Səhnənin gülən üzü - Afaq Bəşirqızı

 

Şahanə MÜŞFİQ

 

"Hər bir xalqı onun mədəniyyəti ilə tanıyırlar. Hər bir sənətkar sənətə gələrkən bu şüarla gəlməlidir: mən bütün çətinliklərə dözməliyəm, mən bu sənəti fəth etməliyəm. Niyə? Çünki mən xalqımı sevirəm. Mən xalqımın mədəniyyətinin tanınmasında kiçik də olsa bir rol oynamalıyam".

 

Bu gün bu sözlərin müəllifi, Azərbaycan teatr və kino səhnəsinin korifeyi, gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.

 

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində, böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. İbtidai təhsilini 31 nömrəli məktəbdə alıb. Sonra isə orta təhsilini 20 nömrəli məktəbdə davam etdirib. Valideynlərini çox erkən, hələ uşaq yaşlarından itirən, nənəsinin yanında böyüyən A.Bəşirqızı uşaqlığını hər zaman ürək ağrısı ilə xatırlayır, o illərdən danışarkən "1969-cu ilə qədər dəcəl olmuşam, sonra sakitləşdim"- deyir. Məktəb illərini isə belə xatırlayır: "Mütaliəyə, kitaba marağım çox kiçik yaşlarımdan vardı. Nənəmin yanında yaşayırdım. O, demək olar ki, hər gecə mənimçün kitab oxuyurdu. Az qala hərfləri hələ təzə öyrənməyə başlayanda "Koroğlu" dastanını oxumuşam. 5-ci sinifdə oxuyarkən isə İlyas Əfəndiyevin romanlarını, bir çox başqa yazıçılarımızın qalın-qalın əsərlərini oxumuşdum. Tarix və ədəbiyyatı çox sevmişəm".

 

Yaradıcı şəxslərin övladlarının da adətən yaradıcılıqla məşğul olduğu, valideynlərinin, xüsusən isə atalarının sənətini davam etdirməklərinə aid tarixdə çox nümunələr var. Genmi, qanmı, yoxsa ta körpəlikdən havasını udduqları, böyüdükləri o yaradıcı mühitmi təsir edir, bilinməz, amma dahi sənətkarların özlərindən sonra onların sənətini layiqincə davam etdirən məşhur insanlar Azərbaycan incəsənətində, mədəniyyətində az deyil. Valideynlər sanki özlərindən sonra yetişdirdikləri övladlarına sənətin dolanbac, enişli-yoxuşlu, girintili-çıxıntılı, daşlı-kəsəkli yollarında bir mayaq, istiqamətini təyin etməkdə yardımçı olacaq "kompas" rolunu oynayırlar.

 

Afaq Bəşirqızı bu cür sənətkarlardan danışarkən ağıla gələn ilk adlardan biridir.

 

Köhnə, saralmış, rəngi solmuş lentlərdən tanıdığımız Bəşir Səfəroğlu o solğunluğun içərisində belə bir aydınlıq kimi indiyə qədər öz nurunu, təravətini qoruyub saxlaya bilib. Onun Azərbaycan teatr səhnəsindəki əvəzsiz ifaları bu gün də gənc nəsil aktyor və rejissorların bəhrələndikləri, "su içdikləri" qaynar bulaqdır.

 

Afaq xanım isə həmişə bu ölməz sənətkarı həm əvəzolunmaz sənətkar, həm də tələbkar bir ata kimi sayğıyla, sevgiylə xatırlayır.

 

O, atasını belə xatırlayır : "Atam 1925-ci ilin mart ayının 11-də anadan olub. 1969-cu ilin mart ayının 23-də dünyasını dəyişib. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən qubalıdır, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar.

 

Səhnəyə necə gəlməsi barədə ətraflı məlumatım olmasa da, bilirəm ki, gənc yaşlarında dram dərnəklərinə gedib. Böyük Vətən Müharibəsində iştirak eləyib və yaralanıb, kontuziya alaraq, lal-kar kimi ordudan tərxis olunub. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib. Atamın çox qısa ömür yolu və yaradıcılıq fəaliyyəti olsa da, ölümündən 44 il keçməsinə baxmayaraq, hələ də xalqın yaddaşından silinməyib. Mən inanıram ki, əsr də keçsə, silinməyəcək.

