Yurd nisgili ilə nöqtələnən sənətkar ömrü

 

Şahanə MÜŞFİQ

 

Bu gün Azərbaycan muğam sənətinin nadir incilərindən Xalq artisti Qəndab Quliyevanın doğum günüdür. Yaşasaydı 69 yaşını qeyd edəcəkdi. Ancaq əcəl imkan vermədi.

 

Həssas, kövrək, bütün dərd-səri göz yaşlarına büküb bir bağlı qutu kimi gizlədiyi, Qarabağ həsrəti ilə alışıb-yanan ürəyi də ona vəfasız çıxdı. İmkan vermədi yaşasın, yaratsın, sənətkar ömrünü, xalq sevgisini doya-doya dadsın, həsrət qaldığı torpaqlara heç olmasa bircə günlüksə də qovuşsun. Zalım fələk bir göz qırpımında aldı apardı onu bu dünyadan.

 

"İnsan var evdən gedər, insan var eldən gedər" - deyirlər. Qəndab Quliyeva eldən gedən sənətkardır. Sevənlərini gözü yaşlı, mahnılarını yetim, muğamlarını boynubükük, obrazlarını sahibsiz qoyub getdi.

 

Onu nə vaxt dinlədiyimi, nə vaxt sevdiyimi xatırlamıram. Çünki gözümü açandan evimizdə onun ifasını eşidərdim. Atam sənətinin vurğunu idi. Muğamdan danışanda Qəndab Quliyevanın adını xüsusi vurğulayar, bənzərsiz səsindən, təkrar olunmaz ifasından böyük sevgiylə saatlarla danışardı. Elə bu söhbətlərdə sevmişdim onu. Sonradan isə özüm də dinləməyə, sənətini izləməyə başladım. Amma mənim marağım təkcə sənətinə, səsinə deyildi, həm də insanlığına idi. Görəsən, kim idi Qəndab Quliyeva?!

 

İndi internetdə onun haqqında axtarış etmək istəsəniz cəmisi aşağıdakı bir neçə cümlə ilə kifayətlənməli olacaqsınız:

 

Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub.

 

Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs alaraq sənətini təkmilləşdirib. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov "Leyli-Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev "Şah İsmayıl"), Şahsənəm (Z.Hacıbəyov "Aşıq Qərib"), Gülbahar (Ş.Axundova "Gəlin qayası"), Xanəndə qız (R.Mustafayev "Vaqif") rollarını yaradıb.

 

Qəndab Quliyeva bir çox xarici ölkələrdə - Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində Azərbaycan muğam sənətini layiqincə təbliğ edib. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında "Xaric Seygah", "Şahnaz", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Şur" muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.

 

Xanəndənin ifasında "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edilib. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs deyib.

 

Müğənni, aktrisa, Azərbaycan Respublikasının Xalq artisti Qəndab Quliyeva uzun illər ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. O, 2017-ci ilin fevral ayından sonra infarkt və 3 dəfə insult keçirib. 16 iyun 2017-ci ildə səhhətindəki problemlərə görə Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən sənətkar sonradan süni nəfəs aparatına qoşulur. Aparılan müəlicələrə və həkimlərin səyinə baxmayaraq, görkəmli sənətkar 26 iyun 2017-ci ildə vəfat edir. Onun 2-ci Fəxri xiyabanda dəfn olunması təklif edilsə də, Xalq artistinin özünün vəsiyyətinə görə Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunur.

 

Səfərdəyəm, səfərimi vurmamışam başa hələ,

Arzularım, əməllərim toxunmayıb daşa hələ.

İlləri yola salmışam, mahnı qoşub saz çalmışam,

Ömür deyir qocalmışam, ürək deyir, yaşa hələ.

 

Böyük sənətkar Əlibaba Məmmədova aid bu gözəl və nikbin mahnı Qəndab Quliyevanın səsində də könüllərimizi şad edirdi. "Yaşa" deyən o ürək yaşatmadı onu. Elə ilk o xəyanət elədi öz sözünə. Və Qəndab Quliyeva səfərinin 68-ci ilində bu səfərini elə ürəyinin əli ilə başa vurmalı oldu.

