Yunus Əmrə - Türkün ortaq aşiqi

 

Şahanə MÜŞFİQ

 

Doğumu da, ölümü də, dünyaya gəlişi də, gedişi də heç vaxt açılmayacaq bir sirdir. Bu sirri insan oğlu deyil, bircə Uca Yaradan bilir.

 

Bəzi mənbələrə görə, 1238, bəzilərinə görə isə 1240-cı ildə Əskişəhərin Mihaliççik ilçəsinin (rayon) Sarıköy kəndində və ya Karamanlıda anadan olub. Bəzi mənbələrdə isə bu haqq aşiqinin Türkiyənin müxtəlif yerlərində anadan olduğu söylənilir. Ona görə də onun anadan olduğu yer və doğum tarixi barədə qəti fikir söyləmək mümkün deyil. Yenə də 82 yaşında ikən haqqın dərgahına qovuşduğu söylənilir.

 

Onun bir şeirində 1273-cü ildə Konyada, o dövrdə Anadolunun ən məşhur simalarından olan Mövlana Cəlaləddin  Rumi ilə görüşdüyündən bəhs edilir. Bu da haqq aşiqinin ən azı 1240-cı ildə və ya o tarixdən bir neçə il öncə anadan olduğunu ehtimal etməyə imkan verir.  Həyatı haqqında da olduqca az məlumat var və bu da onun barəsində məhəbbət dolu onlarla şirin və qəlblərdə bu insana qarşı ilahi sevgi ocağı yandıran rəvayətlərin yaranmasına səbəb olub.

 

Onun haqqında bilinən dəqiq bir məlumat "Risalət-ün- Nushiyyə" adlı əsərini 1308-ci ildə yazmasıdır. Təxminən 1321-ci ildə vəfat etməsi ehtimal olunur. Amma harada və hansı şəraitdə haqq dünyasına qovuşduğu məlum deyil. Məzarının harada olması barədə mübahisələr var. İş orasındadır ki, istər Türkiyədə, istərsə də ondan kənarda, o cümlədən, Azərbaycanın Qax rayonunun Onçallı kəndində onun məzarı var. Türkiyədə Sarıköy kəndindən əlavə, Karamandakı Yunus Əmrə məscidinin həyətində, Bursa, Aksaray ilə Qırşəhər arasında, Ünyədə, Kula və Salihli arasındakı Əmrə Sultan kəndində, Ərzurumun Duzcu kəndində, İspartanın Gönən rayonunda (ilçə), Afyonun Sandıqlı rayonunda, Sivas yaxınlığındakı bir yol kənarında, həmçinin, Tokatın Niksar rayonunda onun məzarları var.

 

20-21-ci əsr türk dünyasının məşhur şairlərindən olan mərhum Bəxtiyar Vahabzadənin də bu böyük insana həsr etdiyi şeirində yazdığı kimi, bir yerdə doğuldu, min yerdə qəbri var. Söhbət 12-ci-13-cü əsr Türk-İslam dünyasının  ən böyük şairlərindən biri, haqq və ədalət aşiqi Yunus Əmrədən gedir. Yunus Əmrənin bu qədər məzarının olması onun xalq tərəfindən sevilməsinin və ona olan sonsuz ehtiramının nəticəsidir. Bununla belə, xalq arasında gəzən rəvayətlərdə onun Sarıköydə haqqın rəhmətinə qovuşduğu və buna əsasən də onun məzarının da orada olduğu sonralar tədqiqatçılar tərəfindən qəbul edilib.

 

Günümüzdə Yunus Əmrənin Əskişəhr-Ankara yolunun üzərindəki Sarıköy stansiyasının yaxınlığındakı məzarı bu haqq aşiqinin əbədiyyət məskəni kimi qəbul edilib. Onun məzarı üstündə isə türbə tikilib. Bu türbə-məzar Yunus Əmrə aşiqlərinin  ən çox ziyarət etdikləri yerdir.

 

Yunus Əmrənin 1240-1320-ci illər arasında yaşamış olduğu qəbul edilməkdədir.

 

Sevgi və Ayvaz Gögdəmirlərin fikrincə, Yunus Əmrə "...tarzi, bilgisi, kültürü, dilinin inceligi ile bariz şekilde "ozan", "saz şairi", "aşık" denilen və şiirlerini saz refakatında söyleyen diger halk şairlerinden ayrılır".

