VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi
başa çatdı
RƏVAN
HƏSƏNOV: “YAY VƏ QIŞ MƏKTƏBİ
LAYİHƏSİ BİRBAŞA PREZİDENT İLHAM
ƏLİYEVİN TÖVSİYƏSİ VƏ
DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLİR”
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı
ilə reallaşan “Bakı prosesi 10 il: Mədəniyyətlərarası
dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq
Multikulturalizm Yay Məktəbi başa çatıb.
Azərbaycan multikulturalizmini öyrənən tələbələr
üçün təşkil olunan qış və yay məktəbinin
əsas məqsədi həmin gənclərin nəzəri
şəkildə öyrəndiklərini multikultural, tolerant dəyərlərin
qorunub yaşandığı ölkəmizdə öz
gözləri ilə görüb şahid olmasına şərait
yaratmaqdır.
Yay Məktəbində Azərbaycan və Gürcüstan,
Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxıstan, Rusiya,
Rumıniya, Almaniya, Belarus, Xorvatiya, Bolqarıstan, Kolumbiya,
Ekvador, İndoneziya, Serbiya, Portuqaliya, Slovakiya, Tacikistan,
Monteneqro, Çexiya, Ukrayna, İtaliya, Türkiyə, Fələstin,
Meksika, Çin, Estoniya kimi ölkələrin aparıcı
universitetlərindən 35 tələbə iştirak edib.
Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki,
Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət
göstərən VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin
iştirakçılarına Azərbaycandakı multikultural
durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik,
ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin,
fərqli konfessiyaların dinc yanaşı yaşaması
haqqında mühazirələr təqdim edilib. Artıq
dəyərli ənənəyə çevrilən
multikulturalizm yay və qış məktəblərinin nəticəsi
olaraq xaricdə Azərbaycanın gənc dostlarının və
onların yaxın çevrəsinin timsalında ölkəmizin
haqq işini dəstəkləyən intellektual gənclərdən
ibarət ünsiyyət platforması və güclü lobbisi
formalaşıb. İntensiv şəkildə davam edən
bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın
dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi
hədəflər uğurla reallaşmaqdadır.
BEYNƏLXALQ
MULTİKULTURALİZM YAY VƏ QIŞ MƏKTƏBLƏRİ
“AZƏRBAYCAN MULTİKULTURALİZMİ” FƏNNİNİN
DÜNYA UNİVERSİTETLƏRİNDƏ TƏDRİSİ
LAYİHƏSİNİN MƏNTİQİ DAVAMIDIR
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı
direktor əvəzi Rəvan Həsənovun sözlərinə
görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yarandığı gündən prezident İlham Əliyevin
qarşıya hədəf kimi qoyduğu Azərbaycan
multikulturalizminin dünyada tanıdılması, beynəlxalq
arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli
layihələr reallaşdırır. Bu istiqamətdə
həyata keçirilən ən mühüm layihələrdən
biri də “Azərbaycan multikulturalizmi” adlı fənnin xarici
ölkə universitetlərində tədrisini təşkil etmək
idi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Azərbaycan multikulturalizm modelini akademik dairələrdə də
təbliğ edir. Mərkəzin
multikultiralizm fənninin tədrisi layihəsi mövcuddur.
Bu layihə
həm Azərbaycan universitetlərini, həm də xarici
ölkə universitetlərini əhatə edir: “2015-ci ildə
bu tədris layihəsini başlayanda bunun mahiyyətini xarici
universitetlərə izah etməkdə çətinlik çəkirdik.
