Bədii düşüncənin ali ifadə modeli: Məmməd Araz poeziyası

 

I məqalə

 

Tanınmış pedaqoq və ədəbiyyatşünas-yazıçı Allahverdi Eminov uzun illərdən bəri Xalq şairi Məmməd Arazın poeziyasını araşdırmaqla məşğuldur.

 

2017-ci ildə, o, "Məmməd Arazın poeziyası" monoqrafiyasını bitirib, lakin nəşrinə hələlik nail olmayıb...

 

Həmin monoqrafiyadan üç məqaləni oxucularımıza təqdim edirik.

 

Məmməd Araz poeziyası haqqında yazıram - sualsız bu fikir məni gecə saatlarında səhərin  açılmasına xeyli qalmış silkələdi və kiçik yazı masama apardı. Bu sonuncu sözü başqa ifadə ilə əvəzləyə bilərdim - dilimiz o qədər zəngindir - saxladım, ona görə ki, həqiqətən mənə elə gəldi o məkana kimi metrlərlə yol var və oraya tənha getmək asan olmayacaq. Şairi ilk dəfə üzbəüz gördüyüm ötən əsrin altmışıncı illərinin ilk vaxtından üzübəri görüşdüyüm və oxuduğum səadətli çağlarım yaddaşımda oyandı... Gecənin alaqaranlığı hökmündə idi və mənimlə tənha qalmaq istəyirdi. Qaranlığınsa adətidir - hələm-hələm işığa təslim deyil, əlləşib-vuruşur, yeganə qorxusu səhərin gəlişidir. Amma xoşbəxtlikdən səhərə ehtiyac qalmadı, zəngin fikir oyadan otağımı işıqlandırdım. Məmməd Arazın şeir kitablarını kitab rəfimdən seçdim, əlimlə toxundum, vərəqləri mexaniki çevirdim. Və örtdüm. Ehtiyatlandım ki, şairin şeirlərini oyadaram, hərçənd, bu poetik nümunələrin canında o qədər enerji var gecənin zülmətini parçalayar, küçə boyu səpələyər, ağacların budaqlarında səksəkəli gözlərini qapayan quşları yuxusundan eylər. Axı bu şeirlərin müəllifi həyatda bir qarışqanı belə cərgəsindən yayındırmamış, bir quşa daş atmamış, bir uşağı diksindirməmişdir. İnsanları xeyirxahlığa çağırmış, hal-əhval tutmuş, nəhayət, varlığına çəkilmişdir. Bəs bundan sonra? Cavabı belə olardı ki, əlinə qələm almış və şeir yazmışdır! Mən bu cür düşünməmişəm, israrımda qalmamışam, fikrimdə yanılmamışam: yaradıcılıq psixologiyası ilə maraqlanan bir ədəbiyyatçı kimi deyirəm ki, böyük sənətkarlar, xüsusilə, şairlər zor gücünə yazmaqdan çox-çox uzaqda dayanmışlar. O vaxt əllərinə qələm almışlar - daha dözümsüzləşmişlər, misraların əzabını yaşamışlar.

 

Belə qənaətimə fəhm hissiylə baxmasınlar, şairin özü hələ 1956-cı ildə "Şeirim"i qələmə alanda "sirrini" açmışdı:

 

...Söz gərək ox keçməz qayadan keçə,

Yoxdursa sözünün kəsəri, - yazma.

Özün sevməyincə, sevilməyincə,

Özgədən məhəbbət əsəri yazma.

 

Şerim, çox danışdım, deyəsən bir az,

Sən niyə susmusan, danışan mənəm.

Yox, şer ocağı alovsuz olmaz,

Alışdıran sənsən, alışan mənəm.

 

Bu poetik etirafı şair bir and kimi ömrünün sonuna qədər etibardan salmadı oxucularının zövqündə və tələbkarlığında. Çün, bu hiss - İlahi payı ondan asılı deyildi, eyni zamanda, anası onu poeziya üçün dünyaya gətirmişdi! Və beş ildən sonra Məmməd Araz çoxsaylı oxucusunun qarşısına bir də çıxdı, bu dəfə özünə imanla dedi:

 

Məni - şerimdə gəz bir insan kimi,

Qəlbimdə nə varsa ona demişəm.