 

Mənə elə gəlir, sənətkarın övladı mütləq sənətkar olmalıdır ki, onu yaşada bilsin. Bəşir Səfəroğlunun dövründə çoxlu sənətkarlar olub, öz dövrlərinə görə yaxşı tanınıblar, amma əksəriyyəti yaddan çıxıb. Bəşir Səfəroğlunu isə hətta uşaqlar da tanıyır.

 

Atamın çox sərt xasiyyəti vardı. Dini ehkamlara hörmət eləyən, əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə birləşdirən bir insan idi. Özü səhnədə komik aktyor olsa da, kənarda, ailədə özünü çox ciddi aparırdı. Dostları çox az idi, hər adamla yoldaşlıq eləməzdi və hər kəsi evə qonaq gətirməzdi.

 

Bəşir Səfəroğlunu itirməklə xalqımız bir sənətkar itirdisə, mən həm də ata itirdim. Atamdan əvvəl də anamı itirmişdim və ata itkisi məni birdən-birə dəyişdirdi. Atam rəhmətə gedəndə mənim 14 yaşım olsa da, birdən-birə 44 yaşlı bir insana çevrildim, birdən-birə qocaldım.

 

Atamın uyuduğu qəbiristanlıqla məktəbimizin arası çox yaxın idi. Tez-tez dərslər arasındakı tənəffüsdə qaçıb ora gedirdim. Sonra ora hasar hördülər ki, keçə bilməyək o üzə".

 

Afaq xanımın dediyinə görə, sərt xasiyyətli, tələbkar insan olan atası ona aktrisa olmağa icazə verməzdi. Bəlkə də buna görədir ki, o, ilk səhnə işi kimi məktəbdə yaratdığı balaca rola görə çox böyük həyəcan keçirib, atasının qorxusundan bunu ondan gizlədib.

 

Cəfər Cabbarlının yubileyi ərəfəsində "Almaz" pyesindən bir hissəni səhnələşdirərkən olub bu hadisə. Balaca Afaq səhnəcikdə Kəblə Fatmanisəni oynamalı imiş. Rol təklif olunanda çox qorxur, atasının onu səhnədə görüb hirslənəcəyindən ehtiyatlanır. Amma başqa əlac da yox idi, müəllimin tapşırığı belə idi. Atasından gizlətməyə çalışsa da, analığı bunu atasına deyir: "Təsəvvür edin ki, tamaşanın şirin yerində atamı görəndə çox həyəcanlandım, sözlər yadımdan çıxdı, hər şeyi qarışdırdım. Amma birtəhər vəziyyətdən çıxmışdım. Deyəsən, atamın da xoşuna gəlmişdi. Çünki evdə mənim improvizələrimə söz atmaqları, gülümsəmələri bunu göstərirdi".

 

Məktəbi bitirəndən sonra yenə də aktyorluq sənəti haqda düşünməyib. Uşaqlığından ingilis dilini gözəl bilən qızın istəyi şərqşünas olmaq imiş. Hətta ilk dəfə sənədlərini Azərbaycan Dövlət Universitetində məhz bu fakültə üzrə verir. İngilis dilindən "əla" qiymət alsa da, konkursa düşür. Elə bu ərəfədə atasının dostu ilə təsadüfi görüş gənc qızın bütün həyatını dəyişir. Belə ki, ondan hansı sənəti seçdiyini soruşan adama Afaq xanım şərqşünaslığa sənədlərini verdiyini deyir. Adam isə "çox təəssüf, mən elə bilirdim Bəşirin çırağını sən yandıracaqsan, çünki onun oğlu yoxdur" - deyir.

 

"Bu söz mənə o qədər təsir elədi ki, bircə anlıq qərarla sənədlərimi aktyorluğa verdim və qəbul oldum. Beləcə heç zaman düşünmədiyim, arzusunda olmadığım sənətə yiyələndim. İndi bundan heç də peşman deyiləm. Sənətimi sevirəm və bununla fəxr edirəm. Çünki bu sənət məni sevdirdi, xalqa tanıtdı, qəbul etdirdi.

