İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə

 

ÇAĞDAŞ MƏDƏNİYYƏTİMİZDƏ XÜSUSİ YER TUTAN GÖRKƏMLİ İFAÇININ 70 YAŞI TAMAM OLDU

 

Şahanə MÜŞFİQ

 

O çağlar necə də mənə haydılar,

Könlümə, gözümə şəfəq yaydılar.

Keçən günlərimi qaytaraydılar,

Gələn günlərimi qurban verərdim.

 

Bəlkə də bir insan üçün ən böyük ağrı, ən əzablı etirafdır bu. Axı insan həmişə sabahı gözləyən, gələcəyin özüylə birgə gətirəcəyi günlərə ümidlə, inamla, arzu ilə baxan varlıqdır.

 

Arzu! Bir insan övladının heç zaman bitib tükənmək bilməyən istəkləri! Əslində, insanı həyata bağlayan da məhz budur: arzu və ümid. Keçmiş nə qədər cah-cəlallı, nə qədər rahat, nə qədər hüzurlu olsa da, insan gələcək istəyir, çünki gözləntiləri var, arzuları var. O gözləntiləri, coşğun dağ şəlaləsi kimi qəlbində aşıb daşan, beynini dumanlandıran, gözlərini alovlu günəştək parıldadan o arzuları bircə anın içərisində daha öncə artıq yaşadığın, gördüyün, nə olacağını əzbər bildiyin keçmişin üçün qurban vermək mümkünmü ki?! Verərikmi? Yəqin ki, yox.

 

Bəs onda illərdən bəridir İlahi nəfəs kimi, sanki Tanrının “Ol!” sədasının əksini tapmışcasına qulaqlarımızla deyil, ruhumuzla dinlədiyimiz o səs nə deyir?! Necə yəni keçən günlərə gələn günləri qurban vermək?! Niyə belə yanıqlı oxuyur?! Bəlkə nəsə bilir?! Bəlkə nəsə əyan olub ona?! Bəlkə mələklər, yoxsa lap elə Tanrının özü pıçıldamışdı qulağına gələcək günlərdə onu gözləyənləri?!

 

Görəsən, Azərbaycan musiqisinə bir-birindən gözəl, möhtəşəm musiqi inciləri bəxş edən Elza İbrahimova bu mahnıları hansı sözlərə yazıb?  Rəfiq Zəkanın şeirinə, ya Akif İslamzadənin üsyanına?

 

Biz gənc nəsil bir tərəfdən şanslıyıqsa, digər tərəfdən itirdiyimiz çox şeylər var. Böyük bir nəsil olaraq qazandıqlarımızla itirdiklərimizin arasında qərarsızca çabalayırıq sanki.

 

Hər dəfə Akif İslamzadə adı çəkiləndə, ya da onu hansısa efirdə görəndə içimi bir qüssə bürüyür. Bax, onda nəsil olaraq itirdiklərimizə yanıram. Çünki onun o saf, o bənzərsiz səsini canlı dinləmək şansını bu dünyaya gəlmədən düz 5 il öncə itirmişik. Amma şanslıyıq, çünki texnologiya əsrinin insanlarıyıq. Bircə düymə və budur otağına bahar mehi kimi dolur o İlahi səs:

 

“Keçən günlərimi qaytaraydılar

Gələn günlərimi qurban verərdim”.

 

Elə oxuyur ki, adam o səsi qarşısındakı bir canlı varlıq bilib başına dolanmaq istəyir. O kiçicik telefondan çıxarıb evinin yoxee, lap ürəyinin başında nazlandırmaq istəyir. Gözlərini yumursan və budur səni səndən alan, bütün varlığına hakim kəsilən, təbiətin milyard yaşlı qanunauyğunluğunu alt-üst edən, mələkləri sitayişə gətirən səslə üzbəüz oturmusan. Elə mehriban, elə şirin, elə məhrəm baxır ki, üzünə. Bircə himə bəndsən əlindən tutub dünyadan qaçmağa. Bəs hara qaçacaqsan? Bunun da bir fərqi yoxdur. Təki gedəsən, bircə onun olduğu yer hər iki dünyanın cənnətidir onsuz da. Yayın istisində o səs sərin meh kimi dalğalandırar saçını, öpər üz-gözünü, oxşayar varlığını, qışın sazağında bir yorğan kimi bürüyər ruhunu. Buna əminsən!

 

Sanki özünün gələcəyini, yaşayacağı acıları, sıxıntıları hiss eləmişdi. O həzin, kövrək səsiylə elə yanıqlı oxuyur ki, sanarsan taleyinə üsyan edir. Baxmayaraq ki, o, heç zaman Allaha üsyan etmədiyini deyir.

 

Hələ təzə-təzə Azərbaycan musiqi sənətinə incilər bəxş etməyə, o billur səsi ilə neçə böyük nəğməyə nəfəs verməyə, insanların gözləri qarşısında səsin rəsmini çəkməyə başlamışdı. Çox insan səsin sehrinə, musiqinin fövqəlbəşər gücünə, dünyanın məhz səsdən yarandığına onun ifaları ilə inanmışdı. Amma yazıçı Aqil Abbas demiş, Tanrı onun səsini bizdən çox sevdi, öz yaratdığı möcüzəsini bizə qıymadı, onun da, bizim də əlimizdən alıb apardı göylərə. Apardı ki, özü dinləsin.

