Səhnəmizin Hamleti
VƏ YAXUD
ÖLÜM, YA OLUM?!
İsfəndiyar VAHABZADƏ
Allah ondan heç
nəyi əsirgəməmişdi. Boy-buxun, yaraşıq, gözəl nitq qabiliyyəti, jest, davranış,
ən başlıcası
mərdlik, sözündə
bütövlük, əyilməzlik.
Mən Mədəniyyət
nazirinin müavini işləyən vaxtlarda dəfələrlə Fuad
Poladovla görüşmək
istəmişdim. O isə bir dəfə də olsun mənə
zəng eləmədi.
Məndən qaçırdı. Çünki heç yerdə
işləmirdi. Elə
bilirdi, əgər yanıma gəlsə, elə başa düşərəm ki, məndən iş istəyir. Ona görə də,
məndən qaçırdı,
mənə zəng eləmirdi.
Bir dəfə
hardasa oturmuşduq. Ona demişdim
ki, ay Fuad, sənin familiyan da sənin öz
xarakterinə, xasiyyətinə
tam uyğun gəlir -
Poladov. Elə polad kimi möhkəmsən, bərksən.
O da gülüb demişdi ki, "Alə, məni az təriflə, bəsdir”. Demişdim ki, “ay Fuad, mən rayon başçısı
(o zaman "26-lar" - indiki
Səbail rayon İcraiyyə
Komitəsinin sədri
idim), sən isə aktyor. Səndən heç bir işim aşmır
ki... Səni sevdiyimə, sənətinə
dəli kimi vurğun olduğuma görə bunu deyirəm. Onu da mənə
çox görürsən?”
.... Gülə-gülə qayıtmışdı ki, “yaxşı, nə qədər istəyirsən təriflə,
icazə verirəm”.
lll
Yoo...
Biz dost deyildik. Aramızda
6-7 il yaş
fərqi var idi. Amma nə fərqi
var ki? Sözümüz tuturdu. Dediyim
kimi, dost deyildik. Çünki dostluq elədiyin
adamla həftədə
heç olmasa, gərək bir, ya iki dəfə
görüşəsən. Bir yerdə olasan. Heç olmasa tez-tez zəngləşəsən. Məndə isə belə bir imkan yox
idi. Çünki 1976-cı ildən bu son ilə qədər müxtəlif
xarici ölkələrdə
işləmişəm. Heç saymaqla qurtarmaz. Bəzilərində hərbi xidmətdə,
bəzilərində diplomatik
xidmətdə olmuşam.
Amma onu bilirəm ki, dost olsaydıq, çox möhkəm dost olardıq.
Ayrılmaz dost olardıq.
Çünki xasiyyətlərimiz
arasında müəyyən
qədər..... Hmm. Yox,
müəyyən qədər
yox, çox yaxınlıq var idi. Amma ki,
dost olmasaq da, biz Fuadla bir müddət
yoldaşlıq etmişik.
Hərdənbir görüşərdik. Bu, 1990-cı illərdə olmuşdu. Sonralar mən yenə
də uzaqlara getdim. Nə o, məni axtardı,
nə də mən onu. Yox.... Amma bir dəfə
İsveçrədən Bakıya
3-4 günlüyə gələndə
tamam təsadüfən
onu küçədə
gördüm. Tamam təsadüfən.
Görüşdük, qucaqlaşdıq, verdiyi sual bircə
bu oldu. Sən burdasan? Nə vaxt qayıdırsan?
Vəssalam. Mənim işim barədə
bir sual belə vermədi. "Nə edirsən?
Oralarda nə iş görürsən? Bizim haqqımızda nə deyirlər? Nə düşünürlər?"
Axı necə olsa BMT-də işləyirdim.
Qətiyyən yox. Heç bir
sual vermədi. Çünki bu onun xasiyyətinə qətiyyən
uyğun deyildi. Yəqin düşünürdü ki,
məsləhət bilsəm,
özüm danışaram.
Hə.... Ümumi söhbətlər və bir də
çayxana. Vəssalam. Xudahafizləşib ayrıldıq. Amma sonra deyəsən, yenə də onu 3-4 dəfə hardasa görmüşdüm.
Amma mən hardan bilərdim ki, Fuad Poladov da
dünyasını dəyişə
bilər. Çünki o, hələm-hələm kürəyini
yerə qoyan oğlanlardan deyildi. İnana bilməzdim ki, Fuad da bu
dünyadan gedə bilər.
- Necə yəni bilmirdin? Məgər bilmirsən ki,
ölüm haqdır.
Və bir gün gələn,
bir gün də gedir. Ölüm hamını gözləyir.
- Yox, mən əlbəttə,
bilirdim. Amma belə tez də yox da.