Anadan, bacıdan gizlətdiyimi,

Kağızdan, qələmdən gizlətməmişəm.

 

...Uzaqdan-uzağa xoşuna gəlim,

Məni dindirməyə tələsmə hələ.

Tanımaq istəsən məni, əzəl sən -

Tanış ol bu kiçik nəğmələrimlə...

 

Təvazökar şair öz poeziyasına güvənirdi və özünə inanırdı - bu, ədəbiyyat aləminə onun dərin hörmətiydi. Yoxsa şair yazdığı bu şeirdən 21 il sonra üzünü qələminə tutmazdı, bu dəfə isə başqa bir ovqatla:

 

...Qələm ucu top qülləsi,

Qəm sarayı yaxır qələm.

Gülləsini düz ölümün,

Gözlərinə çaxır qələm.

 

Ey qələmim, qəhr onundu,

Çox imkanım, çox iradım.

Hikmətini gec anladım,

Qüdrətinə gec inandım.

 

Ona görə şair taleyi belə anında - o, poeziyaya Allahın diqtəsiylə gəlmişdi, üç gecəlik qonaq deyildi, şeir məkanında məskunlaşmışdı. Çün, Məmməd Araz poeziyanı ümumi ədəbiyyatdan ayırmırdı, onun yamyaşıl budağı bilirdi. Necə ki, məşhur Amerika yazıçısı Edqar Alan Po bütün məsuliyyətilə yazmışdı: "Ədəbiyyat dünyanın ən kübar, ən alicənab sənətidir. Əslində, bu, insana verilmiş ruha yaraşan yeganə sənətdir".

 

Məmməd Araz üçün həqiqəti poetik təfəkkürlə əks etdirən, insan hisslərinə hörmətlə yanaşan, axtarışlar poeziyası irəliydi, mücərrədlikdən uzaqlaşmaq vacibdi. Poeziya effemer, imperativ və vizioner səciyyəli olmamalıdır, şeir uşaq kimi antrixist: dəcəl, mürtəd və məzhəbsiz təsiri oyatmamalıdır. Belə vəziyyət dünya poezi-yasında da yaxşı qarşılanmamışdır. İspan şairəsi Qabriel Selaya yerində vurğulamış ki, "biz bu gün həqiqəti bütün çalarları ilə əks etdirən, hər şeydən əvvəl, poetik təfəkkürün məhsulu olan, insan hisslərini yetərli verməyi bacaran poeziya axtarırıq. Axtardığımız poeziyanın dili canlı və təsirli olmalıdır, bizə izahata ehtiyacı olan abstrakt obrazlar yox, hərtərəfli təqdim edən canlı obrazlar gərəkdir".

 

Həqiqətdir ki, şeiri yazmaq öyrədilmir və belə bir tədris fənni yoxdur, ona görə də belə bir fikir səslənir: Məgər şairin ilk şeiri olurmu? - sual təbii ki, formal deyil, sətiraltıdır və yozumludur; bir də onun üçün ki, poeziya bütöv şəkildə fəal qüvvədir, misralar jestdir, hərəkətdir, yaşanan hallarda şair dünyada heç kəsin bilmədiyi nəyisə çatdırmaq istəyir, amma şairin öz yolu var - hikməti də ondadır, başqaları üçün şübhəli qalır, yoxsa şeir yazmaq necə də asanlaşardı. İtalyan şairi Aligyeri Dante (1265-1321) demişdir: "Sən öz yolunla get, qoy adamlar nə deyir-desin".

