İzn ver, ey gözəlim, hüsnünü seyranə gəlim,

Həsrətindən üzülüb can, olar canə gəlim.

 

Zülfünü bənd eləyib, etmisən eşqində əsir,

Vədəmiz oldu tamam, eşqimi elanə gəlim.

 

Ayrılıq dərdi mənim əldən alıb taqətimi,

İxtiyar səndədi, ey gözləri məstanə, gəlim.

 

Gecə röyadə səni zülfi-pərişan görürəm,

Əllərim zülfi-pərişanına bir şanə, gəlim.

 

Gözümün yaşıdır ol çeşmə ki, gördün, ey gül,

Razı olma ki, susuzluqda yana-yanə gəlim.

 

Səndə bu dərdlərimin çarəsini mən görürəm,

Vəslinə yetmək üçün son qoyum hicranə, gəlim.

 

Baxşəli eşqin ilə ta alışıb, Məcnun olub,

Xəbərin göndər, əzizim, dəxi imanə gəlim.

 

lll

 

Meyi-eşq ilə dolu, saqi, mənə badə gətir,

Bu gecə yar gələcək, olmalı amadə, gətir.

O gülün eşqi mənim könlümü al qan eləyib,

Süz mənə, cuşə gəlim, baxma bu fəryadə, gətir.

 

Gözləməkdən yolunu rəngi saraldı gözümün,

Saqi badənlə nolur, gəl yetiş imdadə, gətir.

 

Xarə meyl eylədi gül, bülbülü salmış qəfəsə,

Eyləmək istəyirəm bülbülü azadə, gətir.

 

Olmuşam dəhrdə Yusif kimi zindanda əsir,

Lütf qıl, azadə olum mən bu dünyadə, gətir.

 

Çox çəkib həsrətini Baxşəli bimar, dad edib,

Dadə yet, ləzzəti getmiş dəhanı dadə gətir.

 

lll

 

Qalmayıb məndə ürək, bir daha hicranə dözəm,

Düşəm eşqin həvəsi ilə biyabanə, dözəm.

 

Hər nəyim vardı gedib, eşqidə yandı cigərim,

Taqətim yoxdu sala bir daha zindanə, dözəm.

 

Yoxdu Yusif kimi hüsnüm, dəxi mən seviləm,

Tab edəm məkri-Züleyxadakı böhtanə, dözəm.

 

Göz yaşımdan yaranan çeşməyə düşsəm, dözərəm,

Qalmayıb ta hünərim, gər qopa tufanə, dözəm.

 

Aşiqi olduğum ol şux məni odlarə yaxıb,

Xəstə saldı yatağa, mən necə loğmanə dözəm.

 

Gecələr seyr eyləyir Baxşəli şəmi sonadək,

Yoxdu qüdrət şəmtək, mən yana-yanə dözəm.

 

lll

 

Sən soruş ki, nədən aşiq, sifətin yarə olub,

Sürməli göz bulağından su içib, qarə olub.

 

Göz yaşımdan yaranan çeşmə ilə göl yaranıb,

Kim içibsə, bu onun dərd-qəminə çarə olub.

 

Budaq üstündə yenə bülbül edir ahu-fəğan,

O görübdür ki, gülün meyli dönüb, xarə olub.

 

Sevdiyim nazlı yara eyləmişəm canı fəda,

Cövrünə dözməyərək, qəlbim evi parə olub.

 

Eşqi salmış yatağa, inləyirəm şamü-səhər,

Seyr edənlər deyir, aşiqi-biçarə olub.

 

Zülm edir Baxşəliyə, dərdini bilməz amma,

onun sirri var idi, sənə aşkarə olub.

 

lll

 

Eşqə hər kim ki düşə, aşiqi-divanə olar,

Dərdü-qəmdən dağılıb, xanəsi viranə olar.

 

Yarının həsrəti ilə alışıb-yansa sevən,

Yetişər dövrü-zaman, yarına həmxanə olar.

 

Naz edib sevgili yar, etsə sitəm aşiqinə,

Dözümü yoxsa, üzü səmti-biyabanə olar.

 

Odlu göz yaşı tökür şəm gecədən sübhə qədər,

Şəm ilə həmdəm olan, sidq ilə pərvanə olar.

 

Eşq qanununu kim bilsə, onun yox kədəri,

Nazlı dildarı ilə sevgisi əfsanə olar.

 

Eşqidən kimsə gəlib məsləhət alsa məndən,

O da bu Baxşəlitək eşqidə bir danə olar.

 

Hacı Baxşəli Əliyev

 

525-ci qəzet 2018.- 17 avqust.- S.8.