Xatirələrimdəki ölümsüz şair: unudulmaz Nüsrət Kəsəmənli

 

Nüsrət Kəsəmənli bir şair kimi çox tez məşhurlaşıb, sevilib. Ona ilkin olaraq populyarlıq qazandıran keçən əsrin 60-cı illərinin axırlarında yazdığı məşhur "Getmək istəyirsən..." şeiri olub.

 

O illərdə bu məşhur şeiri Azərbaycanda, demək olar ki, əksər yeniyetmələr, gənclər əzbər bilirdilər. Sonralar Nüsrət Kəsəmənli bir-birindən duyğulu, kövrək, həzin sevgi şeirləri yazdı, neçə şeirinə bir-birindən dəyərli mahnılar bəstələndi, nə qədər müğənni onun sözlərinə yazılmış mahnılarla məşhurlaşdı, sevildi. O, Azərbaycanda ən məşhur söz adamlarından biri idi. Çap olunan kitabları kitab mağazalarından bir neçə günün ərzində satılıb qurtarırdı. Kitaba böyük maraq olan o illərdə Nüsrət Kəsəmənlinin kitabını əldə edən adamlara qibtə ilə baxardıq. Bəlkə də indiki gənclərə mənim dediklərim qəribə görünər. Amma gerçəkdən də belə idi. O dövrün insanları kitabı (əlbəttə, əsl kitabları) sevirdilər, kitablara dəyər verirdilər.

 

Təbii ki, mən də onun şeirlərini çox sevirdim. Və həmişə onunla tanış olmağı arzulayırdım. O, atamı tanıyırdı, ona böyük hörməti vardı və bu hörmət qarşılıqlı idi. 1980-ci illərdə incəsənət institutunda oxuyan qardaşım Azərlə, aralarında böyük yaş fərqi olmasına baxmayaraq, dostluq edirdi. Atamın kitabxanasında onun həm atama, həm də Azərə avtoqrafla bağışladığı bir neçə kitabı var. Sonralar tale elə gətirdi ki, mən də onunla tanış oldum. Neçə dəfələrlə Bakıda, Neftçalada onunla görüşdüm, söhbətlər etdim. Çox maraqlı adam idi. Sadə, sadə olduğu qədər də qürurlu, istiqanlı bir insan idi. Maraqlı söhbətləri indiyə qədər yaddaşımdadır. Kövrək idi. Oğlanlarını çox sevirdi və onlar haqqında danışmaqdan sanki zövq alırdı. Bir dəfə atamla Yazıçılar İttifaqında, onun otağında olarkən maraqlı bir söhbət etdi. Kiçik oğlu xəstələnibmiş. Təcili dərman lazım olur. Bakının bir neçə aptekinə dəysə də, axtardığı dərmanı tapa bilmir. Sumqayıtda olan bir həkim dostuna zəng edir. Axtardığı dərmanın həmin həkimdə olduğunu öyrənib Sumqayıta yola düşür:

 

- Maşını hansı sürətlə sürürdüm, bir Allah bilir, - Nüsrət müəllim sanki həmin günün gərginliyini yaşayırmış kimi həyəcanla danışırdı, - Sumqayıt yolunda bir yol milisi yəqin yüksək sürətə görə maşınımı saxlamağa işarə etsə də, mən ona məhəl qoymadım. Yol milisi sirena verə-verə arxamca düşdü. Mənim gözümə isə heç nə görünmür. Axır ki, dostumun işlədiyi xəstəxanaya çatdım. Yol milisinin maşını da düz maşınımın yanında dayandı. Onun əsəbi-əsəbi nə isə dediyini də heç düz-əməlli dərk edə bilmədim. Binaya girib pilləkənləri qalxdım. Həkim dostum məni gözləyirdi. Uşağa görə o qədər həyəcanlı idim ki... Dərmanları alıb tələsik həyətə düşdüm. Yol milisi məni heç cür maşına əyləşməyə qoymurdu. Sənəd tələb edirdi. Sənədlərimi göstərsəm də, məndən əl çəkmirdi. Maşını cərimə meydançasına sürməyimi tələb edirdi. Vəziyyətimi o milisə anlatmağa çalışsam da, heç bir nəticəsi olmadı. Belə olanda o milisə sərt sözlər deyib yaxınlıqdakı taksiyə tərəf getdim. Taksi ilə evimə gəldim. İnanırsınız, maşınım bir də səhərisi gün, uşaq nisbətən yaxşılaşandan sonra yadıma düşdü... Təbii ki, mən düzgün hərəkət etməmişdim. Amma övladı xəstə olan bir ata kimi öz hərəkətlərimə, hardasa haqq qazandırırdım. Soraqlaşıb maşınımın Sumqayıtın milis şöbəsinin cərimə meydançasında olduğunu öyrəndim. Həmin şöbənin yol milis idarəsinin rəisinin yanına getdim. Amma orada şahidi olduğum bir hadisə məni o qədər riqqətləndirdi  ki... - Nüsrət müəllim xəfifcə gülümsəyib söhbətinə davam etdi. - Şöbə rəisi məni tanıdı, hörmətlə qarşılayıb yer göstərdi. Çay gətizdirdi. Sonra mən üzrxahlıq edib bir gün əvvəl olan hadisəni həmin rəisə danışdım. Rəis məni diqqətlə dinləyəndən sonra selektorun düyməsini basdı. İçəri girən növbətçiyə kimisə çağırması barədə göstəriş verdi. Az keçməmiş bir milis nəfəri içəri girdi. Bu mənim maşınımı cərimə meydançasına aparın həmin milis idi. Rəis məni həmin milisə göstərib onun məni tanıyıb-tanımadığını soruşdu. Maşınımı həbs edən milis:

 

- Tanıyıram, şair Nüsrət Kəsəmənlidir, - dedi.

 

- Sən onun maşınını saxlayanda o, öz vəziyyətini, uşağının xəstə yatdığını, aldığı dərmanları təcili evə çatdırmalı olduğunu, maşınını dərmanları evə çatdırandan sonra həbs etməni səndən xahiş etmişdi?

 

Milis:

 

- Etmişdi, yoldaş mayor, - dedi.

 

- Bəs sən neylədin? - rəis milisdən soruşdu.

 

- Mən qanun nə tələb edirsə, onu etdim, yoldaş mayor.

 

Elə bil maraqlı bir filmi izləyirdim, - Nüsrət müəllim yenidən gülümsədi, - milisin cavabı, açıq deyim ki, mənim xoşuma gəlmişdi. Cavan oğlan idi. Hərəkətinin düz olduğuna qəti əmin olduğu üçün sərbəst danışırdı. Bu da onu cəsarətli göstərirdi. Rəis bir müddət dinməz-söyləməz, qarşısında fərəqət dayanan milis nəfərinə baxdı. Sonra gerçəkdən də mənim gözləmədiyim bir sualla həmin milis nəfərinə müraciət etdi:

 

- Sənin uşaqların var?

 

- Var, yoldaş mayor, - milis nəfəri rəisə rəsmi tərzdə cavab verdi,

 

- Elə təsəvvür elə ki, şairin yerində sənsən. Uşağın xəstədir, ona təcili dərman lazımdır. Məcbur olub maşını bərk sürürsən ki, xəstəxanaya tez çatasan. Bir yol milisi də səni saxlayır ki, sənədlərini ver, maşınını cərimə meydançasına sür. Bir sözlə, səni zor-güc maşınından düşürür. Onda sən necə hərəkət edərdin?

 

Yol milisi gözlərini qırpmadan:

 

- Yoldaş mayor, mən yol milisinin dediyinə, yəni qanuna tabe olardım.

 

Şöbə rəisi bir müddət diqqətlə, bir qədər də təəccüblə qarşısında dimdik dayanan bu cavan, ötkəm gəncə baxdı,.. baxdı... sonra da:

 

- Filankəs, - dedi, - əminəm ki, sən yaxşı, nümunəvi milis işçisisən. Buna mənim heç bir şübhəm yoxdur. Amma təəssüf ki, sən yaxşı insan deyilsən...