 

Əgər şairdə energetik güc - təkan yaranmışsa, poetik (bədii) şüurun əməliyyatları pozulmamışsa şeir - əsər meydana gəlir. Əlbəttə, şairin psixi və sosial əhval-ruhiyyəsi yazmaq və ya yazmamaq əmrinin yolunu intizarla gözləmir, əgər "hə" beynində səslənir və "sağ" beyin yarımkürəsində əks-səda verirsə, qeyri-şərtsiz tələb şeirin misralarını pıçıldayır, şairə o qalır ki, ötən ömrünə həsədlə baxsın, axı, gələcək hələ irəlidədir - bu məqamlara bir kövrəklik, haradasa həsrət, istəmədən boylanan həsəd. İlk gənclik illərinin bir şeiri - "Ömür"ün ömrü bu gün məni də ötən yaşlarıma apardı, axı, Mən niyə?

 

Bir gün həyatımda yellər qopacaq,

Ömür öz tacından salacaq məni.

Neçə il üstündə gəzdiyim torpaq

Bir gün də qoynuna alacaq məni.

 

Qəbrimdə göyərən otları külək

Yayıb göyərdəcək dərədə, düzdə.

Bəlkə sinəm üstə bitən bir çiçək

Gəzəcək nə qədər sinələr üstə.

 

Ömür də bir borcdur əlli il, yüz il,

Bədbəxtdir az yazıb, çox yaşayanlar.

Şair dost, ömrünü yaşında deyil,

Yazdığın nəğmənin özündə axtar.

 

Şair Məni bəlkə də əlli il keçmişə apardı - dahi hind şairi, filosofu, Nobel mükafatı laureatı Rabindranat Taqorun bir şeirindən aldığım təəssürata. Yaddaşım səhv etmirsə, Məmməd Arazın vaxtilə tərcümə etdiyi "Bu bəxtiyar dünyada..." şeirinə. R.Taqor da təbiətin ölməzliyini, onun bir zərrəciyi kimi xalqına borcunu və ölən zaman gileyinin nikbinliyini yaşamışdır...

 

Ömrün - yaşamağın əbədiliyini arzulayan hər bir insanın, o cümlədən, Məmməd Arazın intizarlı hisslərinin motivləri daha neçə-neçə şeirin yazılması ehtiyacını yaratdı. "Əlvida dağlar", "Duman", "Göy göl", "İstisu lövhələri", "Dənizim" ovqatında. Şair bir gün dağların seyrinə çıxır, kənardan süzür: leysanlı, yağışlı, qartallı, güllü-çiçəkli, şehli çəmənli dağlar ucalıq qüruru ilə yanaşı, bir həzinlik, bir nisgillik və bir də xoş arzu diləyir, amma ümidini tam üzmür, haçansa qayıdacağına işarə edir:

 

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar? -

Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə.

Ey qaragöz pəri, dalımca sən də

Boylan, salamat qal, bax, salamat qal!

 

...Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeiri də sənsən.

Varı, bərəkəti, xeyri də sənsən,

Çoban, salamat qal, dağ, salamat qal.

 

Poeziyada assosiasiya mühüm psixoloji amildir və olub keçmişi xatırladır, əsasını qavrayış zamanı qonşuluq, oxşarlıq, əkslik bağlılıqların formalaşması təşkil edir, şübhəsiz, poetik qavrama aparıcıdır. Belə ki, poetik qavrayışın məzmunundan asılı olaraq faktlar, hadisələr başqa bir cisimlərlə, əhvalatlarla qarşılaşdırılır, müqayisələr aparılır. Bu tutuşdurmanın nəticəsi qavrama prosesində yaranan assosiasiyaların məzmununa daxil olur və bədiiliyi təmin edir, bədii təsvir (epitet, metafora, mübaliğə və s.) öz yerini alır. Şairin istedadından, ilhamından, yaddaşından asılı olaraq poetik assosiasiyalar aktiv, yaxud canlı olur və bədii təsvir üçün zəruri şərtə çevrilir: fakt və hadisənin qavranılması gedişində şairdə yaranan assosiasiyalar təsvir vasitəsilə oxucuda əmələ gəlir. Lakin poetik qavrayış prosesində təşəkkül tapan assosiasiyalar canlı, təbii, gözəl deyilsə, müəllif çox səy göstərsə də, təsvir obyekti haqqında canlı, lakonik təsəvvürlər yarada bilmir. Şair şeir yazana qədər yaradıcılıq fərdliyinə, təbii özəlliyinə müvafiq olaraq onun sujetini, kompozisiyasını, obrazlılığı və sairin qarşılıqlı əlaqəsi sürətlə təxəyyülündən keçir, əlbəttə, bu vaxt şair yaddaşına söykənir, şeirin tam modelini yaradır. Məmməd Arazda əmələ gələn kədər notları xeyli qabaqkı illərin izləridir - belə yazardım - Səməd Vurğun ömrünün iki ilini ağrılı, ümidsizlik, ömrün ölümlə labüd nəticələnəcəyi pessimizmi şairi Kəlbəcərə apardı, Aşıq Şəmşirlə "görüşdürdü", bir xeyli əvvəl "Mən tələs-mirəm", "Unudulmuş tək məzar", "Şair, nə tez qocaldın sən" unikal şeirlər yazdırmışdı. Şair bu mövzuları "planlaşdırmamış"dı, intuisiyanın, ilhamın, intellektin diqtəsiydi. Necə ki, S.Vurğunun şeirlərilə M.Arazın şairə həsr etdiyi poetik nümunələrin motivləri arasında assosiativ bağlılıq vardır.

