini deyirdi, “orda bir məna görmürəm”
- deyə etiraf edirdi. Şəkidə dünyaya gələn və
uşaqlığını orda yaşayan, ilk təhsilini orda alan şairin dənizə aid bu səmimi fikirləri
təəccüblü deyil. Axı gözünü
açandan dağların, çəmənlərin,
çayların içərisində, arasında böyüyən
adam ayrı bir təbiət hadisəsini qəbul
edə bilməzdi. Şübhəsiz, dənizin kənarında
doğulub böyüyən adam da əksini
deyə bilər və bu, əsla mübahisə mövzusu
deyil. Sadəcə, bu, psixologiya elminin tədqiqat
mövzusudur. Misal üçün, Bəxtiyar Vahabzadəni
məşhurlaşdıran ilk şeiri belə adlanır
“Yaşıl çəmən, ağac altı, bir də
tünd çay”... İyirmi yaşlı gəncin vətənpərvərlik
mövzusunda yazdığı şeirə məhz belə ad
verməsi təsadüf ola bilməz. Məhz bu şeirdən sonra Səməd Vurğun gənc
Bəxtiyarla maraqlanır və onun yazdıqlarını təqdir
etdiyini deyir dəfələrlə.
Bir az dərin düşünəndə vətən
məhz o yerdən, ordan başlayır... Öz
doğulduğun evdən, həyətdəki ağacdan, onun
altındakı sərinlikdən, ananın dəmlədiyi
çaydan. Bu mənada Bəxtiyar Vahabzadə
yaradıcılığında Şəkidən
başlanğıcını götürən böyük
ideyalar - vətənpərvərlik, insanlıq, milli kimlik,
dil, din, fəlsəfə bütöv Azərbaycanın, bir az sonralar isə türk dünyasının
mahiyyətini anlada bildi. Təsadüfi deyil ki, türk
telekanallarından birinə müsahibəsində şair bunu
səmimi etiraf edirdi:
“Şəki deyəndə atamın, babamın siması
gəlir gözümün qabağına. Dünyanı
birinci dəfə orda anlamağa başlamışam. O
qoxular gəlir burnuma, güllərin-çiçəklərin
ətrini hiss edirəm...”
Bəxtiyar Vahabzadənin bütöv
yaradıcılığından, istər sevgi şeirlərindən,
istərsə də vətənpərvərlik mövzusunda
yazdığı əsərlərdən, tarixi həqiqətlərimizi
əks etdirən dramaturgiyasından bu ruhu, həvəsi,
şövqü duymaq mümkündür. Amma şair
özü bütün poeziyasının kədərdən, qəmdən
yoğrulduğunu deyirdi. Axı onu çox-çox illər
öncədən salonlarda səslənən yabancı dil,
kitablardan tədris olunan yalançı tarix narahat edirdi və
bütün bunları yazmaq, dilə gətirmək lazım
idi...
İKİYƏ
BÖLÜNMÜŞƏM...
Cildlərini ardıcıl oxuyanda Bəxtiyar Vahabzadə
Azərbaycan milli-mədəni sərvətinin qoruyucusu,
keşikçisi kimi görünür. “Şəbi-hicran”da Məhəmməd
Füzulinin, “Ağlar-güləyən”də Mirzə Ələkbər
Sabirin, “Zindanda şeir”də
Hüseyn Cavidin, “Nakam”da Məhəmməd
Hadinin, “İstiqlal” və “Şəhidlər”də müqəddəs
şəhidlərimizin obrazlarını yaradıb. Amma bununla
belə ilk şeirindən ömrünün sonuna kimi, son
misrasına kimi bütöv Azərbaycanın obrazını
yaratmasını görürük...
Neyləyək
ki...
zamanın
Uğursuz
yollarında
İkiyə
bölünmüşəm,
İki
başlı, bir qəlbli
Bir bədənə dönmüşəm.
Müsahibələrindən birində
bütövlüyün onu lap əvvəldən
düşündürdüyünü,
ağrıtdığını söyləyir. Şair hələ 50-ci illərin
əvvəllərində Arazboyu sərhədə gedir, bu
taydan o taya baxır... O tərəfdəkilər də bu yana boylanırmışlar. Əl
edirlər bir-birinə və bu hadisə uzun müddət
şairin yuxusunu qaçırır, ta ki “Gülüstan”
poemasını yazmayınca rahat buraxmır onu. “Gülüstan” poemasının yazandan sonra isə
ayrı bir narahatlıq, başqa bir əzab başlayır.
Çünki o, “Gülüstan” poeması ilə
iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini
dilə gətirmişdi, xalqın azadlıq və istiqlal
uğrundakı ədalətli mübarizəsindən
danışmışdı əslində. Bunu isə
bağışlaya bilməzdi rejim... 1962-ci ildə şair
“millətçi” damğası ilə Azərbaycan Dövlət
Universitetindən çıxarılır, yalnız 2 ildən
sonra yenidən öz vəzifəsinə qaytarılır.
Bəxtiyar
Vahabzadə qədər simvollardan, təşbehlərdən
istifadə edən az şair tapılar. Hələ sovet rejimində milli varlığı
tapdanan, hər cür məhrumiyyətlərə məruz
qalan millətin ağrılarını fərqli ədəbi
üsullarla ifadə edir, irihəcmli poemaları və pyeslərində
hadisələri ya tarixə, ya da başqa ölkələrə
keçirərək öz millətinin dərdlərini dilə
gətirirdi. Birbaşa Sovet
diktaturasını ifşa edən əsərlərini isə
şair Sovet İttifaqı dağılandan sonra “Sandıqdan səslər”
başlığı altında nəşr etdirdi.
