“Ateizm və onun tarixi də ciddi öyrənilməlidir”
İLAHİYYAT
İNSTİTUTUNUN REKTORU CEYHUN MƏMMƏDOV: "QARŞIMIZA
QOYDUĞUMUZ MƏQSƏDLƏRDƏN BİRİ BUDUR Kİ,
AZƏRBAYCANDA TƏHSİL ALAN TƏLƏBƏLƏR KƏNAR
TƏSİRLƏRƏ MƏRUZ QALMASINLAR"
İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov
müsahibəsini ixtisarla oxuculara təqdim edirik.
- Ceyhun müəllim, İlahiyyat
İnstitutu bu il Prezidentin sərəncamı
ilə yaradıldı. Yeni dərs ilinə elə
də çox vaxt qalmayıb. Hazırlıqlar
necə gedir?
-
2018-2019-cu tədris ili üçün instituta 60 nəfərin qəbulu
nəzərdə tutulub. Onlardan 35 nəfəri
islamşünaslıq, 25 nəfəri isə dinşünaslıq
üzrə nəzərdə tutulub. Artıq
Dövlət İmtahan Mərkəzinin xətti ilə tələbələrin
müraciətinə başlanılıb. Tələbə
olacaq şəxslərin bir qismi ilə müsahibə
keçirilib. Eyni zamanda, tədris prosesinə
də hazırlıq gedir. Tədris
standartları və tədris planları hazırlanıb.
Rəsmi fəaliyyətin göstərilməsi
üçün lazım olan bütün addımlar
atılır. Bunlarla yanaşı, müəllimlərin
və digər mütəxəssislərin seçilməsi ilə
bağlı da işlər gedir. Hansı
ki, növbəti tədris ilində onlarla bir yerdə fəaliyyət
göstərəcəyik. Hansı fənlərin
tədris olunacağı ilə bağlı da qərar qəbul
olunub. Dərsliklərin hazırlanması
ilə bağlı işlər gedir, onların konkret qrafiki
müəyyənləşdirilib. İnstitutun tez bir
zamanda formalaşması və bütün gücü ilə
fəaliyyət göstərməsi üçün zəruri
addımlar atılır.
- Rektoru
olduğunuz təhsil ocağı yeni yaradılıb. Təbii
ki, yeni yaradılan bir instituta qəbulun keçid balı 500 olsaydı, bu, bəlkə də
etirazlara səbəb olardı. Ancaq keçid
balının 200 olması da cəmiyyət tərəfindən
birmənalı qarşılanmadı. Niyə keçid balı 200 elan olundu?
- Təəssüf
ki, bəzən bu məsələnin mahiyyətinə varılmadan cəmiyyətə yanlış məlumatlar
təqdim edilir və fikir çaşqınlığı
yaradılır. Məsələ bundan ibarətdir
ki, institut yeni yaranıb. Eyni zamanda, bu sahə
strateji sahələrdən biridir. Cənab Prezidentin bu sahəyə
böyük qayğısı və diqqəti var.
İnstitutun tanınması, formalaşması, cəmiyyətdə
öz yerini tutması üçün müəyyən bir
müddət lazımdır. Həm də tədris
prosesi və digər işlərlə bağlı bəlli
bir vaxt lazımdır. Hazırkı
dövrdə bütün reallıqları nəzərə
alaraq keçid balının 200 olaraq müəyyənləşdirilməsi
normaldır. İlkin qəbul
üçün bu, normaldır. Gələcəkdə təbii ki, keçid
balının qaldırılması ilə bağlı məsələlərə
baxıla bilər. Burada əsas qarşıda
duran məqsədlərdən biri institutun fəaliyyətə
başlaması, tələbə qəbulunun həyata
keçirilməsi, ilk qəbul etdiyimiz tələbələrlə
işin qurulması və qarşıya qoyulan məqsədlərə
çatılmasıdır.
- İlahiyyat İnstitutunda təhsil alacaq tələbələrin
portreti ilə xarici ölkələrdə dini təhsil
alanların portretini necə müqayisə edərdiniz? Hər halda
müəyyən nəticələr əvvəldən
hesablanıb deyə, bu sualı verdik.
- Bu
günə kimi Azərbaycanda 3 minə yaxın tələbə
xaricdə dini təhsil alıb. Azərbaycanda təhsil alan tələbələri biz necə
görürük? Qarşımıza qoyduğumuz məqsədlərdən
biri budur ki, Azərbaycanda təhsil alan tələbələr
Azərbaycana sıx bağlı olsunlar, kənar təsirlərə
məruz qalmasınlar. Onlar güclü şəxsiyyətə
malik olmalı, dövlətlərini sevməli və onun
üçün çalışmalıdırlar.
