"Mən belə dərd ilə ölə bilmərəm..."

 

Aydın TAĞIYEV

 

Təvəzökarlıqdan kənar olsa da, ömrümün 70-ni haqlayan çağlarında cavanlıqdan bəri hələ ki, indiyəcən oturub-durduğum, qədimi dostların istər üzümə, istərsə hətta mətbuat səhifələrində haqqımda "Aydın etibarlı, sədaqətli adamdır" kəlmələri qəlbimdə (lovğalıq, ədəbazlıq yox) daxili bir qürur hissi oyadırdı. Az qala özüm o etibarlı, sədaqətli dostların illərin sınağından çıxmış bu rəyinə inanırdım.

 

Ancaq... Ancaq bu inamı elə özüm alt-üst etdim.

 

"Ədəbiyyat" qəzetinin 4 avqust tarixli sayında Məryəm Həsənovanın dünyadan köçməsi ilə bağlı xalq şairi Fikrət Qocanın qısa bir yazısını oxuyandan sonra, qonşu Siyəzəndə, bizim Şabrandan az qala əlimi uzatsam əlim çatan bir bölgədə oğulsuz-qızsız torpağa tapşırılan o xanımın dəfnində iştirak etmədiyimi, mafəsinə girib qəbrinə bir ovuc torpaq atmamağımı çətin ki, özümə bağışlayam.

 

İndiki gənc nəsil Məryəm xanımı tanımır. Məryəm xanım ötən əsrin sonlarında Azərbaycanımızın suverenliyi, müstəqilliyi uğrunda mübarizə aparan xalq hərəkatında öncüllərdən biri idi. Bu, o Məryəm xanımdır ki, ötən əsrin sonlarında, hələ total rejimin hökm sürdüyü bir vaxtlarda Azərbaycan SSR Ali Sovetinə seçkilər zamanı Siyəzəndəki dairədən o illər adlı-sanlı, nüfuzlu, vəzifə yiyələri olan beş namizəd arasında səs çoxluğu ilə Ali Sovetə deputat seçilmişdi. Ali Sovetdə sessiyada respublikamızın müstəqilliyinə səs vermişdi.

 

Qeyrətsiz kişilərimiz tərəfindən bu xanım bacımız mitinqlərin birində döyülərək kişi qardaşlarından Sabir Rüstəmxanlı ilə birgə xəstəxanaya düşmüşdü.

 

Məryəm xanım ağır bir ocağın övladı, Seyid Damət ağanın qızı idi.

 

Məryəm xanımla tanışlığımın az qala 50 illik bir tarixi vardı. Mən məktəbli idim yerli rayon qəzetinin redaksiyasına tez-tez gedib gəlirdim. Məryəm Həsənova qəzetin redaktor müavini idi. 1969-cu ildə kitab mağazasında təzə gələn kitablar nümayiş etdirilən piştaxtada bir kitab gördüm, mağazanın müdiri: - Bizim Məryəm xanımın kitabıdır - dedi, - "Səhər".

 

Elə o zaman kitab haqqında öz ürək sözlərimi yazıb qəzetə təqdim etdim. Yazının çapı yubandı. Aradan iki-üç ay keçəndən sonra o yazı qəzetdə dərc olundu. Məryəm xanım isə artıq qəzetdən işdən çıxmış, ixtisası üzrə dil-ədəbiyyat müəllimi işləyirdi...

 

Mən sonralar oturub-durduğum dostlardan, yaşca məndən xeyli böyük olan - mərhum Fikrət Sadıqdan, Ələkbər Salahzadədən eşitdim ki, Məryəm xanım ötən əsrin 60-cı illərində ADU-nun filfakında onlarla tələbə yoldaşı olub. 1969-cu ildə "Gənclik" nəşriyyatında çalışan tələbə dostları Məryəm xanımın şeirlərini toplayıb o ilk kitabını çap ediblər.

