Sirli təbiətin yazıçı və rəssam oğlu Ernest Seton-Tompson

 

Şahanə MÜŞFİQ

 

Onun romanları və hekayələrinin mövzuları ilə ilk dəfə tanış olan çoxları onu uşaq yazıçısı hesab edirlər. Çünki demək olar ki, əsərlərinin hamısı vəhşi təbiətə, ecazkar meşələrə və orada həyat quran heyvanlara, quşlara həsr olunub. Həm romanları, həm də hekayələri meşə sakinlərinin həyatından, sirli davranışlarından, bir-biri və insanlarla münasibətlərindən, hiss və həyəcanlarından bəhs edir.

 

Bəli, onun əsərlərinin mövzusu daha çox uşaqlarda və yeniyetmələrdə xüsusi heyranlıq doğurur, amma buna görə onu uşaq yazıçısı adlandırmaq doğru olmazdı. O, əsərlərində bu canlılara adi bir varlıq kimi baxmır, onları bir növ insanlaşdırır. O, deyir ki, qorxu, sevgi, həyəcan, azadlıq arzusu, analıq instinkti, ailə qayğısı təkcə insana xas xüsusiyyətlər deyil. Bunu heyvanlar da, quşlar da yaşayır. Tək məsələ bunu hiss etmək, onları anlamağı bacarmaqdır.

 

İngilis əsilli, kanadalı yazıçı Ernest Seton-Tompsonla “ilk tanışlığımız” onun “Balaca vəhşilər” romanı ilə oldu. Romanda bu zamana qədər oxuduğum əsərlərdən tamamilə fərqli və qeyri-adi bir mövzu işlənmişdi. Yan və Sem adlı iki uşağın təbiət sevgisi, hinduların həyatına olan maraqları və gerçək hindu olmaq üçün çəkdiyi əziyyətlər oxucuda heyrət doğurur. Xüsusilə əsərin baş qəhrəmanı olan Yan özünün vəhşi meşəyə olan sevgisi, əsl hindu olmaq arzusu, heyvanlara, quşlara olan marağı ilə xarakterik obrazdır. Bioqrafik məlumatlar əsasında macəra janrında qələmə alınmış roman gənc təbiətşünaslar üçün ensiklopediya ola bilər. Meşənin hər bir bucağının, heyvanların, quşların xarici görünüşünün və daxili dünyasının, hindu qəbilələrinin həyat tərzinin ustalıqla təsviri yazıçının bu dünyaya olan dərindən bələdliyinin və sevgisinin göstəricisidir. Bu romanı oxuyandan sonra təbiəti və ən qorxulu heyvanları belə sevməmək mümkün deyil.

 

Yazıçı özünün həyatı, uşaqlığı, ailəsi, təbiət sevgisi haqqında geniş məlumatı isə “Mənim həyatım” bioqrafik romanında verir. Amma ümumi şəkildə desək, təkcə “Mənim həyatım”ı deyil, eləcə də “Balaca vəhşilər” romanını və bütün hekayələrini nisbətən bioqrafik əsər adlandıra bilərik. Çünki onun hər birində yazıçının özünün zəngin müşahidələri, təcrübələri yer alıb.

 