Eyni zamanda, onlarda dini kimlik milli kimliyi üstələməməlidir. Həmçinin, bu tələbələrin
şəxsi keyfiyyətləri, dil, dünyəvi bilikləri yüksək
olmalıdır. Bəzi müsəlman ölkələrində
dini təhsil verilərkən yalnız dini biliklərə
üstünlük verilir. Orada təhsil
alanlar daha çox dini bilgilər əldə edirlər. Xaricdə oxuyan tələbələr
bəzən həmin ölkənin ideologiyasının Azərbaycanda
təbliğatçısına çevrilirlər. Azərbaycanda oxuyan insanlara gəldikdə isə,
düşünürük ki, onlar yüksək dini və
dünyəvi biliklərə malik olmalıdır.
- Zatən Qumda, Mədinədə təhsil
alanların da dini bilikləri yüksək olur. Bəs
siz din bilgisinin yüksək səviyyədə olmasını
deyərkən nəyi nəzərdə tutursunuz?
- Biz
öz təhsil sistemimizi elə qurmalıyıq ki, Azərbaycanda
oxuyan insanların
dini bilikləri xaricdə oxuyanlardan zəif
olmasın. Yəni sabah onlar hər
hansı bir yerdə işlədikdə, müəyyən dini
məsələlərə münasibət bildirməyi
bacarsınlar. Onların dünyəvi bilikləri
və natiqlik qabiliyyəti
yüksək olmalıdır ki, fikir mübadiləsi
apararkən düşüncələrini yaxşı formada
çatdırsınlar.
Xaricə gedən tələbələrə sual verəndə
ki, niyə başqa ölkədə təhsil almağı
seçiblər, onlar bunu daha çox yeməklə, pulsuz təhsil
və digər təminatlarla əsaslandırırlar.
Bizim
institutda da ən böyük təminatlardan biri budur ki, burada təhsil pulsuz
olacaq. Tələbələr yeməklə,
geyimlə və gələcəkdə yataqxana ilə təmin
olunacaq. Bu da İlahiyyat İnstitutunun
üstünlüklərindən sayılır.
- İlahiyyat İnstitutunda yeni hansı fənlərin tədrisi
gözlənilir ki, bu zamana qədər keçilməyib?
- Bu
günə kimi Quran, İslam hüququ, hədis, kəlam və təfsir
elmləri tədris olunub.
Yeni tədris
standartına əsasən, Müqəddəs Kitabların
müqayisəsi, Qərbdə islam tədqiqatları, elm və
din, Azərbaycanda dini cərəyanlar, islam mədəniyyəti
tarixi, multikulturalizmə giriş və Azərbaycan dili və
nitq mədəniyyəti və multikulturalizmə bağlı
fənlərin geniş tədrisi nəzərdə tutulur.
- Bakıda "Şəbnəm"
qızlar mədrəsəsi var. Orada dünyəvi biliklər
də öyrədilir. Sizin institutda da din sahəsi ilə
paralel olaraq elm də tədris olunacaqmı?
- Təhsil Nazirliyinin müəyyənləşdirdiyi
standartlar var. Qarşımıza qoyulan məqsədlərdən
biri də budur ki, mütləq dünyəvi fənlər tədris
olunmalıdır. Azərbaycan tarixi, multikulturalizmi, ədəbiyyatı,
natiqlik mədəniyyəti, ədəbiyyatın öyrədilməsi
qarşıda duran əsas məsələlərdən
biridir.
Onu da qeyd
edim ki, dinşünaslıq ixtisasında sırf Azərbaycanla
bağlı
müəyyən fənlərin də tədrisini
nəzərdə tutmuşuq. Həmin fənlərdən
biri Azərbaycandakı mövcud dini cərəyanlarla
bağlıdır. Yəni əsasən Azərbaycanda geniş yayılan dini cərəyanlar.
Bununla bağlı fənnin tədrisi nəzərdə
tutulub. Hansı ki, Azərbaycanda müxtəlif strukturlarda çalışan
insanlar bunları geniş şəkildə bilməlidirlər.
Bu həm keçmiş, həm də müasir
dövrlə bağlıdır.
- Azərbaycanın hansı
özünəməxsus təriqəti var?
- Burada
ancaq özünəməxsusluqdan söhbət getmir. İslama aid müəyyən cərəyanlar var ki,
zaman-zaman Azərbaycanda daha geniş yayılıb. Bu qədim dövrlərdə və müasir
dövrdə də belədir. Tarixən
yaranmış müəyyən təriqətlər var ki,
onların öyrənilməsi və bilinməsi xüsusi əhəmiyyət
daşıyır.
- Fənnin adı nədir?
- Azərbaycanda
mövcud dini cərəyanlarla bağlı fənn kimi nəzərdə
tutulub. Bu istiqamətdə işlər gedir.
