Yanar ocaq...
(Əbülfət Mədətoğlunun
şeirlərini oxuyarkən...)
Real, axarlı şeirləri ilə özünəməxsus dəsti-xətti
olan, "Səməni
nəğməsi", "Nilufər çiçəyi",
"Ehdiyacın elçi
daşı", "Cəzayam
sevdiyim qıza",
"Allah, məni unutma...",
"Mənim kimi sevə bilsən..." kimi poetik topluların müəllifi Əbülfət Mədətoğlu keçən əsrin 80-ci illər ədəbi nəslinə
mənsubdur.
70-ci illərdə ali
təhsil alıb, ara-sıra şeirlər yazsa da, dövrü
mətbuatda ilk şeiri
1981-ci ildə "Azərbaycan
gəncləri" qəzetində
çap olunub. İlk kitabı isə 1989-cu ildə "Yazıçı"
nəşriyyatında işıq
üzü görüb.
Nəzərə alaq ki, 80-ci
illərdə ədəbiyyata
gəlmək, özünü
bir yazar kimi təsdiq etmək o qədər də asan məsələ
deyildi. Xüsusilə,
bölgədə yaşayıb,
yazdıqlarını Bakıda
çap etdirmək çox ağır, üzücü
iş idi. Lakin Ə.Mədətoğlu bütün
bunların öhdəsindən
vaxtında gələ
bilmişdi.
Adi, zəhmətkeş
bir ailədə böyüyən, ali təhsil alan, sonra özünə
çətinliklə yuva
quran bir şair üçün
ən ağır, ağrılı, çəkiləsi
çətin olan yük, qurduğun yuvanın, bütövlükdə bir elin, obanın itirilməsi və uzun müddət qaçqın, köçgün
həyatı yaşamasıdı.
Mədətoğlu o günlər haqqında özü belə yazır: "1991-ci il oktyabrın son gecəsi doğma kəndim, ata ocağım odlara qalandı:
“Yandı evim-eşiyim,
Yandı
divarım, daşım...
İsit,
qoyma üşüyüm,
İsit
məni, göz yaşım..."
Ə.Mədətoğlunun mövzu dairəsi genişdir.
Qələmini bir çox sahədə sınayıb. Onun yazdıqlarını təhlil etmək üçün
qruplaşdıranda məlum
oldu ki, ən çox yurd yanğısı, el-oba dərdi üstünlük təşkil
edir.
Əbülfətin ilk şeirləri təbiət, ana, ata, dostlar haqqındadır.
Bu da təbiidir.
Gözünü dağların qoynunda açan şairin ilk müraciəti
etdiyi yer elə təbiət - onun dağları, bulaqları olmalıdır.
"Nilufər çiçəyi"
kitabında
toplanan
şeirlər kimi:
"Ana", "Nilufər çiçəyi", "Əsgər
qardaşıma", "Azıx",
"Anam Vətən",
"Qavaldaş" və
s. Daha sonra şairin məhəbbət
şeirləri gəlir:
"Bu qızın...", "Qalib", "Ondan sonra", "Doymamışıq
məhəbbətdən" və s. Lakin insan zəmanəsinin
övladıdı. Nə
qədər ki,
dağlar yerindəydi,
dərələrdə sellər-sular
çağlayırdı, günəş dağlardan boylanıb baxırdı Mədətoğlunun yazdıqları
da təbii ki, təbiət idi, onun xoşbəxt
insanları, sevən gəncləri, gülərüzlü
fidan körpələri
idi. Söhbət 80-ci illər poeziyasından
gedir. Lakin
90-cı illər ədəbiyyatı
özündən əvvəlki ədəbiyyatdan
kəskin surətdə fərqlənir. Çünki
əvvəlki həyat,
cəmiyyət, sosial
durum, sosial quruluş birdən-birə, qısa zaman kəsiyində dağılmış, necə deyərlər, yox olmuşdu. Və təbii ki, bu da ədəbiyyatın,
poeziyanın yönünü,
mövzusunu
dəyişmişdi.