 

Yunus Əmrə şeirlərində özü haqqında az və dolayı yollarla danışır. Şeirlərindən özü haqqında toplana bilən məlumatlar bunlardır:

 

1. Yunus Əmrənin uzun bir ömür sürdüyünü şeirlərindən də anlamaq mümkündür. Belə ki, o, özünü "bir aşık koca (ihtiyar)", "şairler kocası" olaraq göstərir:

 

İki kişi söyleşir Yunusu görsem deyu

Biri aydır; ben gördüm, bir aşık kocaymış

Niceler aydur (der) Yunusa kocadın aşkı kogıl (bırak)

Henüz dahi turfandadır; aşkın ne ayu, yılı var,

Aşık Yunus bu sözü muhal deyu söylemez

Mani yüzün gösterir bu şairler kocası.

 

2. Yunus Əmrə evlənib, övlad sahibi olub. Hətta bir beytində iki xanımı olduğunu da söyləyib:

 

Bunda dahi verdin bize oğulu kız çift-ü helal

Andan dahi geçdi arzum, benim ahım didar için.

 

3. Yunus Əmrənin yaxşı təhsil aldığı, ərəb və fars dillərini, təfsiri, hədisi, İslam tarixini və digər İslam elmlərini oxuduğu şeirlərindən aydın olur.

 

Mədrəsədə təhsil aldığını və dilində "ilm ü usul" olduğunu söyləyən Yunus Əmrə Quranı və hədisin özünü əlbəətə ki, yaxşı bilirdi. Çünki şair coşqunluğunun və təsəvvüfün təsirinə rəğmən "ehl-i sünnet" inancından dönməmişdi. Bu da onun özünü dinin ölçüləriylə sağlamlaşdırığını və biliksiz olmadığını göstərir.

 

Yunus cahil deyildi, amma xalqın təsəvvüründə "ümmi" olaraq yer almışdı. Çünki o, kitabdakı biliklərə deyil, Allahdan gələn ilhama əsaslanması təbii ki, yalnız Yunus Əmrə kimi bir şəxsiyyətə daha çox yaraşırdı. Bir şairə yaraşdırılan bu "ümmi"lik əslində bir nöqsan və ayıb deyildi. Ümmilik başqa, cahillik başqadır. Necə ki, alim adam arif adam demək deyilsə, ümmi insan da cahil insan demək deyildir. Yunus da cahilliyə nifrət edirdi:    

 

Erenlerin sohbeti arttırır marifeti

 

Cahilleri sohbetten her dem süresim gelir.

 

Eksik olman ehillerden

Kaçagörün cahillerden

Çalap bizar bahillerden

Bahil didar görür değil.

 

Yunus Əmrə bir çox şeirində oxuyub yazmadığını, heç bir şey bilmədiyini deyir; onu danışdıran Allah eşqidir:

 

Yerde gökde bu aşk ile aşkdan gelir her söz dile

Biçare Yunus ne bile ne kara okudu, ne ak.

 

Onun nə biliyi var, nə gücü, nə də taqəti. Üzünü edəcək tək şey Allahın köməyidir:

 

Ne ilmim var ne taatim

Ne gücüm var, ne takatim

Meğer senin inayetin

Ede yüzüm ak Çalabım.

 

Yunusun həyatı ilə bağlı məlumatları Vilayet-name-i Hacı Bektaş-ı Veli adlı mənbədən əldə edirik. Yunus Əmrə öz əsərlərində Hacı Bektaş-ı Veli haqqında heç danışmamışdısa da, bu mənbədə onun bu yolunun başlanğıcı Hacı Bektaş-ı Veli ilə olan bir görüşlə əlaqələndirilir. Vilayətnamədəki bu məlumat eynilə belədir:

 

"Hacı Bektaşın şöhreti her yana yayıldı, her taraftan mürid, muhip gelmeye başladı. Semalar, safalar sürülüyordu, meclisler kuruluyordu. Yoksullar geliyorlar, zengin oluyorlar, murad almak dileyenler, baş vuruyorlar, muradlarına eriyorlardı.