Ancaq aparılan danışıqlar öz müsbət nəticəsini
verdi və biz “Azərbaycan multikulturalizmi”
adlı fənnin bir sıra xarici ölkə universitetlərində
tədrisinə nail olduq. Artıq dünyanın 19 nüfuzlu
dünya universitetində, Portuqaliyanın Lusofona, Ukraynanın
Poltava, Rusiyanın Ural Federal Universitetində, Belarusun Minsk
Dövlət Universitetində, Almaniyanın Auqsburq və
Vürsburq Universitetlərində, Polşanın Vrotslav,
İndoneziyanın Qadjah Mada, Türkiyənin Erciyes,
İsveçrənin Friburq, Litvanın Pedaqoji Universiteti,
Bolqarıstanın Sofiya, Çexiyanın Karlov,
Gürcüstanın Tbilisi Dövlət Universiteti,
İtaliyanın La Sapienza, Yaponiyanın Hokkaydo, İsveçrənin
Malmo və Hindistanın Sri Sri Universitetləri kimi ali təhsil
ocaqlarında bu fənn tədris olunur. İldən-ilə
də bu universitetlərin sayı durmadan artır. Eyni
zamanda,38 Azərbaycan universitetində də
bu fənn tədris edilir. Bu, kifayət qədər
geniş auditoriya tərəfindən qəbul olunur və gənclər
maraq göstərirlər. Auditoriyada “Azərbaycan
multikulturalizmi” fənnini dinləyən tələbələr
nəzəri biliklər əldə edirlər. Onlara Azərbaycanın həm etnik-mədəni
coğrafiyası, həm tarixi, həm ədəbiyyatı, həm
günlük yaşam tərzi haqqında ətraflı məlumatlar
verilir. Bununla da həmin nəzəri biliklər
yay və qış məktəblərində iştirak etməklə
praktik bilgilərlə möhkəmlənir”.
QIŞ
VƏ YAY MƏKTƏBİNİN TƏŞKİLİ
BARƏDƏ PREZİDENTDƏN MÜHÜM QƏRAR
R.Həsənov deyir ki, ilk dəfə 2015-ci ildə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı
ilə 1-ci Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil
olunub. “Yay məktəbi”ndə 49-u əcnəbi və 19-u
yerli olmaqla bütövlükdə 12 ölkənin, o cümlədən,
24 universitetin tələbəsi iştirak edib.
İştirakçılar Yay məktəbi dövründə
Azərbaycanın Bakı, Quba, Qusar, Xaçmaz, Xudat ərazilərində
olub, yerli əhali, dini icmalar və din xadimləri ilə
görüşüb, tarixi abidələrlə tanış
olublar: “Birinci “Yay məktəbi” çox effektli oldu və
müsbət nəticələr verdi. “Yay məktəbi”ni ölkə başçısı da
xüsusi təqdirlə qarşıladı, əldə olunan
nəticə müsbət qiymətləndirildi. Bunun nəticəsi kimi Prezident İlham Əliyevin
tapşırığı ilə yay məktəbi ilə
yanaşı, qış məktəblərinin də
keçirilməsi tövsiyə edildi. Bu
müddət ərzində BBMM-nin təşkil etdiyi yay və
qış məktəblərinə UNESCO, Ələddin layihəsi,
Erasmus+ kimi beynəlxalq təşkilatlar ölkəmizin
nüfuzlu qurumları layihəyə qoşularaq öz dəstəklərini
göstəriblər. Əlbəttə ki,
yay və qış məktəblərimizin bu cür yüksək
səviyyədə keçirilməsinin əsas səbəblərindən
birincisi Prezident İlham Əliyevin bu layihəyə olan diqqət
və dəstəyidir. Məlumat
üçün bildirim ki, II Beynəlxalq Multikulturalizm
Qış Məktəbi isə 8-15 fevral 2016-cı ildə təşkl
edilib. Qış Məktəbində
43-ü əcnəbi və 12-si yerli olmaqla bütövlükdə
15 ölkənin tələbəsi iştirak edib. İştirakçılar Qış məktəbi
dövründə Bakı, Quba, Qusar və Xaçmazda olublar.