Ə.Mədətoğlu realist şairdir. Onun gördükləri, yaşadıqları
kifayət edir ki, real
həyat hadisələrini, həqiqətləri,
olanları qələmə alıb oxucusuna ötürə bilsin. Bu mənada şairin "Dərdini danışan adam" kitabında toplanan poetik nümunələri bunu deməyə əsas verir ki, Mədətoğlunun lirik qəhrəmanı məhz elə şairin özüdür. Onun yazdıqları
"Üşüyür", "Nişanə", "Dağlar",
"Ümid yeri",
"Çadırda keçən
ömür", "Ağırdı",
"Mənim dərdim",
"Nağıl", "Qəbir daşı",
"Müqəddəs dava"
kimi onlarla poetik parçaları çadır şəhərciyində yaşadıqlarının
əks-sədasıdır.
Burada - bu düzənlikdə çıxan günəş
səhər-səhər dağlardan
boylanıb gülümsəmir,
birbaşa çadırları
yandırıb keçir:
Qaranlığa süzülən -
bir barmaq işıq üçün,
ümid yerimsən, ümid.
Günəş od püskürəndə -
görünən topa bulud,
ümid yerimsən, ümid...
Şairin
lirik qəhrəmanı
həm ata ocağının, ana
yurdunun itkisinə
dözməli, həm
də çadırın isti, soyuğunda yaşayıb yazmalı idi ki:
Mən bu qaçqın millətin,
Bir sıra nəfəriyəm...
İçimdə dərd, qəm yatır.
Çiynimdə gəzdirdiyim
Yurdsuz övladlarımın
Kəndiyəm, şəhəriyəm -
Başımı onlar qatır...
Şair gördüklərini, yaşadıqlarını,
qəlbinə hopan yanğını, ağrını,
nisgili sakit-sakit dilə gətirib, qələmə alır. Müharibənin
yaratdığı sərt,
ağır, fərəhsiz
günlərin çoxluğunda o, özünü
nağılla ovundurur:
"Ətəyimdə daş,
ovcumda qum, ağzımda su daşıyıram./İynə
boyu divar hörüb, ev olacaq deyirəm bu.../Bu ümidlə yaşayıram..."
Kitabdakı şeirləri oxuduqca
çadırda keçən insan ömürləri sanki bir-bir vərəqlənir...
Çadır, vaqon evləri haqqında ədəbiyyatda
müxtəlif
janrlarda çox
əsərlər yazılıb. Fərq orasındadır ki, biri var
çadırı çöldən,
kənardan, bir az uzaqdan müşahidə
edib yazasan, bir də var
ki, onun içərisində yayın
istisində, qışın
şaxtasında yaşayıb,
yazasan. Qışın
oğlan çağında o çadırın
içindən, bu tufanı təkcə görən yox, həm də yaşayan Ə.Mədətoğlu
yazır:
Hər çadırda bir ürəyin işığı,
Hər ürəkdə
qaralan qor üşüyür.
Gözümüzü ovub tökür tüstüsü,
Xiffət
çəkib, çatlayan gor üşüyür.
Yağış yağır, od-ocaqsız
nəm çadır,
Medalyondur
sinəmdəki qəm-andır...
Tanrım,
özün bircə çınqı
tap, yandır,
Deməsinlər, qaçqın "nə zor" üşüyür...
İstisini külək aparan,
tüstüsü göz
dağlayan çadır
sobalarının qoru da üşüyür...
"Çadır şəhərlərində süpürgəyə
ehtiyac duyulmur. Zaman özü süpürür.
Aparır nə varsa..."
Müharibənin törətdiyi
bu faciələr çağdaş
poeziyanın əksər mətnlərindən boylanır. İstər Bakıda yaşayan, hadisələri
uzaqdan izləyən şairlər olsun, istərsə də hadisələrin mərkəzində,
cəbhə bölgəsində yaşayanlar yazdıqları
poetik əsərlərin
tutumu, faktları,
təsvir-tərənnümü baxımından o qədər
də fərqlənmir.
Yəni hər iki tərəfdən
ədəbiyyata gətirilən
şeirlər səmimiliyi,
reallığı, təbiiliyi
ilə oxşarlıq
təşkil edir.