 

S.Vurğunun "Mən tələsmirəm" və "Şair, nə tez qocaldın sən" şeirləri "Unudulmuş tək məzar"dan sonra qələmə alınmışdır. Birinci şeirdə insan ömrü ilə təbiət arasındakı rasional fikir məntiqinin "mübahisəsi" leytmotiv təşkil edir. Bu kövrək və nikbin çalar bir melodiya kimi misraları çalır, səsləndirir. Bu səsdə təbiətə qovuşacaq insanın emosional və inttellektual düşüncələri duyulur. Bütün şairlər yaşın hansısa zirvəsindən gileylənmişlər: Ömür niyə bu qədər tələsdirir insanı? Niyə bu qədər? S.Vurğun şeirdə ənənəvi inamının nikbin sonunu yalnız təbiətin özündə daima hərəkətdə, dəyişmədə olan varlıqda axtarır: gecə qoy uzansın, səhər geciksin. Şair ovqatının bu məqamlarında özünün mənəvi və fiziki hesabatını dinləyir. Çünki şair ötən yaşın hər anının bu gün qurğuşun ağırlığını instiklə duyur:

 

Mənim söhbətimdən yorulmaq olmaz,

Hələ yer üstündə, insan yanında.

Deyib danışmaqdan doymamışam mən...

Uzadaq ömrünü hər bir anın da...

 

Məmməd Araz "Sən tələsmədin" şeirini yazdı və S.Vurğuna həsr olunmuş nisgilli, heyfsli, göz yaşlı şeirlər arasında poetik dəyərilə seçildi.

 

...Könlü qar gəzənlər tələssin dağa,

Dağın tələsməsi məncə əbəsdir.

Dənizlər can atsın ümman olmağa,

Ümmanın öz suyu özünə bəsdir.

 

Qəlbin od gəzmədi şaxta kəsəndə,

Söylədin hər fəslin öz aləmi var.

Dedin tələssən də, tələsməsən də

Yenə öz vaxtında gələcək bahar.

Gah oldu oylağın Göyəzən dağı,

Sözünlə açıldı ayın qabağı.

Əsl bayramını bayramqabağı -

Elədi görəndə gözəllər səni.

 

Bəzi parçalarını verdiyimiz şeirdə "Mən tələsmirəm"in poetik çalarları, obrazları, görümləri ustalıqla saxlanmışdır. Çünki S.Vurğun təbiətin qanununa tabe olub, idrak əxlaqi təminata cavabdehlik daşımışdır; təbiət heç nəyi əsirgəməmişdir, sanki hər şeyini şairin poetik ovqatının ixtiyarına vermişdir. Əxlaqi təminat poetik fikrin yekunu kimi cavabdehlik daşımalıdır. Və bu əhval S.Vurğunun "Şair, nə tez qocaldın sən?" etirafına gətirdi...