III Beynəlxalq Multikulturalizm Yay Məktəbi -
18-27 iyul 2016-cı ildə keçirilib. 15 xarici ölkənin
16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın
12 tanınmış ali təhsil müəssisəsindən
19 tələbə iştirak edib. Tələbələr
“Yay məktəbi” çərçivəsində Azərbaycanın
İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax
və Bakı ərazilərində olublar. IV Beynəlxalq
Multikulturalizm Qış Məktəbi - 13-20 fevral 2017-ci ildə
təşkil olunub və 17 xarici ölkənin 29 xarici tələbə,
Azərbaycanın ali təhsil müəssisələrindən
6 azərbaycanlı tələbə iştirak edib. Azərbaycanın
Qəbələ, Oğuz, Şəki, Qax və Bakı ərazilərində
baş tutub. V Beynəlxalq Multikulturalizm Yay Məktəbi isə
22-31 iyul 2017-ci il UNESCO, Ələddin layihəsi və Erasmus+
proqramı ilə birlikdə 26 ölkədən 45 xarici tələbə
və 5 azərbaycanlı tələbənin iştirakı ilə
Qəbələ, İsmayıllı, Şəki, Qax və
Bakı ərazilərində baş tutub”. Bakı prosesi 10 il: Mədəniyyətlərarası dialoqun
inkişafına töhfə kimi” adlı VII Beynəlxalq
Multikulturalizm Yay Məktəbi isə Bakı şəhəri
ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və
İsmayıllı rayonlarını əhatə edib.
Qeyd edim
ki, Beynəlxalq Multikulturalizm Yay və qış məktəbi
layihəsinin reallaşmasında Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Himayəçilər
Şurasının sədri, akademik Kamal Abdullanın əvəzsiz
xidmətləri var. K.Abdulla layihənin reallaşmasında
akademik rəhbərliyini heç zaman əsirgəməyib.
Eyni zamanda, ölkənin müxtəlif dövlət
qurumları-Daxili İşlər Nazirliyi, Xarici İşlər
Nazirliyi, Mədəniyyət Nazirliyi, Qurumlarla İş
üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları
İdarəsi, yerli icra hakimiyyətləri, KİV-lər də
bizə bu işdə yaxından dəstək göstəriblər”.
İLDƏN-İLƏ
YAY VƏ QIŞ MƏKTƏBİNDƏ İŞTİRAK
ETMƏK İSTƏYƏN GƏNCLƏRİN SAYI ARTIR
Yay və qış məktəbində iştirak etmək
üçün müraciət edən gənclərin
sayı ildən-ilə artmaqdadır. Budəfəki yay məktəbində
iştirak etmək üçün minə yaxın
esse-müraciət daxil olub. Onlardan isə
yalnız 35 ən yaxşısı seçilib. Burada qayda belədir ki, məktəbdə iştirak
etmək istəyən tələbələrdən esse
yazıb elektron variantda Mərkəzə göndərmək tələb
olunur. Təqdim edilən esselər BBMM-in əməkdaşları
və mövzular üzrə dəvət edilən mütəxəsisslər,
peşəkar alimlər tərəfindən yoxlanılır.
Esselərin yoxlanılması zamanı mütəxəssislər
çalışır ki, ən maraqlı, internet məlumatlarını
əhatə etməyən, tədqiqata dayanan esseləri
seçsinlər. Sonra mütəxəssislərin
müsbət rəy verdiyi esse müəllifləri ilə
“Skype” vasitəsilə əlaqə yaradılır, söhbətlər
aparılır, onların maraqları, fikirləri öyrənilir.
Hər iki mərhələni uğurla keçən gənclər
Yay və
qış məktəbində iştirak etmək
üçün Bakıya dəvət olunur. Yay və
qış məktəbinin iştirakçıları
bütün dünyanı əhatə edir: “Hər il Beynəlxalq
Multikulturalizm qış və yay məktəbində
iştirak etmək üçün yüzlərlə gənc
bizə müraciət edir. Azərbaycanın
multikulturalizm modelinə marağın artması sübut edir
ki, biz, multikulturalizmin Azərbaycan modelini yalnız ölkə
daxilində deyil, ölkə xaricində də lazımınca
təbliğ edə bilirik”.
AZƏRBAYCANIN
MULTİKULTURALİZM SİYASƏTİNİ DÜNYADA
TƏBLİĞ EDƏN “AZƏRBAYCANIN GƏNC DOSTLARI” KLUBUNUN
SIRALARI GENİŞLƏNİR
R.Həsənov vurğulayıb ki, “Yay və qış
məktəbi”ndə iştirak etmək üçün
müxtəlif ölkələrdən təxminən 30-40 gənc
ildə iki dəfə Azərbaycana gəlir. Onların hər
biri Azərbaycan multikulturalizmi haqqında daha dərin məlumatlar
əldə etmək istəyirlər. Məktəb
çərçivəsində də onlara bu imkan
yaradılır. Mövzu ilə
bağlı layihə iştirakçıları
üçün geniş mühazirələr oxunur, xarici və
yerli alimlərdən ibarət heyət onlara dərs deyir.
