Sözün altı və üstü

 

 Pərvinin son hekayələri haqda qeydlər

 

 

 

Yeni nəsil yazarlar arasında öz məhsuldarlığı, zəhmətkeşliyi ilə seçilən, dünya ədəbiyyatı və incəsənətinin, özəlliklə də, kino sənətinin qabaqcıl meylləri ilə dialoqa cəhd edən, özünü hekayə, povest, reportaj, pyes, məqalə, müsahibə və digər fərqli janrlarda sınayan Pərvinin son vaxtlar “525-ci qəzet”də “Dəniz” Aptek” və “Ala qarğa” adlı iki hekayəsi dərc olunub.

 

Bu hekayələri araşdırma predmetinə çevirməklə, həm gənc yazıçı, həm gənc ədəbiyyatımız, həm də ümumən nəsrimizin durumu haqda fikirlərimizi sizinlə bölüşmək istəyirəm.

Olsun ki, bu sözlərdən sonra sizdə bir sual yarandı. Pərvinin hekayələri hansı yöndən maraqlıdır ki, saydığın məsələləri aydınlaşdırmaq üçün məhz onları seçmisən? Bu məqsədlə başqa bir imza üzərində durmağın mümkün deyildimi? Və mən mətləbə bilavasitə dəxli olmayan bu məsələyə təsadüfən toxunmadım. Çünki bu günlərdə məndən aldığı müsahibəsində Elşad Barat da təxminən belə bir sual vermişdi (“Ədəbiyyatımız Nobelin qapısını onun əli ilə döydü”. Əsəd Cahangir. PeykTV.az. 27.07. 2018). Yəqin ki, məqaləm dərc olunandan sonra özünün heyrətamiz qısqanclığı və aşırı eqoizmi ilə seçilən, nəsrə iddialı bəzi yazı-pozu adamlarından da eyni sualı verənlər tapılacaq. Odur ki, prosesi qabaqlayaraq, Elşada verdiyim cavabı azacıq fərqlə təkrar edirəm: “Bu gün bizim istər özümüz, istərsə də özgələrə utanmadan təqdim edə biləcəyimiz xanım yazar imzasına ehtiyacımız var və Pərvin o yeri tuta bilər. “Pərvinin hekayələrinə müraciətimin birinci səbəbi budur. Yəni məsələ təkcə bu gənc və istedadlı yazarla bağlı olmayıb, ümumən ədəbiyyatımızla, onun durumu ilə şətrlənir.

Lakin ikinci sual da var: bəyəm bu gün bizim “özümüzə və özgələrə təqdim edə biləcəyimiz” başqa xanım yazarlarımz yoxdur?  Şübhəsiz ki, var, hətta lazım olduğundan da çoxdur və təkcə cəmiyyətimiz yox, ədəbiyyatımız da “Səriyyə məsələsi” deyilən bir problemi, yəni qadın emansipasiyasını çoxdan, Təhminə beşmərtəbəli evin altıncı qatına çıxandan, hələ sovet dövründə çözüb.

Məsələn, Afaq Məsudun “İzdiham” hekayəsi dünyanın istənilən dilinə tərcümə olunsa, sadəcə xanım yazıçımız yox, ümumən Azərbaycan yazıçısının istedad və intellekt səviyyəsi barədə ən yüksək təsəvvür yaratmağa qadirdir (biz intellekt deyəndə, kitabdan gələn yox, daha çox ruhun özündən doğan əsl intellekti, yəni metafizik bilgini nəzərdə tuturuq). Oxucunun üstünə dolu kim yağan, onu əsəri oxumağa başlayandan ta ki bitirənə kimi göz açmağa qoymayan, ən istedadlı şairlərin belə ağlına gəlməyəcək qədər orijinal metaforları ilə şok effekti doğuran bu hekayəsi ilə müəllif təkcə Azərbaycan yox, müasir dünya nəsrinin ən qabaqcıl isimləri ilə bir sırada durmağa layiqdir və bunu hələ 30 il öncə, yəni nəsrimizin möcüzəsi kimi meydana çıxan bu hekayə yazılanda  sübut edib. Füzulinin “Məni candan usandırdı...” qəzəli divan, Cəfər Cabbarlının “Ana” şeiri romantik, Müşfiqin “Yenə o bağ olaydı” şeiri lirik poeziyamızın, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi dramaturgiyamızın, İsa Muğannanın “İdeal” romanı romançılığımızın möcüzəsi olduğu kimi, Afaq Məsudun bu hekayəsi də modern hekayəçiliyimizin möcüzəsidir. İstedad və ilhamın ən uca, ən gərgin anında yaranan belə maksimum özünifadə zirvəsinə hər hansı yazar ömrü boyu bir, ya iki dəfə yüksələ bilər.

