Yaddaqalan mədəniyyət hadisəsi: X Qəbələ Beynəlxalq Musiqi Festivalı

 

Şahanə MÜŞFİQ

 

Avqustun 7-də Heydər Əliyev Fondunun təşkilatçılığı, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının möhtəşəm bağlanış mərasimi və yekun konserti baş tutdu.

 

Bakıdan dəvət olunan bir qrup jurnalistlə qatıldığımız yekun tədbir özünün yüksək təşkilatçılığı, bir-birindən maraqlı proqramı və səslənən ecazkar musiqi nömrələri ilə uzun müddət xatirəmizdən silinməyəcək iz qoydu.

 

Öncə xatırlatmaqda fayda var ki, Heydər Əliyev Fondu Qəbələ şəhərində Beynəlxalq musiqi festivalını 2009-cu ildən başlayaraq hər il keçirir. Birinci Qəbələ Beynəlxalq musiqi festivalında dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər iştirak etmişdilər. Beynəlxalq musiqi festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçirilib və Azərbaycan, Rusiya, Xorvatiya və Yaponiyanı təmsil edən 5 pianoçunun mübarizəsində Rusiya pianoçusu İlya Maksimov müsabiqənin ən yüksək mükafatına - “Qran-pri”yə sahib olub. Finalda mübarizə aparan digər gənc pianoçulardan xorvatiyalı Qoran Filipets birinci, rusiyalı Aleksandr Yakovlev ikinci, azərbaycanlı Toğrul Hüseynli dördüncü və yaponiyalı Şimomura Misako beşinci mükafata layiq görülüblər. Həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafata Nərgiz Kəngərli və Nataliya Landfed (ABŞ) layiq görülüblər.

 

2010-2015-ci illərdə keçirilən Qəbələ Beynəlxalq musiqi festivalları çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunub. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər çıxış ediblər.

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 30-da rəsmi açılış mərasimi ilə öz işinə başlamışdı. Festivalın istər ölkə, istərsə də xarici mediadakı əksi onu göstərdi ki, gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bildi. Doqquz gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak etdilər.

 

Festivalın açılış mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bu cür tədbirlərin keçirilməsinin Azərbaycan mədəniyyəti və musiqisi üçün önəmindən bəhs etmiş, Heydər Əliyev Fondunun, xüsusən onun prezidenti Mehriban Əliyevanın ölkəmizin mədəni irsinin qorunmasında və dünya miqyasında təbliğ edilməsindəki rolunu yüksək qiymətləndirmişdi: “İldən-ilə bu festivalın səviyyəsi, tamaşaçılar tərəfindən ona göstərilən diqqət və maraq artmaqdadır. İlk illərdə bu təşəbbüs irəli sürülərkən kimsə düşünmürdü ki, dünya musiqisi cədvəlində Qəbələ adı belə möhkəm həkk olunaraq böyük tamaşaçı auditoriyasının diqqətini çəkəcək.

 

Ötən illər ərzində şəxsən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi, dəstəyi və təşkilatçılığı sayəsində dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin Qəbələyə gəlməsinə imkan yaranıb. İngiltərə, CAR, İsrail, Rusiya, Fransa, İtaliya və digər ölkələrin aparıcı musiqi kollektivləri Qəbələyə gəlib. Hesab edirəm ki, bu, öz-özlüyündə bir göstəricidir. İlbəil genişlənən beynəlxalq auditoriya məhz Qəbələyə mədəni turizm məqsədləri üçün gəlməkdədir və bu, bizi olduqca sevindirir”.

 

Festivalın davam etdiyi doqquz gün ərzində bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən Qəbələyə çoxlu musiqi həvəskarı gəlmişdi. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçıların bundan böyük zövq aldığı tədbirin son günündə də özünü göstərməkdə idi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival onu da təsdiqlədi ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.

