Hərb və dövlətçilik tariximizdən səhifələr: Rəhim xan Naxçıvanski və onun varisləri

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Rusiya imperiyasının ordusunda Azərbaycanı və onun ayrılmaz tərkib  hissəsi olan Naxçıvanı cəsurluqla və ləyaqətlə təmsil edən general-mayor II Kalbalı xan Naxçıvanski öz oğullarını da bu ruhda böyütmüşdü.

 

Onun oğlanlarının hamısı və oğul nəvələri XIX və XX yüzilliklərdə öz andlarına sadiq qalan hərbiçilər olmuşlar. Arxiv sənədlərinə görə, Rəhim xan 17 fevral 1860-cı ildə Naxçıvan şəhərində doğulmuşdur. Şərqin və Avropanın ən nəcib xüsusiyyətləri ilə əhatə olunmuş bir ailədə böyüyən Rəhim xan Tiflisdə realnı məktəbdə təhsil almışdır.

 

1877-1878-ci illərdəki rus-türk müharibəsi dövründə 18-ci Pereyaslavski draqun polkunda döyüşə getmişdir. Naxçıvan şəhəri İrəvan quberniyasının tərkibində olduğundan həmin polkun tərkibində olan İrəvan dəstəsinin içərisində "adi ovçu hüququ" ilə fəaliyyət göstərmişdir. Döyüş cəbhələrində çox fərqlənən Rəhim xan 29 oktyabr 1877-ci ildə unter-zabit hərbi rütbəsinə layiq görülmüşdür. Elə həmin il dekabr ayının 19-da əsgərlər və zabitlər üçün təyin edilmiş Georgi hərbi ordeni ilə təltif edilmişdir. (Bu Georgi ordeni IV dərəcəli Müqəddəs Georgi ordenindən fərqlidir). 25 avqust 1878-ci ildə praporşik rütbəsini alan Rəhim xan Tiflisdə hərbi məktəbə oxumağa göndərilmiş və 11 sentyabr 1879-cu ildən 20 iyul 1880-ci ilədək Tiflis piyada yunker məktəbinin kurslarında oxumuşdur. 3 oktyabr 1880-ci ildən 22 noyabr 1881-ci ilədək Tiflisdə yerləşən Qafqaz təlim rota məktəbində də kurs keçmiş və orduda hərbi xidmətini davam etdirən Rəhim xan 1882-ci ildə kornet hərbi rütbəsinin də sahibi olmuşdur. 1882-ci ildə hansı səbəbdənsə hərbi xidmət zamanı sol gözünün zədələndiyi arxiv sənədlərində qeyd edilmişdir. Çar hökuməti 1883-cü ildə ona bütün il ərzində 414 rubl gümüş pul maaş təyin etmişdir. 23 oktyabr 1883-cü ildə istefaya çıxan Rəhim xan Naxçıvana qayıtmışdır.

 

Onu da deyək ki, arxiv sənədlərindəki səhvlərə baxmayaraq, Rəhim xan qardaşı Cəfərqulu xandan bir yaş böyükdür. Bunu 1920-ci ildə Naxçıvan İnqilab Komitəsinə verdiyi ərizədə də göstərmişdir.  Rəhim xan öz ərizəsi əsasında ordudan tərxis olunmuşdur. (Bu haqda arxiv sənədi də vardır). Buna əsas səbəb həmin ilin (yəni 1883-cü ilin) aprelində atasının vəfatı ilə bağlı idi. Çünki rəhmətə gedən generalın orduda olan oğullarından biri Naxçıvana qayıdıb atalarının mülklərini idarə etməliydi. 1885-ci ildə qardaşı Cəfərqulu xan da ordudan qayıtdı. Böyük qardaşları II Ehsan xan döyüşlərdə çox ciddi zədə almışdı. Tiflisdə müalicə olunurdu. Ailənin kiçik oğlu Hüseyn xan Sankt-Peterburqda pac korpusunda təhsilini tamamlamışdı. Onlar hamısı bir yerə yığışıb atalarının bütün işlərini idarə etməyi qardaşları Rəhim xana həvalə etdilər. Rəhim xan qardaşları və ata evində yaşayan bacılar arasında general atalarının varidatını bölüşdürdü. Ataları general-mayor II Kalbalı xan Naxçıvanski Naxçıvanda və Ordubadda irriqasiya işləri ilə, mədənlərdə faydalı qazıntıların çıxarılması, həmçinin, maarifçilik və digər sahələrdə işlər apardığından hökumətə 83 min gümüş pulla borcu qalmışdı. Rəhim xan və qardaşları bu pulu da dövlət xəzinəsinə qaytarmalı idilər. Ona görə də elə ilk gündən Rəhim xan və Cəfərqulu xan qardaşları əhali ilə olduqca xoş münasibət saxlayıb işə girişdilər.