 

Digər tərəfdən, atamın sənətini davam etdirməkdə mən həyatdan acığımı çıxdım ki, o, ölməyib, sağdır və həmişə də yaşayacaq. Atamın oğlu olsaydı və sənətkar olmasaydı da, mən sənətə gəlmək fikrindən daşınardım ki, bu böyük məsuliyyəti çiyinlərimə götürməyim. Ancaq həyatdan atamın intiqamını almaq üçün onun sənətini davam etdirmək qərarına gəldim və bu intiqam mənə uğurlar gətirdi".

 

Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedən gənc qız beləcə İncəsənət Universitetinə daxil olur. O, 1974-1979-cu illərdə bu universitetdə təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb.

 

Onun bu cür səylə, yorulmadan öz üzərində işləməsinin, daim inkişafa, sənətində ən birinci olmağa çalışmasını bir səbəbi də adının yanında daşıdığı "Bəşirqızı" təxəllüsü idi. O cür dahi aktyorun qızından xlaq elə atasının sənətinə, şəxsiyyətinə layiq sənətkarlıq da gözləyirdi və gənc aktrisa da bunun fərqində idi. Buna görə də bütün ömrü boyunca bu ada layiq yaşadı: "Afaq Bəşirqızı adını daşımaq məsuliyyətini 24 yaşına qədər hiss etmişəm. Bu ağır yükü daşımaq asan deyildi. Çünki o ada layiq olmaq lazım idi. 24 yaşına qədər mən Bəşir Səfəroğlunun qızı kimi tanınırdım. 24 yaşından sonra Afaq Bəşirqızı adını qazandım. Mənim özümün də xasiyyətimdə Bəşir Səfəroğlu xasiyyətindən miras tərəflər var. Mən feodal bir ailənin qızı olmuşam desəm, səhv demərəm. Çünki saç düzümümdən tutmuş, geyimimə qədər mənə nəzarət edilib".

 

Özünün də müsahibələrində dediyi kimi, 35 yaşında rol aldığı "Bəxt üzüyü" tamaşası və sonradan çəkilən eyniadlı film onun vizit kartına çevrilir. Bu filmdə yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür.

 

"Şair Moşu Göyəzənlinin uşaqlarının anası..."

 

Çox zaman bu Söylü obrazına bir gülüş, hətta lağ obyekti kimi yanaşırıq. Ancaq diqqətlə baxsaq və bir az düşünsək, Söylünün əslində, bir qadın kimi necə saf, sədaqətli olduğunu görərik. Elə ondan gətirdiyim bu tək sitat onun necə bir qadın olduğunun göstəricisidir. Məncə, Moşu Göyəzənli dünyanın ən bəxtəvər kişisidir. Çünki onun Söylü kimi sədaqətli, əri ilə öyünən, ərinə güvənən, sonuna qədər onun sözü ilə oturub duran, ərini bütün bəlalardan, qayğılardan qorumağa çalışan, bu uğurda hətta öz adını belə unudan qadını var!

 

Bəlkə də elə bu xüsusiyyətinə, təbilliyinə, saflığına görədir ki, otuz ilə yaxındır bu obraz yaddaşlarda yaşayır, hər dəfə qəlblərdə böyük sevgi, üzlərdə təmiz və məhrəm gülüşlə xatırlanır.

 

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Aktrisa bugünə kimi həmin teatrda çalışır.

 

Onun "Bankir adaxlı" tamaşasındakı yaratdığı Nisə obrazı indiyənə qədər izləyicilərin maraq dairəsindədir. Buna görədir ki, illərdir tamaşa teatr səhnəsinin ən çox baxılan və tələb olunan tamaşaları sırasında önlərdədir.

 

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq" (Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb.

 

Azərbaycanfilmin istehsalı olan "Mozalan" Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.

 

Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin universitetin professor elmi dərəcəsini alıb.