1860-cı ilin 14 avqustunda Böyük Britaniyanın kiçik Saund-Şilds şəhərində İngiltərənin sonradan müflisləşən qədim zadəgan nəsillərindən birində- Seton ailəsində dünyaya göz açan Ernestin vəhşi təbiətlə, yaşıl meşələr, boz çöllərlə tanışlığı erkən yaşlarına təsadüf edir. İngiltərədə gəmiçi işləyən atasının işlərinin pisləşməsi ilə yaranan maddi sıxıntılar nəticəsində 1866-cı ildə, yəni Ernestin 6 yaşı olarkən ailə Kanadaya köçür. On uşaqlı ailənin başçısı burada fermerliklə məşğul olur. Balaca Ernest də daxil olmaqla bütün qardaşlar təsərrüfat işlərində atalarına kömək edirlər. Yazıçı romanında hər gün qulluq etməli olduğu inəklərdən danışır, təbiətlə ilk tanışlığını bu inəklərə bağlayır. Amma nədənsə heç zaman onlara qarşı xüsusi sevgi bəsləmir. Əvəzində meşəni, xüsusən quşları sevir. Təsərrüfatdakı işlərindən artıq qalan zamanını qardaşları ilə birgə meşəni gəzməyə, burada müxtəlif oyunlar oynamağa sərf edən Ernest təbiətin dilini çox tez anlamağa başlayır. O görürdü ki, heyvanlar, quşlar, sürünənlər də öz dünyalarında elə insanlar kimi yaşayır, müxtəlif hisslər keçirir, fərqli situasiyalara fərqli reaksiyalar verirlər. Onlar da sevə bilir, nifrət edir, təhlükə anında qorxub özünümüdafiəyə keçir, qayğı istəyir, diqqət tələb edir, azadlıq arzulayır, balalarına yaşamaq öyrədir, dar məqamda bir-birinin köməyinə yetir, dost və ya düşmən ola bilirlər. Bütün bunlar azyaşlı Ernest üçün tamamilə yeni bir dünya idi və o dövrdən başlayaraq, ta ömrünün axırına kimi yazıçı elə o dünyanın içindəcə xoşbəxt yaşayır.

 

Bəlkə də onu təbiətə yönəldən məsələlərdən biri də ailədəki vəziyyətinin heç də normal olmaması idi. O, özünün də etiraf etdiyi kimi, atasıyla heç cürə dil tapa bilmir, yaxşı yola getmirdi. Buna görə də meşə həm də bir növ onun evdən qaçış məkanı idi. Getdikcə gününün daha çox hissəsini burada keçirir, buranı artıq özünün əsl evi hesab edirdi. Burada keçirdiyi saysız-hesabsız dəqiqələrin, saatların məhsulu kimi heyvanların davranışı haqqında ilk yazılı qeydlərini də elə burada qələmə alır, onların xarakterini əks etdirmək istədiyi ilk şəkillərini də meşədə çəkirdi. Artıq yaşıl, sıx meşədə bir yazıçı və rəssam yetişməkdə idi. O, müşahidə etdiklərini yazır, gördüklərini də çəkirdi. Rəssamlığa marağı onu Toronto şəhərindəki incəsənət kollecinə apardı, orada təhsilini 1879-cu ildə bitirdi və daha sonralar rəssamlıq qabiliyyətini püxtələşdirmək üçün bu sənətin sirlərini Paris, London və Nyu-Yorkda da öyrənməyə çalışdı.  

 

Onun meşə müşahidələrinin ilk nəticəsi olan “Çəmənlik tetraquşusunun həyatı” kitabı 1883-cü ildə işıq üzü görür. Bu balaca kitab onun üzünə dövri mətbuatın qapılarını açdı və artıq gənc yazıçı mətbuatda kiçik hekayələri, yazıları ilə çıxış edirdi. Ancaq onun şöhrət qazanması, insanlar tərəfindən qəbul olunması heç də asan məsələ deyildi. Çünki o, sevgidən, macəradan, romantik hiss və duyğulardan, ya da detektiv olaylardan deyil, o zamana kimi insanlara yad olan, yalnızca qıraqdan baxmaqla kifayətləndikləri, hətta bəzi hallarda heç varlıqlarından belə xəbərdar olmadıqları heyvanlardan, quşlardan yazırdı.

 

Amma özünün bir az inadı, bir az da mövzusuna olan həqiqi məhəbbəti onu xalqa tanıtmağı bacardı, hətta getdikcə artan şöhrətinin ilkin təminatçısına çevrildi.