Axı, Fuad hələ çox rollar yarada bilərdi.
Məni
Fuad Poladovla mərhum aktyorumuz Səməndər Rzayev tanış etmişdi. Onunla da dost deyildik, tanış idik. 1970-ci illər
idi. Atamın
"Yağışdan sonra" pyesi
səhnələşdirilirdi. Məşqlər gedirdi. Əsərin rejissoru böyük rejissorumuz Tofiq Kazımov, bəstəkarı
Emin Sabitoğlu idi. Emin Sabitoğlu ilə
həm qonşu idik, həm də aramızda böyük yaxınlıq
var idi. Hətta zarafatımız da var idi. Baxmayaraq ki, Emin də
məndən yaşda
böyük idi.
Tez-tez bizə gələr, atamla söhbətləşərdilər.
Daha doğrusu, tək Emin yox, gözəl
bəstəkarımız Adil
Bəbirov da demək olar ki, 2-3 gündən bir bizə gələrdilər.
Gözəl vaxtlar idi.
Mən də tez-tez teatra gedib məşqlərə
baxardım və get-gedə teatr mənim üçün sehirli bir aləmə
çevrilirdi. Fuad Poladov
da, Səməndər
Rzayev də həmin tamaşada oynayırdılar. Və mən
teatrda ilk dəfə canlı "Səlim"i
gördüm. Fuad Poladov
birinci kursda oxuyanda "İstintaq davam edir" filmində Səlim roluna çəkilmişdi.
Əsərdə mənfi rolda
çəkilmişdi. O dövrdə ən dəbdə olan bir söz, "farsovşik" roluna çəkilmişdi (yəni
alverçi). Fuadın mənfi
rola çəkilməsinə
baxmayaraq, bütün
tamaşaçıların sevimlisinə çevrilmişdi.
Səlim
bacarıqlı, daşdan
da pul çıxardan,
şəhərin bir çox qəşəng qızları ilə görüşən cavan
bir oğlan rolunda idi. Buna baxmayaraq, o dövrdə
bu cavan oğlana şəhərin
bir çox dəbdə olan qızları vurulmuşdu.
Kiçik bir haşiyə:
1990-cı illər idi,
bir gün, səhv etmirəmsə, sirkin restoranında oturmuşduq. 3-4 nəfər
idik. Mən o zaman dedim ki,
ay Fuad, vaxt gələcək bu dünyada nə sən, nə mən, nə də burda oturanların
heç biri olmayacaq. Mən başımı qoyan kimi 10-15 gündən sonra yaddan çıxacayam.
Sən isə hamının xatirində qalacaqsan.
O zaman sağ qalanlardan kimsə fəxr edəcək ki, Fuad Poladovla
bir məclisdə oturublar. Bu, həqiqətən
belə olacaq. Çünki ağlım kəsmir
ki, səni gələcəkdə bir
aktyor əvəz edə bilsin. Fuad da sırf
Bakı ləhcəsi
ilə dedi ki:
- Alə, mən ölüm bəsdir, məni elə də çox şişirtmə.
lll
Fuad! Sənin yanında çox üzürlüyəm. Çünki sənin hüzüründə
iştirak edə bilməmişəm. Əvvəla, burda yox idim.
İkincisi.... Lap elə olsaydım da, yenə də
gəlməzdim. Çünki bütün teatrı, bütün tamaşaçıları
lərzəyə gətirən
Fuad Poladovu mən mafədə sakit, səssiz görmək istəmirdim.
Mən həmişə Fuadı enerjili, cavan oğlan kimi görmək istəyirdim.
Heç
xəstə yatanda zəng də eləməmişdim. Əvvəla, sən də danışmayacaqdın mənimlə.
Çünki xəstə idin.
İkincisi, mən də
istəmirdim ki, o gözəl, cingiltili səsini xırıltılı
eşidim. Sən Şillerin
Ferdinandını oynayırdın.
Sən Şekspirin Hamletini oynayırdın. Deyirdin ölüm,
ya olum. Yox, sən ölmədin, oldun. Bu söz
sənin özünə
aiddir. Çünki sən oldun
və qaldın.
Ölmədin.
Allah sənə rəhmət eləsin!
Sən bizim səhnəmizin sonuncu magikanı idin. Və magikan
olaraq da qaldın. Qalcaqsan da.
P.S. Fuad, sənin haqqında çoxdan yazmaq istəyirdim. Amma əlim gəlmirdi. Mən Fuadın ölümü haqqında yazmalı deyildim. Onun yaratdığı rollar haqqında yazmalı idim. Məkanın cənnət olsun!
525-ci qəzet 2018.- 17 avqust.- S.7.