Mən sizə bəzi fənlərin adların
da deyə bilərəm.
Bizdə elm və din fənni keçiriləcək. Bu, çox
maraqlı fəndir. Azərbaycanda dini cərəyanlar,
müqəddəs kitabların müqayisəsi, sosiologiya, əxlaq
fəlsəfəsi, müasir İslam mütəfəkkirləri ilə bağlı fənlər
var. Bundan başqa, İslam mədəniyyəti və incəsənəti
ilə bağlı fənnin olması nəzərdə
tutulub.
Bundan əlavə, çox vacib bir fənn var ki, onun
adını çəkməliyəm. Bu, dini xitabət
və peşə hazırlığıdır. Bu, din
xadimlərinin məscidlərdə təşkil etdikləri xütbələr və
icra etdikləri dini ayinlərlə bağlıdır.
Sosial elmlərin metodologiyası da tədris ediləcək. Biz bu fənləri
tədris planına salarkən bir çox dünya ölkələrinin
təcrübəsinə baxdıq. Oksford,
Kembric universitetlərinin, bizə qonşu Türkiyənin təcrübəsinə
baxdıq. Bütün bunları analiz
etdikdən sonra, qeyd etdiyimiz fənləri tədrisə
saldıq.
Fəlsəfənin özü də bizim tədrisdə
ən çox üstünlük verdiyimiz fənlərdən
biri olacaq.
- Sualımız bəlkə də qəribə
səslənə bilər. Ateizmin tədrisi gələcəkdə
plana salına bilərmi?
- Hesab edirik ki, ateizm və onun tarixi də
ciddi öyrənilməlidir.
Sovet dövründə Azərbaycanda ateizmin
çox zəngin tarixi olub. Bu gün də
ateizmlə bağlı həm Azərbaycan, həm də
dünyada müxtəlif təbliğat gedir, fərqli fikirlər
mövcuddur. Bu baxımdan da hesab edirik ki, tələbələr
də ateizm barədə məlumatlı olmalıdırlar,
onun tarixi haqda bilməlidirlər. Çünki sabah bu insanlar bir alim, din xadimi fəaliyyət
göstərərkən onların qarşısına bu məsələlər
çıxa bilər. "Ateizm nədir, hansı mərhələləri
keçib" - bunları bilməlidirlər.
- Dinin predmeti inanca söykənir,
elmin predmeti isə fərqlidir. Konkret təcrübəyə
gələn dəlillər üzərində
araşdırmalar aparılır və müəyyən nəticələr
hasil olunur. Bu mənada sizə elə gəlmirmi
ki, ziddiyyət elə buradan qaynaqlanır?
- Hesab
edirəm ki, elm və din bir-birini tamamlayır. Din mənəviyyat
tərəfidir, elmdə isə siz dediyiniz məsələlər
öz əksini tapır. Problem nədir? Zaman-zaman İslamın geridə qalması ilə
bağlı fikirlər səsləndirilir. Bəziləri iddia irəli sürürlər ki, Qərb
dindən uzaqlaşdığına görə, inkişaf
etdi. İslamin ilkin dövrlərində
müsəlmanlar elm sahəsində çox böyük
nailiyyətlər əldə ediblər. Hətta
yunan mədəniyyətinə aid əsərlər ərəb
dilinə, sonra isə Avropa dillərinə tərcümə
olunub.
İddialar isə yanlış şərhlər və
yanlış təsəvvürlərdən irəli gələn
məsələdir. Dinə
xürafat və mövhumat daxil olanda, əlbəttə ki, o,
elmlə ziddiyyət təşkil edəcək. Çünki elm xürafatı və
mövhumatı qəbul etmir. Din əslində, Tanrı
ilə bəndə arasında ünsiyyət vasitəsidir. Elm isə daha çox təcrübəyə əsaslanaraq
öz rolunu oynayır.
Dinlərin fəlsəfəsinə də baxdıqda
görürük ki, dinlərin bəşəriyyətə gəlməsində
məqsəd insanları saflaşdırmaq və kamilləşdirməkdir,
birliyə çağırmaqdır. Dinin özü
müasir dövrdə elmin araşdırdığı sahədir.
Dünyanın bir çox universitetlərində
ilahiyyat fakültələri var.
- Həqiqi din deyirlər. Gəlin həqiqi dinə müraciət edək.
Məsələn, Quran ayəsində İbrahim peyğəmbərin
quşları parça-parça edib, sonra onlara yenidən can
verməsi yazılıb. Elm isə bunu sübut
edə bilmir. Yaxşı buna necə izah
verək?
- Dini həqiqi
və qeyri-həqiqi dinə bölmək yanlışdır.