 

İlk kitabından sonra özünə Seton-Tompson təxəllüsünü götürmüş yazıçı 1898-ci ildə “Mənim tanıdığım heyvanlar”, 1901-ci ildə isə “Ovlananların həyatı” toplularını nəşr etdirir. “Mənim tanıdığım heyvanlar” kitabında səkkiz müxtəlif heyvanın həyatından bəhs olunur. Bu topluların hər biri ona yazıçı kimi böyük şöhrət və uğur gətirdi. Bu kitablardan sonra onun yaradıcılığına diqqət artdı, hətta hekayələri başqa dillərə tərcümə olunmağa başladı.

 

Bu əsərlər ədəbiyyatda tamamilə yeni janrın - bədii animalistikanın ilk nümunələri idi. Onun əsərlərinin əsas özəllikləri bədii təxəyyüldən uzaq, uydurmaya deyil, real faktlara, müşahidələrə, həqiqətə əsaslanması idi.

 

Yazıçı bütün ömrü boyunca 50 kitab yazıb. Onun kitablarının əsas özəlliklərindən biri həm də içini şəkilləri ilə bəzəməsi idi. O, bütün şəkilləri özü çəkirdi. Şəkillər isə mətni izah etmir, onunla vəhdət təşkil edirdi.

 

Adlarını çəkdiklərimizdən başqa, E.S.Tompson müxtəlif illərdə “Vəhşi heyvanların davranışı və psixologiyası”, “Qəhrəman heyvanlar”, “Meşə haqqında kitab”, “Qrizlinin tərcümeyi-halı”, “Təbiətşünas rəssamın yolu” və s. kimi öz dövründə böyük oxucu kütləsi qazanmış, hər yaş qrupunun marağına səbəb olan kitablar yazıb. Bu əsərlər içərisində “Vəhşi heyvanların həyatı” adlı səkkiz cildlik əsər var ki, nəinki ədəbiyyat həvəskarlarının, eləcə də elmi ictimaiyyətin diqqətini özünə çəkirdi. Ümumiyyətlə, Tompsonun əsərləri həm də təbiətşünaslıq elmi üçün bir ensiklopediya rolunu oynayırdı. O, zəngin təbiət bilgisi hesabına zoologiya üzrə dərsliklərin hazırlanmasına belə yardım göstərirdi. Təsadüfi deyil ki, Kanada hökuməti məxsusi Seton-Tompson üçün “dövlət təbiətşünası” vəzifəsini təsis etmişdi, Amerika Birləşmiş Ştatları isə yazıçını “Berrous” adlı qızıl medalla və ən yüksək elmi nailiyyətlərə verilən Milli Elmi İnstitutun qızıl “Eliot” medalı ilə təltif etmişdi.

 

Seton heyvanları təkcə öyrənmək və öyrətməklə kifayətlənmirdi. O, onların müdafiəsini və qorunmasını da öz üzərinə missiya kimi götürmüşdü. O, Kanadada yaratdığı “Meşəşünaslar liqası” adlı təşkilat vasitəsilə gəncləri təbiəti sevməyə, onu daha dərindən öyrənməyə, heyvanları və quşları qorumağa çağırırdı. 1906-cı ildə tanış olduğu boyskaut hərəkatının yaradıcısı lord Baden-Pauell vasitəsilə yazıçı cavanlara təbiətlə harmoniyada yaşamağı öyrətmək üçün boyskaut hərəkatını da işə cəlb etmək qərarına gəlir. Nəticədə Seton-Tompson 1910-1915-ci illərdə “Amerika boyskautları” hərbi-idamn təşkilatına rəhbərlik edir. Onun bu hərəkata gətirdiyi ənənələr Amerika və Kanadada hələ də yaşamaqdadır.

