Xəzər sabitlik və əməkdaşlıq
dənizinə çevrilir
"QƏBUL
OLUNAN KONVENSİYA BÜTÜN XƏZƏRYANI
DÖVLƏTLƏRİN MARAQLARINA CAVAB VERİR"
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində
Xəzəryanı dövlətlərin prezidentlərinin V
zirvə toplantısında Xəzər dənizinin hüquqi
statusuna dair qəbul olunan konvensiya tarixi razılaşma olmaqla
bərabər, böyük əhəmiyyətə malikdir.
Xəzərin konstitusiyası kimi qiymətləndirilən
sənəd özündə zəngin təbii sərvətləri
cəmləşdirən bu böyük və qapalı su
hövzəsinin ətrafındakı dövlətlər
arasında bütün ziddiyyətləri aradan qaldırır
və geniş əməkdaşlıq əlaqələri
üçün yeni imkanlar yaradır.
Xarici ekspertlər də hesab edirlər ki, Xəzər dənizinin
hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkəsi
üçün dönüş nöqtəsidir. Bütün
ölkələr, xüsusən, Azərbaycan konvensiyadan daha
çox iqtisadi fayda əldə edəcək, Xəzərin
karobohidrogen ehtiyatlarının Qərb bazarlarına
daşınması üçün dənizin dibindən kəmərlər
çəkilməsi üzərində maneə aradan
qaldırılacaq.
Təsadüfi deyil ki, Azərbaycan hüquqi statusla
bağlı danışıqların getdiyi bütün
dövr ərzində beynəlxalq hüquqa və
qarşılıqlı etimada söykənən milli mənafelərini
müdafiə edib və digər qonşu ölkələr də
xoş məram nümayiş etdirərərək Azərbaycanın
milli maraqlarını müdafiəsi qarşısında
müəyyən güzəştlərə gediblər.
Prezident İlham Əliyevin konvensiyanın imzalanmasından
sonra təşkil olunan birgə mətbuat konfrasında
çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan
bu sənədin hazırlanmasının bütün mərhələlərində
konstruktiv işləyib və digər Xəzəryanı
ölkələr kimi bu sənədin imzalanmasına öz
töhfəsini verib. Ölkə başçısı bildirib ki, Xəzər
təhlükəsizlik, sabitlik dənizidir, Xəzəryanı
ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq,
etimad və qarşılıqlı fəaliyyət
mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin
başlıca qarantıdır: "İmzalanmış
konvensiya Xəzəryanı ölkələrin sıx
qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat
xarakterli məsələlərin, xalqlarımızın həyat
səviyyəsinin yaxşılaşmasına kömək edəcək
məsələlərin həlli üçün geniş
perspektivlər açır. Azərbaycan Xəzərdə
ekoloji vəziyyətin yaxşılaşmasına fəal və
böyük töhfə verir, görülən tədbirlər,
xüsusən neft-qaz əməliyyatlarının həyata
keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin
qarşısını almağa hədəflənib. Azərbaycan mümkün olan hər şeyi edir ki, Xəzər
ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin".
Dövlət
başçısı qeyd edib ki, Azərbaycan qitələri
birləşdirəcək nəqliyyat infrastrukturuna fəal surətdə
sərmayə yatırır və
reallaşdırdığı layihələr Xəzəri
mühüm nəqliyyat arteriyası kimi nəzərdən
keçirməyə imkan verir: "Azərbaycanın
Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini
təqdim etdiyi Şərq-Qərb, Azərbaycandan keçməklə
İran və Rusiya arasında tranzitin
reallaşdırıldığı Şimal-Cənub dəhlizlərii
iqtisadi əməkdaşlığı möhkəmləndirən,
yeni iş yerləri yaradan, bizi bir-birimizə
yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin
möhkəmlənməsinə şərait yaradan layihələrdir".
Məsələ
ilə bağlı fikirlərini bildirən Azərbaycan-Qazaxıstan
Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev
qeyd edib ki, Xəzərin statusuna dair razılaşma
asanlıqla əldə olunmayıb: "Xəzər sahili
ölkələr təxminən, 22 il danışıq
aparıblar. Nəhayət, yekun nəticə
qardaş Qazaxıstanda əldə olunub".
Deputatın
sözlərinə görə, Xəzərin statusu ilə
bağlı qəbul olunan konvensiya bütün Xəzəryanı
dövlətlərin, o cümlədən, Azərbaycanın
maraqlarına cavab verir: "Konvensiyaya görə, 5 dövlət
Xəzər sahilindən 15 mil məsafəyə, həmçinin,
10 mil məsafədə balıq tutma hüququna malik olacaq. Qalan hissə isə birgə istifadədə olacaq.