 

Məmməd Araz şeirin assosiativ təsirilə "Müqəddəs məzar" şeirin bir ildən sonra (1957) qələmə aldı. Lirik-epik bu bədii nümunəni yüksək emosional pafosla, intellektual düşüncə və daxili yanğı ilə oxuculara çatdırmışdır: Müəllif müqəddəs bir qəbirin önündə baş əyir, mülayim külək olsa da onun qəlbindən qasırğalar keçir, əlində çiçək.

 

Düzü, şeir məni tutdu, xəyali şairin ölümü gününə apardı, el yığınında torpağa basdırılan anları. Xatırlayıram: məşhur memar, professor Qəzənfər Əlizadə "Qobustan" jurnalı redaksiyasında S.Vurğunun axınla Xəxri xiyabana aparılan foto-şəklini göstərdi, dedi ki, belə kütlə məhəbbətini mən bircə Üzeyir bəyin dəfnində görmüşəm! Xalq öz şairini bu dərəcədə sevərmiş! Kaş gözlərinizlə baxaydız yolasalma mənzərələrinə!

 

Məmməd Araz görünür, cavan ikən o axının arasında imiş!

 

Əsir ilıq külək, mülayim külək,

Fəqət, qasırğalar keçir sinəmdən.

Qəlbimdə çırpıntı, əlimdə çiçək,

Müqəddəs bir qəbrə baş əyirəm mən.

 

Onun dövrəsində gül-çiçəyə bax,

Deyirsən əkilib iyirmi ildir.

Üstündə göyərən otların ancaq,

Hələ bir yaşı da tamam deyildir...

 

Unutmayaq ki, xalqın sevgisini qazanan insanların məzarı üstünə səpələnən qərənfillər, qəbrin əhatəsində əkilən güllər-çiçəklər, süzülən göz yaşları hələm-hələm qurumur, hər il gələn baharı beləcə qarşılayır, "o güllü-çiçəkli çöl aşiqiydi, bunu duyursanmı, bahar, ay bahar?" Sualını şair təsadüfən pıçıldamır. Və təbiətə üz tutur, axı, insanı dünyaya gətirən də ana təbiətdir, torpağa aparan da! Bir də bu iki tarix bahara düşə! Təzada bax: Ana təbiət yamyaşıl geyinib, amma şairə vaxtsız qıyan da elə təbiətin özüdür, "kamınca bir ömür sürmədən gedən" şairi. S.Vurğun təbiət vurğunu idi, poeziyasında təbiət bir tərəfdən, dünyanın harmonik dərkinə "açar" idisə, digər yandan bu harmoniyada təbiətin özünün qorunması çağırışı vardı.

S.Vurğunun da, M.Arazın da şeirləri "ölüm poeziyası" nümunəsi deyil. Fərəhli ömrün başı üstünü alan ölümün ağrılı gəlişinin duyulması və real qüvvəyə çevrilməsi şeirin fəlsəfəsindəki metafizik qüdrətin duyumu. İlahi qüvvənin qeyri-havadarlığı yaşamaq ümidini qırır və cavabı fərziyyəyə bağlı olan sual qoyur: - ölümsüzlük, yoxsa ölüm? İnsan bəzən ölümə can atır, o anlarda ona təklif etsən ölümsüzlüyü - məmnunluqla bundan imtina edər. Vaxtilə yunan allahı Hermes mənasız ölümsüzlükdən bezmişdi, ölməyi bacarmaq üçün o, adam olmaq istəyirdi.

 

Neçə əsəri də odlu çağında,

Qaldı yazılmamış can otağında.

Əmirxanı tapıb Kür qırağında

Bağından bir meyvə dərmədi getdi.

 

Eldarı el deyib - ellə qalacaq,

Aygün min illərcə Ay, Gün olacaq.

Gözləyib Ülkəri on beş il ancaq

Ona toy xələti vermədi getdi, -

 

bu, ölümün kabus simasıdır, insanı uzaq səfərə yola salmasıdır.