Amma indi  söhbət yeni nəsil yazarların seçilən təmsilçilərindən olan Pərvin və onun son hekayələrindən gedir. Odur ki, haşiyəmizi bitirib əsas mövzumuza qayıdaq. Pərvinin hekayələrində diqqəti çəkən nədir? Bu hekayələr:

- toplum, təbiət və insan haqda söz demək üçün material verir;

- bu hekayələrin struktural altyapısı, gözəgörünməz fundamenti var;

- onlar sadəcə qaba, kobud nasir stixiyası hesabına yox, həm də ağlın, savadın müdaxiləsi ilə yazılıb;

- bir sözlə, bu hekayələrin elmi var.

Biz bu yazıda  o “elmin” nədən ibarət olduğunu öz imkanımız daxilində açıqlamağa çalışacağıq.

Ordan başlayaq ki, Pərvinin hekayələrində, məsələn, “Dəniz” Aptek” hekayəsində başgicəlləndirən süjet, kəskin konflikt, qabarıq nəzərə çarpan kuliminasiya nöqtəsi, ağlagəlməz açılış, gözlənilməz final, oxucu diqqətini cəlb edəcək hər hansı Düma və ya Əlibala Hacızadə üsulu, yəni hər hansı belletrist priyom yoxdur.

Bir nəfər xanım yağışlı gündə taksiyə əyləşib, şəhərin apteklərini gəzir, xəstə körpəsi üçün dərman axtarır, amma dərman tapılmır. Bu zaman hansısa bir idarədən zəng edərək ondan diplomunun əslini istəyirlər. Qadın öz anasının yanında qoyduğu xəstə uşağına tələsik baş çəkəndən sonra ikinci taksiyə əyləşib, dəniz kənarında yerləşən bağ evlərinə gedir ki, diplomun əslini gətirsin... Vəssəlam.

Hekayənin fabulası bundan ibarətdir.

Gördüyümüz kimi, müəllif klassik hekayə anlayışına daxil olan hər hansı vasitəyə əl atmaqdan uzaqdır. Bu, hekayənin novella ilə əvəzləndiyi mopassanizm örnəkləri deyil ki, finalda boyunbağıların saxta olmasının qəfil məlum olmasından dolayı oxucu şoka düşsün. Amma bu, süjetin məqsədyönlü “yoxsulluğunu” xarakterlərin dolğunluğu ilə kompensasiya edən floberizm örnəkləri, yaxud öz milli ədəbiyyatımıza üz tutsaq, Cəlil Məmmədquluzadə hekayələri də deyil ki, burda Felisite və ya Usta Zeynal kimi unudulmaz obrazlarla rastlaşaq. Deməli, müəllif nə hadisə, nə də xarakter hekayəsi yazmayıb.