 

Afaq Bəşirqızı, 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına, 1993 və 2003-cü illərdə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət" ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüd ilə təltif olunub. 13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

 

Afaq Bəşirqızı Azərbaycan komediya səhnəsinin ən parlaq ulduzlarından biridir. Onun həm teatrda, həm də mavi ekranlarda yaratdığı komik, satirik obrazlar əslində cəmiyyətin iç üzünü göstərirdi. O, cəmiyyətdəki ayrı-ayrı fərdləri özünün yaratdığı obrazlar vasitəsilə tənqid edir, onların mənfi xüsusiyyətlərini gülüş obyektinə çevirirdi. Özünün də dediyi kimi, dəfələrlə oynadığı obrazlardan sonra ona yaxınlaşıb "burada məni tənqid etdin" - deyib gileylənənlər də olub. Sənətkar "mən heç bir obrazımda konkret ad çəkməmişəm, amma kimsə özünü o obrazda görübsə, demək ki, mən məqsədimə nail olmuşam" - deyir.

 

Afaq Bəşirqızı sərt görünüşünün arxasında kövrək üərk gizlədən, hər zaman xalqı, dövləti, bu xalqın mədəniyyəti, milli-mənəvi sərvətlərinin yaşadılması üçün çalışan sənətkarlardandır. O, həm də hər zaman gənclərə dəstəyi ilə də seçilib. Bir çox gənc aktyorların bu yoldakı ilk istiqamətləndiricisi, məsləhət verəni də məhz Afaq xanım olub. Bu, bəlkə də onun pedaqoqluğundan irəli gəlir.

 

Ancaq sənətkar indiki dövrdə sənətin gəldiyi durumdan çox narazıdır. Bunu dəfələrlə müsahibələrində dilə gətirir. Bəs nədədir bu narazılıq? Birinci növbədə təbii ki, sənətkar adının gün keçdikcə daha da ucuzlaşdırılmasında: "Elə-belə verilişlərə də dəvət olunan hər ötəri insana sənətkar deyə müraciət olunur. Bu, dəhşətdir. Elə ona görə də sənət bu vəziyyətə düşüb. Təsadüfi insanları dəyərləndirmək yolunu seçmişik. Bilmirik o insana dəyər vermək olar, ya yox. Belələrini tərifləməklə inandırmışıq ki, sən sənətkarsan. Biz sənətkarların da günahı var.

 

Mədəniyyəti qazanmaq hər sənətkarın işi deyil. Tamaşaçı sevgisini, hörmətini qazanmaq hər sənətkarın işi deyil. Ona görə bəzilərinə "sənətkal" deyirlər. Bir var sənətkal, bir var sənətkar. Hər adama sənətkar demirlər. Burda mətbuat işçilərinin də üzərinə pay düşür. Reklam xatirinə mətbuatda sənəti olmayanları sənətkar kimi təqdim edəndə sənətə dəyər qalmır. Amma hər şeyin həddi-hüdudu var. Adətən, qərbdən sitat gətirməyi, onları müqayisə etməyi sevirik. Daha demirlər ki, şərq mədəniyyəti qərb mədəniyyətinin qabağına doqquz qoyar. Şərq mədəniyyəti qərb mədəniyyətindən də qat-qat zəngindir. Mənim şərq mədəniyyətimdə ayaqqabı ilə evə daxil olmurlar. Mənim şərq mədəniyyətimdə səhər üzünü yumadan yataqda yemək yeyilmir. Amma təəssüf ki, biz bu dəyərləri itiririk. Kiməsə oxşamağı, köçürtməyi, bənzəməyi sevirik. Bunu bir-iki ziyalı danışmaqla həll edə bilməz. Bunun üçün zaman lazımdı. Adətən, sel özündən əvvəl çör-çöp gətirir".

 

Ancaq bütün hallarda "Xalqın gözü tərəzidir" ifadəsi özünü doğruldur. Bu gün bəzi adların öndə olmağına baxmayaraq, sevindirici haldır ki, xalq öz sənətkarını yaxşı tanıyır və hər zaman ona sahib çıxır. Afaq Bəşirqızı kimi sənətkarlar bu xalqın nadir incisi, əvəzolunmazları sırasındadır. Gözəl aktrisamızı yeni yaşı münasibətilə təbrik edir, ona sağlamlıq, uzun ömür və daha yeni-yeni rollar arzulayırıq.

 

525-ci qəzet 2018.- 15 avqust.- S.8.