106 yaş nədir ki...
Eşitmişdim ki, Bərdədə 106 yaşında, xanım-xatun,
qənirsiz gözəl
olan qaçqın bir nənə yaşayır.
İstinin tüğyan elədiyi bir vaxtda onun
görüşünə getdim. Oğlu
Tofiq məni mehribanlıqla qarşılayıb,
"keçək içəri"
- dedi. Gördüm uzunömürlü yatağında uzanıb eynəksiz televizora baxır.
- Xoş gördük, Güldanə xanım!
Başını qaldırıb mənə
xoş gəldin elədi. Sonra dik gözümün
içinə baxdı,
üzündə şirin
bir təbəssümlə
"siz kimsiniz, oğul" - deyə soruşdu. Bakıdan gəldiyimi, şəxsən
onunla görüşmək
istədiyimi bildirdim.
Xeyli dinmədi və birdən qərib bir ah çəkdi. Keçdiyi həyat yolundan, Şuşalı günlərindən
asta-asta, həm də aydın və sərrast kəlmələrlə şirin-şirin
danışmağa başladı.
Söhbətimiz boyu ona yarızarafat, yarıciddi şəkildə "dünya
gözəli", "xanım"
deyə müraciət
etdim. Məndən 40 yaş böyük
olsa da, ona nənə deməyə dilim gəlmədi. Bu yaşında belə qəddi-qamətli, gözəl
qalmasına təəccüb
etdim. Heyrətləndim,
öz-özümə dedim: İlahi, insan bu yaşında,
doğma yurdsuz, dərd-qəm içində
ola-ola belə təravətli, gözəl
qalarmı? İnanın, bu sözlərimdə
qətiyyən şişirtmə
yoxdu.
Bərdəyə yola düşərkən,
yalnız onun yaşının işığına
can atırdım. Doğrusu, düşünürdüm
ki, alnı qırış-qırış, çöhrəsi solmuş,
gözləri çuxura
düşmüş, beli
bükülmüş, saçı
qar kimi ağarmış, ruhu sarsılmış, danışığı
rabitəsiz bir qoca qarı ilə görüşəcəm.
Fəqət, yanılmışdım.
Barmaqları sanki mərmərdən yonulmuş,
təbəssümü Cıdır
düzünün sübh
şehi kimi təmiz, danışığı
Sarı babanın beçə balı kimi şirin, yanaqları Şuşanın
çiyələyi kimi
al-qırmızı, Xarı-bülbülə
bənzər şairanə
bir xanımla söhbətimiz, 106 ilin kürəyini yerə vuran müdrik ağbirçəklə dialoqumuz
dərin və mənalı idi.
...Yerimdə bir az qurdalandım. Elə bil sinəsinin közünü üfürdüm. Şuşanın tarixi əzəmətindən, büllur kimi saf havasından, Ağa Bəyim Ağanın Xarı-bülbül sevdasından, Natəvan nənəsinin dərd əlində giryan olmasından elə gözəl, yanıqlı-yanıqlı danışdı ki, ruhum sarsıldı. Mən də ona Şuşalı xoşbəxt günlərimi sadaladım. Dərdimiz-ağrımız, yaramızın sızıltıları, yurd-yuva həsrətimiz bir-birinə qarışdı. Güldanə nənə hərdən qəribə, qeyri-adi fikirlər söyləyirdi. Ona hər sözünün başında təskinlik verirdim, tezliklə Şuşaya qayıdacağız - deyirdim. Bu sözümdən sonra bir az susdu və belə dedi: "Hə, oğul, mən də o arzudayam. Ürəyimə damıb ki, Şuşanı görməsəm, ölməyəcəyəm. Əgər Şuşada olsaydım, bəlkə də 120-130 il yaşayardım. 106 yaş nədir ki... Ürəyim təpərlidi, məni incidən ayaqlarımdı. Üç ay bundan əvvəl qırğı kimiydim. Arzu edirdim ki, Şuşaya qayıtsaq, yeddi qatı birnəfəsə çıxacam. Gəncə qapısından evimə süzə-süzə gedəcəm. Ya qismət! Ənvər bala, sənə gördüyüm qəribə bir yuxumu danışmaq istəyirəm. Üç dəfə ağ paltarlı kimlərsə gəlib mənə dedilər: "Dur, əyin-başını sahmana sal, vaxtındır, getməliyik". Üzlərinə bozardım: "Siz nə danışırsınız, Şuşada gələrsiniz, onda söhbətləşərik". Qəribə görkəm aldılar, ancaq təkid etmədilər. Hiss etdim ki, sir-sifətimə zəndlə baxırlar. Görünür, mənə rəhmləri gəlib. Təbii danışığımı, bağışlayın, sərrast danışığımı, gözümün işığının tükənmədiyini, qulaqlarımın yaxşı eşitdiyini görüb bir-birinə baxdı və getmək istədilər. Birdən onların arasındakı ən ahılı qayıdıb nə desə yaxşıdır? Dedi: - Nənə, telefonunuz varmı? Dedim, var! Sonra üzümə bir də diqqətlə baxıb qımışdı və dedi: "Nə vaxt özün istəsən, zəng et, onda səni təm-təraqla qarşılayıb hər cür şərait yaradarıq. Həm də behiştə bərabər şərait". Bunu deyib bir anda gözdən itdilər. Qorxdum ki, qayıdıb məni apararlar. Amma qayıtmadılar. Mən and içmişəm, Şuşada, öz evimizdə hələ ürəyim istəyən qədər yaşamalıyam. Onlara zəng etmərəm. Bir də, bala, canı yanmışlar telefon nömrəmi götürdülər!...
...Bu kiçik yazımı daha rəngli, boyalı, obrazlı və ağrılı yaza bilərdim. Sadəcə Güldanə xanımın həyatının bir yarpağını silkələdim. Bir daha gördüm ki, o, ən xoşbəxt və uzunömürlü analardan biridir. Sinəsi söz ümmanıdır. Həyatı hədsiz dərəcədə sevən ağbirçəyin böyük nəsil şəcərəsi var. 8 övladından ikisi vəfat edib, 23 nəvəsi, 40 nəticəsi, 5 kötükcəsi var.
Güldanə Azad qızı 15 yanvar 1912-ci ildə Şuşa qəzasının Zarıslı kəndində dünyaya gəlib. Onu çox sorğu-suala tutdum. Övladlarından, nəvə və nəticələrindən kimi çox istədiyini soruşdum. Bir qədər susdu, gülümsədi, sonra belə dedi: - Oğul, bar ağacının bütün meyvələri eyni tamda olur. Həyat yoldaşımdan sonra bu böyük nəslin nəhəng bar ağacıyam. Hamısını ürəkdən sevirəm. Ancaq oğlum Mehdini daha çox sevirəm, - desəm, yəqin o biri balalarımın və nəvələrimin xətrinə dəyməz. Ürəyim, canım, mənəviyyatım, qanım, iliyim məni yaşatdığı kimi, övladlarım, nəvələrim, nəticələrim, kötükcələrim də məni elə yaşadırlar. Qürur hissi duyuram. Bircə dərdim var, Şuşa dərdi. Kaş orda təzədən yaşayaydım. Dünyada heç bir dərdim olmazdı. Allaha pənah, hər şey onun əlindədir!
Biz də Güldanə nənəmizi Tanrıya tapşırıb, onunla sağollaşdıq.
Ənvər
ƏHMƏD
Ədəbiyyat
üzrə fəlsəfə doktoru, professor, şair, Beynəlxalq
Kadrlar Akademiyasının akademiki
525-ci qəzet 2018.- 10 avqust.- S.8.