Bəs, Pərvin xanımın hekayələrinin özəlliyi nədədir? Ondadır ki, müəllif dəqiq düşünülmüş daxili struktur qurub, mətnin bu strukturdan doğan  gizli ideya planı var və bu, ilk baxışdan göründüyü qədər də sadə məsələ olmayıb, sözün ikinci qatına iddiadan xəbər verir. Ciddi mənada ədəbiyyata, böyük ədəbiyyata, əsl ədəbiyyata iddia bu nöqtədən başlayır və mən bu iddianı təqdir edirəm. Çünki böyük ədəbiyyat ancaq və ancaq böyük iddiadan doğur. Ama bir şərtlə ki, bu iddianın altında doğrudan da istedad, intellekt, zəhmət və bu üç bacının birgə hasilə gətirdikləri həqiqi bədii mətn dayansın. Çox təəssüf ki, bu gün ədəbiyyata, eləcə də nəsrə iddialı bir çox cavanların sözün ciddi mənasında mətni yox, sadəcə iddiası var. Amma bu artıq başqa söhbətin mövzusudur və mətləbdən uzaqlaşmamaq üçün hələlik bu barədə konkret adlaracan getməyəcəm. Bizi hazırda ciddi ədəbiyyata ciddi iddia maraqlandırır.

Ədəbiyyatın jurnalistikadan, yazıçılığın qəzetçilikdən əsas fərqi sözün ikinci qatına iddiadan başlayır. Jurnalist birqatlı, yazıçı isə ən azı ikiqatlı düşünür. Rene Genon “Dantenin ezoterizmi”ndə yazırdı ki, böyük italyan şairinin hər misrasının altında ən azı dörd fərqli məna qatı var. Füzuli qəzəllərinin şərhçiləri dahi şairin eyni bir beytindən bir-birindən fərqli və hətta bir-birinə daban-dabana zidd olan iki və daha çox məna hasil edirlər. “Robinzon Kruzo”da dəniz, tufan, ada, Robinzon həm konkret dəniz, tufan, ada, insan, həm də nəsə başqa bir şeydir. “Cinayət və cəza”da Raskolnikovun Sonya ilə söhbəti həm şeytanın Həvva, həm də İsanın Maqdalina ilə söhbəti deməkdir... Misalların sayını uzatmağa lüzum görmürəm. Bu gün ədəbiyyata, o cümlədən də nəsrə iddialı adamların ciddi problemlərindən biri, hətta birincisi odur ki, sözlərinin  alt qatı yoxdur. Və onların yazdıqları, Füzulinin təbiri ilə desək, özülsüz divara bənzəyir.

Bu yöndən yanaşanda Pərvinin hekayələri sözün yaxşı mənasında fərqlənir. Bu hekayələr bir hissəsi suyun üstü, digər hissəsi isə altı ilə axan aysberqi xatırladır. Suyun altında qalan hissəni gözlə yox, düşüncə gözü ilə “oxumaq” olar. Çünki o da mətndir, sadəcə dilə gəlməyən, yazıya köçürülməyən mətndir. Alt mətn laldır, o danışmır - düşünür. Biz düşünəndə də “danışırıq”, düşüncə də sözdür və demək, alt mətni də sözlər vasitəsilə “oxuyuruq”.  Nitq bizim başqaları, düşüncə özümüzlə söhbətimizdir (və ikincisi daha ciddi bir şeydir!). Söz üst və alt mətnin ortaq cəhətidir.

Amma onların fərqli cəhətləri də var. Yazılan mətn təkvariantlı, düşünülən mətn çoxvarinatlıdır. Üst mətn tək, alt mətn isə çox, hətta sonsuzdur. Çünki hər oxucu onu bir cür düşünür və öz bildiyi kimi “oxuyur”. Nəticədə onun oxucuların sayı qədər variantları yaranır.