 

O illərdəki sənədlərdən öyrənirik ki, onlar 83 min manat gümüş pulu xəzinəyə qaytarırlar. Bir azdan sonra çarın göstərişi ilə həmin məbləği qardaşlara qaytarırlar. Bir çox kitablarda və bəzi gündəliklərdə Rəhim xanın nəinki Naxçıvanda, hətta qonşu Şərq ölkələrində də böyük nüfuza sahib olması haqqında da maraqlı məlumatlar vardır. 1905-ci ildə Naxçıvana gələn italyan yazıçısı, səyyahı və diplomatı Luicu Villari Rəhim xanla və Cəfərqulu xanla görüşmüşdür. O, bu görüşlərini sonralar yazdığı kitabda təsvir etmişdir. Həmin kitab belə adlanır: "Fire and Suvord in the Caucasus", (London, 1906, p. 279-283). Kitabda Naxçıvanskilərə aid olan hissəni Moskvada yaşayan, əslən naxçıvanlı olan tədqiqatçı Fərhad Nağdəliyev ruscaya çevirmişdir. Həmin hissədən bir neçə cümləni nəzərinizə çatdırırıq. Diplomat və səyyah, yazıçı olan L.Villari Rəhim xan haqqında fikrini aşağıdakı kimi tamamlayır: "O, bir çox başqa tatarlardan fərqli olaraq yaxşı təhsil alıbdır. Rusiyaya və digər xarici ölkələrə çox səyahət edibdir. Rus dilini mükəmməl bilir, amma xarici-qərb ölkələrinin dillərində danışmır. Baxmayaraq ki, məni heç kim ona təqdim etmədi, ancaq o, məni çox səmimiyyətlə, açıq ürəklə qəbul etdi. Bu, məni çox təəccübləndirdi.  O, iliyinə qədər xandır. Bu, zahirən də görünür və belə təəssürat da yaradır ki, o, çox qədimlərdən gələn hakim insanların nəslindəndir..."

 

Rəhim xan ulu babası I Kalbalı xandan qalma ata sarayında (həmin saray indi muzeydir) 1920-ci ilədək yaşayıb. (Bu haqda arxiv sənədi mövcuddur). Cəfərqulu xan və Hüseyn xan isə şəhərin mərkəzində, keçmiş Padşahlıq bağının (sonralar əhali oraya "Böyük bağ" da demişdir) yaxınlığında o dövr üçün çox dəbdəbəli olan Avropasayağı qoşa, yan-yana mülklər tikdiriblər. (Zaman o mülkləri də bu günədək saxlayıb). Rəhim xan Badamlı kəndinin yarı hissəsinin, Kəndşahbuzun yarı hissəsinin, Keçili kəndinin üçdə birinin, Bistin, Ələhinin, Parağanın dörddə birinin atasından qalma miras sahibi olmuşdur. Onun Naxçıvan qəzasında üzüm və meyvə bağları, hamamları, tut bağları, əkin sahələri, boyaqxanası, xüsusi dəyirmanları və iki böyük mülkü olmuşdur. Həm ata evi və o sarayın yaxınlığında özünün tikdirdiyi mülk, ikinci mülkü də 1980-ci ilədək dururdu. (Xan dikində keçmiş hərbi komissarlığın binası). Birinci Dünya müharibəsi başlayanda o, könüllü ərizə verib cəbhəyə yollandı. Qafqazın yerli süvarilərindən təşkil olunmuş süvari diviziyanın ikinci Dağıstan polkunun tərkibində döyüşlərdə olmuşdur.