 

Yazıçı illər öncəki essesində Akif İslamzadəyə belə səslənir: “Akif, Tanrı sənin səsini o qədər çox sevirdi ki, bədənindən soyub apardı öz yanına. Və Tanrı indi bütün günü sənə qulaq asır. Və Tanrı sənə qulaq asdığına görə və sənin səsin onun ruhunu oxşadığına görə bu dünyanı məhv eləmir. Sənin səsindi bu dünyanı qoruyan.

 

Sən xoşbəxt adamsan. Bir gün Tanrıya qovuşacaqsan və gedib öz səsini Tanrının dərgahında görəcəksən! Bizlər bədbəxtik ki, bir daha sənin səsini görə bilməyəcəyik”.

 

“Vikipediya”dan bu bənzərsiz səsə sahib sənətkar haqqında oxuyuruq: “Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb”.

 

Qeyd: Özünün xatirələrinə görə, elə o dövrlərdən toylarda, el məclislərində oxuyurmuş. Sənətkar həmin illəri yarızarafat, yarıgerçək belə təsvir edir: “Sonra sənətə gəldim, toylar başladı, yaxşı pul qazandım. Toylar olmasaydı, yamaqlı şalvarda gəzərdim”

 

“1976-cı ildə Azərbaycan Dövlət Teleradiosunda Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, “Sarı gəlin” və “Bu gecə” diqqətləri cəlb edib. 1987-ci ildə böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.

 

6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

Xanəndə Sara Qədimovanın oğludur”.

 

Sənətkar nə qədər dözümlə, səbrlə yanaşsa da müsahibələrinin bir çoxunda o günlərin ağrısını hələ də yaşadığını görürük: “Heyf, mənim səsim belə oldu. Yazıq adam deyiləm, istəmirəm, səsimi itirməyimə görə kiminsə mənə yazığı gəlsin. Əvvəl-əvvəl, əlbəttə, nisgil yaşayırdım, amma zaman keçəndən sonra başa düşdüm ki, şükür Allahın məsləhətinə, onun sahmanından başqa hər şey yalandır. Zaman keçdi, başa düşdüm ki, ən yaxşısı bu imiş. Həya-abırla getdik.

 

Səsimi itirməyimin ağrısını yaşamışam, fikrini eləmişəm. Amma Allaha üsyan etmək... Yox, yox, yox! Allahdan gələn dərdi də dərman kimi qəbul etmişəm. Əslində, mən o vaxt tamam başqa muğam, ilahilər, mərsiyələr tərzində oxumaq istəyirdim, amma qismət olmadı. Allah o yolu mənim üçün bağladı. Demək ki, məsləhət bilmədi. Allahımdan o qədər razıyam ki... Hər bir məsələdə taleyimdən razıyam.

 

Allah səsimi əlimdən aldı, ağlımı ki, almadı. Elə səsli müğənnilər tanıyıram ki, ağlı yoxdur”.

 

Uzun illərdir sənətkarın səsini itirməsi ilə bağlı çoxlu şərhlər verilir, fərziyələr irəli sürülür, şayiələr gəzir. Xalq öz sevimli sənətkarının səsini itirməsini bir növ rəvayətə, hətta əfsanəyə çevirib. Anlaşılandır! Axı hansı xalq razılaşardı bu cür qiymətli bir dəyəri itirməklə? Heç biri. Heç biz də barışmamışıq, barışmayacayıq da. Yəqin elə buna görədir hələ də sevirik, axtarırıq, dinləyirik, ən yaxşı musiqiyə onun mahnılarını, ən yaxşı səsə onun səsini misal göstərir, bir zamanlar belə bir dəyərə malik olduğumuz üçün bütün dünyaya qarşı qürurlanırıq.

 

Xalq bu üzücü hadisə haqqında çox fərziyələr irəli sürür. Həqiqəti isə Akif İslamzadə özü danışır:

 

“Necə oldu mən səsimi itirdim? Get-gedə hiss eləyirdim, səsim sözümə baxmır. 1987-ci ildə getdim Moskvaya, xərçəng diaqnozu qoydular. Bütün analizlər bunu göstərirdi. Mən ölüm hökmü üzünə oxunan adamam. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu...

 

Səs tellərimin birini götürdülər. Həkim dedi, oxuya bilməyəcəksən. Hərdən deyirlər, bir səs teli ilə oxumaq olar. Mən də cavab verirəm: bir musiqi aləti ilə ifa etmək olarmı? Olar, amma yarımçıq...

 

Anam məndən nigaran getdi. Bir dəfə oturmuşduq bağda. Hava da qaralmışdı. Sara Qədimova birdən qayıtdı ki, sən möhkəm kişisən. Sənin başına gələni mən yaşasaydım, havalanardım”.