Qarabağ müharibəsi,
şəhidlik, itkilər,
ictimai-siyasi hadisələr,
qaçqınlıq, köçgünlük
Vətənini, xalqını
sevən, onun dərdinə yanan hər bir şairin
dərd ağacına çevrilir. Lakin hər kəsin - hər şairin öz baxış bucağı da var:
Torpaq nəm, çadır nəm,
ocaqsa soyuq -
Sazaq qılınc kimi kəsir adamı...
Ə.Mədətoğlunun "Saman çöpü", "Nağıl",
"Qəbir daşı",
"Üşüdüm", "Müqəddəs dava",
"Olur", "Kəndim",
"Dəyirmanın dəni
yoxdur", "Bundan sonra" kimi şeirləri şair qəlbinin Vətəninə,
özünə və
soydaşlarına elegiyasıdır!
Əbülfətin Qarabağ mövzusunda yazdığı şeirlərini
oxuduqca onun çağdaş şairlərdən
bir fərqini də aşkar etdim. Maraqlıdır ki, şairin
bütün şeirləri
daxili monoloq kimi səslənir. Birbaşa öz "mən"indən,
sakit-sakit çıxış
edir. Sanki öz-özünə pıçıldayır.
"Oturduğumuz yerdə
bu qədər bəlaları, yağı
düşmən, başımıza niyə gətirirsən?" - demir. Axı düşmənin öz xalqı, milləti də yaxşı gündə deyil, aclıqdan, soyuqdan məhv olur.
Şaxta
- kiçik nəfəslikdə
buz bağlayır,
Soyuqdan ilik donur.
Çadır divarlar içindəki
-
Boşluq
soyuqla dolur...
Həsrət çəkən gözlərin
Kipriklərindən asılır qrov...
Eh, birdə ki nə
fərqi,
Şaxta
olsun, ya isti,
Orada ruhlar girov,
Burda ümidlər!
Dərd çoxalanda adiləşər,
deyib ulu babalar. Bəlkə də ağrı-acının
sonsuzluğundan, çoxluğundandır
ki, Ə.Mədətoğlu
"Bizə dərdimiz
bəsdir, Qalan hər şey əbəsdir" - deyə
düşünür?
Ə.Mədətoğlunun dərdləri, yanğıları
sel kimi deyil, bulaq kimi
dayanmadan, qurumadan axır və axmaqdadır. Başqa sözlə, yanar ocaq kimi həmişə
közərməkdədir:
Başımı qatmayın mənim,
Onsuz da yüküm ağırdır
Dərdə elə bürünmüşəm
Başımda tüküm ağırdı...
...Dərdə dərmansız
zamanda
Əim göydə, dil amanda,
Azıb
qaldığım dumanda
Nə əvvəldi, nə axırdı.
Tarix boyu başqasının torpağına, yurduna göz dikən azğınlar, yağılar da çox olub, yerini, yurdunu dəyişən, qaçqın, köçkün həyatını yaşayan insanlar, yurddaşlar da. "Qaldım havada, Qoruya bilmədiyim, Doğulduğum kənd, bağışla! Bağışla ki, hələ şəhid deyiləm, Uğrundakı müqəddəs davada!"
Müharibənin öz qanunları, qaydaları, diktələri var. Poeziyanın lirik qəhrəmanı bu ağır həyat tərzinə hazır olmalı, dözməli və mübarizəsini, döyüşünü daima, sona, axıra kimi davam etdirməlidir.
Zaman atdan salsa belə,
Sarı
simdə çalsa belə,
Kül altında qalsa belə,
Qorumdan söz göyərəcək!
Unutmayın təki məni,
Ortalığa çəkin məni,
Bu torpağa əkin məni,
Gorumdan söz göyərəcək!
Ə.Mədətoğlu, - Vətən, səni sevirəm, - deyə səs-küy, hay-haray da salmır.
Lakin yazdığı hər bənd şeirində mütləq onun adını çəkir,
itkisinin necə ağır olduğunu, necə göynətdiyini,
yandırdığını aşkar bəyan edir. Düşünürəm
ki, Əbülfətin
poeziyası ədəbiyyatımızın
formalaşmasında öz
rolunu oynayıb, oynayacaq və geniş oxucu kütləsinin yaddaşında
hələ çox illər yaşayacaq.
Bahar BƏRDƏLİ
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.- 17 avqust.- S.7.