Ancaq konvensiyanın imzalanması dibin
bölüşdürülməsi məsələsindən
ayrı tutulur. Dibin bölüşdürülməsi
ikitərəfli sazişlər əsasında müəyyənləşdirilir.
Xəzərin statusunun müəyyənləşdirilməsi
qədər dibin bölüşdürülməsi də Azərbaycan
üçün vacibdir. Xəzərin
dibinin bölüşdürülməsiylə bağlı Azərbaycanın
Qazaxıstan və Rusiya ilə ikitərəfli sazişləri
var. Konvensiya imzalanandan sonra Azərbaycan Türkmənistan və
İranla da oxşar sazişlər imzalamalıdır".
Vaxtilə
İranın Xəzərin bərabər hissələrə
bölünməsini istədiyini deyən A.Əliyev bildirib
ki, bu, beynəlxalq dəniz hüququna zidd olduğuna görə
Xəzəryanı dövlətlərdən heç biri bu
şərti qəbul etməyib: "Xəzərin statusu ilə
bağlı danışıqların bu qədər
uzanması məhz İranın mövqeyi ilə bağlı
idi. Nəhayət, İranda anladılar ki,
mövqeləri yanlışdır və geri çəkildilər.
Bu baxımdan İran Xəzərin dibinin beynəlxalq
hüquq normalarına görə bölüşdürülməsi
məsələsində də Azərbaycanla
razılığa gəlməlidir".
ABŞ-ın
İrana qarşı sərt sanksiyalar tətbiq etdiyini
xatırladan deputat qeyd edib ki, Birləşmiş Ştatlar bu
sanksiyaları İranla əməkdaşlıq edən ölkələrə
və şirkətlərə qarşı da tətbiq etməyə
hazırlaşır: "Buna baxmayaraq, Azərbaycan İranla
iqtisadi və ticarət əməkdaşlığından
imtina etmir, İrana böyük yatırımlarımız
var. Ona görə də İran bunun
qarşılığında Xəzərin dibinin
bölüşdürülməsi məsələsində
dost adlandırdığı Azərbaycanla razılığa
gəlməlidir".
A.Əliyev
hesab edir ki, Xəzərin dibinin bölüşdürülməsi
Türkmənistanla da razılaşdırılmalıdır:
"Qardaş Türkmənistanla problem yaranacağını
zənn etmirəm. Müvafiq saziş
imzalandıqdan sonra isə Türkmənistan qazının Azərbaycan
üzərindən qardaş Türkiyəyə, oradan da
Avropaya daşınması aktuallaşacaq. Bunun
üçün Xəzərin dibi ilə boru xətti (Transxəzər)
çəkilməlidir. Qazaxıstanda
imzalanan konvensiya bu məsələnin həllini də yoluna
qoyur. Boru xəttinin tikintisi bölgə
ölkələrinə gəlir gətirməklə yanaşı
Azərbaycanla Türkmənistan və ümumilikdə türk
birliyini gücləndirəcək".
Azərbaycan-Qazaxıstan
Parlamentlərarası dostluq qrupunun rəhbəri əlavə
edib ki, prezident İlham Əliyev Qazaxıstana səfəri
çərçivəsində qardaş ölkə
başçısı Nursultan Nazarbayevlə çox məhsuldar
görüş keçirib: "Xəzərin statusunun müəyyənləşməsi
bölgə əməkdaşlığını genişləndirmək
üçün yeni fürsətlər açır. Birinci növbədə Qazaxıstanla Azərbaycan
arasında Xəzər üzərindən ticarət və mal
daşımaçılığı artacaq. Təsadüfi
deyil ki, Nursultan Nazabyavev İlham Əliyevlə
görüşdə xüsusi vurğulayıb ki,
Qazaxıstan Çinlə sərhəddə yeni yollar
salıb, bu yollar Xəzər sahilində yeni qurulan Kurık
limanına qədər uzanacaq. Aktau
yaxınlığında tikilən Kurık limanı Ələt
limanına bənzəyir. Beləliklə,
iki qardaş ölkə limanı İpək Yolunun bərpasında
əsas rol oynayacaq. Çindən
çıxan mallar Qazaxıstan, Azərbaycan və Türkiyə
üzərindən Avropaya daşınacaq. Bu marşrut da Türk birliyinin inkişafında əvəzsiz
rol oynacayaq".
"Azərbaycan-Qazaxıstan Parlamentlərarası
dostluq qrupunun rəhbəri kimi tez-tez qardaş Qazaxıstana səfər
edirəm.