 

Sivrihisarın güneyində Sarıgöl derler, bir köy vardır. O köyde doğmuş Yunus Emre adlı biri vardı. Bu erin mezarı da gene doğduğu yere yakındır. Yunus, ekincilikle geçinir, yoksul bir adamdı. Bir yıl kıtlık olmuştu, ekin bitmemişti. Hacı Bektaşın vasfını o da duymuştu. Gideyim, biraz bir şey isteyeyim, dedi. Bir öküze alıç yükledi, vara vara Karaöyüke geldi. Hünkara, yoksul bir adamım, ekinimden bir şey alamadım, yemişimi alın, karşılığını lütfedin, ehlimle, ayalimle aşkınıza yiyeyim, dedi. Hünkar, emretti, alıcı yediler. Bir-iki gün sonra Yunus memleketine dönmeyi kararlaştırdı. Hünkar bir derviş gönderdi, sorun, dedi, buğday mı verelim, nefes mi? Yunusa sordular, ben nefesi ne yapayım, bana buğday gerek, dedi. Hünkara bildirdiler. Buyurdu ki : Her alıcın çekirdeği başına on nefes verelim. Yunusa bunu söylediler, ehlim var, ayalim var, bana buğday gerek, dedi. Bunun üzerine öküzüne buğday yülediler, yola düşdü. Fakat köyün aşağısına gelince hamamın öte yanındaki yokuşu çıkar çıkmaz, ne olmayacak iş ettim ben, dedi. Vilayet erine vardım, bana nasip sundu, her alıcın çekirdeği başına on nefes verdi, kabul etmedim. Verilen buğday birkaç günde yenir, biter. Bu yüzden o nasiplerden mahrum kaldım. Döneyim tekrar varayım, belki gene himmet eder. Bu fikirle dönüp tekrar tekkeye geldi. Buğdayı indirdi, erenler, dedi, bana himmet ettiği nasibi versin, buğday gerekmez bana.

 

Halifeler gidip Hünkara bildirdiler. Hünkar, o iş, bundan böyle olmaz, o kilidin anahtarını Tapduk Emreye sunduk. Ona gitsin, nasibini ondan alsın, dedi. Halifeler, Hünkarın sözünü Yunus Emreye söylediler. O da Tapduk Emreye gitti, Hünkarın selamını söyledi, olanı biteni anlattı. Taptuk, selamı aldı, safa geldin, kademler getirdin, halin bize malum oldu, hizmet et, emek ver, nasibini al, dedi.

 

Yunus Tapduk Emrenin tekkesine odun çeker, arikasıyla getirirdi. Yaş ağaç kesmez, eğri odun getirmezdi. Kırk yıl hizmet etti. Günün birinde Tapduk Emreye bir neşe geldi, hallendi. Meclisinde Yunus-ı Guyende adlı bir şair vardı, ona söyle dedi. Mırın kırın etti, söylemedi. Bu sefer Tapduk Yunus Emreye döndü, Hünkarın nefesi yerine geldi, vakti tamam oldu, o hazinenin kilidini açtık, nasibini verdik, hadi söyle dedi. Hemen Yunus Emrenin gözünden perde kalktı, söyleme başladı. Söylediği nefesler, büyük bir divan oldu"Yunus Əmrənin şeirlərinin toplandığı Divanı və Risale-tün-Nushiyye adlı bir məsnəvisi var.

 

Risaletün-Nushiyye məsnəvi janrında, ilk beytdən başqa əruzun mefailün müfailün feulün vəzni ilə yazılmış təsəvvüfi bir nəsihətnamədir. Ümumilikdə 600 beytdir. Əsərdə müridin kamil insan olmaq yolundakı mənəvi yolundan danışılır. Əvvəldəki mənzum hissəsində insanın yaradılışından söhbət açılır. Mənsur hissədə ağıl və bilik, iman və onu əldə etməyin yolları haqqında, sonrakı mənzum hissələrdə ruh və ağıl, kibir və qənaət, qəzəb, səbr, xəsislik və qısqanclıq, qiybət   şər mövzuları hekayələrdən də yararlanaraq danışılmışdır. Yunus Əmrə əsərinin sonunda yazılma tarixini də qeyd edib:

 

Söze tarih yidi yüz yidi-y-idi

Yunus canı bu yolda fidi-y-idi

 

Bu beytdən aydın olur ki, Risaletün-Nushiyye h. 707/m. 1307-ci ildə yazılıb.