Amma məsələ bunula bitmir. Üst mətnə münasibətdə biz sadəcə oxucu, alt mətnə münasibətdə isə yaradıcı, ən azı həmmüəllifik. Çünki burda biz nəinki müəllifdən ayrıla bilər, nəinki onunla fərqli, hətta zidd qənaətlərə gələ bilərik. Odur ki, üst mətn avtoritar, alt mətn isə demokratik səciyyə daşıyır. Bu üzdən yazdıqlarıma Pərvinin hekayələrinin mütləq və birmənalı yozumu kimi yox, sadəcə bir nəfərin “oxu”sunun nəticələri kimi baxmağınızı istəyirəm. Bu, alt mətnin çoxsaylı və hətta sonsuz “oxu” varinatlarından sadəcə biridir. Bir başqası onu tamamilə başqa cür oxuyar, üçüncüsü “hə, nə olsun, burda nə var ki?”, - deyə oxumaya da bilər. Daha doğrusu, oxuya bilmədiyindən belə deyər və sair və ilaxir. 

Üst mətn vizual, alt mətn virtuladır, yəni gözə görünməzdir və bu, onun önəmini nəinki azaltmır, əksinə, artırır. Divin canı şüşədə olduğu kimi, Pərvinin əsas ideyası da yazılan yox, yazılmayan, görünən yox, görünməyən mətndədir və o, özünün əsas uğuruna səsin yox, sükutun dili ilə nail olur. Burda üst mətn altdakının cismi, alt mətn isə üstdəkinin ruhudur və onlar sözlə məna, cismlə ruh kimi bir-birinə bağlıdırlar. Yəni hekayə yalnız cismdən, yaxud yalnız ruhdan ibarət deyil,  o bütöv, tam, canlıdır, daha doğrusu, iki canlıdır.

“Dəniz” Aptek” hekayəsi modern üslubda yazılıb və modern kəsimə, elit oxucu təbəqəsinə hesablanıb. Bu hekayənin başlıca özəlliyi qulağı gözlə, səsi görüntü ilə əvəzləyib, ənənəvi müəllif təhkiyəsindən imtina etməkdədir. Bu, təbiidir və zamanın ruhuna uyğundur. Çünki biz radio yox, televizor, “qulaq” yox, “göz” erasının adamlarıyıq və eşitdiyimiz yox, gördüyümüzə inanırıq.

Hekayə iki əsas hissədən ibarətdi. Məkan baxımından bu hissələri şəhər və bağ sözləri ilə işarələmək olar. Strukturoloji analiz aparsaq, birinci hissə zaman baxımından indi, məkan baxımından şəhər, subyekt baxımından yetkinlik, ikinci hissə isə müvafiq olaraq keçmiş, uşaqlıq və təbiətə uyğun gəlir:

zaman: indi -  keçmiş;

məkan: şəhər - təbiət;

subyekt: yetkinlik - uşaqlıq.

Əgər Şpenqler terminləri ilə ümumiləşdirmə aparsaq, birinci tərəfdəkilər sivilizasiyanı, ikinci tərəfdəkilər isə mədəniyyəti simvolizə edir. Müəllifin qənaətincə, əsas  problem bu iki qütb arasında yaranan uçurum, yəni onların antiqütbə çevrilməsi, problemin səbəbi yaddaşın itməsi, ondan çıxış yolu isə yaddaşın bərpasıdır. Odur ki qarşı duran tərəflər arasında körpü - mediator rolunu yaddaş oynayır. Və təsadüfi deyil ki, qəhrəmanın şəhərin hay-küyündə, qaçhaqaçında itən, pozulan yaddaşı bağ evinə, təbiətin qoynuna, dənizə yaxınlaşdıqdan sonra tədricən bərpa olunmağa başlayır. O bağ evlərində təkcə diplomun əslini yox, həm də itmiş uşaqlığını, kövrək xatirələrini, bir sözlə, özünün əslini tapır. Burda diplomun əsli özü də təsadüfən detal olmayıb, insana sonradan verilən bir şey, yəni sivilizasiya elementi kimi təbii insani yaddaşa qarşı durur və onun antipodu kimi mənalanır.

(ardı var)

 

Əsəd CAHANGİR

 

 

525-ci qəzet.- 2018.- 4 avqust.- S.12.