 

Mərhum sənətkarın həyat və yaradıcılığı bir neçə cümləyə sığsa da, onun sənətinin ucalığı, ifa etdiyi muğamların, mahnıların dəyəri, rollarının sənətkarlıq xüsusiyyətləri cild-cild yazılara sığmayacaq qədər böyük bir ümmandır.

 

Ulduz kimi insanlar var. Gecələr göydə, buludların arasında bərq vurar. Zülmət qaranlığı öz nuruyla işıqlandırar, aydın sabaha bir ümid işığı yandırar içində. Elə hey baxarsan, baxarsan, bir gün ona yetməyi, ona toxunmağı, onu hiss etməyi xəyal edərsən. Amma xəyalının ən möhtəşəm yerində qara buludlar dağılar, dan yeri sökülər və bayaqdan heyranlıqla izlədiyin ulduz yox olar. Əvvəl təlaşlanarsan, hər yerdə gözün onu axtarar. Hətta o nəhəng günəşin aləmi aydınladan işığı belə sənə bəs etməz, ürəyin o ulduzun işığının yanında qalar. Amma gözləsən gəlməz, axtarsan tapmazsan. O ulduzu udduğu üçün vəfasızlığından gileyli-gileyli başını qaldırıb göy üzünə bir də baxarsan və birdən buludların arxasında, göylərin ən dərinində sanki o ulduzun işığını görürmüş kimi olarsan. Bu artıq gözlərinin fiziki özəlliyindən qat-qat üstün bir hiss, duyğu gərəkdirər. O duyğunu isə bircə ürəyin hiss edə bilər. Beləcə ürəyinlə hiss edərsən o ulduzun hardasa səmanın bir küncündə hələ də var olduğunu və bilərsən ki, əgər gecə düşərsə, qaranlıq köçərsə hardansa tələsik Yer üzünün köməyinə çatıb o qaranlıqları öz nuruyla dəf edəcək.

 

Mərhum sənətkar Qəndab Quliyeva məhz belə ulduzlardan idi. Musiqimizin qaranlıqlarını aydınladan, səhnəmizin kölgəliklərinə işıq bəxş edən ulduz! Onun səsi idi işığı, nuru. Özü gedib, gözlərimizdən itib, amma səsi, nəfəsi hər zaman bir yerlərdə hələ də var olduğuna əminlik yaradır.

 

Qəndab Quliyeva həm də öz sənətinə, şəxsiyyətinə sonsuz hörmət bəsləyən mərd qadın idi. Onu efirlərdə çox görməzdik. Çünki o efirə, üzdə olmağa çox da can atmazdı. Öz xanımlığını qoruyar, öz şəxsiyyətinə hörmət edər və etdirərdi. Onu həm də sözü qorxmadan, çəkinmədən üzə deyən, ədalətsizliklərə qarşı çox sərt mövqe tutan bir insan kimi də tanımışdıq. Yalanı, riyanı sevməzdi Qəndab xanım. Səsi şəxsiyyətinin, şəxsiyyəti gözəlliyinin, gözəlliyi daxili zənginliyinin İlahi əksi idi sanki. Hamısı bir-birini elə tamamlayırdı ki, sanki İlahi bir qələmlə boyunaca biçilmişdi.

 

Bir də görürdün o məlahətli, insanın duyğularını riqqətə gətirən səsiylə oxuyur:

 

Qoy bizim dövranımız bahar olsun, yar.

Əhdimiz, ilqarımız qoy var olsun, yar.

Ömrünün bu güllü, bülbüllü bağında,

Nə boran, nə tufan, nə qar olsun, yar!

 

Necə gözəl arzu, necə kövrək və saf təmənnadır. Hələ bu saf sözlərə Qəndab xanımın şirin səsi və utancaq, şən gülüşü də qoşularsa həm gözlərin, həm qulaqların dinclik tapar demək.