 

Yunus Əmrənin yüz illər boyu Türk xalqını öz təsirində saxlayan əsəri şeirləri və bu şeirlərin toplandığı Divanıdır. Bu divanda yer alan şeirlərin çoxunda coşqun bir lirizmlə Tanrı sevgisini dilə gətirir. Yunus Əmrə Anadoluda Türk dilinin bir ədəbiyyat dili kimi təzə-təzə yüksəlməyə başladığı bir zamanda şeirlərini yazıb. Özündən qabaq az olan türk dilindəki əsərlərdə yer alan quru türkcə onun dilində coşğun bir şəkil alıb.

 

Yunus Əmrənin yolu əsas etibarilə Hacı Bektaş-ı Vəlinin fikir və görüşləri ilə uyğunluq tapır. Hər ikisi Əhməd Yəsəviyə əsaslanır. Yunus Əmrənin Divanında Hacı Bektaş haqqında heç bir söz işlənməsə də, hər ikisinin dikir və düşüncələrində böyük yaxınlıq va. Hər ikisinin əsaslandığı Əhməd Yəsəviyə görə, İslam dörd qapı adı verilən dörd təbəqədən ibarətdir. Dörd qapı şəriət, təriqət, mərifət və həqiqətdir. Hər qapıda on vəzifə, birlikdə qırx vəzifə müəyyənləşdirilib. Kamil insan olmaq üçün müridin bu dörd qapıdan keçməsi, qırx vəzifəni əldə etməsi; yəni bunların hamısına birdən sahib olması lazımdır. Əhməd Yəsəvinin Fakr-name adlı əsərində açıqlanan dörd qapı və qırx vəzifə qısaca bunlardır:

 

Şəriət qapısının vəzifələri: Allahın birliyinə, varlığına və sifətlərinə inanmaq; namaz qılmaq; oruc tutmaq; zəkat vermək; Həcc ziyarətinə getmək; mülayim danışmaq; bilik əldə etmək; Məhəmməd peyğəmbərin buyurduqlarına əməl etmək; emr-i maruf (yəni dində gözəl görünənləri əmr etmək); nehy-i münker (dində qadağan edilənlərdən qorunmaq).

 

Təriqət qapısının vəzifələri: Tövbə etmək; pirə (şeyxə) əl uzatmaq; qorxu (hafv); ümid (reca); vird (bəlli dua və zikirləri oxumaq); şeyxin xidmətində durmaq; şeyxin icazəsi ilə danışmaq; nəsihət dinləmək; təcrid (zahirən mal-dövlətdən, daxilən qarşılıq gözləmək anlayışından uzaqlaşmaq); tefrid (akran və əmsallardan uzaqlaşıb tənha qalmaq, hər şeyi Allah üçün etmək).

 

Mərifət qapısının vəzifələri: Fəna (dünya varlığından imtina etməl); dərvişliyi qəbul etmək; hər şeyə dözə bilmək; halal və gözəl şeylər istəmək; mərifət qılmaq; şəriəti və təriqəti yaşatmaq; dünyanı tərk etmək; ahirəti üstün tutmaq; varlıq (vücud) vəzifəsini bilmək; həqiqət sirlərini bilmək.

 

Həqiqət qapısının vəzifələri: Təvazökar olmaq; yaxşını, pisi tanımaq; başqasının varına əl uzatmamaq, öz varını başqalarına paylamaq; heç kimi incitməmək; kasıblığı (dünya malından üz çevirməyi) inkar etməmək; seyr ü süluk, cyəni bir mürşidin köməyi ilə təsəvvüf yoluna getmək; sirrini hamıdan gizli saxlamaq; şəriət, təriqət, mərifət və həqiqət vəzifələrini bilmək və bunlara əməl etmək; Allahı tapmaq.

 

Yunus Əmrə Risaletün-Nushiyye adlı əsərində bu mövzu haqqında danışır; şeirləri də əsas olaraq bu qapı və vəzifələrin anlatılması, xalqa öyrədilməsi məqsədinə xidmət edir. Bir şeirində də dediyi kimi:

 

Dervişün dört yanında dört ulu kapu gerek

Kancaru bakar-ısa gündüz ola gicesi

......................................................