 

***

 

Nüsrət Kəsəmənli haqqında xatirələrim çoxdur. Yazsam, böyük bir yazı alınar. Əslində, elə yazmaq da istəyirəm. Ömür vəfa etsə, mən bu niyyətimi haçansa həyata keçirəcəm. İndi isə onun haqqında bir xatirəmlə bu yazını bitirmək istəyirəm. 1984-cü ilin 20 avqustu idi. Atamla Bakıya getmişdim. Atamın Yazıçılar İttifaqında nə isə işi vardı. Bir saata qədər orada yubandıq. Pilləkənləri enərkən Nüsrət Kəsəmənli qarşımıza çıxdı. Görüşdük. Atamı bir otağa dəvət etdi. Atam mənim Nüsrət Kəsəmənlinin şeirlərini nə qədər sevdiyimi bilirdi. Nə bilim, bəlkə də mənə görə, tələsməyinə baxmayaraq, həmin otağa gəldik. Əyləşdik. Stolun üstündə gözümə yaşıl cildli bir kitab dəydi. Bu, Nüsrət Kəsəmənlinin yenicə çapdan çıxmış "Təklikdə danışaq" kitabı idi. Kitabı götürdüm. Nüsrət müəllim söhbətə həmin kitabdan başladı:

 

- Təzə çap olunub, - dedi, - nəşriyyatdan mənə cəmi iki nüsxə veriblər, hələ satışa da çıxmayıb. Bu gün axşam tələbələrlə görüşüm var. Bu kitabı da ona görə götürmüşəm. Görüşdə bəzi şeirlərimi bu kitabdan oxuyacam.

 

Atamla nə barədəsə söhbət edirdilər. Mən isə kitabdakı şeirləri nəzərdən keçirirdim. Çoxusu bu vaxta qədər oxumadığım şeirlər idi. Həmin şeirlərdən birini, "Qırmızı kitab" adlı şeiri ürəyimdə oxumağa başladım. O vaxtlar məndə çox adamda olmayan bir xüsusiyyət var idi. Ruhuma yatan, könlümü oxşayan şeirlər yadımda tez qalırdı. Hətta elə şeirlər olurdu ki, iki-üç dəfə oxuyandan sonra əzbər olaraq yaddaşıma köçürdü. İndi də elə oldu. Gözümü həmin şeirdən çəkməyərək qeyri-ixtiyari:

 

- Gözəl şeirdir, - dedim.

 

Nüsrət müəllim nə isə danışırdı. Sözünü kəsib:

 

- Hansı şeiri deyirsən, - dedi.

 

- "Qırmızı kitab" şeirini, - dedim və şeiri əzbərdən söyləməyə başladım:

 

Ovçular qar üstə iz axtarırlar,

Görüş yerlərində izlər azalır.

Çoxunun sevgidə öz hesabı var,

Sevib ərə gedən qızlar azalır,

İsməti "Qırmızı kitab"a yazın.

Küsüb qəmli gedən məhəbbət itir,

Ata istəyindən övlad uzaqdır.

Analar oğlundan tamarzı gedir,

Neyləsin, şəhərə üz tutan çoxdur,

Xiffəti "Qırmızı kitab"a yazın...

 

Nüsrət müəllim də, atam da diqqətlə mənə qulaq asırdılar. Şeiri əzbər deyib qurtarandan sonra Nüsrət müəllim:

 

- Bu şeiri nə yaxşı əzbərləmisən belə, - dedi.

 

- Mən bu şeiri indi əzbərlədim, Nüsrət müəllim.

 

- Ola bilməz! - Nüsrət müəllim təəccübləndi.

 

- Yaxşı şeirlər mənim yadımda tez qalır, Nüsrət müəllim.

 

Nüsrət müəllim heyrətlənmişdi. Bir qədər də şeirinin belə tez əzbərlənməsindən sevinən kimi idi.

 

- Bu kitabı sənə bağışlamamaq günah olar, qoy bu kitab məndən sənə yadigar qalsın, - deyib kitabı məndən aldı və kitabın titul səhifəsinə qara mürəkkəbli qələmlə belə bir avtoqraf yazdı: "Etibar üçün... Dostluğa, ədəbiyyata etibar arzusu ilə müəllifdən... N. Kəsəmənli. 20 aprel 1984. Bakı."

 

İndi həmin kitab mənim kitabxanamdadır.

 

Nüsrət müəllimdən yadigar qalan o kitab mənim üçün çox qiymətlidir. Mən o kitabı hər vərəqləyəndə Nüsrət Kəsəmənli ilə olan unudulmaz görüşlərimi yadıma salıram. Həyatdan vaxtsız getmiş unudulmaz şairimizin qəlb oxşayan şeirlərini sanki öz dilindən eşidirəm...

 

Etibar ƏBİLOV

Neftçala.

Aprel, 2018.

 

525-ci qəzet  2018.- 8 avqust .- S.6.