Bu layihə əsasən regionlarda həyata
keçirilir və hər dəfə də başqa bir
regionda. Region gənclərilə, ictimaiyyətilə
həmin gənclərin görüşləri təşkil
olunur. Bununla da onların auditoriyada
eşitdikləri praktiki olaraq möhkəmlənməyə
başlayır. Sözügedən layihə vasitəsilə
dünyanın müxtəlif ölkələrindən olan gənclər
bir araya gələrək Azərbaycan haqqında biliklərini
möhkəmləndirir, ölkəmizdəki multikultural,
tolerant mühitlə yaxından tanış
olur, həmyaşıdları ilə ünsiyyət qururlar. Azərbaycanın qədim və zəngin tarixə,
multikulturalizm ənənələrinə malik bir ölkə
olduğunu, bu gün multikulturalizmin dövlət siyasətinə
çevrildiyinin şahidi olurlar. Yay və
qış məktəbində iştirak edən,
multikulturalizm ideologiyasına, siyasətinə inanan bu gənclər
vətənlərinə döndükdən sonra Azərbaycanın
multikulturalizm modelinin dünyada təbliğ etməyə
çalışırlar. Beləliklə,
faktiki olaraq Azərbaycanın xaricdə gənc multikulturalistləri
formalaşmağa başlayır”.
2015-ci ildə Beynəlxalq Multikulturalizm Yay məktəbində
iştirak edən Yunanıstandan və Litvadan olan gənclərin
birgə təşəbbüsü ilə “Azərbaycanın
gənc dostları” klubu yaradılıb. Bundan sonra “Azərbaycan
multikulturalizmi” fənnini dinləyən tələbələr
bu platformaya qoşulmağa başlayıblar: “Hazırda “Azərbaycanın
gənc dostları” klubunun 300-dən çox üzvü var.
Onlar Azərbaycan multikulturalizmini, ümumiyyətlə
multikulturalizm siyasətini bizimlə birgə dünyada təbliğ
etməklə məşğuldular. Bununla da məntiqi
halqa tamamlanır. Həmin fənni dinləyən
tələbələr ölkəmizə gələrək Azərbaycanla
bağlı praktiki bilgilər əldə edirlər. Bu fənni dinləyən tələbələr daha
sonralar da Azərbaycanla olan bağlılığını bu
və ya digər formada saxlayır. Baxsanız, bu gün
həmin gənclər arasında Azərbaycan haqqında kifayət
qədər yazılar yazan, Azərbaycanın təəssübünü
çəkən, ölkəmizi sevən, tədris, təhsili
haqqında, iş mühiti, siyasəti haqqında geniş
bilgiləri öz ölkəsində təbliğ edən, Azərbaycanın xaricdəki səfirliklərinə
dəstək göstərən gənclər
formalaşmağa başlayıb. Biz istəmədən
də bu, faktiki olaraq lobbiçilik fəaliyyətinə də
çevrilməyə başladı. Düşünürəm
ki, bu fəaliyyət gələcəkdə daha da artacaq və
böyük bir dalğaya çevriləcək”.