Dört kapudur kırk makam yüz altmış menzili var

Ana irene açılur vilayet derecesi.

 

Yunus Əmrə aşiqdir, lakin bu hal onun qopuz-saz sənətindən uzaq və bu sənətə biganə olduğunu sübut etmir. Yunus bu sənətin aparıcı bir qolu olan el şairləri cərgəsindədir və bu mə'nada kökləri Dədə Qorquda bağlıdırsa, budaqları Qurbaniyə, Qaracaoğlana tərəf uzanır.

 

Gögdəmirlər Yunus Əmrənin dilini bütün islam türklərinin ortaq dili hesab edirlər: "... Yunus Emre türkcesi, bazilarının yanlış söyledikleri kibi, bir "öztürkce" deyildir. Bu dil, ortak islam medeniyyeti içinde öteden beri gelişmeye başlamış ve bu ortak medeniyyet dillerinden türkceleştirilmiş zengin bir islami Türk dilidir".

 

Gögdəmirlərin dediyi "bazilarının" fikirlərinin tam yanlış olduğunu söyləmək də düz deyil. Ərəb əlifbası Yunus Əmrəni bütün islam türkləri üçün "türkləşdirsə" də, Yunusun dili "ortaq" mədəniyyət dilinin bir çox elementlərini özündə cəmləşdirsə də, türk və Azərbaycan dillərinin hər birinin müstəqil inkişaf yolunda olduğunu aydın şəkildə əks etdirəcək dərəcədə türk dilidir. Azərbaycan ərazisində türk tayfaları çox qədimlərdən mövcud olmuş, türk mənşəli ümumxalq Azərbaycan dili hələ oğuzlardan çox-çox əvvəl formalaşmışdır. Oğuzların bizim minilliyin əvvəllərindəki güclü axını isə yerli türk dilli mədəniyyətin bir zərbə ilə tam üstünlük qazanmasına səbəb olmuşdur.

 

Hər bir dilin, xüsusilə də, dil tarixinin öyrənilməsində o dilin yazılı abidələrinin nə qədər böyük əhəmiyyət kəsb etdiyi məlumdur. Ümumtürkoloji aspektdə tədqiqatların aparılmasında isə digər türk dilli xalqların abidələrinin də rolunun vacibliyini qeyd etmək lazımdır. Bu baxımdan XIII əsrdə yaşamış görkəmli türk söz ustası Yunus Əmrənin "Divan"ını xüsusi qeyd etməliyik. Çünki şairin "Divan"ı dilimizin qədim oğuz xüsusiyyətlərini qorumaq baxımından zəngin xəzinədir. Türk dünyasının məşhur və sevilən şairlərindən biri olan Yunus Əmrənin şeirlərini dilimizi qorumaq, xalq dilindən ədəbiyyata sözlər gətirməklə onu zənginləşdirmək, qədim sözlərimizin bu günə kimi yaşamasına, mənalarını qoruyub saxlamasına imkan yaratmaq baxımından əvəzsiz abidələrdən biri hesab etmək lazımdır. Bu abidə yalnız dilçilər üçün deyil, tarixçilər üçün   də əhəmiyyətli mənbə sayıla bilər. Yunus Əmrə yaradıcılığı istər dilçilərin, istərsə də tarixçilərin istənilən vaxt oradan bir inci tapa biləcəkləri dəryadır. Bəlkə də elə bununla əlaqədardır ki, 70 ilə yaxındır tədqiq olunmasına baxmayaraq, hər zaman elm adamlarının Yunus Əmrə yaradıcılığı haqqında deməyə sözləri vardır.

 

Təsəvvüf ədəbiyyatı başdan-başa məcazlarla doludur. Yunus Əmrə bəzən müəyyən bir irfani fikri oxucusuna çatdırmaq üçün məcazlardan geniş istifadə edir. Bəzən məcazlar o qədər bol işlədilir ki, şairin anladacağı mətləb artıq qaranlıq olur. Ancaq belə ilahilər Yunus Əmrə "Divan"ında azlıq təşkil edir. Qalan hallarda şairin məcazlardan bacarıqla yararlandığının şahidi oluruq:

 

Bu cahana gəlmədin sultanı cihandayım

Sözü gerçək hökmü  rəvan ol hökmü sultandayım.