 

Çox təəssüflər ki, çar ordusundakı cahillər bu polku "Dikaya diviziya" (Vəhşi diviziya) adlandırıblar. Saya-hesaba gəlməyən qələbələrin sahibi olan ikinci Dağıstan polkuna verilən "ad" cəsur qafqazlılara verilən təhqiramiz bir addır. Axı, hər bir hərbiçi kavaler olmağı ilə fəxr edirdi. Yeri gəlmişkən, "kavaler" italyan sözü olub, ata minib vuruşan döyüşçü deməkdir. 

 

Qraf Vorontsov-Daşkov Rəhim xanı həmin diviziyaya məsləhət biləndə, Rəhim xan çox sevindi. Çünki bu polku rus-yapon müharibəsində sərkərdə qardaşı Hüseyn xan yaratmışdı. Kiyevdən keçib Karpat dağlarında vuruşan 54 yaşlı kornet Rəhim xanın hərbi hünərləri dildə gəzirdi. Başqa cür də ola bilməzdi. Çünki o, çar ordusunda cəsurluğu ilə ad çıxaran "quş kimi uçan general"ın oğlu idi. At üstündə qartal kimi qıy vurub döyüşmək isə türk ərlərin işidir, onlar yaş nə olduğunu bilməzlər. Qalitsiyanın (Qərbi Ukraynanın) çöllərində məharətlə vuruşan "Atlı diviziya"nın ən qoçaq əsgərlərindən biri olan Rəhim xan 26 avqust 1915-ci ildə müsəlman döyüşçülər üçün təsis edilmiş 3-cü dərəcəli müqəddəs Stanislav ordeni (bantla və qılıncla) ilə təltif olundu. Arxiv sənədlərinə görə, 9-cu ordunun generalı Leçitski çox böyük həvəslə bu əmri imzalayıb. İçdikləri anda çox sədaqətli bu diviziyanın (rusların "Tatar diviziya"sı adlandırdıqları) Qafqaz hərb tarixindəki hünərləri adamda heyrət yaradır. Rəhim xan təxminən 1883-cü ildə Hacı Şükür Makinskinin qızı Münəvvər xanımla ailə qurmuşdur. Sənədlərdə onun anasının adı Ağabəyim kimi yazılıb. Ona görə bir çox tədqiqatçılar Ağabəyimin I Ehsan xanın qızı Lalabəyim olduğunu yazırlar. Bu, mümkündür. Çünki o, Hacı Şükür Makinskinin həyat yoldaşı olub. 1895-ci ilə aid bir sənəddə Hacı Şükür Makinskinin övladlarının hamısının adı yazılıb və elə oradaca qeyd edilib ki, bu uşaqların anası Hacı Ağabəyim Məmmədhəsən xan Qacardır (İrəvanskaya). Hacı Ağabəyim İrəvan sərdarı general Sarı Aslanın qızıdır. Həmin generalın oğlu Mehdiqulu xan və varisləri 1920-ci ilədək Şərur mahalında yaşamışlar. Bəlkə də 1895-ci ildə Lalabəyim vəfat etdiyindən onun adı Şükür Makinskinin uşaqlarının yanında yazılmayıb?!

