Şəhriyar del GERANİ
***
bu şəhərdən yavaş-yavaş uzaqlaşar qatarlar
üzülmə, quşlar ona çatarlar.
uzaqlaşar ömürdən sevgilər də astaca
gedirsən - üçcə heca.
Yağış yağır deyirsən, bilirəm
günəş çıxıb deyirsən, bilirəm
külək əsir deyirsən, bilirəm
Mən bilirəm qəribdi adamlar...
qayıdıram evimizə, əlim ətəyimnən uzun
atam sahura oyanıb, ucadan qılır namazın
dualar qəbul olunub
yan otaqdan körpə səsi gəlirsə,
günəş boy göstərirsə,
buğdalar cücərirsə,
Allah qəbul eyləsin quşların duasını,
Allah qəbul eyləsin
daşların duasını.
uzaqdan fit verir qatarlar...
qadınların ən gözəli mənim ömrümə düşdü
amma mən heç bir qadının ağ atlısı olmadım.
anam öldü, yas saxladım, anam öldü deyirəm
amma mən heç bir ananın bayatısı olmadım.
Anam qadın, bacım qadın, qızım qadın
ağlama, əlləri
nağılım mənim.
düz deyirsən, Allah
haqqı qalmayıb ağlım mənim.
Anam qadın, bacım qadın, qızım qadın,
ağlama, əlləri
nağılım mənim
Mən bilirəm kimə düşür almalar...
yaşayırsan, deyirsən:
Ömürdü
ölürsən, deyirlər:
Həyatdı...
Daş üstünə çəkilmiş
gül şəkli
ətriylə hamını
aldatdı...
Nəysə, eşit nə deyirəm
atası müharibədən
qayıtmayan sinif yoldaşım
inşa yazısından
dörd almışdı
-
“güllə” sözünü sətirdən-sətirə
səhv keçirmişdi...
İndiki
kimi yadımdadı...
***
Gər çi gör üzüüü...m üstə
yağışları,
diziii..m üstə gəlib sənə bağışlanam.
Gər bilmənəm savabı nəydi, suçları -
düzüb gedib gözü...m üstə
baxışların,
Ömür keçir səni
itirməy ilən...
Elə tutardım əllərin,
əllərin elə yoxdu ki.
Elə öpərdim saçların,
saçların elə yoxdu ki.
Gözümü yumub sayıram gizlənəsən laaa...p
uzağda,
Dil gəl, gedən ömürdəndi, Allahda
elə gün yoxdu
Ki, ömürdən sayılmasın...
Gər çi gör necə çevrilir yağış dəniz üzünə,
Ay bu gözəlim yağışda balıqlar
da islanar.
Sən
- bu yağışlı
gecədə yuxusuna girdiyim qız
yuxunu suya düz danış, sular yalan götürməz!
İlahi,
heç bir balıq tilovuna yubanmasın...
Yubanmasın balıqdısa, uşaqdı,
qaçıb gəlib
ayağına, uşaqdı
dizin bilib al qoynuna, uşaqdı
süd dişinə sap
bağlayan uşaqdı
qorxur ağrısınnan
səni itirməyinin...
Qamışınnan ayrı düşən ney
ahım,
Balıqların duasıdı sabahım.
Məni
elə bağışla
ki, bilinməsin günahım,
Ay sənə and verirəm
alnımın açıq
yerinnən, üzümün
ağ yerinnən...
Setara...
Sabahlar gözləyənə,
qapılar döyənə
açılar.
Arzular istəyənə,
itənlər axtarana tapılar.
Balıqlar dənizlərin,
quşlar göylərin,
atlar da çöllərin duasıdır.
Gəlmiş isə ömrünə
bir qadın könlüyalın,
göz yaşı sevginin sərmayəsidi.
Xatirələr səfində
mühtemelen
səadətli günü
vardır
yetimçə bir tifilin də.
Bu gecənin qəfilində
səni düşündüm,
Setara...
Evinizin qarşısında
pəncərinizin altında
dayandım və ağladım.
Demək
ki,
bir kişi
evinizin qarşısında,
pəncərənizin altında
dayanarmış və ağlaya bilər imiş.
Günlər böylə keçər imiş, Setara,
nə fərq edər
ya bir qadın bədənində, ya bir kişi bədənində?
Bir də gördün ömür dar gəlir əyninə...
Çiçəklərin açışını
çayların axışını,
buludların yağışını sən dəyişdin, ya Rəb.
Ömür uzandı-uzandı,
bacım yuxuyozandı.
Bu sevgili gecə içrə
qarğa səsi də azandı, ya Rəb.
Görəsən çəkdirdiyim
bunca əzablar içində
getmək həvəsim də nəydi?
Sənə bir etiraf borcum qaldı, Setara:
Günahlarımı güllə kimi sıxdım ömrümə,
məndən başqa
hamıya dəydi.
Yollar uzandı-uzandı,
bacım yuxuyozandı.
məni özümdən
qoru, ya Rəb...
525-ci qəzet 2018.- 11 avqust.- S. 21.