 

Məmməd Arazı tanıdığım illərdən nikbin əhvalda anlamışam (o vaxt o, "Ulduz" jurnalında Abbas Abdulla, Tofiq Bayram, Əhəd Muxtar, Səyavuş Sərxanlı və rəssam Ədalət Həsənovla bir çalışardı), arada poeziya haqqında "dəyirmi masa" söhbətləri olurdu. Şeir gətirən gənc şairlərlə o qədər səmimi danışardı. Bir dəfə də eşitmədim ki, özünü şair Məmməd İbrahim (Araz) kimi təqdim etsin. Halbuki o vaxt bir neçə şeir kitabının müəllifiydi; "Sevgi nəğməsi" (1959) haqqında yüksək fikir söylənilmişdi. İki il sonra "Üç oğul anası", "Mən səni taparam", "Araz axır", "Anamdan yadigar nəğmələr", "Ömür karvanı" və s. şeir kitabları stolun üstündə idi...

 

"Nobel mükafatı", "Səba yeli", "Şeirim", "Kəklik", "Göy göl", "Məndən ötdü qardaşıma dəydi", "Şuşada bir gecə" və s. şeirləri maraqlı oxunurdu, xüsusilə, müəllifin adını yaxşılığa hallandırırdı.

 

"Müqəddəs məzar"da şairin müdrikliyə çağıran poetik fikirləri düşündürür. Mən şeirin yazılma tarixini bu günə hesabladım: nə az, nə çox - 60 il! Amma şeirdəki dərinliyə bax, sanki ölümdə hansısa bir sirr bu anlarda açılacaq, insanın doğumu ilə ölümü arasındakı paralellik qovuşmayacaq. Elə olarsa, günahkar kimdir, yaxud nədir?

 

Günahkar görürəm torpağı, yeri,

Ömrümüz özü də sirli aləmdir.

Nədənsə insanın əzəldən bəri

Gəlişi sevincdir, gedişi qəmdir.

 

Yox, yox, kədərlənmə ürək, ey ürək,

Onun söz mülkündən kədər uzaqdır.

Bir də ki, dünyaya gələn gedəcək -

Ölümə yalvarış, ümid nahaqdır.

 

Düşünməyə əsas görürəm: şeir hələ bitməmişdir, şair uzaq səfərdən qayıtmamışdır, müəllif mülahizəsini 60 ildir oxucusuna ötürülə-ötürülə inandırmaqdadır. Ədəbiyyatçı Pol Valerinin sözüdür: "Şeir heç vaxt bitmir, onun yaranması bitə bilər. Şeir ötürmələrlə yaşayır: fikirdən qələmə, qələmdən kağıza, kağızdan oxucuya və sonsuzluğa qədər davam edir".

 

Bu təəssüratım məni daha irəliyə - Məmməd İbrahimov imzalı Məmməd Araz şeirlərinin yazılma tarixinə apardı. Müqtədir tənqidçi, mərhum müəllimim Əhəd Hüseynovun ədəbiyyata obyektiv meyarı ilə yanaşan siması və qələmi canlandı. "Lirikamızın həyatiliyi uğrunda" adlı geniş formatlı məqaləsində Məmməd Arazın da şeirlərini xatırladır: "Son cavab" və "Ayrılıq"ı ("Azərbaycan" jurnalı, 1951, №8) və yazır ki, "Ayrılıq" şeirində tələbəlik illərinin başa çatdığına, o şən, qayğısız günlərinin bir də yenidən qayıtmayacağına təəssüf hissi mühüm yer tutur, təbii ki, əllinci və altmışıncı illərin ədəbi tənqidi də "sosialist realizm" prinsipindən kənara çıxmadı və poeziyanın incəliyini, şüuraltı məqamları, şairin fərdi üslubunu görmədi, universal yanaşmağa üstünlük verdilər.