Həqiqi din və qeyri-həqiqi din anlayışı
yanlışdır. Quranda ilk nazil olan ayələrdə
"oxu" deyilir. Orada "Dəmir"
surəsi var. Başqa surələr var ki, elmi həqiqətlərlə
bağlıdır. Müqəddəs kitabımızda arılarla
bağlı ayələr var. Quran 14 əsr bundan əvvəl
nazil olanda orada Yerin kürə şəklində olması
öz əksini tapıb. Lakin bir zamanlar insanlar
bu həqiqətləri qəbul etmirdilər.
Bu gün isə həqiqətən də elə məqamlar
var ki, insan ağlı onu dərk etməkdə çətinlik
çəkir.
Quranda, hədislərdə müəyyən fikirlərə
rast gəlirik ki, orada elmə çağırış var. Hədislərdə
buyurulur ki, elm öyrənmək hər bir müsəlman
kişiyə və qadına vacibdir.
- İlahiyyat İnstitutuna qəbul
üçün 60 yer ayrılıb. Gender məsələsi necə, balanslaşdırıla
bilər?
- Bizim son
statistikaya baxsaq görərik ki, xeyli sayda xanım da qəbul
üçün müraciət edib. Onlar
ilahiyyatçı, dinşünas olmaq istəyirlər. Bizim təhlillər göstərir ki, xanımlar daha
çox ilahiyyat sahəsinə meyillidirlər. Bu baxımdan heç bir problem yoxdur. Sizə bir şeyi də deyim ki, bir çox müsəlman
ölkəsində kişilər və qadınlar
ayrı-ayrı qruplarda təhsil alırlar. Azərbaycanda isə tam fərqli bir sistem və
yanaşma mövcuddur. Biz də bu məsələləri
nəzərə almışıq. Həm
müəllimlərdə, həm də tələbələrdə
gender bərabərliyi məsələsini qorumağa
çalışırıq. Biz
düşünürük ki, bu gün Azərbaycan cəmiyyətində
eyni zamanda zəngin dini biliklərə malik olan dinşünas
qadınlara da ehtiyac var.
- Müsahibə mərhələsindən
nə qədər şəxs keçib?
-
Üçüncü qrupa imtahandan sonra yenidən Psixoloji
Komissiyanın ilk iclasları başladı. Biz
islamşünaslığı seçən abituriyentlərlə
müsahibələr apardıq. Onların
bir hissəsi Psixoloji Komissiyadan keçdilər, seçildilər. İlkin olaraq 15 nəfər
onların arasından seçilib. Hazırda bu istiqamətdə
iş gedir.
- Uzun
müddət sizin məmur kimliyiniz də olub. Hansı
məmurla əlaqələriniz var? Sözsüz
ki, ilk növbədə də bəlkə də Dini Komitənin
sədri Mübariz Qurbanlının adını qeyd edəcəksiniz.
- Uzun
müddət Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində çalışmışam. 2001-ci
ildən komitənin yaranmasında, formalaşmasında fəal
iştirak etmişəm. Komitəyə ilk
illər bildiyiniz kimi, Rafiq Əliyev rəhbərlik edirdi.
Sonrakı dövrlərdə də başqa rəhbərlər
oldu. Bu rəhbərlərin hamısı
ilə işləmişəm. Bu gün də
rəhbər Mübariz müəllimdir. Mübariz müəllim hər
bir əməkdaşa xüsusi diqqətlə yanaşır.
Bu gün din sahəsində çalışan bir
qurumlarla sıx əlaqəli şəkildə işləyir
və əməkdaşlıq edirik.
- Prezident sizi rektor təyin etdi.
Maraqlıdır, bundan sonra Mübariz Qurbanlı sizi yanına
çağırıb nələr dedi?
- Əvvəla onu qeyd edim ki, təyinatdan sonra Mübariz müəllimlə görüşdə o, öz tövsiyələrini, məsləhətlərini, institutun qarşısında hansı məqsədlərin durduğu barədə ətraflı məlumat verdi. Qarşıda böyük vəzifələrin durduğunu, tez bir zamanda institutun fəaliyyətə başlamasının zəruriliyin qeyd etdi.
- Ceyhun müəllim,
rektor olaraq özünüz hansı fənni tədris edəcəksiniz?
- Mənim ixtisasım ərəb dili və ilahiyyat elmləridir. Son illər isə mənim fəaliyyətimlə bağlı olduğuna görə, multikulturalizm fənnini tədris etməyi düşünürəm. Yəqin ki, Azərbaycan multikulturalizmi fənnini mən özüm tədris etmək barədə qərarımı verəcəyəm. Hesab edirəm ki, universitetdəki ab-havanı, tələbələrin dərsə münasibətini və bilik səviyyəsini bilmək baxımından auditoriyaya girmək çox önəmlidir.
Modern.az
525-ci qəzet 2018.-
8 avqust .- S.5.