Nöqtəm də ruhumdan
xəbərsiz deyil...
Qəşəm NƏCƏFZADƏ
Uzun illərdi,
şair Nəcməddin
Mürvətovu tanıyıram. Tez-tez Azərbaycan
Yazıçılar Birliyinə
gəlir, kitab təqdimatlarında özünəməxsus
sözünü deyir,
sonra isə tələsik çıxıb
harasa gedər.
Adətən, tədbirlərdən sonra iştirakçılar
bəlkə də tədbirin çəkdiyi
vaxt qədər foyədə, koridorlarda, pilləkənlərdə,
ən çox Yazıçılar Birliyinin
qarşısında, bir
az da ondan
o tərəfə "Sahil"
bağında iki-bir, üç-bir söhbət
edər, hal-əhval tutar, şəkil çəkdirərlər. Belə kadrlarda adətən Nəcməddin
müəlim görünməz.
Sonradan bildim ki, o uzaq bir
rayonda - Siyəzəndə
orta məktəb direktorudur, uzaq yolu qət etmək
üçün bizlərdən
tez ayrılırmış...
Hara getsələr, müəllimlər
öz doğma ocaqlarına, sinif otaqlarına tez qayıdırlar. Şagirdlərin
hərəkət və davranışlarını,
oyunlarını, lövhə
və divarları, koridorları, müəllim
yoldaşlarının əhval
ruhiyyəsini oxumaq müəllim, xüsusən
məktəb direktoru üçün əsas şərtdir. Nəcməddin müəllim də
belədir.
Azərbaycan Yazıçılar Birliyində, növbəti
görüşlərin birində
Nəcməddin müəllim
mənə "Səmimiyyət
istəyirəm" kitabını
verdi. Mən də
həmin kitabı yol çantama qoydum. Bu kitab bir
neçə aydır
Mərdəkanın "Günəşli"
sanotoriyasında, öz
doğma rayonum İmişlidə, Gəncədə
və indi də Daşkəsən rayonunun
Xoşbulaq yaylağında
mənimlə
səfərdədir. Tez-tez vəqələyirəm,
oxuyuram, qeydlərimi edirəm.
Nəcməddin Mürvətov Siyəzən
rayonunun yuxarı Ələz kəndində
anadan olub. Respublikanın Əməkdar müəllimidir.
Şairin indiyə kimi "İlk sözüm", "Etiraf",
"Varım, dövlətim",
"Dünyamıza sözüm
var", "Həqiqəti
axtarıram", "Yaxşılar
azalmasın", "İnam
zəfərə aparır",
"Ömür adlı
payım varmış",
"Ürəklərin sifarişi sözümdə", "Bircə
söz de, şeir yazım", "Nə verdim ki, dünyaya",
"Səsim, ünüm,
harayım", Dünyamızın
zərrəsiyəm", "Şairdə sirr olmur" və "Səmimiyyət
istəyirəm" şeir
kitabları çap olunub. Kitabların adından göründüyü
kimi, dünya, həyat fəlsəfəsi
şairin yaradıcılığının
əsasını təşkil
edir. Bütün bunlar Nəcməddin
müəllimin fiziki tərcümeyi-halıdır. Əsas tərcümeyi
- hal isə onun şeirlərinin ideyası, məqsədi və məzmunudur. Şairin şeir dünyası insanlara məhəbbət
üzərində qurulub.
Hamını xoşbəxt görmək
istəyən şair
insan sarsıntılarına
dözmür, onların
ağrı-acılarını özününki hesab edir. Onların kədəri ilə
qəmlənir, sevinci
ilə şənlənir.
Nəcməddin müəllimin şeirlərinin
qafiyə sistemi də maraqlıdır, daha doğrusu, çətindir. Şair bu çətinliyin
öhdəsindən ustalıqla
gəlir. Adətən
müasir şeirimizdə bəndin birinci
misrası ilə üçüncü
misra çox vaxt sərbəst olur. Amma Nəcməddin müəllimdə belə
deyil, onun bütün misraları qafiyələnir,
əsasən kök qafiyə ilə.
Şairin
şeir dünyası
çox çeşidlidir,
şeirlərin əsas
cəhəti səmimiyyət
və Azərbaycan
dilinin incəliklərindən
obrazlı şəkildə
qaynaqlanmasıdır. Səmimiyyəti şair və
oxucu arasında körpü adlandırırlar.
Bu mənada şairi oxuculara
sevdirən onun şeirlərinin səmimiliyi, şirinliyi və hər kəsin özünü həmin şeirlərdə tapmasıdır. Yeri gəlmişkən, şair
öz şeirləri
haqqında belə deyir:
Mənim
şeirlərim məktublarımdır,
Dünyaya, cahana, bəşəriyyətə.
(Mənim şeirlərim)
Doğurdan da, yaxşı
şeir məktubdur, bu məktublar dünyanın hər yerinə gedir, insanların həmdərdi
olur, onları sevib-sevimləyə səsləyir,
dar ayaqda qəlbinə məlhəmə
çevrilir. Bu şeirin içindəki bir misra birdən-birə mənə yol işarəsi kimi göründü və şeirin həqiqəti mənə tam aydın oldu.
Nöqtəm də ruhumdan xəbərsiz deyil...
Demək,
şeir ruhun bir parçasıdır, qarşımda səhra kimi açılan bir misra Nəcməddin
müəllimin şeir
dünyasının bir
açarı kimi görünür.
Şair deyir ki, nəinki şeir, hətta şeirimin bir nöqtəsi belə ruhumdan halıdır. Nöqtə nədir?