Əlbəttə, elə o Şəkinin dar ya geniş
küçələrində ilk addımlarından,
dünyanı dərkindən şairin əsas arzusu azadlıq
idi. Həm insanın azadlığı, həm də
bütöv millətin. Xalqın milli
kimliyini anlatmaq üçün onu azad görmək lazım
idi. Və ölkəmizin müstəqillik
qazanması ilə Bəxtiyar Vahabzadə və onun kimi millətini
azad görmək istəyən, bu arzu ilə yaşayan
ziyalılar ən böyük səadəti yaşamış
oldular. Amma məgər müstəqilliklə
problemlər, ağrılar bitdimi? Əsla! Və
maraqlıdır ki, Bəxtiyar Vahabzadə bu məsələlərə
də göz yummurdu, sakit baxmırdı... “Mən
qloballaşmaq istəmirəm, mən MƏN olmaq istəyirəm”
- deyirdi müsahibələrində, şeirində isə...
Ey öz
doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar!
Qəlbinizi açmayır qoşmalar, telli sazlar.
Bunlar qoy,
mənim olsun,
Ancaq Vətən
çörəyi sizlərə qənim olsun!
20 Yanvar, Qarabağ hadisələri, torpaqların itkisi
şairi sakit buraxmırdı və məhz bu mövzularda
yazdığı əsərlər şairin həm də vətəndaş
mövqeyinin təcəssümü kimi qavranır.
Bəxtiyar Vahabzadə dünyanın müxtəlif dillərinə
tərcümə olunub. Rus şairi Yevgeni Yevtuşenko şairin
şeirlərini çevirməyin çətinliyindən
şikayət edirdi həmişə. Filosof şairin
misraları ayrı dildə sadələşirmiş... Bax elə bunun özü də onun
ideyalarının, öz dilinə, xalqına münasibətinin
göstəricisi deyilmi?
P.S.
GƏLİR...
Bəzən
adama elə gəlir ki, qəlbində bu boyda vətən
sevgisi, yurd həsrəti, torpaq sevdası gəzdirən
adamın ayrı bir hissə, duyğuya yeri olmaz... Amma Bəxtiyar Vahabzadənin dillər əzbəri
olan sevgi şeirlərini oxuduqca başa düşürsən
ki, dərin adamın, istedadlı şairin sevgisi də
ayrı cür olurmuş. Sevgi onsuz da
öz-özlüyündə səadətdir, istedadlı
adamı sevmək, onun tərəfindən sevilmək isə
yüzqat artıq sevincdir. Axı bu, çox az-az olur ki,
insan həm sevməyi bacarsın, həm də bu haqda gözəl
danışmağı... Yəni şeir yazmağı... Ona
görə istər-istəməz Bəxtiyar Vahabzadə
şeirlərinin arxasındakı lirik qəhrəmanı
düşünür adam...
Bu elə
qayğı ki, bu elə qəm ki,
Azdırar yüz illik yolundan səni.
Gündüz
də, gecə də düşünürəm ki,
Gərək düşünməyim heç zaman səni.
Unutmağa
çalışan adamın bu etirafı qarşısında
tab gətirmək olarmı? Şair “inkar” fəlsəfəsi
ilə ən dərin sevgini anladır. Böyük
şair “Axı dünya fırlanır” deyə zamanın,
dünyanın durmadan qabağa getdiyini, hər şeyin dəyişdiyini
bilir, lakin bütün bu dəyişən dünyada sevginin
gücünü də yaxşı başa düşür.
Elə bizlərə də miras qoyub getdiyi təkrarsız
şeirlərinin anlatdığı, izah etdiyi budur...
Hər kəsə
müəssər deyildir ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan
qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.
Qəlbim
götürməyir bəri-bəzəyi,
Çətindir yamamaq sınmış ürəyi.
Özün
dərk edəsən gərək hər şeyi,
Səni başa salmaq mənə ar gəlir.
Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər
sevirsənsə, ayaq səsimdən
Gərək
biləsən ki, Bəxtiyar gəlir!
İlk gənclik illərində yazdığı “Gəlir”
şeirindən gətirdiyim bu parça sevgi reseptinə bənzəyir
əslində.
Sevgi qaranquşdan qabaq gələn bahar deyilmi?
Sevgilinin addım səslərini qulaqlarınla
yox, qəlbinlə eşidirsənsə, yüz səsin
içərisindən bunu seçirsənsə...daha nə
lazımdı ki?
Özün
bir aləmsən, eşqin bir aləm,
Sən
olan könüldə nə kədər, nə qəm,
Sənsiz
bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.
Bəli, bu qədər sadə... Sevdiyinin
yanında həm özün olmağın, həm də bəxtiyar
- xoşbəxt olmağın. Bu misraları oxuduqca əlin
çatmayan adamı göz önünə gətirib
düşünürsən - “düz deyir də...” Məhz bu
duyğunu, bu reaksiyanı doğurur Bəxtiyar Vahabzadənin
bütöv yaradıcılığı... Şairin
özünəməxsusluğu da elə bu
düzgünlüyündədir. Və heç şübhəsiz
ki, bu düzgünlükdə, həqiqətlərdə Şəkinin
də, onun təbiətinin də, tarixinin də öz payı
var.
PƏRVİN
525-ci qəzet.-
2018.- 4 avqust.- S.14-15.