 

O qədər haqlı idi ki, mərhum ana... Adicə bir itkidən hədsiz narahat olan bizlər belə bir neməti itirərkən nələr yaşayardıq? Axı bu, təkcə səs deyildi, arzular idi, ümidlər idi, gələcəkdən gözləntilər idi... Dünyadakı neçə adam dözə bilərdi ki buna? Ancaq Akif İslamzadə kimi səbrli, qəlbi Allah eşqiylə dolu, dünyanı, yaşamağı sevən və bundan güc alan birisi. Axı hələ illər öncədən o idi “hər şey gözəldir həyatda” deyərək insanları gözəlliyə, yaşamağa, sevib, sevilməyə səsləyən:

 

Hər şey gözəldir həyatda!..

Sən bu gözəlliyi anlaya, duya bilsən!..

Hər şey gözəldir həyatda!..

Özün bir zərrə gözəllik yarada bilsən,

Yarada bilsən!..

Arzuda inam,

İnamda şübhə qorxusu,

Ümiddə səadət,

Səadətdə onu itirmək qorxusu

Nə qədərdir, nə qədərdir, nə qədərdir!..

 

Xalq artisti Brilyant Dadaşova ilə oxuduğu bu duet neçə-neçə insanları depressiyanın, sıxıntının əlindən alıb, onlara yeni həyat eşqi, yaşam həvəsi bəxş edib. Həqiqətən də ancaq “hər şey gözəldir həyatda” deyən insan dözüb dayana bilərdi bunca məhrumiyyətə. Çünki o, özü gözəllik arzulamaqdan əlavə, onu yaratmağa can atan və bunu bacaran insandır. Eynən mahnıda da deyildiyi kimi, hər şey gözəldir həyatda, amma özün bir zərrə gözəllik yarada bilsən. Axı:

 

Bir dəfə yaşayırıq,

Hərəmiz bircə dəfə!..

 

Biz bu səsdən “Neyləyim”, “Sarı gəlin”, “Bu gecə”, “Gəl bizim dağlara” kimi şedevrləri dinlədiyimiz halda Akif müəllim “mən özümə heç vaxt qulaq asmıram”-deyir. Amma o günlərin, o mahnıların həsrətini çəkdiyi hər sözündən bilinir:

 

“Bir mahnılıq səsim qayıtsaydı, hansını oxuyardım. Nə bilim, bəlkə “Bura vətəndir” mahnısını oxuyardım. Ya bəlkə “Qaragilə”ni...”

 

O möcüzəvi günü həsrətlə gözləyən o qədər adam tanıyıram ki... Baxmayaraq ki, özü deyir: “Tutaq ki, bir möcüzə olsa, səsim qayıtsa, nə dəyişəcək?! Bunu misal üçün deyirəm. Səsimin açılmasının heç arzusunda da deyiləm. Ən yaxşısı, yaddaşda necə qalmışamsa, bu, mənə bəs edir”.

 

Akif İslamzadə təkcə səsiylə deyil, varlığıyla, cəsarətiylə də xalqına, vətəninə xidmət etmiş şəxsiyyətdir. Ötən əsrin 80-90-cı illərində Azərbaycanın ən çətin zamanlarında, “Meydan hərəkatı”nın tüğyan etdiyi vaxtda xalqının yanında olması onu həm də əsl vətəndaş kimi tanıtdı millətinə: “Mən siyasətdə o dövrdə olmuşam ki, insanların hamısı meydanlarda toplaşmışdı. İnsanların, millətin müqəddəratı həll olunan vaxt evdə oturub rahat çay içə bilməzdim. Hesab etmirəm ki, böyük iş görmüşəm”.

 

“Öldürməyən dərd insanı güclü edir” deyə çox sevdiyim bir fikir var. Həqiqətən də dərdini dərd kimi deyil, bir dərs kimi, Tanrının bəxş etdiyi bir sınaq, imtahan kimi yaşamağı bacardığın an güclüsən, güclüyük. Akif İslamzadə dərdini dərman kimi qəbul etməyi bacaran güclülərdəndir. Onun könlünü verdiyi musiqidən sadəcə səsi getdi, özü isə getmədi, bəlkə də gedə bilmədi. İndiyə kimi də musiqiylə, sənətlə, muğamla iç-içədir. Axı onun musiqi bağlılığı dünəndən, bu gündən deyil, lap əvvəldən genlərindən gəlirdi. Mayasında yoğrulub, qanına qarışıb, iliklərinə işləyib, ruhuna hopub musiqi onun. Sevgini öldürmək, istəyə göz yummaq, arzunu boğmaq olar bəlkə də, amma ruhuna hopmuşu nə edəsən? Ovcunamı sıxasan, gözlərinin dərininəmi həbs edəsən, yoxsa qulaqlarınımı qapayasan? Ruh sən özün deyilmisən, özündən vaz keçə bilərmi insan?! Bilməz əlbət!

 

Axı, ayrılıqdan betər dünyada nə var?!

 

Avqustun 8-i bu ölməz sənətkarın doğum günü idi. 70 illik yubileyini qeyd edən sənətkarımızı təbrik edir, Allahdan sağlam can, uzun ömür diləyirik!

 

525-ciqəzet  2018.- 11 avqust.- S.20.