 

Olduqca zəngin və rəngarəng proqramda təşkil olunmuş festivalın davam etdiyi günlərdə yerli musiqisevərlər və şəhərin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik, Azərbaycan dövlət simfonik orkestrlərinin, Kubanın “Jovanes Clasicos Del Son” qrupunun, İsrailin virtuoz pianoçularının, “Muğam” instrumental ansamblının müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin, Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının, Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” musiqi qrupunun, “Clarte” klarnet kvartetinin, İsrailin dünya şöhrətli Yerusəlim simfonik orkestrinin, Gürcüstanın Tbilisi “Big Band” orkestrinin konsertlərini izləmək imkanı əldə etdilər. Festivalın konsertlərindən biri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olundu. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında və açıq səhnədə, həmçinin rayon mədəniyyət mərkəzində keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləyirdi.

 

Həmin gün, yəni avqustun 7-də bağlanış mərasiminə saatlar qalmış “Qəbələnd” istirahət mərkəzində yaradılmış   “X Qəbələ Beynəlxalq Musiqi Festivalı Fun zona” ilə tanış olduq. Burada əsl bayram ab-havası hökm sürürdü. Müxtəlif musiqilər, əyləncəli oyunlar, ayrı-ayrı yerlərdə nümayiş olunan musiqiçilərin böyük rəsmləri, insanlarla bilavasitə ünsiyyət səmimi şərait yaratmışdı. Burada diqqətimizi çəkən əsas nüans isə canlı heykəllər idi. Dörd nəfər - iki oğlan, iki qızdan ibarət canlı heykəllər hərəsi bir musiqi alətini nümayiş etdirirdi. Əsasən uşaqları sevindirən bu məzəli personajlar həm də musiqi festivalının rəmzləri kimi də maraq doğururdu.

 

Nəhayət, hamımızın gözlədiyi an-bağlanış mərasiminin vaxtı gəlib çatdı. Qəbələ Mədəniyyət Mərkəzinin böyük zalında baş tutan mərasim hələ ilk dəqiqələrdən sevincimizə səbəb olur. Çünki konsertin başlamağına hələ dəqiqələr qalmış bütün zal dolmuşdu, hətta nəzarətçilər əlavə stullar belə yerləşdirməli olmuşdular. Xalqımızın klassik musiqiyə marağı və sevgisi hamımızı məmnun etmişdi.

 

İsrailin Azərbaycandakı səfiri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqlarının qatıldığı bağlanış mərasimində Yerusəlim simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olundu.

 

Tanınmış ispan bəstəkarı Salvador Brotonsun dirijorluğu ilə keçən konsertdə C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra və Don Bazilionun ariyası, C.Puççininin “Canni Skikki” və “Toska” operalarından ariyalar, “Bohema” operasından Müzettanın valsı, “Manon Lesko” operasından Manonun ariyası və İntermezzo, V.A.Motsartın “Don Juan” operasından Leporellonun ariyası, Tserlina və Don Juanın dueti, C.Verdinin “Taleyin gücü”, “Don Karlos” və “Otello” operalarından ariyalar, J.Massnenin “Verter” operasından Verterin ariyası və dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası ifa edildi.

 

Solistlər Giorgi Çelidzenin (Gürcüstan), Elnarə Məmmədovanın, Adil Axundovun, Məhərrəm Hüseynovun, Kiara İsottonun (İtaliya), Mine Kurtoğlunun (Türkiyə) və Xalq artisti Samir Cəfərovun ifaları tamaşaçılar tərəfindən coşğun və sürəkli alqışlarla qarşılandı.

 

Konsertin sonunda isə bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi” ifa etdilər.

 

Beynəlxalq festival çərçivəsində bir sıra tanınmış musiqiçilər təəssüratlarını bölüşərək, bu musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirib, yenidən bu füsunkar məkanda görüşmək arzularını dilə gətirdilər.