 

Tompsonun şəxsi həyatı isə çox da uğurlu olmayıb. Onun Qreys Qalli ilə 1896-cı ildə qurduğu ilk ailəsindən 1904-cü ilin yanvarında qızı Enn doğulur. Sonralar atasının yazıçılıq yolunu nisbətən davam etdirən Enn, Ani Siton təxəllüsü ilə yazdığı hərbi bestsellərlə şöhrət qazanır. Lakin 40 illik izdivac 1935-ci ildə boşanma ilə nəticələnir və yazıçı Culiya Batri ilə ailə qurur. Ədəbi fəaliyyətlə maraqlanan və ərinə bu yolda çox böyük dəstəklər göstərən Culiya ilə evlilikdən uşaqları olmur və cütlük 1938-ci ildə Byula adlı yeddi yaşlı qız uşağını övladlığa götürür.

 

Tompson həyatının son illərinə kimi demək olar ki, bütün bioqrafiyasını yazdığı “Mənim həyatım” romanını bu cür bitirir:

 

“Amerikanın şərqində mən şöhrət və sərvət tapdım. Lakin vəhşi Qərbin çağırışı mənim qəlbimi əvvəlki kimi həyəcana gətirirdi.

 

1930-cu ildə mən yaşamaq üçün Amerikanın qərb ucqarlarına- hinduların hələ də ibtidai həyatlarını sürdüyü, dənizə çıxmağa can atan Rio-Qrandenin özünə Qayalı dağlardan yol açdığı Nyu-Meksikaya köçdüm.

 

Və indi oxuduğunuz bu kitabımı da elə burada, Santa-Fe yaxınlığındakı villamda, 1940-cı ildə, artıq səksən yaşım tamam olarkən bitirdim”.

 

Ernest Seton-Tompson 1946-cı ilin 23 oktyabrında 86 yaşında vəfat edib. Yazıçının ölümündən sonra Byula həyatını atasının ədəbi və elmi irsinin tədqiqinə, yayılmasına və təbliğinə həsr edir. Ailə qurduqdan sonra Di Seton- Barber adı daşıyan qadın 2006-cı ildə vəfat edib. Onun səyi nəticəsindədir ki, Tompson bu günədək öz populyarlığını qoruyub saxlayıb.

 

1960-cı ildə Tompsonun yüzillik yubileyində qızı Di və nəvəsi Siton Kotteyr kiçik idman təyyarəsində səmaya qalxaraq yazıçının külünü Siton Villac təpələri üzərində küləyə verirlər. Dahi yazıçı-rəssamın son arzusu- alovlu bir məhəbbətlə sevdiyi və bütün ömrü boyu vəsf etdiyi doğma meşələrə və orada minilliklərdən bəri yaşayan heyvanlara ölümündən sonra qovuşmaq arzusu beləcə çin oldu.

 

Təkcə romanlarında deyil, eləcə də hekayələrində də yazıçı obrazlarını “insaniləşdirir”, onların sayəsində insanın mənəvi dünyasını açır. O, bu vasitə ilə humanist ideyalarını təbliğ edir. Xüsusən, onun obrazları özünün qəhrəmanlıq xüsusiyyətləri ilə seçilirlər. Məsələn, “Mənim həyatım” romanında siçovulla zəngli ilanların və ya torağayla birəbitdən quşlarının əhvalatı, eləcə də “Yorğa mustanq”, “Cink”, “Gümüşxal”, “Küçə nəğməkarı”, “Binqo”, “Lobo”, “Maralın iziylə”, Ayı balası Conni”, “Qızılboyun” və s. kimi hekayələri bu yöndə xarakterikdir.

 

Seton-Tompsonun, demək olar, hər hekayəsi hansısa qəhrəmanlıq duyğularını özündə ehtiva edən bir canlının (heyvan, quş və ya sürünən) həyat hekayəsidir. Oxucu bu hekayələrin hər birində müxtəlif hisslərə, həyəcanlara bürünür. Müəllif hər bir yeni macəra ilə öz içindəki təbiət sevgisini sanki oxucunun ruhuna üfürür və oxucu təbiət üzərindəki qələbəsi ilə yox, sevgisi ilə öyünür.

 

 

525-ci qəzet  2018.- 11 avqust.- S.23.