 

Hər halda araşdırmalar bu suala cavab tapacaq. Rəhim xan Münəvvər xanımla nikahından bir oğlan və bir qız doğulmuşdur. Xurşid xanım 1888-ci ildə, İsgəndər xan isə 8 mart 1889-cu ildə doğulublar. Sənədlərdə Münəvvər xanımın 1897-ci ildə vəfat etdiyi yazılıb. Rəhim xanın oğlu İsgəndər xan Sankt-Peterburqda Əlahəzrətin 1-ci dərəcəli pac korpusunda təhsil alıb. 6 avqust 1910-cu ildə 17-ci Niceqorod draqun polkunun korneti kimi hərbi xidmətə başlayıb. 4-cü eskadronun kiçik zabiti olan İsgəndər xan 10 sentyabr 1913-cü ildə poruçik hərbi rütbəsini almışdır. Birinci Dünya müharibəsində döyüşüb. O, çeçen polkuna 24 may 1916-cı ildə döyüşçü əsgər kimi dəyişdirilib. 21 mart 1917-ci ildə ştabs-rotmistr hərbi rütbəsini alıb. Həmin illərin qəzetlərində onunla bağlı xeyli maraqlı məlumatlar vardır. 23 iyun 1915-ci ildə 3-cü dərəcəli (bantla və qılıncla) Müqəddəs Stanislav ordenini, 16 may 1916-cı ildə həmin ordenin 2-ci dərəcəsini, 15 aprel 1915-ci ildə üzərində "İgidliyə görə" yazılan 4-cü dərəcəli Müqəddəs Anna ordenini, 7 mart 1915-ci ildə həmin ordenin 3-cü dərəcəsini (bantla və qılıncla) və nəhayət, 19 yanvar 1915-ci ildə 4-cü dərəcəli Müqəddəs Vladimir (bantla və qılıncla) ordeni ilə təltif edilmişdir. Naxçıvanda sovet hökuməti qurulandan sonra İrana mühacirət etmiş və Tehranda yaşamışdır. 1934-cü ilin məlumatına görə, o, Tehranın ən varlı adamlarından biri idi. Burada çox vacib bir haşiyəyə çıxmaq maraqlı olardı. Naxçıvanlı Hüseyn Teymurlu (Bənəniyarski) uzun illər qürbətdə, Moskva yaxınlığındakı Saltıkovka qəsəbəsində yaşamışdır. O, Moskvanın ali məktəblərində dərs demişdir. Teymurlu ömrünün son illərində "Naxçıvan xanları haqqında xatirələr"ini yazmışdır. Onun Rəhim xanın oğlu haqqında yazdıqları maraqlıdır: "Cəfərqulu xanın qardaşı Rəhim xanın bir oğlu, bir qızı var idi. Oğlu Əhməd xan (ləqəbi Xanlar xan) 1941-ci ildə İranın hərbi naziri idi. 1944-cü ildə Məhəmməd Rza şah ona marşal rütbəsi vermişdi. İranda onun adı Əhməd Naxçıvani idi..."

 

Müəllif öz yazdığı xatirələrində qeyd edir ki, o, Əhməd xanı tanıyırmış. Bu yazımızda bir daha həmin xatirələrə qayıtmaqda məqsədimiz var. Xatirədə adıçəkilən Əhməd xan elə İskəndər xandır. Onun tərcümeyi-halından görürük ki, o, çar Rusiyasının hələ gənc yaşlarında bacarıqlı və cəsur hərbiçilərindən biri olub. Yəni onun İranda belə mövqe tutması şübhə doğurmur. Həm də onun ana nənəsi general Sarı Aslanın qızı olduğundan Tehranda İskəndər xan üçün maneə yox idi. Qaldı onun adının Əhməd xan yazılması məsələsi. Əhməd xan Rəhim xanın hərbiçi babasının (ana tərəfdən) adıdır. Evdə onu belə çağırırmışlar. Bir də ki, o, ulu babası I Ehsan xanın sonbeşik qardaşı İskəndər xanın adını daşıyırdı. Buna görə də evdə və Naxçıvanda hamı ona hörmətlə "Xanlar xanı" deyirmiş. Amma vikipediyada Əhməd xan Naxçıvanskinin  atasının adı Əli xan yazılıb. Ona görə  bu istiqamətdə axtarışlar aparılır. Qalan məsələləri ümidimiz var ki, axtarışlarımız aşkar edəcək. Rəhim xan qızına anası Xurşid xanımın adını verib. Və o, qızını Sankt-Peterburqda əmisi Hüseyn xanın yanında, sonra isə Moskvada oxudub. Xurşid xanım məşhur general Feyzulla Mirzə Qacarla ailə qurmuş və Şəfi xan adında bir oğulları olmuşdur. 1920-ci ildə general Feyzulla Mirzə Qacarı bolşeviklər Nargin adasında güllələmişlər. Oğlu Şəfi xan haqqında heç bir məlumat tapmadıq. Xurşid xanım ömrünün sonunadək nəzarətdə yaşadı.