 

Xəlayiq bunda gəlmədin göglər məlayik dolmadın

Bu mülkə bünyad olmadın mülkü yaradandayım.

 

Yüz yirmidörd bin xası, dörd yüz qırx dörd tabusası

Dövlet məqamında ol gün ulu xanədandayım.

 

Öz irfani təlimini şərh edən ilahilərində Yunus Əmrə fəlsəfəni irfani və dini məcazlardan istifadə edir, demək istədiyi fikri daha poetik şəkildə çatdırmağa nail olur.

 

Yunus Əmrənin ilahilərində mübaliğələrə də rast gəlirik. Bu mübaliğələr klassik divan ədəbiyyatından gəlmədir və şair onları da xalq psixologiyasına, xalq şüuruna uyğun şəkildə işlətməyi bacarır. Həm bu mübaliğələrdə dini-təsəvvüfi yön qabarıq görünür:

 

Əzrail nə kişidir, kəsd edə bilə canıma,

Ben anın kasdını ginə kendiye zindan eyləyəm.

Ye Cebreyl kim ola, hökm edə benim ahıma

Yüz bin Cebreyl kibiyi bir dəmdə perran eyləyəm.

 

Mübaliğələrində şair özünün böyüklüyünü xüsusi vurğulamaqla haqqa yetişdiyini, haqqa çatanların hökmündə mələklərin də, cinlərin də durduğunu demək istəyir. Əslində, "mən" dedikdə, şair yalnız öz "mən"ini deyil, mütləq "o"nun təzahürü olan "mən"i görür:

 

İns ilə bu cinni peri, divlər benim hökmündədir

Taktım benim yel götürür, mehrü Süleyman tutaram.

 

Təsəvvüfdə can əbədiliyi və nur şəklində varlığı haqqında təsəvvürlər geniş yayılmışdır. Şair vücudun müvəqqəti olduğunu göstərmək üçün onu dükana bənzədir, çünki dükan çoxlarına xidmət etdiyi kimi can da çox vücudları tərk etmişdir. Bir ilahisində Yunus Əmrə bu dünyanı şəhərə, dolub-boşalan bazara bənzətməklə dünyanın faniliyini qabarıq şəkildə nəzərə çatdırır. Bu cür bənzətmələrdə şair üslubu və dili olduqca sadədir.

 

Yunus Əmrə öz təsəvvüf ideyalarını yaymaq üçün bir çox halda şeirin formasına, üslubi gözəlliyinə fikir verməsə də, onun bənzətmələri poetik qayda-qanunlara tamamilə uyğundur. Həm də şair türkcənin müxtəlif növ və formasında yazsa da, şeirlərində ifadə gözəlliyi saxlanılmışdır. Yunus Əmrə eyni bir misrada və ya beytdə həm epitetdən, həm də bənzətmədən məharətlə istifadə edir:

 

İşqi olmayan könül misalı taşa bənzər

 

yaxud:

 

İşqi var könül yapar, yumşanar muma dönər,

Taş könüllər kararmış, sarı katı kışa bənzər.

 

Yunus Əmrə yaradıcılığı folklorla divan ədəbiyyatı arasında bir körpüdür. Buna baxmayaraq, onun şeirlərində divan ədəbiyyatında gedən ifadələrə, poetik deyimlərə də tez-tez rast gəlirik. Bir ilahisində şair deyir:

 

Sıfatın arılığı bulquru noxud kibi

İki qaşun, ay alnun gəncəyə virir səbak.

 

Yunus Əmrə şeiri, Yunus Əmrə yaradıcılığı özündən sonra gələn çox şairlər üçün məktəb, bulaq olmuşdur. İstər Azərbaycan, istərsə də türk şairlərinin çoxu bu məktəbdən bəhrələnmiş, bu bulaqdan su içmişlər. Məhz buna görədir ki, min ilə yaxın zaman keçməsinə baxmayaraq, Yunus Əmrənin şeirləri hələ də bütün Türk dünyasında sevə-sevə oxunur, öyrənilir, araşdırılır. Yəqin ki, hələ bundan sonra da illər, əsrlər keçməyinə baxmayaraq, bu şeirlər ümumtürk xalqının əzbərində olacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 8 avqust.- S.7.