Yer kürəsi. Hər şeyin
başlanğıcı. Son həqiqət. Dünya bir nöqtədən yaranıb və bir nöqtədən də dağılacaq.
Şairin nöqtə
məsələsi çox
gizli məqamları özündə ehtiva edir.
Aşağıdakı şeirin ifadə
tərzi, səslənişi,
sait səslərinin düzülüşü nə
qədər axıcı
və gözəldir. Şair yenə ehtiyatlıdır.
"Xətrinə dəyməsin qoy bunu deyim" deməsi göstərir ki, o, sevgisindən və sevgilisindən uzun müddətdir nigaran və həm də narahatdır. Birdən sevgili
inciyə bilər.
Amma həm də könüldəki nigarançılığı məşuqəyə
çatdırmalıdır. Ehtiyat sevgi ilə
birləşəndə hər
şey uğurlu alınır
Sözlər həmin sözlər
deyim, qoy deyim,
Sehirli nəvaziş
itib səsində.
Xətrinə dəyməsin, qoy
bunu deyim,
Deyilsən o sevgi, şövq həvəsində.
Dilindən çıxanı ürəyin
demir,
Sönüb baxışında sirli nur, işıq.
Sorub aramasam, səndən səs-səmir
Çıxmır, sarır köksü bir hiss qarışıq.
(Dəyişmisən)
Nəcməddin müəllimin şeirlərinin
səmimiyyyəti romantika
ilə özünü
buruzə vermir. Bu şeirlərin
ayağı yerdən
üzülmür, təkcə
ulduz, Ay və buludlarla əlləşmir.
Təkcə sevgilinin hüsn-camalına
aşiq olub ağlını itirmir.
Bu hisslərin alt qatında
dərin bir ağıl var. Xalqın hikməti, folkloru, olub-keçənlərin təcrübəsi
var. Aşağıdakı bəndə diqqət yetirək.
Çıxdığın qapını çırpıb getmə
yox,
Olar ki, döyməyə dönəsən
geri.
Hirsinlə, hikkənlə həddi
aşma çox,
Dilindən sözünlə qoy bir üz yeri.
(Səbr, səbr)
Məhz
iki dəfə təkrarlanan "səbr"
sözü onu
deməyə imkan verir ki, şairin
lirik düyğuları
ağıldan kənarda yaşamır. Çünki bu lirik duyğular min illər yaşı olan Azərbaycan lirikasının təcrübəsinə
söykənir, ondan başlanğıc götürür.
Şair haqlı olaraq deyir ki,
nə olursa olsun həmişə
"dilindən üz
yeri" qoy, çünki nə vaxtsa bir gün çırpdığın
qapını dönüb
açacaqsan.
Aşağıdakı şeirin quruluşu diqqətimi cəlb etdi. Əsasən bu
şeir qəzəl abı-havasını xatırlatsa
da, aşiqin əğyara münasibət məsələsi orijinal olduğu üçün
çox maraqlıdır.
Sevdiyinin
kimliyini de mənə,
Baxım onun ürəyi var, ya ki,
yox?
Say-hesabsız söz qoşmusan şəninə,
Görmür gülür, ona əğyar ya ki, yox?
Yandırmısan, mum olmayıb, ay aman,
Ovulmayıb, qum olmayıb, ay aman.
Bağrı şan-şan, şum olmayıb, ay aman,
O ağıldan kəmdir, bimar ya ki,
yox?
(Ya ki, yox?)
Hər iki aşiq bir-birinə müxalifətdədir, yəni
bir-birinə əğyardır. Əğyarın mövcudluğu sevginin şöhrəti və təsdiqidir. Əğyar olmasa,
böyük sevgi yarana bilməz. Ancaq müasir qəzəliyyatda bəzi şairlər əğyara
düşmən
münasibəti bəsləyirlər.
Sanki aşiq əğyarı
bir anda parçalamağa hazırdır.
Bəs onda gör Məcnun nə edir? Zeyd
gəlib Məcnuna xəbər
verəndə ki, İbn Səlam ölüb, gəl Leylini özünə arvad elə. Onda Məcnun deyir ki, ey Zeyd,
səndə ar-namus yoxdurmu? Sən bilmirsənmi ki, Leylini sevənlərin biri azalıb. Əsl aşiq odur ki, canını canana verib vəslə
yetibdir. Amma mən neçə illərdir bir can nədir ki, onu Leyliyə fəda edib onun (Allahın) vəslinə yetə
bilmirəm. Budur Əğyara orijinal, ilahi münasibət!
Nəcməddin müəllimin yuxarıdakı
şeirində əğyara
həlim, bir az yumşaq,
bir az da
onun halını xəbər almaq, halına yanmaq, ağıldan kəm (dəli) və ya bimar olduğunu
bilmək hissi var. Bu, gözəldir.
Nəcməddin müəllimin "Səmimiyyət istəyirəm" kitabında
"Qəzəllər" və "Düşüncələr"
başlığı altında
yeni ədəbi nümunələri
də geniş yer tutur. Burada da müəllif
öz ədəbi məninə aşiqi- sadiqdir. Qəzəl və "düşüncə"lərinin əksəriyyəti satirik ruhludur. Bu da müasir ədəbiyyatımız üçün çox maraqlıdır.
İnanıram ki, tanınmış şair Nəcməddin Mürvətovun "Səmimiyyət
istəyirəm" kitabı
qədirbilən oxucularımız
tərəfindən maraqla
qarşılanacaq.
525-ci qəzet 2018.- 8 avqust.- S.8.