 

Mən uzun illərdir poeziya sənətini, eləcə də nəsr estetikasını tədqiq edirəm. S.Vurğun, Mir Cəlal, İ.Şıxlı, Musa Yaqub, O.Rza, Adil Cəmil və başqalarının poetikası haqqında irihəcmli monoqrafiyalarım nəşr olunmuşdur. Xüsusilə, ötən əsrin ədəbiyyatçıları - tənqidçiləri əslində, repressiyaya məruz qalmışlar - mənəvi baxımdan fiziki qurbanların yaradıcılığına da belə bir prizmadan yanaşmış, süni pafosla qiymətləndirmişlər. Poeziya da istisna deyildi. Hamımızın ruhuna və irsinə hörmət etdiyimiz M.Arif, Orucəli Həsənov, Əkbər Ağayev, M.C.Cəfərov, N.Ələkbərli, Əli Nazim, Əhəd Hüseynov simasında istedadlarımız yazırdılar, lakin bu istedadın imkanlarından lazımi qədər istifadəyə məhdudluq qoyulmuşdu. Bu nəsildən sonra B.Nəbiyev, Xalid Əlimirzəyev, Ş.Salmanov, Məsud Əlioğlu, Asif Əfəndiyev və b. nisbətən obyektivlik meyarını gözlədilər. "Nisbətən" ona görə deyirik, onlar da subyektiv yanaşmalara yol verdilər, layiqli əsərləri haqsız tənqid hədəfi seçdilər. Çox uzaq olmayan tarixə qayıdanda İ.Şıxlının, Mir Cəlalın, Anarın, Əli Kərimin, Əlibala Hacızadənin, Cəfər Xəndanın, Abbas Zamanovun, İmamverdi Əbilovun, Mikayıl Rəfilinin, Qulu Xəlilovun, Akif Hüseynovun, Sabir Əhmədovun qələmində Məmməd Arazın əsərləri az qala günün mövzusuna çevrilsin. Müqayisədə son ədəbi-tənqidçi nəsli həm şəxsi obyektivlik, həm də intellektuallıq səviyyəsində nəsrə və poeziyaya düzgün yanaşırlar, şübhəsiz, bəzi çalarlar nəzərə alınmalıdır: şəxsi pərəstiş (yaxud yaxınlıq), vəzifəni itirmək qorxusu, kəsərsizlik... Mürəkkəbi qurumamış ortabab əsərlərin şişirdilməsi sevinci. Bu hisslərimdə birtərəflik mümkündür və istisna etməzdim, amma onların çevik təfəkkür tərzi, duyum bacarığı, mütaliə mədəniyyəti inkarolunmazdır.

 

Nizami Cəfərov, Kamran Əliyev, Zaman Əsgərli, N.Şəmsizadə, Vaqif Yusifli, T.Salamoğlu, Azər Turan (Əbilov), E.Akimova, Rüstəm Kamal və digərlərinin tədqiqatlarını, resenziyalarını oxumağa dəyər.

Mənim qəfil mövzu "axtarışımın" mayasında o fikir dayanır ki, ötən əsrin 60-cı illərində öz üslublarını yaratmış şairlərimizdən M.Araz, N.Həsənzadə, C.Novruz, M.Yaqub, Əli Kərim, Tofiq Bayram, K.Kələntərli və b. haqqında birinci nəslin nümayəndələri yetərli, sanballı, öncə şeirlərinin poetikasına nüfuz edən bir məqalə belə yazmamışlar. Bəzi oxucularım bu məsələni təvazökarlıqla əlaqələndirə bilər, ancaq heç də belə düşünməzdim. İstedadı vaxtında anlayıb qiymətləndirmək xoşdur və tarixdir. S.Vurğun, O.Sarıvəlli, Rəsul Rza, M.Rahim, S.Rüstəm, Əhməd Cəmil neçə-neçə gənc şairi ruhlandırmışlar, əllərindən tutmuşlar. Az sonra onlar poeziyanın əzablı yollarında öz sözünü diriltdi. B.Vahabzadə, Qabil, Ə.Kürçaylı, B.Adil, S.Səfərli, Əli Kərim, Tofiq Bayram son nəfəslərinəcən "ədəbi yaxşılığı" unutmadılar...

 

525-ci qəzet  2018.- 15 avqust.- S.6.