YAY
MƏKTƏBİ ÇƏRÇİVƏSİNDƏ
ÖLKƏNİN TANINMIŞ İCTİMAİ-SİYASI
XADİMLƏRİLƏ GÖRÜŞLƏR
KEÇİRİLİB
R.Həsənovun dediyinə görə, yay və
qış məktəbində tələbələr
yalnız akademik mühazirələr dinləməklə kifayətlənmirlər. Onlar eyni
zamanda, ölkənin tanınmiş ictimai-siyasi xadimləri ilə
görüşlər keçirirlər. “Bakı Prosesi
10 il: Mədəniyyətlərarası dialoqun
inkişafına töhfə kimi” adı altında keçirilən
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin
iştirakçıları da BBMM-in Himayəçilər
Şurasının sədri, akademik Kamal Abdulla, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz
Müsəlmanları İdarəsinin rəsmləri, Azərbaycanda
fəaliyyət göstərən diplomatik nümayəndəliklərin
rəhbərləri və üzvləri ilə
görüşlər keçiriblər. Tələbələrin
Şəhidlər xiyabanına və Fəxri xiyabana, Qobustana,
Atəşgaha, İçərişəhərə,
Oğuzda Yuxarı və Aşağı məhəllə
sinaqoqlarına, Xalxal meşəsinə, Şəkidə
Karvansaray, Xan sarayı kompleksinə, Qəbələdə
udilərin yaşadığı Nic qəsəbəsinə,
Alban-udi xristian kilsəsinə, “Tufandağ” yay-qış
turizm istirahət kompleksinə, İsmayıllı rayonunda
malakanların yaşadığı İvanovka kəndinə
səfərləri də təşkil edilib: “Yay məktəbi
çərçivəsində layihə
iştirakçılarına Azərbaycandakı multikultural
durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik,
ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin,
fərqli konfessiyaların dinc yanaşı yaşaması
haqqında ətraflı məlumatlar verilib. Bildirilib
ki, tarixən Azərbaycanın mədəniyyətlər
qovşağında yerləşməsi həm multikultural dəyərlərin,
həm də dini azad fikirliliyin, tolerantlığın təşəkkül
tapmasına və inkişafına zəmin yaradıb. Azərbaycan nadir mədəniyyətə malik
ölkədir. Bu torpaqda uzun əsrlər
boyu dünyanın ən aparıcı mədəniyyət
sistemlərinin təbii, tarixi inteqrasiyası baş verib.
Burada tarix boyu atəşpərəstlik, türk, İran,
Qafqaz, yəhudi, Xristian, İslam, Şərq, Qərb, slavyan,
sosializm və digər müasir dünya sivilizasiyasını
formalaşdıran mədəniyyətlər
çulğalaşaraq dünyanın inkişafı
üçün örnək sayıla biləcək
multikulturalizm modelini formalaşdırıb.
Yay məktəbi çərçivəsində Xarici
İşlər Nazirliyi nəzdində Beynəlxalq
İnkişafa Yardım Agentliyinin (AIDA) “AIDA və fəaliyyəti”
mövzusunda və Mədəniyyət Nazirliyinin Bakı
prosesinin on illiyi ilə təqdimatları keçirilib.
YAY
MƏKTƏBİNİN İŞTİRAKÇILARI
PREZİDENTƏ MÜRACİƏT ÜNVANLAYIB
R.Həsənov
bildirib ki, hər il keçirilən yay
qış məktəbinin sonunda olduğu kimi, “Bakı prosesi
10 il: Mədəniyyətlərarası dialoqun
inkişafına töhfə kimi” adlı VII Beynəlxalq
Multikulturalizm Yay Məktəbinin yekununda
iştirakçılar tərəfindən prezident İlham
Əliyevə müraciət ünvanlanıb. Gənclər
məktəblərin effektivliyi, onlara göstərilən diqqətə,
Azərbaycanda şahidi olduqları mənzərə ilə
bağlı prezidentə müraciət ünvanlayıb, təşəkkürlərini
bildirib və bununla da Azərbaycan Respublikasının həyata
keçirdiyi multikulturalizm siyasətinə dəstəklərini
göstəriblər.
UĞURLU
NƏTİCƏ
R.Həsənov qeyd edib ki, yay məktəbi haqda təəssüratlarını bölüşən gənclər, Azərbaycanda gördüklərinin onlarda böyük maraq doğurduğunu və yaddaşlarında silinməz iz buraxdığını deyirlər. İştirakçılar ölkəmizə yenidən qayıtmaq arzusunda olduqlarını qeyd edirlər. Onlar Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirirlər. Əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək olan BBMM-nin fəaliyyəti də iştirakçıların diqqət mərkəzindədir. Onlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirirlər. Bu gənclər içərisində BBMM-nin fəaliyyətini yaşadığı ölkədə təbliğ edən, dəstəkləyən, Mərkəzin həyata keçirdiyi digər layihələrində iştirak etmək arzusunda olanların sayı da az deyil. Bu da bizi çox sevindirir”.
Sevinc QARAYEVA
525-ci qəzet 2018. - 11 avqust.-
S.8.