 

İndi aşkar olur ki, ona edilən təzyiqlər və xüsusi nəzarət o tayda olan yüksək rütbəli qardaşı ilə çox bağlı imiş. Dövrünün məşhur opera müğənnisi olan Xurşid xanım 1963-cü ildə deyilənə görə, Bakıda vəfat edib. Bakıda və Moskvada onun həyatı və şəxsi arxivi ilə bağlı axtarışlarımız davam etməkdədir.  Bir məsələni də oxucularla bölüşmək, bizcə, yerinə düşərdi. Naxçıvan xanlarının şəcərəsini hazırlayanda mərhum tarixçi Əli Əliyevin 1967-ci ildə tərtib etdiyi şəcərənin ilkin variantını da əsas götürdük. Çünki onun ilkin tərtib etdiyi şəcərə bu gün də muzeylərdə nümayiş etdirilir. O, Rəhim xanın övladları sırasında Telli bəyim, Fatma bəyim və Əziz xanın da adını göstərib. Bunun üçün biz də bu adları şəcərəyə əlavə etdik. Amma Moskva, Sankt-Peterburq, Tiflis, Vladiqafqaz, Bakı arxivlərində olarkən bununla bağlı xeyli axtarışlarımız oldu. Bu məsələyə daha ciddi yanaşdıq. 1920-ci ilədək hərbi sənədlərdə bir oğlan və bir qız Rəhim xanın övladları sırasında yazılmışdı.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindəki İnqilab Komitəsinə aid sənədlərdə də əlavə edilən uşaqların adı çıxmadı. Ola bilər ki, Əli müəllim şəcərəni tərtib edərkən Naxçıvanın qocaman sakinlərinin söylədiklərinə əsaslanıb. Çünki Heydərqulu xanın oğlu Rəhim xanın kameral siyahılarda qızlarının adı belə göstərilib (1829-cu ildə).

 

1918-1920-ci illərdə Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında, həmçinin naxçıvanlı gənclərin döyüşə hazırlanmasında Rəhim xanın və oğlu İskəndər xanın böyük xidmətləri vardır. Rəhim xan 1918-ci ildə  Naxçıvan Milli Şurasında bir müddət xalq qoşunlarının  komandanı olmuşdur. Araşdırmalar  göstərir ki, Rəhim  xan Naxçıvanskinin Naxçıvanın ictimai -siyasi və hərbi həyatında əvəzsiz rolu olmuşdur. Lakin 1920-ci ilin avqustun sonlarında Naxçıvan İnqilab Komitəsi Rəhim xanı və oğlunu Naxçıvandan sürgün etməyi qərarlaşdırmışdır. İskəndər xan bolşeviklərin hiyləsini bilərək sürgün qərarından əvvəl İrana mühacirət etdiyindən bolşevik hökuməti onu sürgün edə bilməmişdir.

 

Kəngərli Naxçıvanskilərin Azərbaycanın, Rusiyanın və İranın  hərb tarixində əvəzsiz rolu bu gün də diqqət çəkir. Çünki  Qafqazda doğulan və  onun azadlığı uğrunda vuruşan süvarilərin, ən yüksək hərbi mükafatların kavalerlərinin yollarında məğrur Qafqazın işıq  və kölgəsi var. Daha çox  bu işığın cazibəsində o, igid kavalerlərin həyatlarının qaranlıq səhifələri bizi axtarışlara səsləməkdədir.

 

 

525-ci qəzet  2018.- 8 avqust.- S.6.