 

Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli festivalla bağlı yüksək təəssüratlarını bölüşdü: “Qəbələ Beynəlxalq Musiqi Festivalı ildən-ilə böyüyən auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Azərbaycan həqiqətən öz zəngin tarixi və ənənələrinə görə dünyada gözəl ölkələrdən biridir. Artıq 10 ildir ki, Azərbaycanın dilbər guşəsi olan Qəbələdə keçirilən bu festival ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.

 

Bütün jurnalistlərə festivalla bağlı yaxşı PR təşkil etdikləri üçün təşəkkür edirəm. Qeyd edim ki, festivalın proqramı çox maraqlı idi. Burada həm muğam, həm caz, həm də simfonik musiqi səsləndi. Bu gün bağlanış mərasimində isə ən gözəl əsərlər səslənib. Yerli icra başçısından, tamaşaçılardan razıyam. Kim istəyirdi gəlib, konsertləri izləyirdi. Bəziləri isə bəyənməyib gedirdi.

 

Təbii ki, məcburiyyət yox idi, istəyənlər sonadək dinləyirdi. Burada əsas məsələ iki amildir - maarifçilik və kommersiyadan kənar festival keçirmək. Bildiyiniz kimi, bu festivala bilet satılmır. Festival çərçivəsində bəstəkarlar haqqında da məlumatlar verilib. İnşallah ki, gələn il yenə bu cür festival təşkil edəcəyik”.

 

Festivalın bədii rəhbəri, İsrailin Yerusəlim simfonik orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski isə dedi ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə təəssüratları bir neçə cümlə ilə ifadə etmək çox çətindir: “Təkcə onu qeyd edim ki, bu musiqi bayramı dünyada keçirilən festivallar içərisində öz yüksək təşkilatçılığı və səviyyəsi baxımından ön sıralarda yer alır. Qəbələ Festivalı Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən biridir, çox gözəl musiqi bayramıdır. Mən bu möhtəşəm musiqi layihəsini dəstəklədiyinə görə Fondun prezidenti, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, pianoçu Murad Adıgözəlzadə isə açıqlamasında Qəbələdə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında əlamətdar hadisəyə çevrildiyini vurğuladı: “Bu festival musiqimizin dünyada tanıdılması və təbliği baxımından böyük rol oynayır. Festival günlərində Qəbələyə gələn xarici qonaqlar Azərbaycanın, onun bölgələrinin sürətli inkişafını öz gözləri ilə görür, xalqımızın adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olurlar. Onların ölkəmiz haqqında təəssüratları daha da zənginləşir. Qəbələ Festivalı bu baxımdan da çox böyük əhəmiyyətə malikdir”.

 

Kubanın məşhur “Jovanes Clasicos Del Son” qrupunun rəhbəri Ernesto Reyes Proenza daha öncə də bu festivalda iştirak etdiyini və yenidən dəvət olunmaqlarından məmnunluğunu ifadə etdi: “Bu, qrupumuzun Qəbələyə ikinci səfəridir. İki il əvvəl də bu gözəl şəhərdə keçirilən festivalda iştirak etmişik. Həmin konsertdə tamaşaçıların Latın Amerikası ölkələri musiqisinə böyük maraq göstərdiklərinin şahidi olduq. Onlar bizim rəqqaslarla birlikdə rəqs etdilər, bizi ruhlandırdılar. Qrupumuz caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, tamaşaçılara ənənəvi Kuba musiqisini müasir yanaşma ilə təqdim etdi. Güman edirik ki, konsert tamaşaçıların ürəyincə oldu. Yüksək səviyyədə təşkil edilən bu musiqi festivalı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Əminəm ki, XI Qəbələ Beynəlxalq Musiqi Festivalında yenidən görüşəcəyik”.

 

Möhtəşəm konsert proqramları, bir-birindən maraqlı musiqilərlə izləyicilərin könlünü oxşayan X Qəbələ Beynəlxalq Musiqi Festivalı möhtəşəm atəşfəşanlıqla başa çatdı.

 

 

 

525-ci qəzet  2018.- 11 avqust.- S.12.