 

Onun sənətə gəldiyi dövrdə qadının səhnəyə çıxmağının necə çətin məsələ olduğu heç kimə sirr deyil. Təkcə qadınlar deyil, elə kişilər də səhnələrə, televiziyaya yol tapmaq üçün hansı çətinliklərdən keçir, sənətlərini sübut etməyə çalışırdılar. O ki qala qadın ola. Həm cəmiyyətimizdəki sərt qanunlar, həm də televiziyanın yaratdığı maneələr müğənni olmağa hazırlaşan gənclərdən yüksək istedad, səbr və sənət sevgisi tələb edirdi. Qəndab xanım da hələ gənc yaşlarından bu özəllikləri ən yüksək şəkildə özündə cəmləşdirməyi bacarmış, sənətə gəldiyi ilk illərdən özünə böyük xalq sevgisi qazanmışdı. Bunun üçün şans da lazım idi sözsüz ki... Və onun şansı da sehirli səsində gizli idi. Ovsun idi, sehr idi o səs. Bəzən coşğun dağ çayı, bəzən təlatümlü külək, bəzən sakit yağış şırıltısı, bəzən də həzin layla kimi insanın hər halını əks etdirən bir ovsun...

 

Bir "Qarabağ şikəstəsi", bir də "Çiçək" mahnısı onun repertuarının əvəz olunmazıdır mənim üçün:

 

Xəzərin sinəsi parlayır par-par,

Yel əsir, titrəyir, səslənir şamlar.

Könlümə nəğmətək axdın, ay Çiçək

Axı ürəyimi yaxdın, ay Çiçək,

Niyə gülümsəyib baxdın, ay Çiçək?!

 

Ən böyük dərdi Qarabağ dərdi idi mərhum sənətkarın. Bu dərd onun içini göyüm-göyüm göynədir, ürəyini əzablara qərq edirdi.

 

Cəsarətli, mübariz qadın bircə bu dərd qarşısında uşaq kimi kövrək idi, köməksiz idi. Bircə Qarabağ adı onun gözlərinə duman çökdürə bilərdi. Necə ki, çökdürürdü də. Və o, bircə bu dərdini heç kimdən gizləmirdi. Mahnılarında, ifalarında yaşayırdı, dinləyicisinə də yaşadırdı:

 

Bir çiçəyəm al qumaşlı,

Üzdəki şeh üzük qaşı.

Sevmirəm boran-qışı,

Külək, məni yaralama,

Çəmənlərdən aralama...

 

Təəssüf ki, bu naləni bir özü eşitdi, bir də biz dinləyicilər. Nə mənfur düşmənə, nə də Allaha yetdi bu nalə. Həsrətli köçdü bu dünyadan Qarabağ gözəli...

 

İtkin torpaqlarımızın yoxluğu ilə heç cür barışa bilmirdi. Elə hey can atırdı o yurda. Əfsus ki, bir daha gedib görmək qismət olmadı. "Qarabağ şikəstəsi"ndə yanıqlı-yanıqlı nalə çəkdiyi, səslədiyi Qarabağa gedib çıxan təkcə səsi və ruhu oldu, cismi isə burada, o həsrətli torpaqlardan kilometrlərlə uzaqda qaldı.

 

Bu yaxınlarda internetdə videoları izləyərkən Füzulidən olan bir körpənin gözəl bir segahına rast gəldim. Uşaq Qəndab Quliyevanın məzarında elə yanıqlı, elə üsyankar ifa edirdi ki, sanki o deyil, xanəndənin səsi idi üsyan edən. Uyuduğu torpağa da üsyan edirdi sənətkar:

 

Oturmur ki yerində, uçur göylərə meylim,

Xiffətlə yaşayıram, alır canımı azar.

Səhnəmizin gözəli, mənim davalı Leylim,

Qəndabıma vətəndə qismət olaydı məzar.

 

Bu arzunun qarşısında sadəcə "Amin" deyib susmaq gəlir insanın əlindən. Hər bu cür vətən həsrətli, torpaq yanğılı insanımızı itirdikcə üzərimizə daha da ağır yük, məsuliyyət gəlir sanki. Biz həm də onların həsrətli, narahat ruhları xatirinə o torpaqlarımızı mənfur düşmənin tapdağından xilas etməli, onlara heç olmasa uyuduqları məzarda rahatlıq bəxş etməliyik. Ümidimiz heç zaman tükənmir, bilirik ki, çox qısa zaman sonra bunu mütləq bacaracağıq və Qəndab xanım kimi sənətkarlarımız məzarında rahat uyuyacaqlar.

 

Özündən sonra səsi, insanlığı, mədəniyyəti, yaratdığı obrazlarla ürəklərdə iz qoyub gedən Sənətkar, Allah Sizə rəhmət eləsin!

 

 

525-ci qəzet  2018.- 10 avqust.- S.7.