 

Sonralar aradan illər keçəndən sonra azadlıq aşiqi unudulmaz Xəlil Rza Ulutürk 70-ci illərdə "Ulduz" jurnalında gənc şairlərin yaradıcılığı haqqında dərc etdirdiyi böyük bir məqaləsində Məryəm Həsənovanın da yaradıcılığına toxunmuş, Təbriz, Cənubi Azərbaycan kəlmələrinin yasaq edildiyi 60-cı illərdə tələbə qızın əlyazma halında gizlicə əl-əl gəzən şeirindən yadında qalan misraları nümunə gətirmişdi.

 

1957-ci ildə yazdığı o şeiri 1990-cı ildə Məryəm xanım öz dəsti-xətti ilə yazıb mənə verdi. Əziz bir yadigar kimi indi saxladığım əlyazmanı - o şeiri oxuculara təqdim edirəm.

 

Məni bir dəfə doğubdur anam,

 

Südüm bir, məsləkim bir olub mənim.

 

Mənim bir qəlbim var, mən bir insanam,

 

Deyirlər ikidir amma Vətənim.

 

 

 

Günəş bir, səma bir; aləm bilir ki,

 

Səmanı ikiyə bölə bilmərəm.

 

Ölüm bir, məzar bir, Vətənsə iki,

 

Mən belə dərd ilə ölə bilmərəm.

 

 

 

Qəhqəhə çəkim ki, tutsun cahanı,

 

Qəlbimdə sızlasın yaram demişəm.

 

Birləşdirmədikcə Azərbaycanı,

 

Ömrümü özümə haram demişəm.

 

yazıqlar ki, Məryəm xanım belə bir dərd ilə dünyadan köçdü.

 

Məryəm xanıma iqtidar, müxalifət anlamları yad idi. Bu müdrik, nüfuzlu, sözü keçən xanım üçün öncə Vətən, dövlətçilik, xalqın mənafeyi şərt idi. Ona görə hamı ona hörmət edirdi. Ali Sovetin iclaslarının birində iştirak edən mərhum Prezident Əbülfəz Elçibəy iclas zalında Məryəm xanımın yanında əyləşmişdi.

 

Bütün dərd əhli kimi Məryəm xanımın da bir vaxt qapqara saçlarına çox erkən dən düşmüşdü. 60-cı illərdə 20 yaşlı cavan qıza saçlarına xına qoymağı məsləhət görənlərə Məryəm xanım şeirlə cavab vermişdi. Çox təəssüflər ki, o şeiri arxivimdən tapa bilmədim. Şeirin məzmunu isə yaxşı yadımdadır. Məryəm xanım ona bu təklifi edənlərə şeirin dili ilə, yalnız saçlarına Təbrizdə xına qoyacağını vəd edirdi.

 

Müstəqilliyimizi əldə etdikdən, Kremlin qadağalarından sonra Təbrizə yollarımızın açıldığı bir vaxtda 20 ildən bəri üzünü görmədiyim, yalnız dost-tanışdan xəbər tutub soraqlaşdığım Məryəm xanımın görən Təbrizə yolu düşdümü? Yoxsa o elə öz axirət dünyasına da elə qarabəniz çöhrəsinə bir qadın yaraşığı verən düm saçları ilə köçdü?!

 

Məryəm xanım üçün erkən yaşlarından bəri qəlbində gəzdirdiyi o taylı, bu taylı Azərbaycan, Təbriz dərdi, doğma respublikamızın suverenliyi və müstəqilliyi idi. Elə ona görə də bu müdrik qadın Azərbaycan öz müstəqillitinə qovuşandan, "bir kərə yüksəlib, bir daha enməyəcək" üç rəngli bayrağımızın dalğalandığını görəndən sonra heç bir bəyanatsız, açıqlamasız siyasi fəaliyyətdən uzaqlaşdı, yenə də öz müqəddəs peşəsinə - pedaqoji fəaliyyətə qayıtdı.

 

Müstəqil respublikamızın Vətənə layiq vətəndaşlar yetişdirmək üçün müəllim işlədi.

 

P.S. Məryəm xanımın dəfnində iştirak etsəydim, bəlkə də qəbri üstdə çıxış edib ürək sözlərimi deyərdim. Ancaq... Çətin ki, danışa biləydim, yəqin ki, qəhər məni boğardı...

 

ŞABRAN

 

525-ci qəzet  2018.- 17 avqust.- S.8.