Qazax rəsmilərlə, deputatlarla və soydaşlarımla
çoxsaylı görüşlərdən gəldiyim qənaət
budur ki, vaxtilə Ümummilli lider Heydər Əliyev, indi isə
onun layiqli davamçısı İlham Əliyevlə Nursultan
Nazarbayev və Rəcəb Təyyub Ərdoğanın
Türk birliyin formalaşmasında misilsiz xidmətləri var.
Türk birliyi yalnız siyasi təmaslar və konfranslar deyil. Türk birliyi həm də bu gün ərsəyə
gətirilən və dəyəri on milyardlarla dollar
ölçülən regional layihələrdir. Bu layihələr birliyimizi daha da möhkəmləndirəcək",
- deyə A.Əliyev fikirlərini tamamlayıb.
Milli Məclisin
deputatı Sahib Alıyev Xəzərin hüquqi statusu haqda
konvensiyanı Azərbaycanla Rusiya arasında dövlət sərhəddi
haqqında anlaşma qədər və hətta ondan da önəmli
bir sənəd hesab edir: "Hər iki məsələ ətrafında
danışıqlara 1996-cı ildə
başlanılmışdı. On dörd il davam edən
danışıqlardan sonra 2010-cu il sentyabrın 3-də
"Azərbaycan Respublikası və Rusiya Federasiyası
arasında dövlət sərhədi haqqında" dövlətlərarası
müqavilə imzalandı. Moskvanın
başında durduğu bütün inteqrasiya modellərində
ona ən böyük dəstək verən Qazaxıstanla
Rusiya arasında dövlət sərhədinin delimitasiyası
və demarkasiyası reallaşdırılmadığı
halda Azərbaycanın bunu bacarması, əlbəttə,
böyük diplomatik uğur idi. Və bir
sıra reallıqları göz önünə gətirsək,
deməliyik ki, bu heç də asan əldə edilən
uğur deyildi. Hətta müqavilə
bağlanandan sonra Rusiyada ən müxtəlif səviyyələrdə
bunun əleyhinə fikirlər səslənirdi. Ancaq bu ilin fevralında Azərbaycan-Rusiya dövlət
sərhədində ilk sərhəd nişanının
quraşdırılmasıyla karvanın keçib mənzil
başına çatdığını deyə bilərik".
Deputat
qeyd edib ki, Xəzərin hüquqi statusuyla bağlı
konvensiyada bir sıra məsələlərdə tam konkretlik
yoxdur: "Ancaq bu konvensiya Azərbaycanın həmin məsələrədə
belə daha güclü mövqedən çıxış
etməsini təmin edir. İlk növbədə
söhbət ondan gedir ki, Xəzərin milli sektorlara
bölünməsində nə İranın, nə də
Türkmənistanın daha əsassız tələblər irəli
sürməyə "arqument"ləri olacaq. Üstəlik, İranın üzləşdiyi indiki
durum və Transxəzər qaz kəməri məsələsində
Türkmənistanın Azərbaycandan
asılılığı hər iki ölkəni daha güzəştli
mövqedən çıxış etməyə sövq edəcək".
S.Alıyev
hesab edir ki, bu anlaşma dövlət
başçımızın sammitdəki
çıxışında da vurğuladığı kimi,
Azərbaycanın materik əhəmiyyətli nəqliyyat
qovşağına çevirilməsi prosesində
mühüm bir addımdır: "Sənəd ölkəmizin
Türkmənistan və İranla Xəzərin milli sektorlara
bölünməsi məsələsində
razılığa gəlməsinə yol açır. Bu zaman Türkmənistan prezidentinin təbirincə
desək, onun ölkəsini çətin danışıqlar
gözləyirsə, bizim üçün həmin
"çətinlik" aradan qalxıb".
Deputat
bildirib ki, tarixi razılaşma ilə Transxəzər qaz kəməri
reallığa çevrilə bilər ki, bu məsələdə
əldə edəcəyimiz mənfəətlə
yanaşı, ölkəmizin bir tərəfdən Türkmənistan,
digər tərəfdən isə Avropa üzərində təsiri
daha da artmış olacaq: "Xəzərin qarşıdurma
poliqonu deyil, əməkdaşlıq platforması olması
haqda ilk çağırışları edən və bu
yolda ilk addımları atan da məhz Azərbaycan olub. Düz 22 illik çək-çevirdən sonra
bütün Xəzəryanı dövlətlər bunun daha
doğru yanaşma olduğunu dərk edib və qapalı su
hövzəsinin hüquqi statusu haqda konvensiyada öz prezidentlərinin
imzalarıyla təsdiqləyiblər".
Ceyhun ABASOV
525-ci qəzet 2018.- 17 avqust.- S.4.